KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Dünya susur, Bakı dəstək verir

Turan Rzayev: Dünya susur, Bakı dəstək verir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
100 0

Dünya susur, Bakı dəstək verir: Yeni Kaledoniyadan Fransaya sərt sillə

Yeni Kaledoniyanın yerli xalqı olan kanaklar Fransa zülmünə, müstəmləkə siyasətinə qarşı ayağa qalxıb. Belə ki, adada bir müddətdir davam edən etiraz aksiyaları son günlər şiddətli toqquşmalara çevrilib. Kanak xalqına ikili standartlar tədbiq edən, assimilyasiya siyasəti yeridən Paris “xalqların öz müqəddəratını təyinetmə hüququnu” açıq şəkildə pozur.

Mövcud iğtişaşlar fonunda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda, həbs olunanlar var. Fransa isə gərginliyi azaltmaq yerinə adada şiddəti, aqressiyanı artıracaq addımlar atır. Toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zor tətbiq edib. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb, hətta odlu silahdan atəş açıb.

Hadisələrlə bağlı Yeni Kaledoniyaya təxminən 1800 polis və jandarm göndərilib. Bundan başqa, adada 10 günlük fövqəladə vəziyyət elan edilib. Parisin ən radikal tədbiri isə sosial şəbəkələrlə bağlıdır. Belə ki, Yeni Kaledoniyada TikTok qadağan edilib, Yutub, Feysbuk, X, İnstaqramdan istifadə isə məhdudlaşdırılıb.

Yeni Kaledoniyada yarıtmaz, qeyri-insani assimilyasiya siyasəti yeridən Fransa baş verən hadisələr fonunda Azərbaycanı ittiham edib. Fransanın daxili işlər naziri Jerar Darmanin Bakını Yeni Kaledoniyadakı iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib.

J.Darmaninin Yeni Kaledoniyadakı hadisələrlə bağlı Azərbaycana qarşı səsləndirdiyi ittihamlar gülünc və absurddur. Əvvəla, rəsmi Bakı heç bir ölkənin daxili işinə qarışmır. Fransadan fərqli olaraq Azərbaycan bu ölkənin ərazi bütövlüyünə hörmət edir. Halbuki Paris keçmiş separatçı rejimin “liderləri” ilə təmaslar qurub, onları açıq şəkildə dəstəkləyirdi. Lakin nə bu gün kanak xalqının etirazları separatçılıqdır, nə də Azərbaycanın Yeni Kaledoniya təmsilçilərinə platforma tanıması separatizmə dəstəkdir.

Azərbaycan Fransadan fərqli olaraq separatizmə yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” demişdi. Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozeptin də Bakıda çıxışı zamanı dedikləri kanak xalqının üzləşdiyi assimilyasiya və müstəmləkə siyasətini gözlər önünə sərir.

Darmanin iddia edib ki, müstəqillik tərəfdarları guya Azərbaycanla hansısa “sövdələşmə” bağlayıblar. Mümkündür ki, o bunu Yeni Kaledoniya təmsilçilərinin Bakıya səfəri ilə əlaqələndirir. Lakin bu yanaşma da yalan və əsassızdır. Rəsmi Bakı Yeni Kaledoniya nümayəndələrinə sadəcə platforma tanıyır və bu da beynəlxalq hüquqa zidd deyil.

Halbuki Parisin adada etdikləri, sözün əsl mənasında, beynəlxalq hüquqa ziddir. Misal üçün bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri bu dəyişikliyin kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlıqlarını ifadə ediblər.

Fransa illərdir onsuz da adada keçirilən referendumlara müdaxilə edir, səsverməni saxtalaşdırır. Son addım isə gələcəkdə adanın Fransadan ayrılması üçün keçiriləcək ehtimal referendumların nəticəsinə təsir etmək məqsədi daşıyır.

Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi müdaxiləni, törətdiyi soyqırımın bənzərini Yeni Kaledoniyada kanaklara edir. Keçmişi qətliamlarla zəngin olan Fransa, görünür, növbəti soyqırıma imza atmaq niyyətindədir. Bu siyasətə qarşı çıxan, kanak xalqının haqq səsinin eşidilməsinə dəstək olan Azərbaycanı isə Paris separatizmə dəstəkdə ittiham etməyə çalışır.

Hesab edirəm, Azərbaycan parlamentinin deputatları Yeni Kaledoniya xalqına qarşı zülmə, assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını bildirməlidir.

Turan Rzayev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir