KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini

Turan Rzayev: Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
44 0

“Baydenin Əliyevə ünvanladığı yeni məktub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi.
Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.

Əsrin müqaviləsinin müjdəçisi

Bu il 27-ci keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi ilk dəfə 1994-cü il mayın 24-də mərhum prezident ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlmişdi. H.Əliyevdən sonra sərgi hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib.
İlk dəfə reallaşanda sərgi “Xəzər Neft və Qaz” deyil, “Xəzər dənizində neft-qaz hasilatına dair sərgi” adlanırdı. İndi sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, hər il sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Sərgi və konfrans Azərbaycan dövlətindən, burada fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alır.
1994-cü ildə təşkil edilən ilk sərgi Azərbaycanın neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi və dünya siyasi arenasında hələ özünü tam olaraq tanıda bilməmişdi. Düzdür, Azərbaycanın zəngin neft-qaz yataqları haqqında çoxlarının məlumatı var idi, lakin geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanmışdı. Buna görə də ilk “Xəzər Neft və Qaz” sərgisini həm də “Əsrin müqaviləsi”nin müjdəçisi adlandırmaq olar.

27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Bakının yeni hədəfləri

İlk sərgidən keçən dövr ərzində neçə-neçə qlobal layihələr reallaşıb. Lakin dünyada Azərbaycana maraq azalmayıb. Bu isə onu göstərir ki, ölkəmiz neft aləmində öz mövqelərini əldən vermir. İndi Azərbaycan 27-ci beynəlxalq neft-qaz sərgisinə ev sahibliyi edir. Bu da onun gərəkli tədbir olduğunu, ümumiyyətlə isə Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır.
Zəngin enerji ehtiyatlarına və əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışı zamanı enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmindən bəhs edib. O qeyd edib ki, “Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”.
Nəzərə alsaq ki, bu gün Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Bu həm də Avropanın həm neftə, həm də təbii qaza olan tələbatının artması deməkdir. Rəsmi Bakı indiki məqamda Qərbin neft və qaza olan tələbatını tam ödəyə bilməsə də bu istiqamətdə ən etibarlı tərəfdaşıdır. Hazırda ölkəmiz Avropaya illik 10-11 milyard kubmetr qaz nəql edə bilir. Bu miqdarın gələcəkdə 20 milyard kubmetrə qədər artırılması planşadırılır. Hesab edirəm bu mənada cənab prezidentin qeyd etdiyi “Cənub Qaz Dəhlizi” layihəsi olduqca vacibdir.
Prezidentin çıxışında bir digər vacib məqam da məhz onun Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edildiyini qeyd etməsidir. O qeyd edib ki, ”Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik”.
Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Karbohidrogen ehtiyatlarının sonsuz olmadığı və müəyyən dövrdən sonra tükənəcəyi, eləcə də ekologiyaya ziyan vurması istiqaməti alternativ enerji mənbələrinə çevirmək zərurəti yaradır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunmaqdadır.
Bir çoxları alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq lazımdır. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda. Sevindirici haldır ki, bu şərait və imkanlar Azərbaycanda mövcuddur və ölkəmizdə bu istiqamətin inkişafı üçün böyük səylər göstərilir.
Ağıllı kənd və yaşıl enerji siyasəti də bərpa prosesin innovativ qanadını təşkil edir. Hesab edirəm Qarabağda innovativ yeniliklərdə istifadənin artırılması yaşıl enerji regionuna çevrilməsi həm də gələcəkdə investorların bura cəlbini sürətləndirə bilər.
Hazırda Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir.
ABŞ Prezidenti C.Baydenin təbrik məktubu
Bakı Enerji Həftəsinin ən diqqət çəkən məqamlarından biri ABŞ Prezidenti C.Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu oldu. Ümumiyyətlə bu Baydenin il ərzində Prezident İlham Əliyevə üçüncü belə təbrik məktubudur. Bayden bundan öncə Müstəqillik Günü daha öncə isə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlamışdı. Hesab edirəm bu bir daha Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir.
Təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlərə toxunan Bayden “Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir” deyib.
Bayden bundan əlavə bildirib ki, “Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
Vaşinqton indiki məqamda Bakının enerji siyasətini dəstəkləyir. Bunu Baydenin son 3 təbrik məktubu da təsdiqləyir. Vaşinqton da Azərbaycan Repsublikasının öz xarici siyasət kursunun xarakterini dəyişməyəcəyini bilir, ona görə də Azərbaycanın enerji resurslarının şaxələndirilməsini prioritetləri sırasında saxlayaraq Bakı üçün cəlbedici ideyalarla çıxış edir.

Turan RzayevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.