Astana uğurlu başlanğıc olsa da, uğurlu nəticə üçün 3 mərhələdən keçməli olacaq
Suriya danışıqları başladı. Nəticənin necə olacağından asılı olmayaraq bu, münaqişədə yeni mərhələdir. 3 region ölkəsi ilk dəfə təşəbbüs və iradə ortaya qoyaraq Suriya münaqişəsini masaya çıxarırlar.
Xatırladaq ki, Suriyada münaqişə “ərəb baharı”nın ilk aylarında başlayıb. Daha sonra silahlı münaqişə genişlənərək böyük savaşa çevrilib; silahlı islamçı qruplaşmalar, o cümlədən “əl-Qaidə” terror təşkilatlarının yerli əlavələri – İŞİD, “ən-Nusra” və onlarla çoxlu sayda radikal terrorçu qruplar yaradılıb. Suriyada artıq neçə ildir qanlı müharibə davam edir.
Astana müzakirələrini təşkil edən İran, Rusiya və Türkiyə hazırda Suriyada hərbi əməliyyat keçirən ölkələrdir. İran 2013-cü ildən, Rusiya 2015-ci ildən, Türkiyə isə 2016-cı ildən hərbi qüvvələri ilə Suriyada əməliyyatlara qatılıb. Digər tərəfdən hər 3 ölkənin Suriyada hökumət də daxil olmaqla savaşan silahlı qruplara güclü təsir imkanları var. Astana danışıqlarına ümid verən amil də məhz budur. Hər 3 ölkə birbaşa öz qüvvələri və dolayısı ilə təsir imkanları olan qüvvələri əldə olunacaq anlaşmaya riayət etməyə məcbur edə bilər. Təbii ki, əgər bu anlaşma olarsa…
İndi əsas sual budur ki, Astanada anlaşma əldə olunarsa bu, Suriyada böyük sülhü gətirə biləcəkmi?
Yuxarıda da qeyd etdiyimiz kimi, Astana müzakirələrini hər nə qədər aralarında Suriya mövzusunda fikir ayrılığı olsa da, hər halda Türkiyə, Rusiya və İran bir masa arxasında otururlar, üstəlik Suriya hakimiyyəti və əsas müxalifəti də masaya gətiriblər. Amma bu indi nə qədər effektiv olacaq, kənarda qalan ölkələrin reaksiyası necə olacaq?
Məsələ ondadır ki, Suriyada aktiv olan dövlətlər sırasında ABŞ, Avropa Birliyi ölkələri və regionun aktiv ərəb dövlətləri, xüsusən də Səudiyyə Ərəbistanı və Qatar var. Bu ölkələr Suriyadakı silahlı qruplara birbaşa və ya dolayısı ilə yardımlar edir, onları silahlandırır, hətta hərbi təlimatçılar göndərərək müxaliflərə döyüş texnikası öyrədirlər. ABŞ, Fransa, Britaniya kimi ölkələrin hazırda həm İraqda, həm də Suriyada, eləcə də qonşu ölkələrdə hərbi təlim düşərgələri, Suriyanın özündə hərbi birləşmələri var. Yəni onların da Suriyada hərbi iştirakları, yəni birbaşa təsir imkanları var. Bu isə ilk növbədə o mənaya gəlir ki, sadalanan dövlətlər sülh prosesini poza bilərlər. Ya da ən azı Astanaya gedən qüvvələrlə fikir ayrılığına və ya münaqişəyə girə bilərlər.
Yeri gəlmişkən, artıq Suriyada müxalif düşərgədə ilk qarşıdurmalar yaranıb. Hazırda Suriya islamçı müxaliflərin əlində olan ən böyük şəhər olan İdlibdə silahlı qruplar arasında toqquşmalar başlayıb. Silahlı qarşıdurma bir zamanlar İdlibi birgə ələ keçirmiş iki əsas islamçı qruplaşma “ən-Nusra” və “Əhrar əş-Şam” (Şamın Azadlığı) arasında baş verib. “Ən-Nusra” silahlıları “Əhrar əş-Şamı”ın İdlib kənarında yerləşən qərargahına hücum edib. Toqquşmalar nəticəsində qərargahın yerləşdiyi bölgə və Cisr əş-Şuğr əraziləri “ən-Nusra” qruplaşmasının əlinə keçib. Tərəflərin heç biri bir-birini ittiham edir. “Ən-Nusra” son atəşkəs qərarına əsasən terrorçu hsab olunur və Türkiyə, Rusiya, İran ittifaqı terror təşkilatı kimi İŞİD və “ən-Nusra”ya qarşı mübarizə aparır. “Əhrar əş-Şam” isə bölgüdə müxalif olaraq tanınır. Görünür, iki qruplaşma arasında düşmənçiliyin səbəbi də budur. Yeni fərqləndirmə Suriyada bir sıra qruplar arasında daha bir neçə münaqişəyə səbəb olacaq. Bundan başqa kürd məsələsi də Astana heyəti arasında əsas fikir ayrılığı ola bilər. Məlumdur ki, Türkiyə kürd məsələsinə “qırmızı xətt” olaraq baxır. Ancaq ABŞ və Avropa ölkələri kürdləri açıq şəkildə dəstəkləyir. Rusiya və İranın isə kürd məsələsi ilə bağlı dəqiq mövqeyi bəlli deyil. Eyni zamanda keçid hökuməti ilə bağlı tərəflərin nə qədər anlaşa biləcəkləri, ortaq plana razıalaşacaqları isə suallıdır. Və əgər bütün bunlar olsa belə, Suriyada iştirak edən bütün tərəflərin razılaşmadığı sülhün sabit və möhkəm olması inandırıcı deyil. Beləliklə, Astana prosesi 3 mərhələdən uğurla keçməlidir. Birincisi, Türkiyə, İran və Rusiya, ikincisi, müxaliflər və hökumət, nəhayət üçüncüsü digər maraq qrupları, beynəlxalq və regional təsir gücləri. Bu isə elə də asan görünmür.
Kənan RÖVŞƏNOĞLU