Trump’tan Hamaney ve 8 İranlı yetkiliye ağır yaptırım

ABD’de Kilise bombalama suçundan bir Suriyeli tutuklandı

Trump’ın İran yaptırımlarında ana hedef Hamaney

Georgian government offers concessions to end crisis

Trampın İranla sazişdən çıxmasının bir ili: Tehranla böyük savaş olacaq?

Gündem 8 Mayıs 2019
59

Vaşinqton və Tehran Yaxın Şərqdə amansız mandat müharibəsi aparır, amma birbaşa döyüş ehtimalı azdır

Yəhudi ravvin Bakıdan İranı hədələyib. ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer deyib ki, İsrailin İranla məsələni bir neçə günə həll etməsində heç bir problem yoxdur. Virtualaz.org-a açıqlamasında yəhudi ravvin deyib ki, İsrail bölgənin ən qüdrətli ölkəsidir və İran onu qəzəbləndirməyə davam etməməlidir.

Sitat: “Tehran terror təşkilatlarını-Həmas-ı, Hizbullah-ı, Yəməndən olan husiləri dəstəkləməklə yalnız özünə pis edir”.

O həmçinin vurğulayıb ki, İsrail İranla mübarizədə tək deyil, ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri kimi müttəfiqləri var, “hansılar ki, Tehran onlara da çoxlu problem yaradır”.

Bununla belə, M.Şnayer ABŞ və İran arasında müharibə ehtimalını inkar edir, ancaq İranla İsrail və Səudiyyə Ərəbistanı arasında qarşıdurmanı istisna etmir. Onun fikrincə, bu tam ehtimal olunandır.

“Prezident Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalar çox ağrılıdır. Vəziyyət elədir ki, mən İranda inqilabı istisna etmirəm. Ümid edirəm ki, çox hörmətli İran xalqı özü bu rejimi devirəcək. Mən isə öz tərəfimdən İran xalqının inqilabi istəklərini dəstəkləyəcəyəm”, – deyə M.Şnayer söz verib.

Əlbəttə, bir yəhudinin bu cür danışması təəccüblü görünməməlidir. İran və İsrail faktiki olaraq müharibə həddindədir. Amma maraqlıdır ki, ravvin Mark Şnayer bu açıqlamanı Trampın İranla nüvə sazişindən çıxmasının 1 ilinin tamam olduğu günlərdə verib. 2018-ci ilin mayında ABŞ hakimiyyəti birtərəfli qaydada 2015-ci ildə imzalanmış nüvə anlaşmasından çıxıb.

Xatırladaq ki, İran və “altılıq” ölkələri, yəni BMT TŞ-nin 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa – K.R.) və Almaniya arasında nüvə anlaşması 2015-ci ildə Obamanın prezidentliyi dönəmində imzalanıb. Ancaq Tramp prezident seçkiləri kampaniyası zamanı və seçildikdən sonra anlaşmanı tənqid edib. Ötən ilin mayında isə Tramp birtərəfli qaydada sazişdən çıxıb.

Bundan sonra isə ABŞ hökuməti İrana qarşı dalbadal sanksiyalar elan edib. Avqustun 6-da ABŞ Maliyyə Departamenti İrana qarşı birinci sanksiyalar paketini elan edib. Birinci paketdə ABŞ İrana qarşı keçmiş sanksiyaları bərpa edib.

2018-ci il noyabrın 4-də isə Tramp İrana qarşı ikinci sanksiya paketini elan edib. Bu paketdə İranın bir çox şirkət və vəzifəli şəxsləri sanksiyalara məruz qalıb. Noyabrın 4-də qüvvəyə minən ikinci sanksiya paketində İrandan neft alışına qadağa qoyulub və bu istisna yalnız 8 ölkəyə tanınıb. Sanksiyaların ikinci paketinin qüvvəyə mindiyi tarix də xüsusi seçilib. 39 il əvvəl 19979-cu il noyabrın 4-də Tehranda tələbələr ABŞ-ın bu ölkədəki səfirliyinə hücum edərək 66 nəfər işçini girov götürüb.

Mayın 2-dən etibarən isə Vaşinqton 8 ölkəyə tanıdığı güzəşt limitini ləğv edib və bununla da İran tamamilə neft blokadasına alınıb. Doğrudur, hələlik 8 ölkənin (Onların arasında Hindistan, Çin kimi böyük ölkələr də var – K.R.) reaksiyaları məlum deyil, amma aydın məsələdir ki, indi Tehran yalnız “qara bazara” ümid bağlaya bilər. Doğrudur, İran hakimiyyətinin əvvəlki illərdə də embarqolar zamanı “qara bazarda” ciddi təcrübəsi var, amma hər halda bu sanksiyalar Tehranın iqtisadiyyatına ağır zərbədir.

Məsələ ondadır ki, bütün iddiaların əksinə olaraq ABŞ indi İrana hərbi müdaxiləyə hazırlaşmır. Çünki belə bir müdaxilə böyük müharibəyə, bölgədə onsuz da ağır olan siyasi, iqtisadi və sosial vəziyyətə dəhşətli zərbə vura bilər. Üstəlik hətta kiçik hava zərbələri belə uzun illər davam edən yorucu toqquşmalara səbəb ola, ən nəhayət İranda daxili birliyi gücləndirə bilər. İrandan iki dəfə kiçik İraq və Əfqanıstanın acı təcrübəsi Vaşinqtona Şərqdə növbəti geniş miqyaslı hərbi əməliyyat başlatmamağı təkid edir.

Bu səbəbdən də indi Vaşinqton İranı daxildən zəiflətmək, yəhudi ravvinin dediyi kimi inqilaba sövq etmək istəyir. Tramp və komandası hesab edir ki, kəskin embarqolar və sanksiya qərarları İranın iqtisadi vəziyyətini daha da pisləşdirəcək, onun yaxın Şərqdə silahlı müqavimət qruplarına dəstəyi dayandırmasına səbəb olacaq. Üstəlik iqtisadi və sosial problemlər İran cəmiyyətində narazılıqları, hökumətə qarşı etirazları alovlandıracaq. Təbii ki, bu zaman həm də ənənəvi müxalif qruplar da işə salınacaq. 2017-ci ilin 25 dekabrında ölkənin şərqində Məşhəd şəhərində sosial tələblərlə başlayan etirazlar tezliklə bütün ölkəyə yayılaraq siyasi aksiyalara çevrilmişdi. Bu zaman ABŞ administrasiyasının, birbaşa Trampın özünün sosial şəbəkədə İran etirazlarına dəstəyi onu göstərir ki, Vaşinqtonun İran üçün arzuladığı ssenari məhz budur.

Vaşinqtonun İrana qarşı ikinci güclü “silahı” etnik və məzhəbi münaqişələrdir. Ölkənin şərqində Pakistanla sərhəddə Sistan-Bəlucistan əyalətindəki etnik bəluclar, qərbdə Xuzistan əyalətində etnik ərəblər və şimal-qərbdə kürdlər İran üçün ciddi təhdiddir. Hər 3 etnik qrup silahlı və təşkilatlanmış vəziyyətdədir. Son bir ildə hər 3 bölgədə ciddi hərəkətlilik olub, xüsusən də ötən ilin sentyabrında Xuzistanın mərkəzi Əhvazda, bu ilin fevralında isə Sistan-Bəlucistanda ordu qüvvələrini hədəf alan hücumlar qeydə alınıb.
Tehranın əlində İsrailə qarşı ciddi “silah” Yaxın Şərqdəki müqavimət qruplarıdır. İran hökuməti Fələstinin Həmas, İslami-Cihad, Livanın Hizbullah, Yəməndə Husi-Ənsarullah qruplarına dəstək verərək onları silahlandırır, İsrail və onun regional müttəfiqlərinə qarşı savaşa cəlb edir. Hələlik hər iki tərəf Suriya, Yəmən, Fələstində mandat müharibəsi aparır. Ancaq qeyd olunduğu kimi mandat savaşının birbaşa hərbi əməliyyatlara çevrilməsi az ehtimaldır. Çünki bunun üçün şərtlər uyğun deyil.

Kənan Rövşənoğlu,
Musavat.com

Yorumlar