KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: “EastMed” və “Transxəzər” Qaz Kəməri reallaşa bilər

Turan Rzayev: “EastMed” və “Transxəzər” Qaz Kəməri reallaşa bilər

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
38 0

Reallaşması mümkünsüz hesab edilən iki layihə “EastMed” və “Transxəzər” Qaz Kəməri reallaşa bilər.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş baş tutub. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Tvitterdə yazıb. Görüş zamanı səfirlər arasında nələrin müzakirə edildiyi isə hələlik məlum deyil.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin səfirlərini bir araya gətirən səbəb…
Görüşün hansı məqsədlə təşkil edilməsi və nələrin müzakirə edildiyi bilinməsə də ilkin təxminlər irəli sürmək mümkündür. Hesab edirəm səfirlər arasında görüş zamanı əsas müzakirə mövzusu regional enerji layihələri və Mərkəzi Asiya, Azərbaycan və İsrail qazının Avropaya tranziti məsələləri olub. Məsələ ondadır ki, Rusiyanın Ukrayna mövzusunda təzyiqlərə görə Avropanı qaz ixracını dayandıracağı ilə hədələməsinin ardından ABŞ Avropanın qaz asılılığını azaltmaq üçün alternativ ölkələrlə danışıqlar aparır. Azərbaycan da bu ölkələr arasındadır. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan onsuz da TAP və TANAP layihələri ilə Avropaya qaz ixrac edir. Lakin rəsmi Bakının indiki halda Qərbə satdığı qaz həm Rusiyanın satdığı qazdan qatbaqat azdır, həm də satılan qazın böyük bir qismi Türkiyənin payına düşür. Buna baxmayaraq başda Bolqarıstan olmaqla əksər Avropa ölkələri Azərbaycandan təbii qaz alışını artırmaq istəyir. Bakı indiki halda təkbaşına Qərbin tələbini ödəyə bilmir.
Hesab edirəm görüşdə Qazaxıstan, Özbəkistan səfirlərinin iştirak etməsi də məhz bununla bağlıdır. Belə ki, həm Özbəkistan, həm də Qazaxıstan Mərkəzi Asiyanın iki iri qaz ehtiyatlarına malik ölkəsidir. Digər tərəfdən, bu ölkələrin qaz ehtiyatları Azərbaycandan da çoxdur. Lakin qaz ehtiyatların çox olması indiki halda heçnəyi həll etmir. Çünki Xəzərin qarşı tərəfində olan bu ölkələrin birbaşa Azərbaycanın Qərbə qaz ixrac etdiyi TAP və TANAP layihələrinə çıxışı yoxdur.
İsrail də bənzər problemlə üz-üzədir. Belə ki, İsraildə öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin də nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur.
Nəticə etibarilə düşünürəm görüş zamanı tərəflər arasında həm regionda baş verən siyasi proseslər, həm də əllərində olan təbii qazın Avropa bazarına çıxışı məsələləri müzakirə edilib. Türkiyənin görüşdə iştirak etməsi də bu mənada olduqca vacibdir. Aydın məsələdir ki, Türkiyə enerji ölkəsi deyil. Əksinə Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Bununla belə Ankara daşıyıcı ölkə olaraq adıçəkilən bütün ölkələrin təbii qazını Avropaya daşıya bilər. Misal üçün səfirlərin görüşü sonrası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail təbii qazından istifadə etməklə yanaşı, Avropaya tranziti üçün də birgə səylər göstərərik deyib. “Ümid edirəm ki, bu məsələlər cənab Hersoqla onun Türkiyəyə səfəri zamanı gündəmimizdə olacaq”, – Ərdoğan bildirib.
“EastMed” və Transxəzər Qaz Kəməri reallaşa bilər.
Qeyd etdiyim kimi görüşdə iştirak edən ölkələrin ümumi istəyi malik olduqları təbii qazı Avropa bazarına çıxarmaqdır. Ortaq problem isə vahid daşıyıcı xəttin olmamasıdır. Daha doğrusu Azərbaycanın ərsəyə gətirdiyi TAP və TANAP layihələri var, lakin nə İsrailin, nə də Qazaxıstan və Özbəkistanın bu xəttə birbaşa bağlantısı yoxdur.
Hesab edirəm mövcud vəziyyətdən çıxış yolu kimi iki Qaz Kəməri layihəsinin icrasına ehtiyac var. Bunlar İsrailin “EastMed” və Azərbaycanın reallaşmasını ən çox istədiyi Transxəzər Qaz Kəmərləridir. “EastMed” təbii qaz kəməri Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql etmək potensialı olan qaz kəməridir. Son investisiya qərarı 2022-ci ilə qədər əldə olunması planlaşdırılır və layihənin yekunlaşdırılması 2025-ci ilə qədər hədəflənir. Əgər bu layihə icra edilsə İsrailin təbii qazı Avropa bazarına çıxış əldə edə bilər. Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə Avropaya qaz ixracını nəzərdə tutmasıdır. Hesab edirəm görüşdə bu məsələ də müzakirə edilib.
Türkiyənin özünün də Şərqi Aralıq dənizində karbohidrogen yataqları axtardığını nəzərə alsaq Ankaranın narazılığını anlamaq olar. Bunla belə Türkiyənin İsrailə bu məsələdə uzlaşmaq istədiyi görünür. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Hesab edirəm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ümid edirəm ki, bu məsələlər cənab Hersoqla onun Türkiyəyə səfəri zamanı gündəmimizdə olacaq” sözləri məhz bu məsələ ilə bağlıdır.
O ki qaldı Transxəzər layihəsinə bu layihə həm Mərkəzi Asiya ölkələrinin, həm də Azərbaycanın xarici energetika siyasətinin başlıca hədəfidir. Lakin layihənin icrasının bu günə qədər reallaşmamasın əsas səbəbi Kreml faktorudur.
Ukrayna düyünü Transxəzər kilidini aça bilər!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfəri sonrası jurnalistlərə müsahibəsində deyib ki, qardaşım İlham Əliyevlə onun Ukraynaya səfərindən sonra bəzi müzakirələrimiz oldu. Əsas məsələ odur ki, yubanmadan bu problemin həlli istiqamətində əlimizdən gələni edək. Aydındır ki, mövcud Ukrayna gərginliyində Türkiyə və Azərbaycanın sərgilədiyi mövqe konstruktivdir. Bununla belə iki ölkənin Kiyev və Kremlin uzlaşdırma cəhdlərinin ardında daha böyük bir marağın olması istisna deyil.
Məsələ ondadır ki, Türkiyə Rusiyanın Ukrayna məsələsindən nə qədər narahat olduğunu yaxşı bilir. Buna görə də Kremldən Ukrayna ilə uzlaşmanın qarşılığında ciddi nəsə istəyəcək. Bakının da Ankara ilə ortaq hərəkət etməsi iki ölkənin istəyinin ortaq olduğunu göstərir. Düşünürəm, həm Türkiyə, həm də Azərbaycan tərəfi Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və NATO qoşunlarının Ukrayna-Rusiya sərhədinə gəlməməsi qarşılığında Rusiyadan Transxəzər layihəsinin icrasında maneələr törətməməsini istəyəcək.
Aydın məsələdir ki, Transxəzər layihəsinin bu günə qədər icra edilməməsinin əsas səbəbi məhz Kremldir. Kreml yaxşı anlayır ki̇, Transxəzər layihəsi reallaşsa qazax, türkmən, özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacaq. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığın yarıbayarı endirəcək. Hesab edirəm Kreml Ukrayna ilə uzlaşma qarşılığında Ankara və Bakıya Transxəzər layihəsinin icrasını güzəştə gedəcək, lakin məhdud ölçüdə ötürülmə qarşılığı ilə.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin politoloqu

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.