KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Əliyev-Ərdoğan görüşünün pərdəarxası – Xankəndi və İranla bağlı kritik proses başlayır?

Turan Rzayev: Əliyev-Ərdoğan görüşünün pərdəarxası – Xankəndi və İranla bağlı kritik proses başlayır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
170 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib.

Zirvə görüşü öncəsi Ankarada bir araya gələn dövlət başçıları iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə edib.

Ankaranın vasitəçiliyi

Dövlət başçıları söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıb.

Münasibətlərin normallaşdırılması, habelə iki ölkə arasında mövcud gərginliyin aradan qaldırılaraq yekun sülh müqaviləsinin imzalanması rəsmi Ankara üçün prioritet məsələlərdəndir.

Türkiyə bu məsələdə hər zaman rəsmi Bakının yanında olub və bu indi də davam etməkdədir. Azərbaycan 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etsə də, Ermənistanla yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Bu isə faktiki olaraq iki ölkə arasında real müharibənin davam etməsi deməkdir.

Rəsmi Bakı hazırda Ermənistanla yekun sülh müqaviləsi imzalamaq, beləlikə müharibəni yekunlaşdırmaq istəyir. Bu istiqamətdə bəzi ölkələr vasitəçilik missiyasını təqdim etsə də, Türkiyənin prosesdə iştirakı daha konstruktiv nəticə verə bilər. Nəzər alsaq ki, Ermənistan Türkiyə ilə də münasibətlərin normallaşmasında maraqlıdır, belə bir təşəbbüs rəsmi İrəvan tərəfindən də müsbət qarşılana bilər.

Ermənistanın Rusiya təsirindən çıxaraq Qərbə inteqrasiya etməsi üçün tək yol Türkiyədir. Türkiyə ilə münasibətlərin normallaşması, iki ölkə arasında sərhədlərin açılması və s. məsələlər də daxil olmaqla Bakı-Ankara-İrəvan danışıqlar formatının yaradılması mümkündür.

Antiterror əməliyyatı ehtimalı…

Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident, Rusiya sülhməramlılarının bu yol vasitəsilə separatçıların Qarabağa silah daşımasına göz yuması və Prezident Administrasiyasının Qarabağdakı erməni əhali ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə separatçı rejimin ermənilərin adından “yox” deməsi Azərbaycanın antiterror əməliyyatına başlamasını zəruri edir.

Proses hər nə qədər zəruri olsa da, əməliyyatların başlanacağı tarix düzgün seçilməli, ən əsası da geosiyasi vəziyyət nəzarə alınmalıdır. Mümkündür ki, Azərbaycan və Türkiyə Prezidentlərinin görüşündə bu məsələ müzakirə edilib.

Türkiyə Azərbaycanın strateji və hərbi müttəfiqidir. Təbii olaraq iki ölkə atılacaq addımlardan əvvəl detaları müzakirə edə bilər.

İran-Azərbaycan gərginliyi

Türkiyə və Azərbaycan prezidentlərinin görüşündə müzakirə edilməsi mümkün olan məsələlərdən biri də mövcud Bakı-Tehran gərginliyidir. Xüsusilə bir neçə gün öncə İrana məxsus döyüş təyyarəsinin Azərbaycan sərhədi boyunca provokasiya xarakterli uçuş həyata keçirməsi və İran ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsinin iki ölkə başçısının müzakirə mövzularında olması mümkündür.

Türkiyə və Azərbaycan İranın bu tip təxribatlarına adətən hərbi təlimlərlə cavab verir. Mümkündür ki, dövlət başçıları bu məsələni müzakirə edib və biz növbəti Türkiyə-Azərbaycan hərbi təlimlərinin şahidi ola bilərik. İranın son təxribatlarına veriləcək ən layiqli cavab Türkiyə-Azərbaycan hərbi hava qüvvələrinin İranla sərhəddə aviasiya təlimləri keçirməsi və ya Xəzər dənizinin İranla sərhədə yaxın hissəsində hərbi dəniz qüvvələrinin təlim keçirməsi ola bilər.

Müəllif: Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, Politoloq Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir