KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. “Sumqayıt hadisələrinə” görə ölüm hökmü verilmiş Əhməd Əhmədovun heç vaxt açıqlanmamış FOTOLARI

“Sumqayıt hadisələrinə” görə ölüm hökmü verilmiş Əhməd Əhmədovun heç vaxt açıqlanmamış FOTOLARI

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
3 0

1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində baş vermiş hadisələrdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əlinin olması artıq subut olunub.

“Sumqayıt hadisələri” kimi tarixə düşən proseslərdə şəhərdə yaşayan erməni və azərbaycanlı sakinləri arasında baş vermiş toqquşmaları nəticəsində hər iki tərəfdən həlak olanlar olub.

Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

“Sumqayıt hadisələri” ilə bağlı SSRİ Baş Prokurluğunda cinayət işi açılsa da istintaq birtərəfli və qərəzli aparılıb və nəticədə bu qanlı hadisələrin əsl təşkilatçıları və icraçıları cəzadan yaxa qurtara biliblər.

Şəhərdə baş vermiş hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədova güllələnmə cəzası verilib.

Amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edib. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskknin adları isə uzun müddət mətbuatdan gizli saxlanılıb.

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib.

Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib.

Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Hökm 17 ay sonra icra olunub.

Moskvada keçirilən məhkəmə KİV üçün qapalı olub və oradan rəsmi heç bir məlumat, reportaj və foto yayımlanmayıb. Odur ki, KİV-də Əhməd Əhmədovla bağlı heç bir fotoşəkil mövcud deyil.

Azpost.info uzun illərdən sonra Əhməd Əhmədovun Moskvada keçirilmiş məhkəməsi zamanı çəkilmiş fotolarını tapa bilib.

Bu fotolar məhkəmə zamanı ifadə verən zaman və hökm oxunan zaman çəkilib.

Əhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində anadan olub.

1979-cu ildə Sumqayıtdakı 25 nömrəli məktəbin 8-ci sinfini qurtarıb. Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub. 1982-ci ildə ordu sıralarına çağırılıb. 1985-1988-ci illər arasında bir neçə iş yeri dəyişib. Oxuduğu məktəbdən və iş yerlərindən Ə.Əhmədova müsbət xasiyyətnamə verilib. Çalışdığı sahələrdə üzərinə düşən işin öhdəsindən gəlib. Heç bir inzibati və ictimai cəzası olmayıb.

Orta texniki peşə təhsili olan soydaşımız Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib. O, həbs olunandan bir müddət öncə nişanlanıbmış. Yaşı 70-i haqlayan təqaüdçü valideynləri 1988-ci ilin yayında Əhmədi evləndirmək niyyətində imişlər. Ə.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyaya qoşulub, lakin heç bir qətlin törədilməsində iştirak etməyib. 1988-ci il martın 12-də Sumqayıtda günahsız həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhmədgilə də basqın edirlər. Onu vanna otağından yarımçılpaq vəziyyətdə çıxarıb həyətdə gözləyən maşına basırlar…

Ə.Əhmədov Sumqayıtdakı 41a məhəlləsində 7 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib. SSRİ Ali Məhkəməsində soydaşımızın günahı sübut olunmasa da, Ə.Əhmdova ən ağır cəza kəsilib.

Ə.Əhmədova güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə, baxılmayıb.

1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun yaşlı valideynlərinin hislərinə toxunacaq bir hərəkətə yol verib. Prokurorluqdan valideynlərə göndərilən məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib.

Əhməd Əhmədovun qardaşı Əhmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru Cavanşir İsmayılovdan Əhmədin cəzasının dəyişdirilməsi ilə bağlı məktub alıblar. Məktubda deyilirdi: “Oğlunuz Əhmədov Əhməd SSRİ Ali Məhkəmsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il 18 noyabr tarixli hökmü ilə müstəsna cəza növü olan güllələnməyə məhkum edilmiş, lakin SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzası dəyişdirilərək, həbs cəzası ilə əvəz edilmişdir”. Araşdırmalar göstərdi ki, bu yalan variantı Mərkəzi Komitə üzvlərindən kimsə meydanda gərginliyi azaltmaq üçün seçmişdi.

1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun vəkili Y.Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət edib. Əhmədovlara oğlanları barədə hökmün dəyişdirilə biləcəyi bildirilib.

Vəkil Y.Məmmədov SSRİ Ali Məhkəməsinə, Prokurorluğuna və ölkə prezidentinə şikayət ərizəsi təqdim etmək üçün Moskvaya çatdıqdan bir gün sonra-aprelin 6-də Ə.Əhmədov güllələnib.

X.SƏFƏROĞLU

Azpost.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir