KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Shahin Caferli: Rusiya ilə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”

Shahin Caferli: Rusiya ilə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
306 0

Azərbaycanın müstəqilliyini və suverenliyini məhdudlaşdıran sənəddir.
Bu barədə ətraflı yazını daha sonra yazmağı düşünürəm, hələlik ötəri baxışla bəzi məqamları qeyd edək.
Əvvəla, sənədin imzalanması üçün bundan daha bərbad vaxt seçilə bilməzdi:
– Rusiyanın aqressivliyinin kulminasiyaya çatdığı dönəm və Ukrayna ilə bağlı məlum gəlişmələr;
– Türkmənçay müqaviləsinin ildönümü (Bu barədə Rusiya XİN-in saytında yerləşdirilən rəsmi arayışda Naxçıvan və İrəvan xanlığı Şərqi Ermənistan kimi qeyd olundu);
– 1920-ci ildə müstəqil Azərbaycanı işğal etmiş Qızıl ordunun yaranma tarixinin (23 fevral) yarım gün öncəsi;
– Rusiyanın 366-cı alayının da iştirakı ilə törədilmiş məşum Xocalı cinayətinin 30-cu ildönümü ərəfəsi… (Müttəfiqimiz yəqin ayın 26-sı orada anım tədbiri keçirməyə icazə verər.)
Tarix seçimini Moskvanın etdiyi, sənədin özünün isə Rusiyanın yaxın xaric adlandırdığı postsovet coğrafiyasını təkrar nəzarətə götürmə siyasətindən irəli gəldiyi şübhəsizdir.
Şuşa Bəyannaməsi və onun söykəndiyi 2010-cu il tarixli Azərbaycan-Türkiyə müqaviləsindəki təməl müddəa – “tərəflərdən birinə təhdid olduğu təqdirdə məsləhətləşmələrin aparılması və hərbi yardım göstərilməsi” Rusiya ilə imzalanan sənəddə də var. Paradoks yaranır: Azərbaycanda əksəriyyət (rəsmi və qeyri-rəsmi dairələr, toplum) potensial təhlükə mənbəyi kimi adətən Şimalı görür, Şuşa Bəyannaməsi də ölkəmizi mümkün Rusiya təhlükəsindən və ya onun proksilərindən qorumağa yönəlmiş müttəfiqlik öhdəliyi kimi qəbul olunur. İndi kim kimi kimdən qoruyacaq, bəlli olmur, xətlər qarışır. Rusiya bizi hansı təhlükədən qoruyacaq? Türkiyə bizi hansı təhdiddən mühafizə edəcək? Bu iki dövlətin maraqları toqquşanda nə baş verəcək? Ankara bizimlə Moskvanın maraqlarına zidd, Moskva isə Ankaranın maraqlarına zidd hansısa məsələdə əməkdaşlıq qurmaq istəyəndə Bakı nə edəcək?
“Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə … hərbi yardım göstərilməsi” deyiləndə sırf xarici təcavüz nəzərdə tutulur, yoxsa tutaq ki, Azərbaycan daxilində, Rusiyanın fikrincə, sülhü və sabitliyi pozan hər hansı olayda Moskva bura ordu göndərə bilər? Aydın olmur.
Hərbi mövzuda 2-ci mühüm məqam: məlumdur ki, Azərbaycan öz ordusunun Türkiyə (NATO) standartlarında reorqanizasiyasına başladığını açıqlayıb. Azərbaycan eyni zamanda son illər öz silahlanmasında Rusiya bazarından asılılığı azaldan siyasət yeridirdi. Rusiya ilə imzalanmış Bəyannamədə isə Rusiya və Azərbaycan silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili razılaşdırılıb. Bu, açıq şəkildə Azərbaycan ordusu daxilində Türkiyə təsirinin əngəllənməsinə yönəlib. “Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi” vurğusu da dənizdə Türkiyənin hərbi iştirakının qarşısını almaq məqsədi daşıyır.
Sənədə əsasən Rusiya və Azərbaycan aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmalıdır. Belə çıxır ki, biz Ukrayna (Krım/Donbas), Gürcüstan, Suriya, Liviya, İran və digər mövcud, yaxud gələcəkdə yaranacaq beynəlxalq problemlər üzrə Rusiya ilə eyni mövqedən çıxış etməliyik. Faktiki olaraq, Bakı öz xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alacağına dair öhdəlik götürür.
Başqa bir müddəa: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.”
Yəni biz xarici siyasətlə yanaşı, öz iqtisadi siyasətimizdə də Rusiyanın maraqlarını nəzərə almalıyıq.
10 noyabr prosesinin davamı olaraq bu sənədin də imzalanması ilə Azərbaycanın balans siyasəti artıq rəsmən tarixə qovuşmuş oldu. Hazırkı qlobal böhran və Putin rejiminə qarşı azad dünyanın (Amerika-Avropa-Asiya qitələri üzrə) böyük koalisiyasının formalaşmağa başladığı bir dönəmdə bu anlaşma bizi Rusiyanın yanında mövqeləndirir.

Shahin Caferlikafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir