KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. SURİYA: HƏLQƏ DARALIR Nizamlanmada maraqlı olan tərəflərin sayı isə artır

SURİYA: HƏLQƏ DARALIR Nizamlanmada maraqlı olan tərəflərin sayı isə artır

Kafkassam Editör Kafkassam Editör - - 16 dk okuma süresi
268 0

Aprelin 22-də Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Astana prosesi çərçivəsində videokonfrans keçirib. Toplantı barədə açıqlama verən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, danışıqlarda Suriyada İdlib və Fərat çayının şərq sahili başda olmaqla son proseslər, siyasi həll prosesi, eyni zamanda humanitar vəziyyət və qaçqınların geri qayıtması kimi məsələlər müzakirə olunub. Təbii ki, həm də koronavirus pandemiyası ilə bağlı vəziyyət haqqında da danışılıb.
Martın 5-də Moskvada Türkiyə və Rusiya prezidentləri arasında İdlibdə atəşkəs razılaşması və martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etməsindən sonra Suriyada hərbi əməliyyatlar demək olar ki, dayanıb. Yalnız ara-sıra terror aktları və kiçik toqquşmalar istisna olmaqla sakitlikdir. Bu səbəbdən də, ötən mart ayı Suriyada münaqişənin başladığı 9 ildə ən az insan itkisinin qeydə alındığı təqvim olub.
Fevral ayında az qala Rusiya və Türkiyə arasında müharibəyə səbəb olan İdlibdə indi sabitlik var. Türkiyə və Rusiya hərbi patrulu fasilələrlə Laziqiyyə-Hələb şəhərlərini birləşdirən, oradan da İraq sərhədinə qədər uzanan M-4 magistralı üzərində reydlər həyata keçirir. Bu zaman yerli radikal qrupların Türkiyə və Rusiya hərbi polisinə kiçik hücumları nəzərə alınmazsa, hazırda İdlibdə vəziyyət sabitdir.
Bu səbəbdən də, hazırda əsas diqqət Suriyada kürdlərin nəzarətində olan Fərat çayının şərq sahili ərazilərində cəmləşib. Əslində, pandemiya olmasaydı İdlib atəşkəsindən sonra növbəti əməliyyatlar Fəratın şərq sahilində gözlənilirdi. Yeri gəlmişkən, kürd mediası Türkiyənin hazırda Suriyanın şimal ərazilərinə, kürdlərin nəzarətindəki sərhəd məntəqələrinə hərbi qüvvə topladığını və yeni əməliyyata hazırlaşdığını yazır. Ankara tərəfdən bu barədə bir açıqlama olmasa da, indi şərti olaraq kürd bölgəsi və ya Deyr əz-Zor vilayətində gərginlik hər keçən gün yüksəlir.
Suriyanın rəsmi xəbər agentliyi SANA aprelin 20-də ABŞ ordusu patrul konvoyunun Hasake rayonu Ruveyşid kəndi yaxınlığında naməlum şəxslərin hücumuna məruz qaldığı haqda xəbər yayıb. Patrol konvoyunun avtomobili məhv edilib, bir neçə hərbçi yaralanıb. Oxşar hadisə 2 həftə əvvəl aprelin 6-da yenə də Hasake rayonu sərhədlərində baş vermişdi. Naməlum şəxslər ABŞ və SDQ (kürd) konvoyuna hücum edərək 1 amerikalı zabiti və 2 SDQ döyüşçüsünü öldürmüşdü.
Nəzər alsaq ki, indi kürd bölgəsində və xüsusən də Deyr əz-Zorda SDQ və ABŞ ordusundan başqa Suriya ordusu, hökumətə yaxın silahlı dəstələr, Rusiya hərbi qüvvələri, İran ordusu və ona bağlı milis dəstələri, həmçinin Hizbullah, şimalda isə Türkiyə ordusu və “Suriya Milli Ordusu” adlandırılan müxalif silahlı və nəhayət İŞİD, eləcə də digər radikal qruplar var, o zaman bu regiondakı vəziyyət daha yaxşı anlaşılar.

Deyr əz-Zor nədən bu qədər diqqət cəlb edir?
Suriya ərazilərinin, təxminən, 25 faizdən bir qədər çox hissəsini təşkil edən ərazi hazırda şərti olaraq Fəratın şərq sahili əraziləri adlandırılır. Bura inzibati olaraq Hasake, Raqqa və Deyr əz-Zor vilayətləri daxildir.
Bu üç vilayətin əksər ərazilərinə nəzarət edən kürdlər 2015-ci ildə şimal-qərbdə yerləşən Afrin rayonu ilə birlikdə qeyri-rəsmi kürd özünüidarə vahidi, yəni Rojova bölgəsi yaradıb. Ancaq 2018-ci ildə Türkiyə ordusu “Zeytin Dalı” əməliyyatı nəticəsində Afrini kürdlərdən – SDQ – alıb. Bundan sonra kürdlər əsasən kiçik anklav şəkildə Hələbin şimalında, həmçinin Fəratın qərbində Menbicdə və qeyd olunan üç vilayətdə hakimiyyətlərini davam etdirib. Ötən ilin oktyabrında Türkiyə ordusu “Barış pınarı” əməliyyatı nəticəsində Hasakenin Türkiyə ilə sərhəddə Ras əl-Ayn və Tel Abyad şəhərləri arasında yerləşən ərazini kürdlərdən təmizləyib. Həmçinin Türkiyə ordusunun qarşısında dayana bilməyən kürd qüvvələri Raqqa, Qamışlı, Ayn əl-İsa, Menbic kimi rayonlarının qapılarını Suriya ordusunun üzünə açmışdı.
Buna baxmayaraq, hələ də Fəratın şərqindəki ərazinin böyük hissəsinə kürdlər, yəni SDQ nəzarət edir. Kürd bölgəsində ABŞ ordusunun birlikləri mövcuddur. Menbic və qərb rayonlarında isə Rusiya ordusu patrulları Suriya ordusu ilə birgə hərəkət edir. Deyr əz-Zorun cənubunda Fəratın İraq ərazisinə daxil olduğu Əlbu Kamal rayonunda isə İran, Hizbullah və şiə milis qüvvələri yerləşir. Hansı ki, vaxtaşırı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı aviasiyası bu ərazini bombalayır. Yeri gəlmişkən, Suriya və İraqı birləşdirən əsas quru yolu məhz bu ərazidən keçir.
Kürd bölgəsi və əsasən də Deyr əz-Zorun bu qədər diqqət cəlb etməsi, böyük ölkələrin bura maraq göstərməsinin özəl səbəbi vardır. Təbii ki, bu xüsusiyyətlər adları çəkilən hər bir ölkə üçün cəlbedici və maraqlıdır. Bəzisi üçün hamısı, bəziləri üçün müəyyən hissəsi. Bu regionu maraqlı edən xüsusiyyətlər onun yerləşdiyi ərazi, yəni strateji mövqeyi, sahib olduğu enerji – neft və qaz – ehtiyatları və nəhayət, etnik-siyasi amil.
Sonuncudan başlayaq. Bu ərazidə əsasən kürdlər kompakt yaşayır və Suriya münaqişəsinin başlaması ilə silahlı qüvvələrini yaradan kürdlər bu bölgənin faktiki sahibinə və güc mərkəzinə çevriliblər. 2014-cü ildən sonra isə kürdlər burada İŞİD-ə qarşı Qərb (ABŞ) koalisiyasının müttəfiqi kimi çıxış edib və ciddi etimad və dəstək qazanıblar. Ancaq kürdlərin burada güclənməsi və gələcək Suriyada siyasi status alması region ölkələri, o cümlədən Türkiyə, İraq və Suriya üçün arzuolunmazdır. Kürdlər üçünsə bu vəziyyət hardasa tarixi şansdır, İraqdan sonra ikinci kürd muxtariyyəti Suriyada yaradıla bilər.
Bu səbəbdən də, ötən il “Barış pınarı” əməliyyatı ilə kürdləri sərhəddən müəyyən qədər uzaqlaşdıran Ankara hələ məqsədinə tam nail olmayıb və kürd qüvvələrini ən azı Türkiyə sərhədindən uzaqlaşdırmaq planını gec və ya tez həyata keçirəcək. Ən azı hazırkı hökumətin mövqeyi budur.
Fəratın şərq sahili regionunun ikinci mühüm üstünlüyü onun malik olduğu enerji ehtiyatlarıdır. Suriyada istehsal olunan neft və qazın əksər hissəsi burada çıxarılır. Doğrudur, Suriyanın Yaxın Şərqin digər ölkələri ilə müqayisədə neft ehtiyatları cüzi hesab oluna bilər. Münaqişəyə qədər Suriyada maksimum 400 min barel gündəlik neft hasilatı olub. Hazırda isə istehsal gündəlik 28 min bareldir. Ancaq böyük ölkə üçün az görünsə də, kiçik kürd muxtariyyəti üçün bu rəqəm az deyil. Üstəlik, bu potensialın ən azı münaqişənin başladığı dövrdəki 400 min barelə çatdırmaq imkanı var.
Yeri gəlmişkən, 2018-ci ilin fevralında məhz Deyr əz-Zordakı qaz istehsalı zavodunu ələ keçirmək istəyən “Vagner” muzdluları ABŞ ordusunun cavab atəşi nəticəsində ağır itki vermişdi.
Və nəhayət, bu regionu cəlbedici edən 3-cü mühüm səbəb onun strateji mövqeyidir. Suriyanın bu vilayəti İraqla sərhəddə yerləşir. Həmçinin Suriya və İraqı birləşdirən əsas magistral yol bu vilayətdən keçir. Bu səbəbdən də, İran və ABŞ üçün bu yol mühüm əhəmiyyət daşıyır. Eyni zamanda İsrail üçün. Çünki İran Suriya, eləcə də Livan və Fələstindəki silahlı qrupları məhz bu quru dəhlizi vasitəsilə silahlandırır. İsrail və ABŞ aviasiyasının vaxtaşırı Deyr əz-Zordakı İran qruplarını bombalamasının arxasında yatan səbəb də budur.
Gördündüyü kimi, Fəratın şərq sahilinin necə deyərlər, müştərisi çoxdur. Və görünən odur ki, bu regionda uzlaşa biləcək qüvvələr arasında artıq danışıqlar başlayıb. Mediada yer alan məlumatlara əsasən, hazırda Fəratın şərq sahili ilə bağlı Türkiyə və Rusiya arasında danışıqlar və gizli razılaşma var. Kürdlərə məxsus saytların yazdığına görə, Türkiyə və Rusiya arasında Deyr əz-Zor əməliyyatı ilə bağlı gizli razılaşma əldə olunub. Razılaşmaya əsasən, M-4 yolunun tamamilə açılması, yolun cənub hissəsinin Suriya ordusuna verilməsi qarşılığında Moskva Ankaranın Deyr əz-Zor əməliyyatına yaşıl işıq yandıracaq.
Məlum səbəblərdən Rusiya qüvvələri ABŞ-la açıq qarşıdurmaya getmək istəmir. İki il əvvəlki hadisələr göstərdi ki, ABŞ burda hansısa ölkəyə güzəştə getmək fikrində deyil. Bu səbədən də Moskva Türkiyənin əməliyyatına yaşıl işıq yandıra bilər. Türkiyə isə dəfələrlə Vaşinqton qarşısında tələb qaldıraraq Suriyanın şimalının onun üçün strateji əhəmiyyət daşıdığını bildirib. Hətta Ərdoğanın Trampla görüşündən sonra Vaşinqton qüvvələrini geri çəkməklə Türkiyə ordusunun “Barış pınarı” əməliyyatına şərait yaratmışdı. Xatırladaq ki, bu əməliyyatdan sonra ABŞ qüvvələri nisbətən cənuba çəkildi və sərhəd ərazilərinin bir qismi Türkiyə ordusu və müttəfiq müxalifət qüvvələrinin nəzarətinə keçdi.
İndi isə Türkiyə nəzərdə tutulan əraziləri daha da genişləndirmək, kürdləri sərhəddən çıxarmağı düşünür. Bu əməliyyat ruslar üçün də əlverişlidir. Nəticə etibarilə kürd qüvvələrinin mövqeyi zəifləyəcək. Və mümkündür ki, ötən dəfə olduğu kimi, Rusiya qüvvələri kürd regionuna daxil olsunlar. Bu razılaşma baş tutarsa nəticədə həm Rusiya, həm də Türkiyə qazanclı çıxacaq.
ABŞ-ın isə Deyr əz-Zorda maraqları daha genişdir. Vaşinqton həm sərhədi nəzarətdə saxlamaq, həm də neftli bölgələri itirmək istəmir. ABŞ ordusu ötən ilin oktyabrında qüvvələrini şimaldan cənuba – Deyr əz-Zorun əsasən neftli və sərhəd bölgələrinə çəkib. Amerikalıların bu bölgədən yuxarıda qeyd olunan iki əsas səbəbə görə çəkilməsi real deyil.
Lakin ötən il Trampın “Barış pınarı” əməliyyatı zamanı hərbi qüvvələri qəfil geri çəkməsi göstərdi ki, Ağ Evin hazırkı sahibi üçün Suriyanın şimalı, kürd mövzusu o qədər də prioritet təşkil etmir. İstənilən zaman qərarını dəyişə bilər. Digər tərəfdən 20 milyard dollar büdcəsi olan Suriya əməliyyatları perspektivdə ciddi mənfəət vəd etmədiyi üçün ABŞ Prezidenti Tramp üçün cəlbedici görünmür. Hətta Tramp özü etiraf edib ki, Suriyanın “cüzi” nefti onun üçün maraqlı deyil. Amma kürdlər üçün faydalı ola bilər. Bu səbəbdən də, Tramp indi əsas qırmızı xətləri qorumaq şərti ilə Türkiyə və Rusiya ilə anlaşmaya gedə bilər.
Əsas “qırmızı xətt” isə kürdlərin hərbi-siyasi varlıqlarını ən azı regionun cənubunda qoruyub saxlaması və İranın bu ərazidən istifadəsinə imkan verilməməsidir. Sonuncu məsələdə Türkiyə və Rusiyanın ABŞ-la maraqları üst-üstə düşür. Ümumiyyətlə, İranın Suriyada güclənməsi Rusiya və Türkiyəni o qədər də razı salmır.
Türkiyə və İran arasında Suriyada gərginlik ötən il “Barış pınarı” hərəkatı zamanı ilk dəfə açıq müşahidə olunub. Hətta İranın dəstəklədiyi qüvvələrlə Türkiyə ordusu arasında toqquşma baş vermişdi. Oxşar vəziyyət İdlib əməliyyatında da yarandı. Hətta İrana yaxın qüvvələr Türkiyəyə ultimatum verib. Rusiya da İranın Suriyada güclənməsində maraqlı deyil. Baxmayaraq ki, İranın sahə qüvvələri Suriyada quru əməliyyatlarını əsasən İran qüvvələri həyata keçirir.
Belə görünür ki, Suriyanın sonuncu “nəzarətsiz” regionunun taleyinin müəyyən olunması prosesi aparılır. İdlibdəki razılaşmadan sonra indi sonuncu region Fəratın şərq sahilidir. Lakin İranın Suriyadakı rolunu zəiflətmək elə də asan deyil. Çünki Tehranın əvvəla Suriyada ciddi hərbi gücü var. İkincisi isə İran diplomatiyasının bu cür vəziyyətlərdən çıxmaq kimi təcrübəsi var. Bu səbəbdən də, indidən Deyr əz-Zorun taleyinin həll olunduğunu demək olmaz. Bir şey məlumdur ki, Deyr əz-Zor Suriyada həll olunmamış sonuncu həlqədir. Bu həlqədən isə “asılanlar” çoxdur.
Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir