KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Təbrizim, Təbrizim, gözəl Təbrizim… –Bu adın mənşəyi haqda nə bilirik?

Təbrizim, Təbrizim, gözəl Təbrizim… –Bu adın mənşəyi haqda nə bilirik?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
462 0

Təbriz şəhərinin adına və ya bu şəhərlə bağlı olduğu düşünülən “Tarmakis” adına eramızdan əvvəlki dövrlərdən olan qaynaqlarda rast gəlinir. Eramızdan əvvəl Assuriya hökmdarı Sarqonun bölgəyə yürüşündən bəhs edən kitabədə Tarmakis adlı bir qaladan danışlır ki, bir çox tədqiqatçılar bu qalanın indiki Təbriz ərazisində olduğunu bildirir. Bu tarixi şəhər zəlzələ bölgəsində yerləşdiyi üçün islamdan əvvəlki, eləcə də sonrakı dövrlərdə dəfələrlə dağılmış, yenidən yaranmışdır və nəticədə şəhərin qədim tarixi ilə bağlı bir çox mənbələr, yəqin ki, torpağın altında yatmaqdadır. Bu səbəbdən də Təbriz şəhərinin varlığını göstərən dəlillərə qədim dövrlərdə rast gəlsək də, sonrakı bəzi vaxtlar, hətta ərəblərin hücumu dövründə rast gəlmirik.

Təbriz şəhərinin adının izahı barədə bir çox fikirlər var. Bütün qonşularının torpaqlarına göz dikən mənfur ermənilər “Böyük Ermənistan” iddiası ilə digər tarixi Azərbaycan şəhərləri kimi, Təbriz şəhərin də adını erməniləşdirməyə cəhd göstərir və bu adın ermənicə “Davrej” (“İntiqam”) sözündən götürüldüyünü yazır. Guya, Sasanilər dövrü Ermənistan padşahı bura hücum edib, şəhər salıb və Sasanilərdən qisas aldığı üçün “intiqam” deyə çığırıb və şəhərin adı isə erməni dilində olan bu sözdən qalıb.

Şəhərin adının “istiliyi düşürən, istiliyi salan” formasında fars dilinə əsasən də izah edənlər vardır. Rəvayətə görə, xəlifə Harun əl Rəşidin arvadı Zübeydə xatun bir sağalmaz xəstəliyə tutulur və bir təbibin məsləhəti ilə Təbrizə gəlir, Təbrizin havasının təmizliyi isə onu sağaldır. Bu səbəbdən Zübeydə xatunun göstərişi ilə bu ərazidə yaşayış yeri salınır və buraya “Təb” – “istilik”, “riz” – “salan” mənasında “istiliyi salan” adı verilir.

Lakin bu izahlar elmi əsaslı deyil və mötəbər tarixi mənbələrə söykənmir. Sasanilər dövrü Ermənistan padşahının hücumu, burada şəhər salması barədə heç bir tarixi fakt yoxdur. Ərəb xəlifəsinin arvadının Təbrizə gəlməsi faktı da mənbələrdə yoxdur və hər iki əfsanəyə cavab olaraq, Təbriz şəhərinin salınma tarixi Sasanilər və Xilafətdən çox qədimdir.

Təbriz şəhərinin Sasanilərdən yüzillər, hətta min il öncə, Midiya, Parfiya dövlətləri zamanında da mövcud olduğu barədə fikirlər var. Zübeydə xatunun adının Təbrizlə bağlanmasının səbəbi odur ki, həmin dövrdə bu şəhərdən yığılan vergilər Zübeydə xatuna çatırdı və onun əmri ilə tikilən bir bulaq və kəhriz onun adını daşıyırdı. Bu şəhərin səfalı havası bu kimi oxşar əfsanələrin yaranması ilə nəticələnmişdir.

Təbriz adının Tarmakis qalasının adından yaranması, atəşpərəstlik dövrü ilə bağlı “işıq, günəş saçan”, Səhənd dağı ilə bağlı “atəş püskürən vulkanlar” sözlərindən yaranması, “tavr” adlı türk tayfasıyla bağlanması və digər izahları da var.

Bizim nəzər salacağımız məsələ Təbriz şəhərinin adının şəhərin yaxınlığında olan dağın adı ilə bağlanmasıdır ki, bir sıra tarixi qaynaqlarda bu fikirlə rastlaşırıq.

Səfəvi dövrü səyyahlarından A.Kontarini Təbrizin adının şəhərin özünün ətəyində yerləşdiyi Tauris adlı qırmızı rəngli dağın adı ilə bağlı olduğunu yazmışdır. Həmin qırmızı rəngli dağ bu gün də var və Eynalı dağı adlanır.

eynalidaq-2

Şah Abbas Səfəvi zamanı Təbrizə səfər edən T.Herbert də bu şəhərin adının şəhərin yanındakı Tovrus-Tauris dağından aldığını yazır. Həmçinin A.Oleari şəhərin adını bu dağla bağlayır və Təbrizin Torus dağının ətəyində yerləşdiyini yazır. Bu ada oxşar şəkildə Təbrizin mənbələrdə görülən adlarından “Toriz”, “Tavris”, “Tavros”, “Tavrez”, “Tovruz”, “Torus” formalarına da rast gəlirik.

70-80 il əvvələ qədər bəzi ətraf kəndlərin əhalisi Təbrizə Tori, bəzi yerlərdə isə Toriz deyirmişlər, eyni zamanda Təbriz adının bir çox hallarda fonetik cəhətdən Tərbiz şəklində də deyilməsi məlumdur.

Təbriz adının ətəyində yerləşdiyi dağın adı ilə bağlanması yeni deyildir, ancaq tarixdə və günümüzdə diqqət edilməyən digər bir məsələ vardır – bu, həmin dağ adının hazırda da mövcud olması və bu fakt əsasında dağla bağlı izahın daha həqiqətə uyğun olmasının məlum olmasıdır.

tebriz-1

Hazırda Təbriz ətrafındakı Eynalı adlanan dağın tarixdə Aynalı, Eynal-Zeynal, Surxab adlarıyla tanınması ilə yanaşı, bu dağın Taurus dağı da adlandığını yuxarıdakı səyyahlara istinadən göstərdik. İndi Türkiyənin bütün cənub sərhədlərini – Aralıq dənizi sahilindən başlayaraq Suriya və İraq sərhədini keçməklə İranla (Urmiya bölgəsi ilə) sərhəddə kimi uzanan, təxminən 2000 km-ə yaxın uzunluğa malik Toros sıra dağları vardır. Bu sıra dağlar Təbrizdən də keçərək Xəzərin cənubunadək uzanır. Lakin İran sərhəddindən başlayaraq içərilərə doğru Toros adı işlənmir.

Təbii ki, coğrafi sərhədlər, dağlar siyasi sərhədlərlə məhdudlaşmır. Bir silsilə dağ neçə-neçə ölkəni əhatə edə bilir. Fikrimizcə, Toros sıra dağları keçmişdə Təbriz ətrafındakı dağları da əhatə etmiş, sonrakı dövrlərdə dağ üçün işlənilən bu ad tədricən unudulmuş, başqa adlar işlənmişdir. Şəhərin adının dağdan götürüldüyü isə məlumdur. Yəqin ki, Səfəvilər dövründə Təbrizdə olmuş səyyahlar Osmanlı ərazisində olan bu silsilə dağ barədə məlumatlı olmamış və Tauris, Torus dağı adını yalnız Təbriz ətrafı ilə məhdud hesab etmişlər. Həmin vaxt Osmanlı-Səfəvi müharibələri də səyyahların hər iki tərəfi tanımasını mümkünsüz etmişdir.

Türkiyədəki Toros və ya Toroslar dağ silsiləsinin hazırda ingiliscə “Taurus” yazılışı və qədim səyyahların da hind-avropa dillərinə uyğun Təbriz yaxınlığındakı dağı da “Taurus”, “Torus” adlandırması faktı var. Yəni, adın Taurus formasında yazılması bu dillərə uyğunlaşdırmadır.

tebriz-6

Belə nəticəyə gəlmək olur ki, səyyahların bir qədər öz dillərinə uyğunlaşdırdığı bu ad qədimdə Toroz, Toros kimi formalarda olmuşdur. Məsələnin digər bir tərəfi Türkiyə və Azərbaycan türkcəsində bəzi fərqlərin olmasıdır. Məsələn, Türkiyədə “Aras” adlanan çay Azərbaycan türkcəsində “Araz” adlanır və ya “Kafkas” – “Qafqaz” adları misalı kimi. Bununla görünür ki, türk dillərində adın sonunda “z-s” fərqləri yarana bilir.

tebriz-7

Belə nəticəyə gəlinir ki, Təbriz şəhərinin adı Toros dağının adından yaranmışdır. Təbriz şəhərinin bu silsilədə yerləşən ən qədim və böyük şəhərlərdən olduğu nəzərə alınmaqla şəhərin dağa ad verdiyini düşünmək olardı, ancaq Taurus dağı adının izahında ilk kök “To, Tau”-dır ki, bu da qədim türk dillərində dağ adının işlənmə formasıdır. Adın ikinci hissəciyi ilə bağlı qeyd edək ki, Türkiyədəki Aras dağları da Toros silsiləsinə daxildir və belə görünür ki, Araz (Aras) dağı və Araz (Aras) çayının adının da Torosla bağlantısı var. Toros sıra dağlarının Təbrizə doğru davamı sonrakı siyasi sərhədlərlə unudulmuş, lakin Araz çayının adı Türkiyədən başlayaraq Kür çayına birləşdiyi yerə qədər qalmışdır.

Qeyd: Məqalənin hazırlanmasında fars dilində B.Xamaçinin ”Mənim şəhərim Təbriz” və “Təbriz səyyahların gözü ilə” əsərləri, H.Səbrinin “Azərbaycanşünaslıq: Bizim Təbrizimiz” əsərindən, eləcə də Azərbaycan dilində S.Onullahinin “XIII-XVII əsrlərdə Təbriz şəhəri” əsərinə istifadə edilmişdir.

Ş.Savalan

Strateq.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir