Çin Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək avantürasına dəstək vermədi
Putin Ukraynanın hücumu öncəsi eskalasiyanı artıraraq ABŞ respublikaçılarının radikal sağçı qanadı başda olmaqla, Qərbdəki analoji çevrələrin “Ukraynaya hərbi yardımları davam etdirmək bizi nüvə müharibəsinə aparır, bunu dayandırmaq lazımdır” təbliğatına güc qazandırmaq istəyir. Trampla virtual paslaşmaları davam etdirir.
Çin isə Orta Şərqdə həyata keçirdiyi sülhyaratma missiyasının uğur qazandığı və Ukrayna ilə bağlı da sülh təşəbbüsü ilə çıxış etdiyi bir zamanda Rusiyanın gərginliyi daha da yüksəltməsində, hələ üstəlik, dünyanı nüvə müharibəsinin astanasına gətirməsində maraqlı deyil. Çin qarşılıqlı güzəştlərlə Rusiya ilə Ukrayna arasında anlaşma əldə olunması və müharibənin dayandırılmasının tərəfdarıdır.
Lakin bu, hazırkı mərhələdə real deyil.
Putin Ukraynada müharibəyə başlayarkən qısa müddətdə öz məqsədinə çatıb, ABŞ və Çinlə bərabərhüquqlu, eyni çəkili güc mərkəzi qismində qlobal geosiyasətdə yer almaq niyyətində idi. Belə görünür ki, hələ də bu illüziya ilə yaşamağa davam edir.
Müharibəni dayandırmaq bahar/yay mövsümü üçün strateji hücum əməliyyatı planlaşdıran Ukraynaya da lazım deyil. “Dananın quyruğu” bu il qopacaq…
Shahin Caferli