KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: 3+3” formatında keçirilən regional platformanın ilk toplantısında nə baş verdi?

Turan Rzayev: 3+3” formatında keçirilən regional platformanın ilk toplantısında nə baş verdi?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
319 0

Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında keçirilən regional platformanın ilk toplantısı baş tutub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Söhbət tərəflər arasında qarşılıqlı etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirlərindən gedir. Göründüyü kimi, format region və region ölkələrini narahat edən, həllini gözləyən bütün məsələləri özündə ehtiva edir.
“3+3” formatı region ölkələri üçün nə vəd edir?
Əvvəla, onu qeyd etmək lazımdır ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə Prezidentləridir. Bu təşəbbüs, eyni zamanda Rusiya Prezidenti tərəfindən də böyük dəstək alıb. Öz növbəsində İran da təşəbbüsü açıq surətdə dəstəkləyir.
İndiki halda regionun 4 aparıcı ölkəsi “3+3” formatında iştirak edir. Bu həm də ondan xəbər verir ki, regionun bütün problemlərini yenə region ölkələri həll etməlidir. Məsələ ondadır ki, bu gün Cənubi Qafqaz defraqmentasiya olunmuş məkandır. Yəni regionda iqtisadi, nəqliyyat və logistika əlaqələri bu və ya başqa formada məhv edilib. Region beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən kənarda qalıb. Bu məsələ regionumuzun başlıca problemlərindəndir.
Azərbaycan hələ ötən əsrin sonlarından bu problemləri görüb və ardıcıl beynəlxalq layihələr ilə mövcud problemi aradan qaldırmağa çalışıb. Rəsmi Bakının bu təşəbbüsü bu gün də davam edir. Lakin regionu defraqmentasiyadan xilas etmək üçün tək Azərbaycanın fəaliyyəti kifayət etmir. Buna görə də Azərbaycan çoxşaxəli regional əməkdaşlığın inkişaf etməsi üçün “3+3” platformasını irəli sürdü.
İndiki halda “3+3” platformasının məqsədi Cənubi Qafqazı münaqişələr regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına çevirməkdir. Regionumuz Avrasiyanın nəqliyyat mərkəzinə çevrilə bilər. Bunun üçün isə regionun bütün ölkələrinin prosesdə istirakı zəruridir. Misal üçün ATƏT-in Minsk Qrupu nümunəsi də göstərdi ki, regiona daxil olmayan ölkələrin (Fransa, ABŞ) siyasi gündəliyində Qarabağ münaqişəsinin həlli axırıncı yerdə dayanmışdı. İstənilən halda regionun gələcəyini yenə region ölkələri təyin etməlidir.
Gürcüstan “3+3”-ə qayıdacaq?
Gözlənildiyi kimi, “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında Gürcüstan iştirak etmədi. Görüşdən bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi ölkələrinin platformasının ilk iclasında iştirak etməyəcəyini bildirmişdi. Aydın məsələdir ki, rəsmi Tiflis Rusiya faktoruna görə “3+3” platformasında işitrak etmək istəmir. Mövcud Abxaziya və Cənubi Osetiya problemlərinə Kremlin müdaxilə etməsi və iki ölkə arasında yaxın keçmişdə yaşanan qısamüddətli müharibəni nəzərə alaraq hesab edirəm rəsmi Tiflisin platformada iştirak etməməsini anlayışla qarşılamaq olar.
İstənilən halda Bakı Tiflisin bu qərarına hörmətlə yanaşır. Lakin yaxın gələcəkdə Gürcüstan “3+3” formatına yenidən qayıtmalıdır. Məsələ ondadır ki, “3+3 formatı” Tbilisi ilə Moskva arasında mövcud problemlərin, o cümlədən Abxaziya və Cənubi Osetiya münaqişələrinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər. Gürcüstan onu da nəzərə almalıdır ki, formatda Türkiyə və Azərbaycan da təmsil olunur. Yəni rəsmi Bakı və Ankara bu məsələdə konstruktiv yanaşma sərgiləyərək Moskva və Tbilisi arasında vasitəçi ola bilər.
Beş ölkənin nümayəndələrinin Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildirməsi də rəsmi Tiflisin format üçün nə qədər vacib olduğunu göstərir. Hesab edirəm Gürcüstanın gələcəkdə bu formata qoşulması həm onun özü, həm də region üçün olduqca vacibdir.
“3+3” platforması “Astana formatı”nın plagiatıdır?
“3+3” platforması artıq bir çox ölkələri narahat etməyə başlayıb. Təsadüfi deyil ki, həmin ölkələr bu platformanı gözdən salmaq üçün Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri həll etdiyi “Astana formatı” ilə paralellər aparır. Hesab edirəm bu müqayisə kökündən yanlışdır və Cənubi Qafqaz reallıqlarını dərk etməkdən uzaqdır. Cənubi Qafqaz ilə Yaxın Şərq regionları arasında paralellər aparmaq siyasi savadsızlıqdan irəli gəlir. Məsələ ondadır ki, hər iki regionun xalqları, mədəniyyəti eyni olmadığı kimi, mövzu və tarixi problemləri də eyni deyil. Dolayı yolla hər iki regionda fərqli konteksdə baş verən proseslərinə oxşar baxış sərgiləmək məntiqsiz olardı. “Astana formatı” Suriya ilə bağlı məsələləri həll etdiyi halda “3+3” platforması bütöv bir regionun problemlərini və inkişaf perspektivlərini özündə ehtiva edir. Dar və geniş mənada fərqlər bariz şəkildə göz qabağındadır.
“3+3” platformasını qarşısına hədəf kimi Benilüks və ya Skandinaviya ölkələrinin nümunələri qoyub. Nəzərə almaq lazımdır ki, bu ölkələr regional platformalar çərçivəsində də uğurla birgə fəaliyyət göstərirlər.
“3+3” platformasının məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməkdir. Bu, həmçinin regionumuza revanşizmə və yeni müharibələrə qarşı müəyyən immunitet verəcək.
Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir