KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Bakı Ermənistanın Su-30 tipli qırıcı təyyarəsinin hava məkanından keçməsinə niyə icazə verib?

Turan Rzayev: Bakı Ermənistanın Su-30 tipli qırıcı təyyarəsinin hava məkanından keçməsinə niyə icazə verib?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
291 0

Ermənistanın martın 23-də 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verməsi xəbərinə rəsmi İrəvan cavab verib. Gözlənildiyi kimi, Ermənistan inkar yolunu seçib. Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərin dezinformasiya olduğunu iddia edərək, “Təyyarələrimiz heç vaxt torpaqlarımızı tərk etməyib”, – deyib.

Paşinyan hər nə qədər xəbəri inkar edib dezinformasiya adlandırsa da yayılan peyk görüntüləri əksini deyir. Misal üçün martın 18-də çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 Su-30 tipli döyüş təyyarəsinin olduğu aydın şəkildə görünür. Martın 25-də çəkilən növbəti görüntüdə isə Rusiyaya göndərilən Su-30 təyyarələri olduğu yerdə MiQ-29 qırıcıları görünüb. Yəni xəbərlər heç də Paşinyanın dediyi kimi dezinformasiya deyil.

Ermənistan faktiki olaraq 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya verərək, Ukraynada gedən işğalçı müharibənin tərəfinə çevrilir. Bu addımı başda ABŞ olmaqla, Avropa ölkələrinin də diqqətində olmalıdır. Məsələ ondadır ki, Ermənistanın bu addımı onu da sanksiyaların hədəfinə çevirməli, Ermənistanın Qərbdəki fəaliyyətlərinin qarşısı alınmalıdır. Rəsmi İrəvan faktiki olaraq müharibənin tərəfidir. Ən az Rusiya kimi Ermənistan da cəzalandırılmalıdır.

Rəsmi Bakı qırıcıların hava məkanından keçməsinə icazə verib?

Məlumatlardan belə məlum olur ki, təyyarələr Rusiyaya martın 23-də yerli vaxtla saat 12:50-də İrəvandakı Erebuni hava limanından yola düşüb. Peyk görüntülərində təyyarələrin Göyçə mahalındakı Aşağı Qaranlıq şəhərindən keçərək Azərbaycan hava məkanından istifadə edərək saat 13:14-də Rusiyaya çatdığı görünür. Bu zaman sual yaranır: Azərbaycan nə üçün Ermənistanın Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya verdiyi 4 ədəd Su-30 tipli qırıcı təyyarəsinin hava məkanından keçməsinə icazə verib?

Prinsip etibarilə Ermənistan Rusiyaya verdiyi 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini başqa istiqamət ilə misal üçün İran və ya Xəzər dənizi üzərindən də daşıya bilərdi. Daşınma bu istiqamətdə həyata keçirilsə idi, Azərbaycan prosesə nəzarət edə bilməz, nəyin aparıldığı və ya gətirildiyi barədə məlumatı olmazdı. Hansı ki, 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana 500 tona yaxın silah-sursat Xəzər dənizi daha sonra isə İran üzərindən daşınmışdı.

Ermənistanın 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya Azərbaycan üzərindən verməsi rəsmi Bakının ən azından məsələnin mahiyyətindən məlumatlı olmasına, gələcəkdə bu istiqamətdə adekvat addımların atılmasına şərait yarada bilər.

Nəzərə almaq lazımdır ki, məlum xəbəri Türkiyə kəşfiyyatı ifşa edib. Hesab edirəm bu fakt belə rəsmi bakının addımının düzgünlüyünü və əsl mahiyyətini göstərir.

Turan RzayevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir