Ruben Vardanyan və Arayik Arutyunyan Moskvaya gedəndə Azərbaycanda bəziləri onların qaçdığını bəyan etdilər. Hətta bəziləri iddia etdilər ki, Ruben Rusiya sülhməramlılarının maşınlarında, cır-cındır paltarda gizlin qaçıb. Bunu o adamlar deyirdi ki, ekofəalların bağladığı yolun alternativi olması barədə şərhlər verirdilər. Günlərlə “Vardanyan qaçdı” xəbərləri tirajlandı. Cəmiyyət buna inandırıldı. Hesab edirəm ki, buna cəmiyyətin sadəlövh kəsimi inanırdı. Azdan-çoxdan Rusiyanı tanıyan, onun dəsti-xəttinə bələd olanlar bu “qaçış”a inanmadılar. Ruben Xankəndiyə qayıtdı. İndi neçə vaxtdır “qaçış” xəbərlərinə və şərhlərinə inanlar sual edirlər ki, nə oldu, bəs qaçmışdı? Suala məntiqi cavabları, əlbəttə ki, olmayacaq. Cavab xətrinə “informasiya müharibəsi” adı qoyacaqlar. Öz ölkəsində ciddiyə alınmayan adamların dedikləri qarşı tərəfə necə təsir edə bilər? Azərbaycanda bəzilərini kimsə çox pis aldadıb ki, sizi Qarabağdakı separatçı rejim, oradakı ermənilər ciddiyə alırlar. Biz burada necə ermənilər içərisində kimləri ciddiyə almaq lazımdır, kimlər qeyri-ciddidir bilirksə, onlar da bizi bilir.
Əminəm ki, dünən “qaçdı” deyənlər indi də “antiterror keçirmək lazımdır”dan yapışacaqlar. Aşığın sözü qurtaranda “daley, daley ” elədiyi kimi…
Müharibə bitəndən sonra dəfələrlə yazmışdım ki, Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq istəyir. Buyurun, hazırda Qarabağ məsələsi Rusiya və Azərbaycanın həll etməli olduğu məsələdir.
Ermənistan son dərəcə riskli davranışlar edir. Sanki bütün var-yoxunu qumara qoyub. Bir yandan ölkəsində Rusiya hərbi bazası var, digər yandan isə Fransa jandarmlarını ölkəyə buraxır. Bu, Rusiya üçün nə qədər arzuolunmazdırsa, Fransa üçün də o qədər arzuolunan bir şey idi. Türkiyə necə bir əsr sonra monitorinq mərkəzi adı altında Cənubi Qafqaza girməyini rəsmiləşdirdisə, Fransa da onun kimi. Burada adlara və saylara baxmaq lazım deyil. Rusiya sülhməramlılarının sayı iki min nəfərə yaxın olduğu üçün təhlükəlidir deyilmir. 2 nəfər də olsa, eyni mahiyyəti daşıyır.
Regionda vəziyyət müharibədən əvvəlkindən qat-qat daha mürəkkəb və ağırdır. Ukrayna-Rusiya müharibəsi üzərindən böyük güclərin savaşı Cənubi Qafqaza transfer olunur. Regionun bu qədər militarlaşması hər an alovlanmaya gətirib çıxara bilər.
Sexavet Memmed