KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Çin Moskova’da Japonya Kiev’de

Shahin Caferli: Çin Moskova’da Japonya Kiev’de

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
186 0

Dünən Çin liderinin hələ Moskvada olduğu vaxtda Yaponiyanın baş naziri Kiyevə səfər etdi.

Bu 2 böyük dövlət (Çin və Yaponiya) Asiya-Sakit okean (yaxud Hind-Sakit okean) regionunda strateji rəqibdir. Rusiya ilə Yaponiya arasında isə 2-ci Dünya müharibəsindən bəri hələ də sülh müqaviləsi imzalanmayıb. Yaponiyanın həm Çin, həm də Rusiya ilə ərazi mübahisələri var.

Ukrayna müharibəsi təkcə Avropada deyil, ümumən qlobal səviyyədə təhlükəsizlik şəraitinə ciddi təsir göstərən, dövlətləri öz müdafiə, təhlükəsizlik konsepsiyalarına yenidən baxmağa vadar edən kontinental savaşdır. Yaponiya hökuməti də ötən ilin dekabrında özünün Milli təhlükəsizlik strategiyasını, Milli müdafiə strategiyasını və Müdafiənin inkişafı proqramını yeniləyib.

Yeni təhlükəsizlik strategiyasında Çin “ən böyük strateji təhdid” (sənəddə təhdid yerinə diplomatik tərzdə “challenge” ifadəsindən istifadə olunub), Rusiya “təhlükəsizlik baxımından narahatlıq doğuran ölkə” adlandırılır, cari mərhələnin ən ciddi təhdidi olaraq isə Şimali Koreya göstərilib. Dəniz sərhədlərində onun təhlükəsizliyinə birbaşa və ya potensial təhlükə mənbəyi kimi qiymətləndirdiyi 3 nüvə dövlətinin olması Yaponiya üçün risklərin nə dərəcədə ciddi olduğunu anlamaq üçün yetərlidir. Bu səbəbdən ABŞ-la hərbi əməkdaşlıq daha da dərinləşdirilir və onun nüvə çətirinə böyük ehtiyac var. Lakin Yaponiya öz təhlükəsizliyini tamamilə ABŞ-a həvalə edib, arxayınlaşa bilməz. Ona görə də Tokio yaxın 5 ildə müdafiə xərclərini artıraraq NATO ölkələri kimi ÜDM-in 2%-i həcminə çatdırmağa, 2027-ci ilə qədər bu sahəyə 320 milyard dollar xərcləməyə (bu məbləğ arta da bilər) qərar verib. Yaponiya bununla ABŞ və Çindən sonra ən böyük hərbi büdcəyə malik 3-cü dövlət olacaq. ABŞ-dan 105 ədəd F-35 sifariş edən Yaponiya bu ölkədən “Tomahawk” raketləri də almağa, öz donanmasını, pilotsuz aviasiyasını gücləndirməyə hazırlaşır.

Güründüyü kimi, təkrar militaristləşməyə başlayan bir Yaponiya dövləti var, halbuki ölkə 2-cü Dünya müharibəsindən sonra pasifist Konstitusiya qəbul edib. Orada bildirilir ki, Yaponiya suveren dövlətlərin hüququ kimi müharibədən, eləcə də beynəlxalq mübahisələrin həlli üsulu kimi güc tətbiqindən və ya güc hədəsindən daimi olaraq imtina edir. Konstitusiyaya əsasən Yaponiya bir müharibə aləti kimi ordu (quru, hava, dəniz qüvvələri və s.) yaratmayacaq. Bu səbəbdən Yaponiya dövləti yalnız “Özünümüdafiə Qüvvələri”nə (Jieitai) sahibdir. Yaponiya silahlanma siyasətini də məhz Konstitusiyada təsbit olunmuş özünümüdafiə hüququ ilə izah edir, lakin aydındır ki, burada söz oyunu var və “özünümüdafiə” anlayışının çərçivəsi xeyli genişləndirilir: hətta o səviyyəyə qədər ki, yeni müdafiə strategiyasında ölkəyə təhlükə yaranacağı halda, Yaponiyanın düşmən ərazisinə zərbələr endirmək hüququnu özündə saxladığı qeyd olunub.

Yaponiya və Çin arasında Şərqi Çin dənizində, Tayvanın çox yaxınlığında yerləşən Senkaku arxipelaqı (kiçik adalar qrupu) üstündə ərazi mübahisəsi var. Bir həftə əvvəl Yaponiya hökuməti Çinin hərbi aktivliyindən narahat olaraq Senkaku və Tayvan yaxınlığında yerləşən İsiqaki adasında hərbi qüvvə yerləşdirib. Tayvanın Çin tərəfindən ələ keçirilməsi ehtimalını Yaponiya öz milli təhlükəsizliyi üçün ekzistensial təhdid hesab edir və bu halda ABŞ-la birlikdə Tayvanı qoruyacağını bildirir. (Baş nazirin müavini Taro Asonun bu barədə açıqlaması var.) Çünki əvvəla, Tayvan Yaponiyanın əsas çip tədarükçüsüdür; ikincisi, Şərqi Çin dənizinin o hissəsi mühüm dəniz marşrutudur və Yaponiyaya neft daşıyan tankerlər də oradan keçir; üçüncüsü, Çin Tayvanı nəzarətə götürsə, Senkakunu da müdafiə etmək çətinləşəcək və ümumən Sakit okeanın qərbində Çinin dominantlığı yaranacaq, bu isə Yaponiyanın maraqları baxımından yolverilməz ssenaridir. Rusiya Ukraynada qalib gələrsə, bunun Çini Tayvan məsələsində həvəsləndirəcəyini düşünən Tokio bu səbəbdən Ukraynanın yanında yer alıb.

Eyni zamanda, Ukrayna müharibəsinin gedişatı, Rusiyanın orada məqsədlərinə çatmayacağı və məğlub edilməsinin mümkünlüyü göründükdən sonra Yaponiyanın öz Şimal ərazilərini (Kuril adaları) geri qaytarması ehtimalı da ortaya çıxıb. Zəifləyən Rusiya Yaponiyanın maraqları baxımından uyğundur. Yaponiya Ukraynaya hələ ki silah-sursat yardımı göndərmir, lakin ciddi maddi yardımlar edir. Məsələn, ötən ay baş nazir Fumio Kişida Ukraynaya 5,5 milyard dollar yardım ayıracaqlarını açıqlayıb. Moskva da Tokionun siyasətini diqqətlə izləyir və dünən F.Kişida Ukraynaya ayaq basarkən Yapon dənizi üzərində (beynəlxalq hava məkanında) Rusiya hərbi təyyarələri 7 saat uçuş keçirdi.

Yaponiya hökumət başçısı Ukraynaya Hindistandan gəlmişdi. Geniş Hind-Sakit okean regionunda bu 2 dövlətin təhlükəsizlik maraqları üst-üstə düşür. Yaponiya və Hindistan bölgədəki anqlo-sakson hərbi ittifaqına (AUKUS) daxil olmasalar da, Çin məsələsi üzrə QUAD təhlükəsizlik dialoqu çərçivəsində ABŞ və Avstraliya ilə məşvərət aparırlar.

Shahin Caferli


İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir