“Мы помогаем своим друзьям и Армения не должна в это вмешиваться”

Türkiye’nin bölgesel işbirliği arayışlarında hassas noktalar

Celal Ruşen: İran Süleymani’nin Ölümünden 48 Kişiyi Sorumlu Tutuyor

Elhan Şahinoğlu: Paşinyan yenə İranda və yenə təxribat axtarışındadır

Sönməz ABBASLI: Tanımadığımız tanışlar və yaxud Əli Şamilin“Albaniya və Azərbaycandakı albanlar” əsəri

Azerbaycan 13 Ekim 2021
180
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Ömrünü, gününü elmi axtarışlara, türk xalqlarının tale yüklü məsələlərinin araşdırılmasına həsr edənlərdən biri də Əli Şamildir. “Türk xalqlarının tanınmış adamları”, “Quzey Kıbrıs”, “Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı”, “Axısqalı Xəstə Hasan”, “Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)”, “Qaşqaylar və onların folkloru” və s. əsərlərin müəllifi olan yorulmaz araşdırmaçının “Albaniya və Azərbaycandakı albanlar” kitabı 53 illik axtarışların və müşahidələrin nəticəsidir desək, yanılmarıq. Hər şeydən əvvəl qeyd edək ki, 276 səhifəlik kitab “Köhlən” nəşriyyatında işıq üzü görüb. Sevindirici haldır ki, sözügedən nəşriyyat Sovet dövrünün ənənəvi kitab nəşrindən uzaqlaşıb, Avropa və Amerikada nəşr edilən kitablar kimi tərtibat verməyə çalışıb. Bu da olduqca təqdirəlayiqdir.
Kitabın elmi redaktoru prof. Cəlal Qasımov əsərə yazdığı ön sözdə Əli Şamilin türk xalqlarının ədəbi-mədəni irsinin öyrənilməsi, tədqiqi, nəşri və tanıdılması istiqamətində gördüyü işləri bir institutun gördüyü işlərə bərabər hesab edir. O, tədqiqatçının bu kitabı yazarkən üç prinsipə ciddi əməl etdiyini diqqətə çatdırır. Professorun qənaətlərinə görə, müəllif əsərində qələmə aldığı şəxsiyyətlər barədə ona qədər deyilmiş fikirlərə yer verir, özünün oxucuya nə verəcəyini aydınlaşdırır və özündən sonra gələcək tədqiqatçılara da nə qaldığını cavablandırır.
Olduqca sadə və anlaşıqlı bir dildə yazılmış kitabın “Tanıtma” bölümündə araşdırmaçı Əli Şamil Albaniya ölkəsinin “Şipri”, yəni “Qartallar diyarı” adlandırıldığını, “Albaniya” toponiminin “illiriya” sözündən formalaşaraq “olba”- “kənd” anlamını verdiyini diqqətə çatdırır. O, eyni zamanda ölkə əhalisinin, əsasən, sünni və bəktaşilərə bölünən müsəlmanlardan təşkil olunduğunu, azlıqda qalan xristianların isə pravoslav və katolik inanclı olduqlarını nəzərə çatdırmaqla, tarixi ərazilərini itirmək hesabına olsa da Albaniya ölkəsinin 1912-ci ildə müstəqillik qazandığını vurğulayır.
Ə.Şamil sözügedən kitabında Albaniya haqqında bildiklərini və gördüklərini, eləcə də nə üçün bu ölkəyə getməyə can atdığını təfsilatı ilə qələmə alır. Məlum olur ki, araşdırmaçının bu ölkə ilə tanışlığı yeniyetməliyindən, Azərbaycanda yaşamış Əhməd Triniç və Nafiə Abid (Əhməd Şükrü qızı) haqqında bilgisi tələbəlik illərindən olsa da oraya getmək istəyi son illərdə, yəni Tiranada keçiriləcək simpoziuma dəvət məktubu ilə başlayıb. O, Polşada nəşr edilən “Dissident sözlüyü” ensiklopediyası üçün məqalələr hazırlayarkən albaniyalı İsmail Farkanın ömür yolu ilə tanış olmuşdur. Müəllifin qeydinə görə, “DTK (KQB) ilə əməkdaşlıq etmək istəmədiyinə görə Albaniyanın Sovetlər Birliyindəki səfirliyinin referenti İsmail Farkanı qatarda vurub iflic etmiş, sonra da “şizofrenik” diaqnozu qoyularaq psixi xəstəxanaya “müalicəyə göndərmişlər”. Müəllif hadisələrin Moskvada baş verməsinə baxmayaraq onun 25 ildən çox Azərbaycandakı psixi xəstəxanalarda məcburi “müalicə” olunduğunu yazır.
Əli Şamilin bu diyara getmək istəyinin başında oranın hökumət yetkililəri ilə görüşüb onlardan nə üçün bu şəxsə sahib çıxmadıqlarını öyrənmək istəyi dayansa da, müəllif bu ölkəyə marağının hələ yeniyetməlik dövründə oxuduğu “Alban hekayələri”ndəm başlandığını xatırlayaraq yazır ki, hələ 8-9-cu sinifdə oxuduğum zaman Sovet mətbuatının Ənvər Xocanı kəskin tənqid atəşinə tutmasına onun marksizm-leninizm ideyalarından uzaqlaşdığı deyilməsinə üzülür, hər zaman, hər yerdə Ənvər Xocanın tərəfini tuturdum.
Ə.Şamil universitet illərində Əmin Abidlə bağlı araşdırma apararkən onun milliyyətcə alban olan Nafiə adlı bir qızla evləndiyini də öyrənərək, bu xanımın da ömür yolunu, tərcümeyi-halını araşdırmağa can atdığını dilə gətirir. O, tanıdığı üç alban haqqında müxtəlif yazılar yazıb Azərbaycan, Polşa və Albaniyada çap etdirsə də, bir şeyə nail olmadığına təəssüflənir və gələn simpozium dəvətinə 20 illik narahatlığına son qoyacaq bir imkan kimi baxır.
Kitabda müəllifin Tiranaya yolçuluğu, Tomor pirini ziyarəti, “Ənənə və müsirlik arasında: İmam Əli dünyası” mövzusunda simpoziumda iştirakı, İsmail Farkdan söz açması və çıxışı zamanı ona olan laqeydliyi açıq-aydın ifadə etməsi də yer alır.
Araşdırıcı Əli Şamil 2008-ci il mayın 20-24-də Konyada, Səlcuq Universitetində təşkil olunmuş konfransda albaniyalı Entela Muço ilə tanışlığından bəhs edərək, onun ömür youndan bəzi səhifələri də təqdim edir. Məlum olur ki, Tirana Universitetində Ədəbiyyat fakültəsinin Tarix bölümündə oxuyan E.Muço təhsil illərində türk dilinə maraq göstərib, fərqli kurslarda türkcə biliyini artırıb, Albaniya Təhsil Nazirliyinin təqaüdü ilə 1994-1995-ci illərdə Türkiyədə TÖMER-də oxuyub. Ə.Şamil onun Albaniyada 13-20-ci yüzillərdə yazılmış Osmanlı sənədlərinin bilicisi kimi tanındığını, onun 450 hektarlıq torpaq sahəsinin sənədlərini hazırlayaraq notariusa təqdim etdiyini, var-dövlət hərislərinin fotoşopla bu sənəd üzərində dəyişiklik etdiyini, məhkəmə zamanı yüksək vəzifəlilərin canlarını qurtarsalar da, Entelanın çıxılmaz vəziyyətdə qaldığını qeyd edir. Araşdırmaçı kitabında Entela Muçonun Azərbaycanla bağlılığına, simpoziumlara fəal qatılmasına, sonralar kitabxanalardan, arxivlərdən çox hökumət idarələrinə getdiyini, “Dostluk, Bilimsel ve Kültürel Arnavutluk-Azerbaycan Derneği”ni yaratmasından da bəhs edir. Müəllif Bakıda keçirilən Novruz bayramından kasıblığı ilə seçilən Tiranadakı Novruz bayramını da təsvir edir.
Ə.Şamil əsərində Albaniyada dinə münasibəti də verir. Məlum olur ki, Tirana şəhərinin mərkəzi meydanlarından birində orta boylu bir bəktaşi dədəsinə heykəl qoyulmuş, qızrmızı kərpicdən tikilmiş bir bina isə Ənvər Xocanın hakimiyyəti illərində ölkədə yeganə namaz qılınan yer idi. O, Ramazan və Qurban bayramlarında ölkənin hər yerindən inanclı müsəlmanların buraya gələrək namaz qıldığını və bu binanın indi də məscid kimi istifadə edildiyini yazır. Müəllif qeydlərində Osmanlı dövlətində məşhurlaşan albanların da adlarını çəkir və Damad Fərid Paşa, Mehmet Akif Ersoy, Şəmsəddin Sami, Naim Fraşeri, Namiq Kamal, Dr.İbrahim Temo, Hoca Hasan Tahsin kimi alban kökənli türk dünyasına xidmət etmiş insanların fəaliyyətlərinə qısa nəzər salır.
“Albaniya və Azərbaycandakı albanlar” kitabında müəllifin geniş yer verdiyi albanlardan biri də özünü arnavut kimi təqdim edən Əhməd Triniçdir. Ə.Şamil onun sakit həyat tərzi sürən insan olmadığını, ictimai-siyasi həyatındakı fəallığı ucbatından 1930-cu illər repressiya burulğanına düşdüyünü qeyd edir. O, ziddiyyətli insan kimi qələmə aldığı Əhməd Triniç haqqında məlumatlar əldə etmək üçün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (keçmiş KQB-nin) arxivinə getdiyini, onun istintaq materialları ilə tanış olduğunu, sorğu-sualın haqqında bəhs edilən şəxsin ömür yolunu, xarakterini tam aydınlatmasa da, övladlarının atalarına bəraət verilməsini istədiklərini, Qulam Məmmədlinin isə Əhməd Rəcəb oğlu Triniçə bəraət verilməsini məqsədəuyğun saymadığını vurğulayır. Ə.Şamil vətənə xəyanətdə suçlanıb həbs edilən Ə.Triniçin istintaqda casusluğunu və vətənə xəyanətini təsdiq edən ciddi bir dəlilin olmadığını da yazır. Müəllif onun uşaqlığı və gəncliyi, hərbi xidməti və əsirliyini, Bakıya gələnədək ölkənin icimai-siyasi durumunu, Məhəmmədəmin Rəsulzadə ilə görüşünü, müsəlman hərbi məktəbində müəllim işləməsini, giritli Həsən Ruşeni Barkın onu nədən öldürmək istədiyini, onun ölümlə üzləşdiyi Quba qəzasını, Əli bəy Zizikskinin onu nədən ölümdən qurtarmasını, “İttihad” partiyasının sədri Qarabəy Qarabəyovla görüşünü, Quba-Xaçmazın erməni-bolşevik quldurlarından təmizlənməsində rolunu və s. sadə dillə qələmə alır.
Ə.Şamil tanış olduğu sənədlər əsasında belə bir fikrə gəlir ki, “Əhməd Triniç nə Türkiyənin casusu, nə də hansısa əksinqilabçı qrupun üzvü olub”. Əhməd Trinç haqqında yazılan məqalə bir insanın ömür yolu timsalında Azərbaycanın 1915-1936-cı illər tarixinin qaranlıq səhifələrinə işıq salmaq baxımından olduqca diqqəti çəkəndir. Azərbaycan tarixçilərinin adlarını və soyadlarını çəkib, onlarla insanın ömür yoluna dair sənədləri ortaya qoyur, yanlışlıqların nədən və haradan qaynaqlandığını sənədlərlə göstərir. Repressiya qurbanlarına Sov İKP XX qurultayından sonra, yəni 1956-cı ildən bəraət verildiyi halda Əhməd Trinçə bəraətin Sovetlər Birliyi çökdükdən sonra verildiyini bildirir.
Ə.Şamil sözügedən əsərində Əmin Abid və milliyyətcə alban olan xanımı Nafiə Abidlə bağlı geniş axtarışlarını, eləcə də Əmin Abidin qohumlarının da sorağında olduğunu rəvan, axıcı dillə qələmə alır. Ümumiyyətlə, araşdırmaçı Əmin Abid irsinə hələ universitet illərində böyük maraq göstərir. Ə.Abidin latın əlifbası ilə yazılmış, tapılması və oxunması asan olmayan “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” məqaləsi Ə.Şamilin diqqətini necə çəkirsə, o, müəllif haqqında elə o vaxtlardan bilgi əldə etməyə çalışır.
Araşdırmaçı sözügedən kitabında uzun axtarışlardan sonra Əmin Abidin qardaşı oğlu Hüseyn Nəcdətin yaşadığı ünvana gedişi və onun xanımı Valentina Pozdşeva ilə görüşündən, onların da təzyiqlərə məruz qalıb, Şəkiyə sürgün olmalarından, onların evindəki sənədlərin Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilməsindən və orada Əmin Abidin adına fond yaradılmasından da geniş bəhs edir. O, Əmin Abid və xanımı ilə bağlı bəzi məlumatları isə “Azərbaycan Tibb jurnalı”nda tərcüməçi işləyən Əsgəri (və ya Əsgərov- Ə.Şamil) kimi tanınan şəxsdən aldığını vurğulayır. Araşdırmaçı yazır ki, “İlk dəfə Əmin Abidin adının Zeynalabdin olduğunu ondan eşitdim”. KQB arxivində işləyərkən bu faktın doğruluğunun şahidi olub. Oradan onu da öyrənib ki, Zeynalabdin Mütəllib oğlu Əhmədov İstanbila oxumaqa gedəndən sonra orada Məhəmmədəmin Rəsulzadə ilə tez-tez görüşüb, onun rəhbərliyi ilə nəşr edilən “Yeni Kafkasiya” jurnalının şöbə müdüri olub və M.Ə. Rəsulzadəyə hörmət əlaməti olaraq Əmin ləqəbini götürüb, ömrünün sonuna kimi də Əmin Abid kimi tanınıb, məqalələrini həmin imza ilə yazıb.
Daha sonra məlum olur ki, Ə.Abidin alban olan Nafiə xanımla tanışlığı isə univesitetdə oxuyarkən baş tutmuş, Ə.Abid universiteti bitirib Bakıya dönəndə Nafiə də təhsilini yarımçıq qoyub Bakıya gəlmiş, evdə dərzilik edib, qonum-qonşuya paltar tikmiş, yoldaşı həbs olunduqdan az sonra isə o da həbs edilmişdi.
Ə.Şamil tənbəllik etməyib 1930-cu illərdə Əmin Abidin yaşadığı evə ─ Qasım İsmayılov küçəsində italyanka deyilən ikimərtəbəli bir binaya da üz tutub qapını döysə də, hədələyici bir cavabla qarşılaşır. Ona “Elə adam tanımırıq, bir daha bu qapını döymə!” –deyə əsəbi şəkildə cavab verirlər.
Sözügedən kitabda araşdırmaçı İsmail Farkanın da taleyinə biganə qala bilmir. Moskvada Albaniya səfirliyinin əməkdaşı olan alban əsilli bu şəxsə Moskva-Odessa qatarında KQB əməkdaşlarının açdığı oyunları, xəstəxanaya onu Şəmsəddin Mehdi oğlu Mehdiyev kimi təqdm etdiklərini, həqiqəti demək istədikdə “şizofreniya” diaqnozu qoyub ömürlük müalicəyə göndərdiklərini təəssüf hissi ilə qələmə alır. Ə.Şamil bu şəxsin sonrakı aqibətindən xəbər verərkən onun azərbaycanlı bir xanımla evləndiyini və altı övladının dünyaya gəldiyini, 83 yaşlı bu şəxsin imkanlı bir adamın villasında bağban işlədiyini də diqqətə çatdırır. Araşdırmaçı yazır ki, “Onu yaşadan iradəsinin möhkəmliyi, hüquqlarının bərpa olunacağına, vətəninə bir qəhrəman kimi dönəcəyinə bəslədiyi ümid idi”.
XX yüzillikdə Azərbaycanda yaşamış və ölkənin ictimai-siyasi həyatında önəmli iz qoymuş alban əsilli Əhməd Bedi Triniç, Nafiə Abid və İsmail Farka haqqındakı Əli Şamilin məqalə-məruzələrinin, eləcə də yol qeydlərinin daxil olunduğu bu kitab həqiqətən də orijinallığı ilə seçilir. Müəllif onların ömür yoluna işıq tutmaqla alban əsilli həmvətənlərimizi daha yaxından tanımağımıza yardımçı olur. Tədqiqatçının gərgin əməyi sayəsində ortaya çıxan bu kitab gizlədilmiş gerçəklərin üzə çıxarılması baxımından da əvəzolunmaz mənbə hesab edilə bilər.
Kitab sanki haqsızlığa, ədalətsizliyə, zülmə üsyan ruhu ilə yazılıb. Bu ruh onun yalnız “Albaniya və Azərbaycandakı albanlar” kitabında deyil, indiyədək nəşr etdirdiyi 25 kitabda və 500-dən çox elmi, publisistik məqaləsində də hakimdir. O, sanki özünə qarşı edilən təzyiqlərin ağrısını, acısını haqqında yazdığı insanların timsalında verir.
Sönməz ABBASLI

  • Filologiya üzrə fəlsəfə doktoru, dosent

  • Yorumlar