KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Təbrizdən Bakü’ye İran seyahati

Təbrizdən Bakü’ye İran seyahati

Kafkassam Editör Kafkassam Editör - - 36 dk okuma süresi
439 0


Dekabr etirazları siyasi idi və birbaşa hazırkı siyasi sistemi hədəfə almışdı – prosesin arxasındakı gizlinlər və güclər…

Tehrandan sonra növbəti səfərimiz Məşhədə – İmam Rzanın (ə) ziyarətinə idi. Məşhəd 40 gün əvvəl ölkənin ən qaynar bölgəsi idi. İranda ilk etirazlar ölkənin əsas dini ziyarət mərkəzində olmuşdu. Ancaq Məşhəd indi xeyli sakit idi. İranın 3-cü böyük şəhəri hər gün müxtəlif ölkələrdən onminlərlə zəvvar qəbul edir. Böyük otellər şəbəkəsi, ticarət mərkəzləri və digər xidmət sahələri şəhər əhalisinin əsas dolanışıq mənbəyidir.

Biz Məşhədə çatanda sabah idi. Tehrandan Məşhədə məsafə 1000 kilometrdən çoxdur. Qatarla bu yolu 11-12 saata getmək olur. İran qatarları nisbətən müasirdir və yaxşı xidməti ilə seçilir. Yeri gəlmişkən, fevralın ortası olmasına baxmayaraq Tehran və Məşhəddə yaz havası ilə qarşılaşdıq. Bu il Azərbaycanda olduğu kimi, İranda da quraqlıq olub. Havalar çox isti keçir.

Məşhədə səfər edənlərin böyük əksəriyyətinin əsas məqsədi təbii ki, 8-ci imam Əli ibn Musa Rza və ya başqa deyilişlə İmam Rzanın (ə) məqbərəsini ziyarət etmədir. Şiələrin 8-ci imamı Əli ibn Musa ər-Rza (ə) abbasilər zamanında xəlifə Məmunun dəvətilə uzaq Xorasana gedir və elə burada da zəhərlənərək şəhid olur.

İmam Rzanın (ə) ən məşhur ləqəblərindən biri “Qərib İmam”dır. Çünki İmam Rzanın (ə) məzarı digər imamların dəfn olunduğu İraqdan ən azı 1500, Ərəbistandan isə 2 min kilometr uzaqda yerləşir. Bu günkü Məşhəd ötən 1200 ildə dünyanın müxtəlif yerlərindən gələrək “qərib İmamı” görmək istəyən zəvvarların sayəsində dünyanın ən böyük turist qəbul edən şəhərlərindən biridir.

Ancaq bu dəfə Məşhəd şəhəri o qədər də qələbəlik deyildi. Bunun bir səbəbi tətilin yeni başa çatması və qış ola bilərdi, amma ümumilikdə Məşhəddə bir sönüklük vardı. Tehran kimi Məşhəddə də çoxlu sayda azərbaycanlı yaşadığı üçün burada fars dilini bilməmək problem yaratmır. Hətta fars dilində heç bir kəlmə bilməyən adam belə uzaqbaşı 3-cü cəhddə türkcə danışa bilən birinə rast gələ bilər. Bu şəhərdə hələ qədimdən azərbaycanlılar yaşayır.

İran etirazları niyə Məşhəddən başladı?

Əhali arasında bir ay əvvəl baş verənlərlə bağlı danışmağa həvəsli olan yoxdur. Ancaq bir çoxları iqtisadi vəziyyətdən şikayətçidir. Sürətli inflyasiya, işsizlik, xüsusən də gənclər arasında işsizliyin yayılması insanları narahat edir. Çoxları bu narahatlığı bildirməkdən çəkinmir, amma konkret olaraq aksiyalardan danışmaq istəyən çox azdır.

İranda ötən ilin sonunda baş verən etirazlar ilk dəfə məhz Məşhəd şəhərində başlayıb. Daha sonra Tehran da daxil olmaqla digər bölgələrə yayılıb. Yalnız Azərbaycan əyalətləri istisna təşkil edib. Bunun səbəbləri barədə qabaqda danışacağıq. Aksiyaların Məşhəddən başlamasının özü maraqlıdır. Məsələ ondadır ki, Məşhəd il ərzində orta hesabla 12 milyon zəvvar qəbul edir. Şəhər iqtisadiyyatının böyük qismi məhz turistlər hesabına formalaşır. Bazarlar, dükanlar, otellər, nəqliyyat, iaşə xidmətləri və sair. Bu baxımdan Məşhəd İranın işsizlikdən ən az əziyyət çəkən bölgələri sırasındadır. Digər tərəfdən, çoxsaylı etnik qrupların yaşadığı İranda Məşhəd ən çox fərqli etnik qrupların yaşadığı şəhərdir. Burada farslar, türklər, türkmənlər, kürdlər, əfqanlar və sair etnik qruplar mövcuddur. Üstəlik, dini mərkəz olması səbəbindən hazırkı hakimiyyətin dayaqları Məşhəddə çox güclüdür. Lakin bütün bunların yanında ilk etirazlar məhz bu şəhərdən başlayıb. Daha bir maraqlı detal ondan ibarətdir ki, Məşhəd şəhərindəki İmam Rza (ə) ziyarətgahının rəhbəri və ciddi nüfuzu olan Seyid İbrahim Rəisi ötən ilin mayında hazırkı prezidentlə seçki yarışında rəqib olub. İbrahim Rəisi və onun qayınatası – Məşhəd şəhərinin imam-cüməsi Seyid Əhməd Aləmulhuda hazırkı hökumətə yaxın mediada hədəfə alınıb. Məhz aksiyaları zamanı da hakimiyyət mediası günahkarlar sırasında bu iki şəxsə də işarə edirdi.

Görünür, bunun əsas səbəbi etirazların məhz sosial və iqtisadi səbəblərinin olduğunu göstərmək məqsədinə xidmət edib. Ancaq Məşhəddə etirazlar uzun sürməyib, birinci gündən sonra polis aksiyaları dağıdıb və növbəti günlərdə ciddi çaxnaşmalar olmayıb, proseslər digər regionlara yayılıb. Bu da İran etirazlarının sırf sosial-iqtisadi şüarlı olması ilə bağlı ehtimalları sıfıra endirir.

Müşahidələrimiz də onu deməyə əsas verir ki, İranda başlayan etirazlar siyasi olub, birbaşa hazırkı siyasi sistemi hədəfə alıb. Sadəcə hədəf obyekti kimi sosial təminatı az olan, işsizlikdən əziyyət çəkən qruplar seçilib və prosesə onlar cəlb olunub. Sonrakı günlərdə isə buna artıq ehtiyac qalmayıb, hökumətə qarşı aksiyalar şiddətlənib. Eyni zamanda bir mərhələdə sistem daxilindəki siyasi qruplar arasındakı mübarizə də bu aksiyaların güclənməsinə təsir edib.

Yeri gəlmişkən, kənardan görünənin əksinə, İranda bir-biri ilə ciddi siyasi mübarizə aparan iki əsas qrup – “islahatçılar” və “mühafizəkarlar” – və onların yanında kiçik maraq qrupları var. Bu mübarizənin ən bariz şəkli isə yerli mediada özünü göstərir. Hər iki tərəfin mediası bir-birini vaxtaşırı “vurur”. Digər tərəfdən, siyasi səhnədə heç də vahid bir cəbhə və ya ittifaqlar yoxdur.

Ordu “sahəyə enir”

Diqqət çəkən daha bir detal isə ordunun (SEPAH – K.R.) siyasi proseslərdə özünü göstərməsi idi. Məsələn, Tehran mitinqində az saylı posterlər arasında SEPAH komandanı Məhəmməd Əli Cəfərinin fotoları da gözə dəyirdi. Ümumilikdə, son dövrlərdə SEPAH həm də siyasi və dövlətin taleyi ilə bağlı məsələlərdə varlığını göstərməyə çalışır. Bu da bir növ daha əvvəl Misir və Türkiyədə olan “vəsayət” sistemini gözlər önünə gətirir. SEPAH İranda hazırkı dövlət sisteminin qarantı olduğunu və müxaliflərə (hansı siyasi düşərgədən olursa olsun – K.R.) qarşı dayandığını göstərməyə çalışır. Bunu son etirazlardakı davranışı da nümayiş etdirdi.

Məhəmməd Əli Cəfəri ile ilgili görsel sonucu

Qayıdaq Məşhədə. Artıq hər şey arxada qalmış kimi görünür. İşlər köhnə qaydasında, insanlar gündəlik həyatlarına davam edir. Yeri gəlmişkən, Məşhəddə xeyli sayda suriyalılar da var. Türkiyədən fərqli olaraq, buradakı suriyalılar hökuməti dəstəkləyir. Əsasən Hələb, Deyr əz-Zor və Dəməşqdən olan suriyalılar mehribandırlar. Məşhəd daha çox İmam Rza (ə) şəhəri kimi tanınsa da, bu il 1200 yaşı tamam olan bu şəhər İslam mədəniyyət incilərini özündə daşıyır. Şəhərdə universitet, çoxlu sayda muzeylər, qədim abidələr yerləşir. Firdovsinin, Abbasi xəlifəsi Harun ər-Rəşidin və daha bir çox din və ədəbiyyat, siyasət adamlarının məzarları bu şəhərdə yerləşir.

Məşhəddən sonra Təbrizə gedəcəkdim. Ancaq bunun üçün qrupumuzdan ayrılmam lazım idi. Bu səbəbdən də Məşhəddən geri dönərkən Tehranda ayrılaraq təyyarə ilə Təbrizə getdim. Tehrandan Təbrizə təyyarə biletləri çox da ucuz sayılmaz – 200 min tümən və ya 40 dollardan bir qədər artıqdır. Uçuş təxminən bir saat çəkir. Bir saatdan sonra artıq havası soyuq, ancaq istiqanlı Təbrizdə idim.
İran İslam inqilabının 39-cu il tədbirlərindən qeydlər

İran İslam inqilabının 39-cu il dönümü ilə bağlı tədbirləri izləmək üçün İranın Azərbaycandakı səfirliyi bizi də dəvət etmişdi. Ancaq səfirlik bizim üçün təyyarə bileti tapa bilmədiyi üçün Tehrana avtomobillə getməli olduq.

Adətən yol qeydləri indi mətbuatda elə də yer almasa da, Astara sərhəd-keçid məntəqəsində olan vəziyyəti qeyd eləmək lazımdır. Adamlar həqiqətən də orada əziyyət çəkir. Ona görə yox ki, keçib-gedənlər çoxdur (deyilənə görə, adamlar çox olanda vəziyyət faciəvi olur – K.R.). Ona görə ki, məntəqədə adamları çox ləng buraxırlar. Bəxtimizdən adam az idi, saat yarım soyuq havada gözlədikdən sonra sərhədi adlaya bildik.

Sərhəddə ən çox diqqətimi çəkən maraqlı bir detal oldu. İlk dəfə olaraq Azərbaycandan xaricə yük çıxarıldığını gördüm. Adətən İran və Gürcüstan sərhədində Azərbaycana gələrkən sərhəddə dayanan xırda alverçilər Azərbaycan tərəfinə keçirmək üçün siqaret, geyim bağlaması və başqa məhsullar olurdu. Ancaq bu dəfə sərhəddəki adamlar bizdən İrana bağlama keçirməmizi xahiş edirdilər. Azərbaycandan İrana nə keçirilir? Doğrudanmı, İranda Azərbaycanda istehsal olunan məhsullara ehtiyac yaranıb? Məlum oldu ki, sən demə, Azərbaycandan İrana şokolad və vafli keçirilirmiş.

Sərhədi o tərəfə keçən kimi, ilk hiss etdiyimiz İrandakı bahalaşma oldu. Axırıncı dəfə İranda 7 il əvvəl olarkən qiymətlər xeyli ucuz idi. Ancaq Azərbaycandakı devalvasiya və İranda bahalaşma qiymətlərə xeyli təsir edib. Yerli adamlar deyir ki, artıq İranda bazarlıq eləmək əvvəlki qədər əlverişli olmadığı üçün sərhədi keçənlər azalıb. Yolda taksi sürücüsü də bahalaşmadan şikayətləndi. İran artıq azərbaycanlılar üçün əvvəlki kimi sərfəli ölkə deyil. Əksinə, devalvasiyadan sonra iranlılar üçün Azərbaycan uyğun ölkəyə çevrilib. Söhbət etdiyimiz hər kəs Bakıya səfər edib və ya etməyə hazırlaşır. İranda Azərbaycanı Dubaya bənzədirlər.

Yeri gəlmişkən, Tehrana gedən yolda yeni dəmir yol çəkirdilər. “Şimal-Cənub Dəhlizi”nin tikintisi sürətlə davam edir. Bu barədə İran prezidenti Həsən Ruhani də çıxışında qeyd edib. Dəmir yolu tikintisi səbəbindən yollar bağlanmışdı, bu səbəbdən də Tehrana fevralın 10-da, artıq tədbirlər başlayanda gedib çatdıq. Biz Tehrana gedəndə gecədən atəşfəşanlıq başlamışdı. İran inqilabı qeyd olunurdu. İnqilab lideri Ayətullah Xomeynini gətirən təyyarə məhz fevralın 10-da gecə Tehranın Mahabad aeroportuna enib. Sabahı gün, fevralın 11-də isə Tehranın məşhur “Azadi” (Azadlıq) meydanında ənənəvi inqilab mitinqi keçiriləcəkdi.

Səhər saat 8-də artıq meydana insanlar toplaşmağa başlamışdı. Azadi meydanına artıq kilometrlər qalmış yollar bağlandı və piyada getmək lazım gəldi. Böyük meydan tamamilə dolmuşdu.

Yeri gəlmişkən, İran inqilabını qeyd etmək üçün Türkiyə, Suriya, Fələstin və digər ölkələrdən də insanlar vardı. Amma onların hamısı müsəlman deyildi, Suriyadan Humus xristianlarının keşişi doktor İsam da oradaydı. Bundan başqa, Hələb ətrafında 3 ildən artıq terrorçuların mühasirəsində olan Zəhra və Nubul qəsəbələrindən olan gənclər vardı. İran İslam inqilabının dünyada, xüsusən də müsəlmanlar arasında tanıdılması, həmçinin xalqın hakimiyyəti dəstəklədiyini nümayiş etdirmək üçün adətən inqilab günlərində xaricdən çoxlu sayda qonaqlar dəvət edilir. İran inqilabı hələlik dünyada qalib gəlmiş və İslam respublikası qurulmuş yeganə ölkədir.

Gündüz saat 11-də prezident Həsən Ruhani Azadi meydanında çıxış etməyə başladı. Onun çıxışı əsasən rəqəmlərdən ibarət oldu. İran prezidenti açıq olmasa da, ötən ilin sonunda baş verən aksiyalara toxundu, yenə də xarici ölkələrin təxribatlarına işarə elədi. Əsas hədəfdə yenə Amerika və İsrail idi. Həsən Ruhani Trampın Qüdsü İsrail paytaxtı kimi tanımasını fiasko adlandırdı.

Sitat: “Bu il gördüyünüz kimi, Amerika Beyt əl-Müqəddəsi İsrailin paytaxtı kimi tanıtmağa çalışdı. Ancaq bir neçə kiçik ölkə istisna olmaqla, dünyanın qalan ölkələri buna qarşı oldu və Amerikanın planları pozuldu. Biz bu inqilabdan müstəqillik istəmişik, azadlıq istəmişik, respublika istəmişik, bizim inqilabımız xalqın inqilabıdır. Biz inqilabla təkcə ad deyil, kökdən dəyişiklik etdik. Bu ilin 6 ayında iqtisadiyyatımız 4 faiz böyüyüb. Sənayemiz 6,5 faiz böyüyüb, mədən sənayesi 10, ticarət 5,4 faiz artıb. Qeyri-neft sahəsi 24 faiz böyüyüb. Neft istehsalımız 2,7 milyon barreldən, 2,9 milyon barrelə qədər artıb. Qaz istehsalımız ötən illə müqayisədə 100 milyon kubmetr artıb. Gələn il də 100 milyon kubmetr artırmağı düşünürük. Nanotexnologiyada dünyada 7-ci ölkə olmuşuq”.

Həsən Ruhani Yaxın Şərqdə baş verən münaqişə və nüvə anlaşmasını da çıxışında qeyd etdi: “Regionda qonşu ölkələrə terrorizmə qarşı mübarizədə kömək etdik, İŞİD-i məğlub elədik. İraqda, Suriyada, Livanda, Yəməndə terrorizmin qarşısında İran dayana bildi. Nüvə anlaşması dünyanın faydasınadır. Ancaq bir şərtlə ki, İranın təklif etdiyi fürsətdən yaxşı istifadə edələr. Biz son bir ildə bir çox sanksiyaları ləğv etməyə nail olduq”.

İran prezidenti İranın xarici ölkə banklarında dondurulmuş 12 milyard dollar pulu geri aldıqlarını və sanksiyaları zəiflədə bildiklərini bildirdi: “Neft-kimya, təyyarə ehtiyat hissələri və gəmilərimizə, sığorta şirkətlərinə qoyulan sanksiyaların ləğvinə nail olduq. Bu onu göstərir ki, iqtidar xalqa verdiyi sözü yerinə yetirdi”.

Maraqlıdır ki, Həsən Ruhani çıxış edərkən kütlənin arasında İran parlamentinin milli təhlükəsizlik və xarici əlaqələr komissiyasının sədri Əlaəddin Burucerdi də onu dinləyirdi. Fürsətdən istifadə edib İranın siyasətinin ən nüfuzlu simalarından birinə yaxınlaşdıq.

Ə.Burucerdi deyir ki, Azadi meydanına toplaşan əhalinin sayı İran inqilabına olan ümidin göstəricisidir: “Bu gün Tehranda gördüyünüz mənzərəni İranın bütün şəhərlərində görə bilərsiniz. Bütün İran İslam 39-cu ildönümünü qeyd edir. Və bu onu göstərir ki, inqilab unudulmayıb, hələ diridir. Həm də onu göstərir ki, xalq və inqilab bir-birinə bağlıdır. Bugünkü baş verənlər Trampa və inqilabın digər düşmənlərinə göstərir ki, onların söylədikləri puçdur. Və sionistlərin arzularını ürəyində qoyur. Bu həm də onu göstərir ki, biz həm də öz dövlətimizə və məmurlarımız bu xalqa xidmət etməlidir. Xalqın bütün problemləri, xüsusən də iqtisadi problemlərini həll eləməlidir”.

İran-Azərbaycan əlaqələrindən danışan Burucerdi münasibətlərin indi yaxşı olduğunu, ancaq xarici ölkələrin münasibətləri pozmağa çalışdığını dedi: “İran və Azərbaycan arasında indi yaxşı əlaqələr var. Hər iki ölkə prezidentləri qarşılıqlı səfərlər edirlər. Amma iki ölkənin arasını vurmaq istəyən qüvvələr var. İsrail və ABŞ iki ölkə münasibətlərinin yüksək səviyyədə olmasını istəmir. Biz onların bu planlarını pozmalıyıq. Biz çalışmalıyıq ki, iki qardaş ölkənin əlaqələri daha da güclənsin”.

Qeyd edək ki, Tehran mitinqi xeyli kütləvi idi. Aksiyada həm dindarlar, həm də dindar olmayan, daha çox sekulyar görünümlü insanlar vardı.

Meydanda rəsmlər görünməsə də, azsaylı plakatlar arasında daha çox dini liderin, inqilab liderinin, o cümlədən SEPAH komandirinin, eləcə də ötənilki prezident seçkilərində məğlub olmuş, adı dini lider postuna namizədlər arasında hallanan Məşhəd ziyarətgah kompleksinin direktoru Seyid İbrahim Rəisinin də fotoları gözə dəyirdi.

Günortadan sonra Tehranda yerləşən “İbrət muzeyi” adlanan muzeyə baş çəkdik. Şah dövründə İran xüsusi xidmət orqanı SAVAK-ın istintaq idarəsinin binası İranın siyasi aktivlərinin işgəncə gördüyü məkan kimi məşhurlaşıb. Şahın ən qorxulu qurumu olan SAVAK işgəncələri ilə məşhur olub. İranın hazırkı dini lideri də daxil olmaqla çoxlu sayda dini, siyasi liderlər, siyasi fəallar bu istintaq idarəsindən keçib.

Prezident Xatəminin zamanında bina muzeyə çevrilib və işgəncələr canlandırılıb. İlboyu çalışan muzey inqilabın ildönümü günlərində daha qələbəlik olur. Məktəblilər, bir də vaxtı ilə ailə üzvləri bu işgəncə “maşınından” keçmiş şəxslər binaya baş çəkirlər.

Muzeydə məşhur iranlı sosioloq, inqilabçı Əli Şəriətinin, hazırkı dini lider Seyid Əli Xameneyinin və digər dövlət və din adamlarının qaldığı kameralarda adları və heykəllərinə rast gəlmək mümkündür. Dini liderin özünün də uzun illərdə sonra muzeyə baş çəkərək saxlanıldığı kameraya baxdığını əks etdirən fotolar var.

Bayram günü (İranda fevralın 11-i bir gün bayram günüdür – K.R.) olmasına baxmayaraq Tehran küçələri gecəyə qədər izdiham idi. Əhali 40 gün əvvəl olanları unutmuş kimi görünür. Kimsə tanımadığı insana o hadisələrdən danışmaq istəmir. Danışanlar isə etirazların əsas səbəbinin sosial-iqtisadi vəziyyət olduğunu deyir. Qeyd etdiyim kimi İranda son illərdə sürətli devalvasiya gedib. İsrail rialı son 10 ildə dollar qarşısında 5 dəfə dəyər itirib. Dolların kursu 48 min rial və ya iranlıların dediyi kimi, 4800 tümən = 1 dollar olaraq hesablanır. Bu isə təxminən son iki ildə 1500 tümən bahalaşma deməkdir. İranda indi orta aylıq əməkhaqqı 400-500 dollar arasında dəyişir. Amma bu qədər maaş Tehran kimi şəhərlər üçün xeyli ucuzdur.

Həsən Ruhaninin dediyi kimi, son illərdə xarici sərmayə ölkəyə ayaq açsa da, daxildə iqtisadi tənəzzülün qarşısını almağa qadir olmayıb. Sürətli devalvasiya əhalinin pul gəlirlərinin azalmasına səbəb olur, bu isə narazılıq doğurur. İran isə dinamik və siyasi çağırışlara həssas ölkədir.

Mühafizəkar media Həsən Ruhanin xarici sərmayəni cəlb etmək siyasətinin uğurlu nəticə göstərmədiyini, dini liderin daxili istehsalı artırmaq, xarici istehsaldan asılılığı ləğv etmək çağırışına əməl edilməli olduğunu yazır. Hər nə qədər xarici amildən bəhs olunsa da, İranda baş verənlərin əsas səbəbləri daxili vəziyyətlə əlaqədardır.

Yeri gəlmişkən, Tehranda olanda öyrəndik ki, İslam inqilabı tədbirlərinə azərbaycanlı siyasətçilər də qatılıb. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Tehranda olub. Ancaq proqramlarımız fərqli olduğu üçün siyasətçilərimizi görə bilmədik.

Son illərdə kürd təhlükəsi yaşayan Azərbaycan şəhəri İran etirazlarına niyə qoşulmayıb?

Təbrizə sabah səhər saatlarında çatdıq. Hava limanı şəhərdən uzaq olsa da, artıq Təbrizdə olduğunu hiss edirsən. Sonuncu dəfə Təbrizə 7 il əvvəl Aşura günlərində səfər etmişdim. Amma bu səfərimdə şəhəri yenidən kəşf etdim.

18 milyonluq Tehrandan fərqli olaraq 2 milyondan az sakini olan Təbriz xeyli rahat və sakit şəhər təsiri bağışlayır. Təbrizdə özünü İranda deyil, Azərbaycanın hansısa bir şəhərindəki kimi hiss edirsən.

Təbrizə getməmişdən öncə şəhər bələdiyyəsinin “Təbriz” qəzetinin baş redaktoru Hamid Xosrovşahi ilə danışmışdıq, bələdçimiz o olacaqdı. Hamid bəy ədəbiyyat və sənət dairələrinə yaxın adamdır. Bir müddət Tehranda mərkəzi qəzetlərdə mədəniyyət müxbiri işləyib. Təbrizdə ümumilikdə 200 qəzet dərc olunur. Bunlardan 16-sı gündəlik, 58-i həftəlikdir. Gündəlik qəzetlər əsasən iki dillidir, yəni səhifələrin bir qismi türkcə, bir qismi farscadır. Bəzi qəzetlərin isə səhifələrinin çoxu türkcədir, bir neçə səhifəsi farsca. Bir neçə qəzetlər isə tamamilə türkcədir. “Azəri”, “Ana varlıq” adlı jurnallar tamamilə türkcə nəşr olunur.

Ancaq son illərdə bütün dünyada olduğu kimi, İranda da internet saytların sayı və təsiri güclənib. Yeni internet saytları yaradılır, qəzetlərin saytları populyarlaşır. Yeri gəlmişkən, İranda facebook və twitter 2009-cu il aksiyalarından sonra qapadılıb. Filtr vasitəsilə bloklanmış sosial şəbəkələrə girənlər olsa da, ümumilikdə İslam Respublikasında daha çox dəb olan “İnstaqram” və “Teleqram” sosial şəbəkələridir. İranlılar dünyada instaqramdan ən çox istifadə edilən ölkələr sırasında 7-ci yerdədir, bu ölkədə 24 milyon instaqram istifadəçisi var. İranın sosial həyatının nəbzini bu iki şəbəkədən tutmaq mümkündür.

Yeri gəlmişkən, Təbrizdə hazırda əsas mövzu Urmiya gölünün taleyidir. Bu il İranda da quraqlıq olub, Urmiya gölünün suyu da azalıb. Bununla bağlı Təbrizdə imza kampaniyası təşkil olunub. Artıq 1 milyon imza toplanıb. Ali dini liderə ünvanlanan məktubda Ayətullah Xameneyidən Urmiya gölünün taleyinə sahib çıxması, gölün qurumasının qarşısının alınması üçün göstəriş verməsi xahiş olunur.

Son günlərin əsas fenomeni isə Təbrizin yeni imam-cüməsidir. Məhəmmədəli Ali Haşim 3 ay əvvəl bu posta təyin olunub və artıq Təbrizdə ona qarşı müsbət münasibət var. İmam-cümə xeyli dərəcədə sosial aktivdir, dindar olan və olmayan gənclərlə dostluq əlaqələri qurub. “Traxtorsazi”nin oyunlarına baxmağa gedir, işə avtobusla gedib-gəlir. Hətta instaqramda Ali Haşimin fəaliyyətlərini işıqlandıran səhifə də yaradılıb.

Fevralın 14-də İran çempionu olan Təbrizin basketbol komandasının üzvləri imam-cümənin görüşünə gedib, qazandıqları kuboku din adamına təqdim ediblər. İranda İmam-cümə ciddi dövlət vəzifəsi hesab olunur, siyasi proseslərə ciddi təsir imkanları var. Çünki bu post ali dini liderin təmsilçisi qismindədir. İndi Təbrizdə hansısa sahədə, təhsil, idman sahəsində uğur qazanan yerli gənclər imam-cümənin diqqətindən kənarda qalmır, hətta bəzilərinin evinə gedərək təbrik edir. İmam-cümə Urmiya gönünün taleyinə biganə deyil, dəstək verir. Hətta xəstəxanalara gedərək xəstələri ziyarət edir.

Yeni imam-cüməyə zarafatla “həftənin bütün günlərinin imamı” adını veriblər. Təbrizə gəlməmişdən əvvəl Ali Haşim 10 ildən çox müddətdə dini liderin İran ordusundakı nümayəndəsi olub.

Ümumiyyətlə, son illərdə Təbrizdə tarixiliyin qorunması və şəhərin bərpası istiqamətində bir sıra addımlar atılıb. Şəhərdə gəzərkən erməni küçəsi Barnavadan da keçdik. Təxmini məlumatlara görə, Təbrizdə 40-50 min nəfər erməni yaşayır. Şəhərdə 4-5 erməni kilsəsi var. Hətta Barnava küçəsində dükanlara da ermənicə yazılıb. Ancaq təbrizlilər ermənilərə görə narahat deyillər. Söhbət etdiyim yerlilər deyir ki, ermənilər hər hansı narahatlıq doğurmur. Son illərdə köçüb gedənlər hesabına sayları azalsa da, hələ də çoxdurlar.

Ancaq bunun əksinə, Təbrizdə kürdlər ciddi şəkildə narahatlıq doğurur. Şəhərdə bir çox yerlərdə ənənəvi kürd geyimlərində adamlara rast gəlmək olur. Və bu adamlar yerlilərdə ciddi qəzəb doğurur. Milli mövzudan danışan kimi hər kəs kürd təhlükəsini yada salır. Onu da öyrəndim ki, bir qədər əvvəl Təbrizin ətraf kəndlərindən birinə kürd ailələri yerləşdirilsə də, yerli hakimiyyət onları qovub.

Təbrizlilər Urmiyadan sonra onların şəhərinin də kürdləşdiriləcəyindən narahatdırlar. Məsələ ondadır ki, oxşar vəziyyət Urmiyada baş verib. Buraya kürdlər tədricən yerləşdirilib və hazırda Urmiyanın əhalisinin böyük bir qismi kürdlərdən ibarətdir. Yeri gəlmişkən, analoji vəziyyət Türkiyənin İran və Azərbaycanla həmsərhəd olan bölgələrində də aparılıb. Son 25 ildə İqdır, Qars kimi həmsərhəd vilayətlərə kürdlər köçürülüblər. Bu səbəbdən də hər il bu vilayətlərdə kürd əhalinin sayı artır.

Təbrizdə küçədə insanlar farscanı çox sevməzlər. Baxmayaraq ki, Təbrizə farsdilli insanlar da son illərdə köçüb yaşayırlar. Ancaq burada milliyyətçi fikirlər yayğındır. Yeri gəlmişkən, ötən ilin sonunda İranda baş verən etirazlara Təbriz qatılmayıb. Ölkənin ən aktiv insanlarının yaşadığı Təbriz şəhəri 1 həftə davam edən etirazlara dəstək verməyib. Əvəzində hökumət tərəfdarları böyük bir aksiya keçirib.

Təbrizin İran etirazlarına qatılmamasının iki əsas səbəbi olub. Hər halda, yerli sakinlərin danışıqlarından belə anlamaq olur. Birinci səbəb, necə deyərlər, siyasi olub. Etirazlarda əsas şüarlar və aktiv qruplar monarxistlər, şah tərəfdarları və fars millətçiləri olub. Bu da gözlənildiyi kimi, Təbriz və digər Azərbaycan şəhərlərində rəğbət doğurmayıb.

İkinci mühüm məqam son zamanlarda etnik ayrımçılıq olub. Məsələn, məlum aksiyalardan bir neçə gün əvvəl Tehranda “Traxtorsazi” komandasının paytaxt komandası ilə oyunu zamanı türklərə qarşı həqarət dolu şüarlar səsləndirilib. Stadionda gərginlik yaşanıb və məsələ o qədər böyüyüb ki, klubun rəhbərliyi cəzalandırılıb. Bu hadisənin də, deyilənə görə, İran etirazlarına ciddi təsiri olub. Təsadüfi deyil ki, İran etirazları zamanı Təbrizdə keçirilən oyun zamanı yerli azarkeşlər farslara cavab şəklində şüarlar səsləndirib. Təbriz dindar şəhər olmasa da, milli və yerli amili çox güclüdür. Bu da onları indiki hakimiyyətə qarşı loyal edən əsas səbəblərdən biridir.

Bu il Təbriz İslam dünyasının turizm paytaxtı seçilib. Bununla bağlı rəsmi tədbirlər hazırlanır. Bu tədbirlərdə bir sıra dövlət başçıları, Türkiyə, İraq, Əfqanıstan, Tacikistan və o cümlədən Azərbaycan prezidentinin də iştirak etməsi gözlənilir. Təbrizin hotelləri və turizm məkanları hazırlıqlara başlayıb. Novruz bayramında Təbrizə dövlət başçıları ilə yanaşı yerli və xarici ölkə turistlərinin axını gözlənilir.

Təbriz həm də muzeylər şəhəridir. Şəhərdə son illərdə muzeylərin sayı sürətlə artıb. Bu işdə ən böyük xidmətləri olanlardan biri də Sərabi qardaşlarıdır. Rza və Yaqub Sərabi qardaşları artıq 3 muzey yaradıb şəhər bələdiyyəsinə hədiyyə ediblər. Heykəltəraş olan qardaşların evləri antik əşyalar hesabına muzeyə çevrilib.

Böyük qardaş Rza Sərabi deyir ki, uşaqlıqdan əntiq əşyalara marağı olub. Bazara gedərək qədim əşyalar satılan yerləri gəzərmiş. Daha sonra bu maraq peşəkar fəaliyyətə çevrilib. Hazırda Sərabi qardaşları 20 mindən çox tarixi abidə toplayıblar. Bunların arasında ən qədimi 4 min il yaşı olan ox qəlibidir. Bu qəlibə metal əridib tökər və ox başlıqları hazırlayarmışlar. Bundan başqa qədim tapıntılar arasında Təbriz çırağı, silahlar və digər əşyalar var.

Sərabilərin topladıqları əşyaların heç də hamısı “yerli” deyil. Məsələn, eksponatlar arasında Nasist Almaniyasını əks etdirən əşyalar, Çar Rusiyası dönəminə aid silah və əşyalar var. Eksponatlar arasında 270 ədəd müxtəlif ölkələrdə istehsal olunmuş fənərlər var.

Məhəmməd Əmin Rəsulzadənin imzasının yer aldığı əski əlifba ilə nəşr olunmuş “Açıq söz” qəzetinin nüsxələri, Pişəvəri hökumətinə aid fotolar və sənədlər azərbaycanlıların marağını cəlb edə biləcək eksponatlardır. Yeri gəlmişkən, Təbrizdə kitab kafesində xeyli sayda Azərbaycan dilində, ancaq İran əlifbası ilə dərc olunmuş kitablar var. “Qaçaq Nəbi”, “Dədə Qorqud” kimi klassik əsərlərlə yanaşı, müasir yazarların əsərləri də burada özünə yer tapıb.

Maraqlıdır ki, Bakı kimi Təbrizin də əsas mərkəzi binasını almanlar tikib. Şəhərin mərkəzi və tarixi simvolu hesab olunan “Saat qülləsi”nin yerləşdiyi bələdiyyə binasını təxminən 100 il əvvəl almanlar inşa edib. Hazırda bina muzey kimi fəaliyyət göstərir. Yuxarıdan baxanda Almaniya gerbindəki qartala bənzəyir.

Təbrizə gələn bütün qonaqların baş çəkdiyi ustad Şəhriyarın ev muzeyinə də baş çəkdik. Qeyd edim ki, buradakı eksponatların bir çoxu Azərbaycanla bağlı idi. Azərbaycanda Şəhriyarın dərc olunmuş kitablar, həvəskar və peşəkar rəssamların əl işləri, yazılar və sair ev muzeyində əsas yerləri tuturdu. Yeri gəlmişkən, Təbrizin kolleksiyaçı-heykəltəraşı Rza Sərabi özünün əl işi olan Ustad Şəhriyarın büstünü qəzetimizə hədiyyə etdi.

Kənan RÖVŞƏNOĞLU,
musavat.com Bakı-Tehran-Məşhər-
Təbriz-Bakı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir