KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Trampın İran əleyhinə koalisiyası dağılır

Trampın İran əleyhinə koalisiyası dağılır

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
437 0

Qətər və Pakistan yeni blok formatından çıxır, Ankara isə daha vacib məsələlərin həllində maraqlıdır

Mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən “Ərəb-İslam-Amerika” sammiti hələ də dünya gündəminin əsas hadisələrindən biri olaraq müzakirə olunur. ABŞ prezidentinin Ər-Riyada gəlməsi, Kral Salmanla 350 milyard dollar dəyərində anlaşma, yeni hərbi koalisiyanın yaranması haqda razılaşma müsəlman aləmində və ümumilikdə dünyada sərt etirazlarla qarşılanıb.

İlk növbədə ona görə ki, Yaxın Şərqdə yeni hərbi blokun qurulması və onun döyüşən hərbi gücünün yaradılması yeni savaş deməkdir. Bu isə onsuz da ağır, yorucu terror müharibələrinin davam etdiyi bölgə üçün ağır və ümidsiz gələcək vəd edir. İkincisi, Səudiyyə Ərəbistanı kimi zəngin ehtiyatlara malik ölkə 350 milyardlıq bir vəsaiti ABŞ-dan silah almağa deyil, ölkənin inkişafına xərcləyə bilərdi.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel deyib ki, böyük silah müqaviləsi Yaxın Şərqdə gərginliyi aşağı salmayacaq. Nazirin sözlərinə görə, həddən artıq silahlanma bölgəyə yalnız yeni müharibə vəd edir. Məsələ ondadır ki, hazırda faktiki olaraq Liviyada (yerli siyasi qüvvələr və radikal qruplaşmalar arasında) daxili müharibə gedir, Yəməndə isə 10 ərəb-müsəlman ölkəsinin təşkil etdiyi hərbi koalisiya 3 il əvvəl üsyan edərək hökuməti ələ keçirmiş Husi üsyançılarına qarşı savaşır. Suriyada dünyanın az qala hər yerindən gəlmiş silahlılar, silahlı müxalifət, hakimiyyət, Rusiya, ABŞ, İran və digər ölkələrin hərbi qüvvələrinin də qarışdığı ağır, yorucu müharibə davam edir. İraqda isə İŞİD-lə müharibə mövcuddur. Bundan başqa, Əfqanıstan, Pakistan, Misir, eləcə də Somali, Nigeriya kimi Afrika ölkələrində də müharibə, terror davam edir. Bütün bunların fonunda müsəlman aləminin bir araya gələrək ABŞ-ın rəhbərliyi ilə yeni hərbi alyans yaratması və əsas hədəf kimi İran-Səudiyyə qarşıdurmasının göstərilməsi müsəlman dünyasında ağır böhranın təzahürüdür.

Son hadisələrin ən böyük təsiri müsəlman aləmində hiss olunmaqdadır. Səudiyyə Ərəbistanı və İran arasında gərginlik dərinləşdikcə digər müsəlman ölkələri bu qarşdurmada yer alma istəmir. İran mətbuatının yazdığına görə, daha əvvəl Səudiyyə Ərəbistanı ilə yaxın müttəfiq olan, eyni zamanda İranla həmsərhəd ölkə olan Pakistan hökuməti İrana qarşı koalisiyaya qatılmayacağını bəyan edib.

Səudiyyə Ərəbistanının siyasətinə etiraz edən daha bir ölkə Qətər olub. Qətər əmirinin anti-İran koalisiyasına qarşı çıxması Ər-Riyadda qəzəb doğurub. Əvvəlcə Qətər əmirinin adından yayılan xəbərin saxta olduğu bəyan olunsa da, sonradan əmirin İran prezidentinə zəng edərək seçki münasibəti ilə təbrik etməsi, regionda məzhəbçiliyin böyük təhlükə doğurduğunu deməsi, sülh naminə birgə əməkdaşlıq təklif etməsi Səudiyyə Ərəbistanında kəskin etiraz doğurub. Krallığın rəsmi mediası Qətər əmirini tənqid edən məqalələr yayıb. Eyni zamanda Qətər mediasının Səudiyyə Ərəbistanı ərazisində yayını məhdudlaşdırılıb.

Aydın məsələdir ki, Qətər bir tərəfdən Səudiyyə Ərəbistanının bölgədə İrana qarşı savaş başlatmaqla yeni müharibə yaranmasından narahatdırsa, digər tərəfdən, Ər-Riyadın ərəb dünyasının liderinə çevrilməsindən xoşlanmır. Nəticə etibarı ilə bölgədə yarana biləcək yeni müharibə ocaqları Qətər kimi kiçik ölkələri zərbə altında qoya, böyük fəlakətlərə səbəb ola bilər.

Bu məsələdə daha bir aktiv səbəb isə ABŞ-la yaxın ittifaqdır. Hər nə qədər ərəb ölkələri Qərblə yaxından əməkdaşlıq etsələr də, xalq arasında Amerika əleyhidarlığı çox yüksəkdir və bu cür kəskin yaxınlaşma, Amerika “kölgəsində” müsəlman hərbi ittifaqının qurulması müsəlmanlar arasında ciddi narazılıq doğurur. Müsəlmanların müdafiəçisi, xarici müdaxilələrə qarşı birlik çağırışı edən ölkələrin günlərin birində ABŞ-la birlikdə başqa bir müsəlman ölkəsi olan İrana qarşı koalisiya yaratması müsəlman aləmində mənfi qarşılanıb. Ancaq görünən odur ki, Səudiyyə Ərəbistanı İrana qarşı düşmənçiliyə həddən artıq ideoloji yanaşır və bu səbəbdən də ABŞ və İsrail kimi ənənəvi İslam düşməni ölkələrlə ittifaq qurmağa hazırdır.

İran isə Ər-Riyadın son gedişlərinə daha çox diplomatik gedişlərlə cavab verməyə çalışır. Tehran münaqişə bölgələrində aktiv diplomatiyanı davam etdirmək, xüsusən də Suriyada mövqelərini möhkəmləndirməyə çalışır. Son olaraq İranın dəstəklədiyi “Həşdi-şabi” qüvvələri İraq baş nazirinin əmri ilə Suriya-İraq sərhədinin mühafizəsinə təyin olunub. Artıq İraq könüllü ordusunun birləşmələri Suriya ilə sərhədə çatıb və burada suriyalı hərbçilərlə görüşüblər.

Maraqlıdır ki, son proseslərin fonunda Türkiyə də əvvəlki qədər Səudiyyə blokuna meylli görünmür. Doğrudur, formal olaraq iştirak edir, baxmayaraq ki, qurultaya təsadüf etdiyi üçün baş nazir və prezident Ər-Riyad toplantısına qatılmamışdı. Ancaq buna baxmayaraq, indi Ankaranı İrana qarşı müharibə koalisiyasında iştirak və ya Əsədin devrilməsindən daha vacib mövzular narahat edir. Ankara indi regionda müharibələrin dayanması, atəşkəs bağlanması, eləcə də mövcud dövlətlərin ərazi bütövlüyünün qorunmasında maraqlıdır. Üstəlik, Türkiyə hakimiyyəti Vaşinqtonun bölgədə daha artıq fəal olmasının onun üçün problem yaratdığını hiss edir, xüsusən də kürd separatizmi mövzusunda.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir