KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Həzi: Rusya’dan “getmirik” bəyanatı

Seymur Həzi: Rusya’dan “getmirik” bəyanatı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
142 0

“Rusiya Qarabağdan getmək istəmir” bəyanatı hələ ki, heç kimi narahat etməyib. Hökumət susur. XİN susur. Özünü çoxdan Zaxarovanın işçisi kimi aparan PA-xarici siyasət şöbəsinin müdiri isə gözə görünmür. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, baxmayaraq ki, erməni sakinlərin çoxu könüllü şəkildə oranı tərk ediblər, amma inanıram ki, bizim işimiz hələ bitməyib. O, iki ölkə arasıda sərhədlərin bölünməsi, nişanlanması və tərəflər arasında münasibətlərin qrulmasında rol oynayacaqlarını deyib. O həmçinin qeyd edib ki, Rusiya sülhməramlıları Azərbaycan tərəfi və Qarabağın erməni icması arasında əlaqələrin qurulmasında iştirak edir. Arxasınca da deyib ki, Zəngəzur dəhlizi məsələsində də maraqlıyıq və ümid edirik ki, MDB XİN başçılarının Bişkekdə keçiriləcək zirvə toplantısında məsələ müzakirə olunacaq. O Azərbaycan tərəfinin bu məsələdə prinsipial razılıq verdiyini desə də, Ermınistandan hələ səs çıxmadığını da vurğulayıb. Keçək əsas məsələyə.

Bitməyən iş hansıdır?

Görünən odur ki, Rusiya “Qarabağ” kartının əldən çıxdığını görüb, yeni oyun təşkil etmək istəyir. Qaluzin demək istəyir ki, yox, elə əslində birbaşa deyir ki, biz burada təkcə sülhməramlı deyilik. Həm də regional məsələləri, eyni zamanda iki ölkə arasındakı münasibətləri, hətta Ermənistan Türkiyə münasibətlərini tənzimləmək üçün varıq. Düzdü, bu dəfə Kreml təmsilçisi heç kimi hədələmir, əksinə Ermənistanın nəqliyyat qovşağı olmaq perespektivindən də danışır. Amma özünü baş rolda təqdim etməkdən də çəkinmir. Yəni, Moskva hələ uzun zaman buralarda dirəniş göstərəcəyinin bəyanatını verir.

Rusiyanın “sülhü”nü kim tanıyacaq?

Burada başqa bir mühüm məsələ də odur ki, Rusiya beynəlxalq birliyin hədəfində olan bir ölkə kimi dünyada etibarlı qarşılanacaq hansı sülhə nail ola bilər. Bu sülh ümumiyyətlə olacaqmı və olsa, onu kimlər tanıyacaq? Rusiya bir format təqdim edəcəkmi, yoxsa Brüssel formatındakı şərtlər təmin olunacaq? Göründüyü kimi, Moskva yenidən bölgədə daha bir məxməri yara açmaq fikrindədir. Aydın görünür ki, Qarabağda azərbaycanlılar və ermənilər arasında işi qalmadığı üçün Kreml Azərbaycan və Ermənistan arasında mövqelənmək istəyir. Yeri gəlmişkən, Putin əksər çıxışında xüsusilə qeyd edir ki, bu ərazi münaqişəsi deyil, milli davadır və Sumqayıt hadisələri ilə başlayıb. Putinin münaqişənin tarixini saxtalaşdırması öz yerində, amma onun niyyəti açıq görünür. Boz çar bu münaqişəni qanı qurumayan “xoruz döyüşü”nə çevirmək və özü qazanmaq istəyir.

Tələdən necə çıxmalı?

Azərbaycan hökumətinin niyyəti olsa, bu məsələnin çözüm yolu təbii ki, Vaşinqton və Brüssellə işləməkdir. Amma rejimin siyasi maraqları da buna cavab vermir. Bir məsələyə də diqqət yetirmək lazımdır ki, bu açıqlamalar Yaxın Şərqdə baş verən qanlı toqquşmaların fonunda çox arxayınlıqla verilir. Qərbin başının iki cəbhədə- Ukrayna və Yaxın Şərqdə qarışıq olmasından istifadə etdikləri açıq görünür. Bizə isə hələ ki, Bişkekdə nəyin, kiminlə və necə müzakirə olunacağını gözləmək qalır.
Seymur Həzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir