KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Trampın İrana qarşı silahı: Neft, dollar və ərəblər

Trampın İrana qarşı silahı: Neft, dollar və ərəblər

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
318 0

Ənənəvi metodlar İranı təslim etməyə yetəcəkmi?
Ötən həftə İranda paytaxt Tehran da daxil olmaqla bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib. Aksiyaların ilk şüarların dolların kəskin bahalaşması olub. İranda ABŞ dollarının qəflətən 80 min riala yüksəlməsi və hətta “qara bazar”da 90 min riala yüksəlməsi etirazlara səbəb olub.

Əvvəlcə paytaxt Tehranda, daha sonra isə digər şəhərlərdə ticarətçilər hökumət əleyhinə yürüş ediblər. Ancaq bunun ardınca qəflətən ölkənin cənubunda, əsasən ərəblərin yaşadığı Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində yerli əhali su qıtlığına və yerli hökumətə etiraz olaraq aksiyalara başlayıb.

İyulun 1-i axşam saatlarında aksiyalar Əhvaz, Abadan, Mahşəhr, Sərbəndər, Şadqan və digər şəhərlərə yayılıb. Daha sonra toqquşmalara daha da böyüyüb və hökumət qüvvələri etirazçılara qarşı silahdan istifadə edib. qarşıdurmalarda 4 nəfər dünyasını dəyişib.

Əsas tələblər su qıtlığı olsa da, Tehran rəsmiləri provokasiyalardan şübhələnir. Xatırladaq ki, ötən il dekabrın sonlarında Məşhəddə başlayan sosial tələbli etirazlar tezliklə ölkənin digər regionlarına yayılmışdı və hökumət qüvvələri etirazları çətinliklə yatıra bilmişdi. Ümumilikdə isə Tramp hakimiyyətə gəldikdən sonra İranı yenidən Amerikanın əsas hədəfi olaraq göstərib və İslam Respublikasının süquta uğradılması üçün mümkün addımları atmağa çalışır. Hətta bir neçə gün əvvəl Moskvada Putinlə görüşən Trampən milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da İrana qarşı Rusiyadan dəstək alacaqlarına ümid etdiyini bildirib.

Eyni zamanda hazırda Vaşinqton İrana qarşı sanksiyalar tətbiq etməklə yanaşı, İranın neft satışını əngəlləməyə çalışır. Bunun üçün ABŞ hökuməti xaricə neft satışına qoyulan yasağı götürüb, həmçinin Səudiyyə Ərəbistanına təzyiq edərək bazara daha çox neft çıxarmasını tələb edir. Vaşinqton rəsmiləri bəyan edib ki, İranın neft satışını minimuma endirməklə Tehrana iqtisadi zərbə vurmağı düşünürlər.

Bu məsələyə Avropada səfərdə olan İran prezidenti Həsən Ruhani də münasibət bildirib. O bəyan edib ki, əgər ABŞ öz müttəfiqlərinə təzyiq edərək Tehrandan xam neft almamağı tələb edərsə, o zaman regionda neft ixracına ciddi maneə və təhdidlər yarana bilər. Ruhani dolayısı ilə İranın Fars körfəzindən neft ixracını dayandıra biləcəklərinə işarə edib. İran mediası da artıq Ruhaninin hədəsini və körfəzdəki Hörmüz keçidinin bağlanmasını əks etdirən karikaturlar nəşr edib.

Maraqlıdır ki, İrana qarşı Vaşinqtonun təzyiqləri sistemli şəkildə artır. Xürrəmşəhr bölgəsində etirazların davam etdiyi bir vaxtda Vaşinqtonda ABŞ Konqresində İranda demokratik keçid mövzusunda konfrans keçirilib. İran Milli Konqresi tərəfindən təşkil edilmiş konfransda İranda dəyişikliklərin mümkün perspektivləri və dünyəvi, plüralist və demokratik hökumətin yaradılması üçün imkanlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfrans İranda etirazların davam etdiyi bir zamanda keçirilib və bir baxıma aksiyalarla həmrəylik tədbiri olub. Bunu iştirakçılar da vurğulayıb.

Toplantıda azərbaycanlı təmsilçi də iştirak edib və çıxış edib. “Amerikanın Səsi”nə müsahibə verən Babək Çələbiyan etirazları dəstəkləməklə yanaşı azərbaycanlıların öz şərtlərinin və milli hüquqlarla bağlı tələblərinin olduğunu qeyd edib.

İranda etirazların daha çox ərəblərin yaşadığı regionda alovlanması onu göstərir ki, Amerika etnik amildən istifadə edərək Tehranı zəiflətməyə, necə deyərlər diz çökdürməyə çalışır. Çünki İran çoxmillətli bir ölkədir və burada etnik zəmində etirazların qızışması bütövlükdə ölkədə Yaxın Şərqdə ənənəvi hal alan xaosun yaranmasına gətirə bilər. Digər tərəfdən, məhz ərəblərin fəallaşması Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin bu məsələdəki iştirakını göstərir. Çünki İran ərəblərinin hər bir halda körfəzin o üzündəki ərəblərlə əlaqələri vardır.

Ancaq görünən odur ki, məhz etnik amil mərkəzi hökuməti o qədər də narahat etmir. Ya da ən azı iqtisadi mövzu qədər narahat etmir. Çünki İranda bu şəkildə bir qarışıqlığın meydana çıxması hazırkı hökumətin əlini gücləndirə bilər. Çünki İslam Respublikasının iki əsas etnosundan biri hesab olunan azərbaycanlılar hökumətə qarşı kənardan idarə olunan etirazlara qoşulmur. Bu isə istənilən halda etirazları marginallaşdırır. Üstəlik, ərəblərin etnik şüarlarla hərəkət etməsi daxili ictimai rəydə hökumətə dəstək gətirə bilər. Xüsusən də azərbaycanlılar ərəb etnik ayaqlanmalarına qarşı hökumətin yanında dayan bilər ki, bu da indiki halda Tehran üçün əlverişlidir. Bu səbəbdən də görünən odur ki, Tehran kənardakı xaricdən idarə olunan etirazlardan o qədər də narahat deyil.

Hələlik Ruhani hökuməti son rıçaqları olan Avropa ilə intensiv danışıqlar aparmaq və Tramp administrasiyası ilə Avropa liderləri arasında yaranmış narazılıqdan Tehranın lehinə fayda əldə etməyə çalışır. Əks halda Trampın iqtisadi məngənəsi Tehran üçün ağır fəsada səbəb ola bilər.

Kənan Rövşənoğlu,
Musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir