KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Shahin Caferli: Məsud Pezeşkianın prezident seçilməsini necə başa düşməliyik?

Shahin Caferli: Məsud Pezeşkianın prezident seçilməsini necə başa düşməliyik?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
67 0

İranda Konstitusiyanın Mühafizəsi Şurası (Şurayi Nigehban) adlanan dövlət qurumu var. Konstitusiya məhkəməsi funksiyalarını yerinə yetirən bu qurum 12 üzvdən (6-sı ali dini lider tərəfindən təyin olunan din xadimi, 6-sı hüquqşünas) ibarətdir. Şurayi-Nigehban vilayəti-fəqihin filtri rolunu oynayır – seçkilərdə iştirak etmək istəyənlər onun təsdiqindən keçməlidir. Sistemin birmənalı arzuolunmaz saydığı, eləcə də cari mərhələ üçün məqsədəuyğun hesab etmədiyi namizədlər seçkiyə buraxılmır. Məsələn, bundan əvvəlki prezident seçkilərində Pezeşkianın namizədliyi təsdiq olunmamışdı. (Ümumən həmin seçki İbrahim Rəisinin seçilməsi üçün dizayn olunmuş və digər güclü namizədlər diskvalifikasiya edilmişdi.) Hər ehtimala qarşı rəhbərə seçilmiş prezidenti təsdiq etməmək səlahiyyəti də verilib.
Hər hansı namizəd seçkiyə buraxılırsa, bu, o deməkdir ki, sistem artıq həmin şəxsin prezident seçilməsi ehtimalını nəzərə alır və qəbul edir. Yəni İranın özünəməxsus demokratiyası var, daxili siyasi rəqabətə bəlli çərçivələr daxilində şərait yaradılır, bir siyasi qrupun daim hökumətdə oturub, kök atmasına imkan verilmir. “Mühafizəkarlar” və “islahatçılar” şərti bölgüdür, hər ikisi sistemdaxili siyasi xətdir. Bəzən xətlər qarışır, kim nə dərəcədə mühafizəkardır və ya islahatçıdır, dəqiq ayırd etmək çətinləşir. Mühafizəkar hesab olunan prezidentin komandasında islahatçılara yaxın adamlar da ola bilər və ya əksinə.
İdeoloji baxımdan mühafizəkarlar müəssəs-nizama daha yaxın və doğmadır, lakin bəzi dövrlərdə həm sistemin legitimliyi, həm də cəmiyyətdə yığılan etiraz enerjisinin boşaldılması baxımından islahatçıların önə çıxması (yaxud çıxarılması) lazım gəlir, nüfuzlu mühafizəkar simalara isə qapılar qapadılır. Qlobal və regional geosiyasi konyuktur da bu seçimə təsir göstərən mühüm amildir.
İran əhalisi islahatçı prezidentin ölkədə köklü dəyişiklik edə biləcəyinə inamını itirib, bunu seçkilərdə iştirak faizinin aşağı olması da göstərir. (İlk turda 40%). Amma hər halda, seçim etmək lazım gələndə dəyişiklik tərəfdarı olan narazı seçicilər mühafizəkar namizədi əngəlləmək naminə onun antipoduna üstünlük verirlər, bu da sistemin maraqlarına uyğundur.
Pezeşkianın seçilməsi İran dövləti üçün xarici siyasətdə manevr imkanları açır. O, beynəlxalq təcridi nəzərdə tutaraq İranın qəfəsdə olduğunu söyləyir və Qərblə dialoqun, nüvə anlaşmasının bərpasının tərəfdarı kimi çıxış edir. (ABŞ-da Tramp seçilərsə, bu, mümkün olmayacaq, amma Avropa ilə əlaqələrdə irəliləyiş ehtimalı var.) Pezeşkianın bu vədini həyata keçirməyə çalışması ilə İran heç nə itirməyəcək, əksinə, bəlkə də ölkə maraqlarına (rejimin nöqteyi-nəzərindən) uyğun razılaşmalar əldə olunması, sanksiyaların yumşaldılması şansı əldə edilmiş olacaq. Prezident ona cızılan rəsmi və qeyri-rəsmi çərçivənin içərisində hərəkət edir, ali dini liderin icazəsi olmadan beynəlxalq müqavilələr imzalaya bilməz.
Eyni zamanda, Pezeşkianın seçilməsi türklər başda olmaqla, qeyri-fars əhali qrupları arasında narazılığı azaltmağa da xidmət edə bilər ki, bu da dövlətin marağındadır. İkinci tura çıxan hər iki namizəd də fars deyildi.
Uzun sözün qısası, İranda fövqəladə nəsə baş verməyib. Dövlət vəzifələri sistemlə düşmənçilik etməmək, rejimi dəyişdirməyə çalışmamaq şərti ilə hər kəsin üzünə açıqdır. Xalqın isə filtrasiyadan keçirilərək ona təqdim olunmuş namizədlər arasından öz iradəsi ilə seçim etmək hüququ var.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir