Varmı müxalifət, vətəndaş cəmiyyəti?
Azərbaycan respublikaçılıq tarixində özününün ən repressiv dövrünü yaşayır. Ölkədə nəinki ictimai-siyasi fəaliyyətlə məşğul olanların, heç kimin rahat nəfəs almaq imkanı yoxdur. Hakimiyyət “uçan-qaçan” hər şeyi və tənqidi mövqedə olan hər kəsi nəzarətdə saxlamağa çalışır, bu alınmayanda türmədə və ya təzyiq altında saxlamağa üstünlük verir. Həbslər, polis təzyiqləri, xüsusi xidmətlə əməkdaşlığa cəlb etmə cəhdləri dayanmır ki, dayanmır. Kimlər bu çarpaz atəşin altındadırlar? Demək olar ki, hamımız. Hökumət ictimai-siyasi müstəvidə fəaliyyət göstərən hər kəsə bir gözlə baxır və zaman-zaman kimlərisə birgözlü təcridxana kameralarına doldurur. Təəssüf ki, belə gərgin bir vaxtda lazımsız, heç bir faydası olmayan polemikalara rast gəlirik. Məsələn, “Azərbaycanda müxalifət yoxdur”, “Azərbaycanda vətəndaş cəmiyyəti yoxur” kimi qarşılıqlı ittihamlar səsləndirilir. Bu polemika hər ikisini zəiflətməyə və yox etməyə çalışan hakimiyyət üçün çox faydalı, müxalifət və QHT sektoru üçünsə son dərəcə zərərlidir.
Müxalifət varmı?
Əlbəttə, Azərbaycanda müxalifət var. Bunu Əliyev rejiminin zindanlarındakı vəziyyətdən də görə bilirik. Əlbəttə, partiya olmaq, möhürü olmaq, özünü müxalifət elan etmək də bir kriteriya ola bilər. Amma indiki dövrdə bunlar kifayət etmir. Diktaturanın zindanlarından boylanmayan təşkilat özünə nə deyir-desin, xalq və ictimaiyyət ona müxalifət demir. Düz də edir. Çünki bu rejimdə həm müxalfətdə olub, həm də şad-xürrəm olmaq mümkün deyil. Ən azı indiki şərtlər davam etdikcə.
Vətəndaş cəmiyyəti varmı?
Necə deyək ki, yoxdur. Var. Özü də soraqları eyni zindanlardan gəlir. Kimdir vətəndaş cəmiyyəti? Hakimiyyətdən dəstək almadan ictimai işlə məşğul olan; hakimiyyətin deyil, toplumun maraqlarını qoruyan, cəmiyyətin müxtəlif maraq quruplarını təmsil edən insanlar. Jurnalistlər, bloggerlər, icma təşəbbüskarları və sairə. Bu adamlar yoxdurmu Azərbaycanda? Yenə deyirik – əlbəttə, var. Bu kateqoriyadan olan bəziləri tamamən hökumətin qanadı altına keçibsə, bu o demək deyil ki, Vətəndaş Cəmiyyəti yoxdur.
Bəs nə yoxdur?
Azərbaycanda həqiqi siyasət yoxdur. Olsaydı, bilinərdi ki, kim harda olmalıdır və nədən danışmalıdır. Kimin nədən danışmağa haqqı var və ya yoxdur. Cəmiyyət legitimlik vermədiyi adamlar vasitəsiylə qarşıdurmaya sürüklənirsə, bu siyasətin olmadığındandır. Siaysətin olmaması isə hökumətin marağındadır. Əks halda hökumət çətin ki, bulanıq suda balıq tuta bilərdi. Regionda baş verən gərgin proseslərin fonunda cəmiyyətin daxilində parçalanma yaradacaq hər hansı polemikaya yol açmaq gələcəkdə baş verməsi arzulanan, gözlənilən təmərküzləşməni əngəlləməkdən başqa heç nəyə xidmət etmir. Bunu nəzərə almayanlar da.
Seymur Hezi
Seymur Hezi: müxalifət vətəndaş cəmiyyəti
121 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.