KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Suriyanın şimalında böyük dövlətlərin “şahmat oyunu”

Suriyanın şimalında böyük dövlətlərin “şahmat oyunu”

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
323 0

ABŞ ordusunun atəşkəs elan oldunduğu gün İdlibi bombalaması bölgədə gərginliyi daha da artırıb. Rusiya tərəfinin bildirdiyinə görə ABŞ hərbi qüvvələri Moskva və Ankaranı xəbərdar etmədən İdlibin atəşkəs bölgəsinə daxil olan Maarat-Misrin və Kafr-Haya məntəqələrini havadan bombalayıb.

ABŞ hərbi komandanlığı bildirib ki, bombardman İdlibdəki əl-Qaidə terror qruplaşmasına qarşı həyata keçirilib. Ancaq Vaşinqtonun bu addımı Moskva və Ankara tərəfindən qınanıb. Məsələ ondadır ki, İdlib hazırda Rusiya, İran və Türkiyə arasında əsas müzakirə mövzusudur. Bu vilayətdə atəşkəsə nail olunması və terror qruplarının təmizlənib silahlı müxalifətlə hansısa formada anlaşmaya gedilməsi 3 ölkənin əsas maraq dairəsindədir.

Vaşinqton isə daha çox Suriyanın şimalında kürd bölgələrində yerləşib və əsas siyasətini kürdlərlə ittifaq şəklində İŞİD-ə qarşı mübarizə. Eləcə də faktiki olaraq kürdlərin silahlandırılıb Suriyada leqal hərbi-siyasi gücə çevirməyə çalışır. Vaşinqton faktiki olaraq İdlibə o qədər də maraq göstərməyib.

Ötən gün isə Suriyanın şimal-şərqində Deyr əz-Zor vilayətində İraqla sərhədə yaxın bölgədə Əlbukamal şəhəri ətrafında İrana məxsus silahlı qrupların bazası bombardman olunub. Bu barədə məlumatı Suriyadakı müxalif mənbələr yayıb. Ancaq hücumun hansı qüvvə tərəfindən həyata keçirildiyi məlum deyil. Hələliksə iki əsas şübhəli var: ABŞ və İsrail. Yeri gəlmişkən, İsrail ötən il bu bölgədə İrana məxsus hərbi nöqtələri vurub. Ötən ay isə İsrail qüvvələri İraq ərazisində “Həşd-Şabi” qüvvələrinə məxsus anbarları bombalayıb.

ABŞ ordusunun İdlibi “heç bir ciddi əsas olmadan” bombalaması və ardınca İraq sərhədində İrana məxsus bazaların vurulması Suriyada nüfuz müharibəsinin növbəti mərhələsi hesab oluna bilər. Məsələ ondadır ki, həm ötən ilin 17 sentyabrında Rusiya və Türkiyə arasında əldə olunan İdlib anlaşması, həm də bu ilin 25 avqustunda Ərdoğanın Moskvaya qəfil səfərindən sonra İdlibdə gözlənilmədən atəşkəsin elan olunması Rusiya və Türkiyənin anlaşa bildiyini göstərdi. Bu həm də o deməkdir ki, yaxın müddətdə Türkiyə İdlibdə sabitliyə nail olacaq. Və əlbəttə ki, Ankara üçün İdlibdə atəşkəsə nail olmaq, həm də digər vacib məsələ, yəni kürd məsələsi ilə yaxından məşğul olmaq üçün fürsət idi.

Çünki indi Türkiyə üçün İdlibdən də daha vacib olan Suriya kürdlərinin taleyidir. Çünki Türkiyə üçün kürdlərin Suriyanın şimalında siyasi status alması, İraqda olduğu kimi muxtariyyət əldə etmələri İdlibin taleyindən daha vacibdir. Bu səbəbdən də Ankara artıq iki ildən çoxdur Suriyanın şimalında Türkiyə ilə sərhəddə 35 kilometr dərinliyə qədər “təhlükəsiz zolağı” əldə etməyə çalışır. Artıq Ankara bununla bağlı Vaşinqtonu razı sala bilib. Və ötən həftələrdə ABŞ və Türkiyə hərbçiləri qeyd olunan bölgə üzərində birgə vertolyot gəzintisi həyata keçirərək əraziyə baxıblar. Bunun ardınca isə kürdlərin Suriya-Türkiyə sərhədindən çəkilməsi xəbərləri yayılıb. Ancaq hələlik kürdlərin neçə kilometr çəkildiyi məlum deyil. Çünki kürdlər 5 kilometr, Türkiyə isə 35-40 kilometr zolaq tələb edir.

Bütün bunların fonunda indi ABŞ gözlənilmədən İdlibi və Deyr əz-Zorda, yəni kürdlərin cənubundakı məntəqəni vurur. Bu isə indi daha çox qabaqlayıcı əməliyyata bənzəyir. Yeri gəlmişkən, iki gün əvvəl Rusiyanın Suriyanın şimal-qərbindəki Xmeymim hərbi hava bazasına iki silahlı dron hücumu həyata keçirilib. Rusiya tərəfi İdlibdəki silahlıların həyata keçirdiyi hücumun qarşısının alındığı və iki dronun məhv edildiyini bildirib. Maraqlıdır ki, İdlibi amerikalılar bombalayır, hücum isə ruslara olur.

Suriyanın şimalındakı bu çox kombinasiyalı oyunun daha bir maraqlı detalı ondan ibarətdir ki, əgər bu il, daha doğrusu bu ay ərzində Suriyada Konstitusiya Komissiyası formalaşdırlmasa, o zaman gələn il Suriyada keçiriləcək seçkilər hazırkı Konstitusiyaya əsasən keçiriləcək. Bu barədə açıqlamanı Rusiya Xarici Əlaqələr Şurasından Ruslan Mamedov verib. Məsələ ondadır ki, Suriya Konstitusiya Komisisyası bu il yanvarın sonu və ya fevralda formalaşdırılmalı idi. Ancaq bu, baş vermədi. İndi isə gözlənti sentyabrın sonlarınadır. Amma əgər sentyabr ərzində komissiya qurulmasa faktiki olaraq proses pozulacaq.

Rusiya tərəfi bu məsələdə üstüörtülü də olsa Qərbi ittiham edir. Çünki birincisi, Qərb ölkələri bu prosesə qatılmayıb, ikincisi isə hələ də döyüş bölgələrində atəşkəsə nail olmaq mümkün olmur.

Belə anlaşılır ki, Qərb bloku Türkiyənin İdlibdən kürd məsələsinə keçid etməsini istəmir. Çünki bu olarsa, növbəti dəfə ABŞ-Türkiyə gərginliyi yaranacaq. Bu səbəbdən də ABŞ indi Ankaranın İdlibdən çıxıb kürdlərə qarşı gəlməsini istəmir.

Nəticə etibarı ilə indi Türkiyənin İdliblə məşğul olmasını Vaşinqton, kürdlərlə məşğul olmasını isə Rusiya istəyir. Və hazırkı şərtlərdə Ankara özü də İdlibdə ilişib qalmaq istəmir. Çünki İdlibdə əməliyyatlar Türkiyə üçün daha böyük riskdir. Kürd məsələsi isə getdikdə Ankara üçün daha ciddi başağrısına çevrildiyi üçün indi Ərdoğan hökuməti diqqəti daha çox kürd məsələsinə verməyə çalışır. Bu vəziyyət Moskvanı da məmnun edir. Yeri gəlmişkən, avqustun 25-də Putinin Suriyanın ərazi bütövlüyünə vurğu etməsi məhz buna görə idi. Əgər Suriyanın ərazi bütövlüyünün pozulması, yəni kürd muxtariyyətinin yaradılması Türkiyə üçün birbaşa təhdid olaraq qəbul olunursa, Rusiya və İran üçünsə Suriyanın bir hissəsini ABŞ-a güzəştə getməkdir. Baxmayaraq ki, Moskva kürdlərin Suriyada muxtariyyət qurmasına o qədər də soyuq baxmırlar.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir