KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: –Brüssel görüşünün nəticələri

Turan Rzayev: –Brüssel görüşünün nəticələri

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
50 0

Yekun sülh müqaviləsindən danışmaq tezdir, amma..
Ötən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib. 5 saatdan artıq davam edən görüşü bundan öncəki təmaslarda əldə edilmiş razılaşmaların təkmilləşdirilməsi və icrasının sürətləndirilməsi kimi qiymətləndirmək olar.

Şarl Mişelin açıqlamasından da aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib. Budəfəki görüşdə də nə “Dağlıq Qarabağ” ifadəsi işlədildi, nə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə istinad edildi, nə də mübahisəli məsələlər münaqişə kimi xarakterizə edildi.

Şarl Mişelin görüşdən sonra tərəflər arasında nail olunan məsələlərə aydınlıq gətirərkən vurğuladığı bir neçə detal isə xüsusi diqqət çəkir:

Birincisi, Şarl Mişel qeyd edib ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.
İndiki məqamda istər Şarl Mişelin təşəbbüsünə, istərsə də Brüssel formatının uğurlu olacağına rəsmi Bakının inamı böyükdür. Bununla belə, Brüsselin öncəki görüşlərdə əldə edilən razılaşmaların icrasını İrəvandan tələb etməsi zəruridir. Məsələn, aprelin 6-da keçirilən Brüssel görüşündə sərhədin delimitasiya ilə bağlı birgə komissiyanın yaradılmasına dair konkret razılıq əldə olunsa da, Ermənistan tərəfi razılaşmanın icrasını yubadır. Ermənistan tərəfi faktiki olaraq bu yöndə heç bir addım atmır və bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışır.

May ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi. Aprel danışıqlarından sonra da biz müntəzəm olaraq Kəlbəcər istiqamətində təxribatların intensivləşməsinin şahidi olduq. Şarl Mişel “dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək” açıqlaması isə həm də rəsmi İrəvanın bütün bəhanələrinə baxmayaraq razılaşmalardan yayına bilməyəcəyi mesajını verir. Rəsmi Bakı isə səbirli və soyuqqanlı davranaraq Brüssel formatına etibar etdiyini göstərir.

İkincisi, Şarl Mişel qeyd edib ki, liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər.

İstər Şərqi Zəngəzurda, istərsə də Naxçıvanda Azərbaycan tərəfi bütün nəqliyyat infrastrukturunu istifadəyə hazır vəziyyətə gətirib. Beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə gəlinən razılıq isə Yaxın günlərdə baş nazirin müavinləri səviyyəsində müzakirə ediləcək.

Üçüncüsü, Şarl Mişel həm də iki ölkə başçısının iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə yenidən bir araya gələcəyini bildirib.

Prinsip etibarilə, buna ehtiyac var. Məsələ ondadır ki, rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəlikləri qısa zaman ərzində icra edib. Ermənistan tərəfinin prosesə yanaşması və bu ölkə tərəfindən razılaşmaların icrasını yoxlamaq baxımından yeni görüşlərin keçirilməsi vacibdir. Bu, həm də İrəvan və Bakı arasında Avropa İttifaqının təşəbbüsü ilə davam edən danışıqlarda kimin prosesi yubatdığını, eyni zamanda öhdəliklərdən boyun qaçırdığını müəyyənləşdirəcək.

Dördüncüsü, Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib.

Şarl Mişel bu mexanizmin nədən ibarət olacağını təəssüf ki, bildirməyib. Bununla belə ehtimal etmək olar ki, Mişel Brüsselin Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlıq etməsini istəyir. Nəzərə alsaq ki, hazırda iki ölkə arasında əsas problemlərdən biri də qarşılıqlı iqtisadi əlaqələrin bərpasıdır, Brüsselin bu istiqamətdəki fəaliyyətini məqbul saymaq olar.

Beşincisi, Şarl Mişel Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlindiyini qeyd edib. O, yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandaların bu prosesi irəli aparacağını qeyd edib.
Mişelin sözlərindən bu nəticəyə gəlmək olar ki, sülh müqaviləsi barədə danışmaq hələ tezdir, lakin müqavilənin imzalanacağı tarix düşünüldüyü qədər də uzaq deyil. Mərhələli şəkildə iki ölkə arasında problemlərin həll edilməsi yekun sülh müqaviləsinin də imzalanmasını sürətləndirə bilər.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.