Tehran yenə Ermənistanı seçdi
Qərb İrana qarşı sanksiyalar tətbiq etdikdə rəsmi Bakı bu qərarın əleyhinə çıxdı. İranda bəziləri şübhələnirdi ki, guya ABŞ və İsrail Azərbaycan torpaqlarından İrana qarşı istifadə edə bilər. Azərbaycan hakimiyyəti bu iddiaları da rədd etdi, üstəlik bir daha bəyan etdi ki, üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə heç bir halda icazə verilməyəcək. Qərb İrana qarşı sanksiyalar tətbiq etdiyi illərdə belə Azərbaycan qonşu ölkə ilə əməkdaşlıqdan çəkinmirdi. Bu dəfə isə ABŞ diplomatik kanallarla Azərbaycan hakimiyyətinə təsir edirdi ki, İran Bakıdakı bankların imkanlarından istifadə etməsin. Yəni sanksiya illərində Azərbaycan İranla əməkdaşlığa görə Vaşinqtonun təzyiqi ilə üzləşib.
İrana qarşı nüvə məsələsi ilə bağlı sanksiyalar aradan qaldırılandan sonra Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi barədə diskussiyalar gücləndi. Rəsmi Tehranın özü də Azərbaycanla əməkdaşlıqdan faydalanmaq istədiyini bildirdi. Bunun qarşılğında şimal-cənub nəqliyyat dəhlizi ilə bağlı işlər sürətləndi və Azərbaycan üzərindən Rusiya ilə İranı birləşdirəcək dəmir yolunun tikintisi sürətləndi. İran Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycanla digər layihələri də müzakirə etməyə maraq göstərir.
Ancaq belə bir ərəfədə Tehran qəfil Ermənistanla əlaqələri intensivləşdirməyə qərar verdi. Əvvəlcə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana dəvət edildi, viza anlaşması imzalandı, hazırda isə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərə hazırlaşdığı açıqlanıb. Halbuki, diplomatik mənbələrdən verilən məlumatlara görə, Həsən Ruhaninin Ermənistandan əvvəl Azərbaycana gələcəyi gözlənilirdi. Bu haqda Tehranla Bakı arasında sözlü razılaşma da olub. Ancaq İran prezidenti Ermənistanı “qabağa” salmağa qərar verib. Tehran indiki həssas məqamda Ermənistanla münasibətlərdə diqqət olmalı və qarşılıqlı səfərləri təxirə salmalı idi. Bu siyasət Azərbaycanda və azərbaycanlılar arasında müsbət qarşılanardı. Olmadı.
Tehranın Ermənistan siyasəti yenidən Azərbaycanın hakimiyyət və ekspert dairələrində ciddi suallar yaradıb. Ermənistan kasıb ölkədir. Aydındır ki, İran Azərbaycandan fərqli olaraq Ermənistanla əməkdaşlıqdan iqtisadi qazanc əldə edə bilməyəcək. Azərbaycanla İran arasındakı layihələrdə Azərbaycan öz hissəsini, payını maliyyələşdirir, ortaq çalışmalara kreditlər ayıra bilir. Bunların heç birini Ermənistan edə bilmir. Ermənistan öz ərazisində hansısa layihəni reallaşdırmaq üçün xarici ölkələrdən vəsait axtarır. İndi əgər İran Ermənistan ərazisindən iri müəssisə yaratmaq istəsə Ermənistana kredit ayırmaq məcburiyyətində qalacaq.
Demək, İranın Ermənistanla əlaqələrini genişləndirməkdə məqsədi iqtisadi qazanc yox, Azərbaycan əleyhinə Ermənistanla siyasi ittifaqı gücləndirməkdir. Halbuki, son zamanlar İranın bəzi rəsmiləri və tanınmış din xadimləri Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırdılar. Bu açıqlamalar Azərbaycanın siyasi dairələrində müsbət qarşılandı, düşünüldü ki, İranın siyasətində müsbət dəyişikliklər var. Ancaq Tehranın sonrakı addımlar göstərdi ki, İran hakimiyyətinin siyasətində dəyişiklik yoxdur.
Tehran əvvəlkitək bölgədə güclü və inkişaf edən Azərbaycanın varlığından ehtiyat edir. Əks halda Qüds məsələsində ümumislam mövqeyindən çıxış edən Tehran müsəlman Azərbaycan torpaqlarının işğalına da ümumislam mövqeyindən yanaşmalıydı. Qüdsün işğalına görə İsraili düşmən elan edən Tehran Dağlıq Qarabağı işğal edən Ermənistanı isə əksinə dost dövlət adlandırır. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir neçə gün əvvəl Tehrana səfər etmişdi. Mübariz Qurbanlı iranlı rəsmilərin və din xadimlərin diqqətinə Azərbaycanın işğal altındakı torpaqlarında məscidlər dağıdılması faktlarını çatdırdı. Bu məsələyə də İran rəsmilərindən və din xadimlərindən heç bir reaksiya yoxdur.
İran prezidentinin İrəvana səfəri yalnız Azərbaycanda deyil, İranda yaşayan azərbaycanlılar arasında da etirazla qarşılanacaq. İranın Təbriz və digər şəhərlərində küçə yürüşlərinin keçirilməsi də mümkündür.
Əlbəttə, rəsmi Bakı Tehranla əlaqələrinə davam etməli, nəqliyyat layihələrini reallaşdırmalıdır. Ancaq rəsmi Bakı İranın Ermənistanla əməkdaşlığına cavab olaraq Türkiyə və Qərb ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığını daha da genişləndirməlidir. Azərbaycan prezidenti ayrıca, Həsən Ruhaninin işğalçı Ermənistana səfərinə cavab olaraq İsrailə rəsmi səfəri və bu ölkədə Azərbaycan səfirliyinin açılmasını sürətləndirməlidir. İran işğalçı Ermənistanla yeni əlaqələr qurarkən, İsrail Azərbaycanın ərazi bütövlüyünü gücləndirəcək hərbi əməkdaşlığı genişləndirməyə həvəslidir. Demək, bu məsələdə İranın siyasi və dini dairələrinin Azərbaycana deyəcək məntiqi sözü yoxdur, olsa da məntiqi cavab alacaq.
Elhan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzi
EtiketlerTehran yenə Ermənistanı seçdi