Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə bir çox şeyə münasibəti dəyişib. Təəssüf ki, belə şeylərdən biri də 9 May – Alman nasizmi üzərində Qələbə gününə aiddir. Bir çox postsovet ölkəsi faktiki olaraq bu tarixin qeyd edilməsinə qarşı çıxır və insanlar arasında bu istiqamətdə müvafiq addımlar atır.
Təəssüf ki, bənzər tendensiya ölkəmizdə də yaşanır. Mövzu hər nə qədər həssas olsa da mən 9 May tarixindən imtina etməyi doğru hesab etmirəm. Məsələ ondadır ki, 9 May – Alman nazimi üzərində qələbə günüdür və bu qələbə təkcə rus xalqının qələbəsi demək deyil. Onsuz da Rusiya bir neçə ildir II Dünya müharibəsindəki qələbəni təkbaşına mənimsəməyə çalışır və digər xalqların iştirakını eyhama almaq istəmir. .
“Böyük vətən müharibəsi” ifadəsindən imtina etmək “9 Maydan” imtina demək deyil!
Hesab edirəm 1941-1945-ci il tarixindən bəhs edərkən bu tarixi “Böyük vətən müharibəsi” olaraq qeyd etməməliyik. Ümumiyyətlə bu ifadə doğru deyil. SSRİ rus işğalları nəticəsində yaranan xalqlar həbsxanası idi və bir həbsxana onun içərisində illərlə yaşayan bir məhbus üçün heç vaxt vətən ola bilməz. SSRİ də məhz belə idi.
20-ci əsrin 90-cı illəri bir daha sübut etdi ki, 15 respublika onun xalqları heç vaxt SSRİ-ni özlərinin böyük vətəni saymayıb. Bu mənada Böyük Vətən müharibəsi ifadəsini doğru saymıram və bu ifadədən birmənalı imtina edilməlidir. 9 Mayı alman nasizmi üzərində qələbə kimi qeyd etmək daha doğrudur.
9 Maydan imtina 600 mindən çox azərbaycanlının fədakarlığına hörmətsizlikdir!
Böyük Vətən müharibəsi yox, İkinci Dünya müharibəsi illərində Azərbaycan SSRİ-nin əhalisi 2 milyon 400 mindən az idi. Bununla belə Azərbaycandan müharibəyə 600 mindən çox azərbaycanlı göndərilmişdi. Müqayisə üçün deyə bilərəm ki, hazırda total səfərbərlik zamanı əhalinin yalnız 10-15 faizi orduya cəlb edilir. 1941-45-ci illərdə isə Azərbaycan xalqının 30-40 faizi müharibəyə cəlb edilmişdi. Yəni müharibə hər bir azərbaycanlının evinə girmişdi.
Müharibə hər bir azərbaycanlının evinə girsə də müharibədə iştirak edən azərbaycanlıların yarısı bir daha evlərinə qayıda bilmədi. Onların nəşi belə müharibə sonrasında ölkəyə gətirilmədi. Yəni bu gün Ukraynada işğalı müharibə aparan Rusiyanın geniş çöllərindən Berlinə qədər hər yerdə isimsiz məzarlarda azərbaycanlılar uyuyur.
Bütün bunları nəzərə alıb 9 Maydan imtina etmək müharibədə iştirak edən 600 mindən çox azərbaycanlının ruhuna, qanına, adsız məzarlarına hörmətsizlikdir. 9 May Azərbaycan xalqının da canı, bahasına qazanılan qələbə günüdür. 9 May Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Qafur Məmmədov Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi 127 Sovet İttifaqı Qəhrəmanı adını alan və bu adı almayan minlərlə azərbaycanlının həmçinin Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi onminminlərlə partizan soydaşımızın günüdür. Bu gündən imtina onlardan imtina deməkdir.
Turan Rzayevkafkassam