KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Azərbaycan İsraildə səfirlik açır: Bakı Tehran-Təl-Əviv balansını pozur?

Turan Rzayev: Azərbaycan İsraildə səfirlik açır: Bakı Tehran-Təl-Əviv balansını pozur?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
364 0

İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb. Məktubda cənab Hersoq iki ölkə arasında mövcud münasibətlərin inkişafından və bir sıra digər məsələlərdən bəhs etsə də bir məqam xüsusilə diqqət çəkir.
İsrail Prezidenti İshaq Hersoq İlham Əliyevə məktubunda qeyd edir:
“İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq.
Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.
Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”.
Ümumiyyətlə Azərbaycanın İsraildə səfirlik açmaq niyyəti hər zaman olub. Bu mənada bu yeni bir hadisə deyil. Bu istiqamətdə işlərin görüldüyü öncədən bəlli idi. Lakin ilk dəfədir ki, bu məsələ İsrail prezidenti səviyyəsində elan edilir.
Cənab Hersoq qeyd edir ki, “Ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq”. Buradan belə qənaətə gəlmək olar ki, rəsmi Bakı hələlik İsraildə səfirlik açmayıb. Ancaq bu istiqamətdə işlər görülür.
Hersoq daha sonra qeyd edir ki, bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq. Yəni yaxın zamanlarda Azərbaycan İsraildə ilk növbədə ticarət və turizm nümayəndəliyi açacaq. Hansı ki, bu sonrakı mərhələdə səfirliyin açılmasını zəruri edəcək.
Səfirlik nə zaman açılacaq?
İsrail Prezidenti Azərbaycanın İsraildə səfirliyinin açılacağını qeyd etsə də, bu hadisənin nə zaman baş verəcəyinə dair konkret vaxt demir. Ancaq Hersoqun, “Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”, sözləri onu deməyə əsas verir ki, bu hadisə gələn il Prezident İlham Əliyevin İsrailə rəsmi səfəri zamanı baş tuta bilər.
Səfirlik hansı şəhərdə açılacaq?
Hazırda ən aktual suallardan biri də məhz Azərbaycanın İsraildəki səfirliyinin hansı şəhərdə açılmasıdır. Başda ABŞ olmaqla, bir çox ölkə Təl-Əvivdəki səfirliyin Qüdsə köçürməsi istiqamətində qərarlar qəbul edib. Ancaq hesab etmirəm ki, rəsmi Bakı belə bir addım atsın. Məsələ ondadır ki, Azərbaycan da müsəlmanlıq çoxluq təşkil etdiyi bir ölkədir və Qüds məsələsində həssas insanların sayı kifayət qədərdir. Digər tərəfdən, rəsmi Bakı Türkiyə faktoruna görə heç vaxt səfirliyi Qüdsdə açmaz. Bu mənada mümkündür ki, Azərbaycanın İsraildəki səfirliyi məhz Təl-Əvivdə açılsın.
Bakı Təl-Əviv ilə Tehran arasında balansı pozur?
Aydın məsələdir ki, rəsmi Bakının bu illər ərzində İsraildə səfirlik açmamasının bir sıra səbəbləri var. Bunlardan biri də İran faktorudur. Rəsmi Tehran Azərbaycan-İsrail münasibətlərini hər zaman özü üçün potensial təhdid görüb. Hətta bunun qarşısını almaq üçün illərlə ölkədəki şiə inancına bağlı təbəqə arasında anti-israil düşüncəsini təbliğ edib.
Azərbaycan isə öz növbəsində Qarabağ problemi ilə əlaqədar İsrail ilə İran arasında hər zaman balans siyasəti yeritməyə məcbur olub. Ancaq bu gün bu balansın pozulduğunu demək olar. Əslində bunun bır sıra səbəbləri var, lakin hesab edirən ən önəmli səbəb 44 günlük müharibə zamanı Tehran və Təl-Əvivin sərgilədiyi mövqedir.
Məlum olduğu kimi, İran 44 günlük müharibə zamanı Ermənistana göndərilən hərbi yardımın öz hava və quru məkanından keçməsinə şərait yaratdı. Müharibə sonrası məlum İran-Azərbaycan gərginliyini də bu balansı pozan amillərdən hesab etmək olar.
İrandan fərqli olaraq İsrail isə 44 günlük müharibə zaman Azərbaycana hərtərəfli yardım edib. Bu və digər səbəblər rəsmi Bakının bu iki ölkə arasında balans siyasətindən imtina etməsinə gətirib çıxara bilər.
Ankaranın mövqeyi necə olacaq?
Azərbaycanın İsraildə səfirlik açması Ankaranın da maraqlarına uyğundur.
Ümumiyyətlə Türkiyə ilə İsrail arasında gərginliyin olduğu bir dövrdə belə Azərbaycan iki ölkə arasında uzlaşmanın əldə edilməsinə səy göstərib. Rəsmi Bakı Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşması istiqamətində əlindən gələni edib. Bu gün də davam edir.
Hesab edirəm Türkiyə İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafı baxımından Azərbaycanın İsraildə açacağı səfirlik mühüm əhəmiyyət kəsb edir.
Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkə olmaq niyyətindir. İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Bunu Ankara da yaxşı bilir. Türkiyə onu da bilir ki, o, enerji ölkəsi deyil. Əksinə, Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Bütün bunların baş verməsində ən önəmli məqam isə Azərbaycanın israildə səfirlik açmasıdır. Bu baş versə regionda Türkiyə-İsrail-Azərbaycan strateji iqtisadi əməkdaşlığı daha da inkişaf edə bilər.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir