KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Samir Hümbətov: Regionun və dünyanın gələcəyini nə gözləyir?

Samir Hümbətov: Regionun və dünyanın gələcəyini nə gözləyir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
362 0

ABŞ tərəfindən Rusiyanın 17 hissəyə parçalanmasını əks etdirən xəritənin yayılması və ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri Nikol Paşinyanla, Rusiya prezidenti Vladimir Putinlə və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparması, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığı ilə bağlı suallara aydınlıq gətirərək bəzi müsbət mesajlar verməsi, fikrimcə, xüsusilə indiki məqamda çox vacib hesab edilə bilər.
Prosesləri diqqətlə izlədikdə və hadisələri doğru şəkildə təhlil etdikdə görmək olar ki, ABŞ və Böyük Britaniya başda olmaqla ümumilikdə Qərbin əsas hədəfi yenidən dizayn edilən dünya siyasi sistemində Rusiyanın əsas aktor olaraq tamamilə aradan götrülməsinə hesablanıb. Digər tərəfdən yaranmış əlverişli şəraitdən istifadə etməklə Türkiyənin hədəfinin Rusiyadan sonra yaranması gözlənilən boşluğun doldurulmasıdır. Məhz buna görə də son zamanlar Türkiyənin Ermənistanla danışıqlar prosesini intensivləştirmək cəhdləri hiss edilməkdədir. Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gələcəkdə tərəflər arasında danışıqların üçüncü ölkə(lər)də deyil, məhz Türkiyə və Ermənistanda aparılmasına müsbət yanaşıldığını bildirməsi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri ilə ardıcıl şəkildə telefon danışıqları aparması ondan xəbər verir ki, deməli Türkiyə təkcə Yaxın Şərqdə yaxud Şimali Afrikada deyil, eyni zamanda Cənubi Qafqazda, Qara dənizdə, Balkanlarda, Mərkəzi Asyada da ciddi rəqabət vəziyyətindədirlər. Türkiyənin dünyanın mövcud şərtlərini nəzərə almaqla Ukrayna məsələsində tam dövlət maraqlarına uyğun addım atması yaranmış şəraitdən ustalıqla yararlanmağı bacarmasının göstəricisidir. Təbii ki, Türkiyənin atdığı bu addımlar Rusiyanın heç də ürəyincə olmaması hər vəziyyətdə hiss edilməkdədir, amma mövcud şərtlər onu vadar edir ki, bəzi məsələlərdə Türkiyənin addımlarına tolerant yanaşsın və vəziyyətin daha da ağırlaşmasına imkan verməsin.
5 aya yaxındır sanksiyalarla qarşı-qarşıya qalan və iqtisadiyyatının ən çətin dövrlərini yaşayan Rusiya üçün tək təhlükənin Qərb olmadığı bəzi proseslərdən aydın olmaqdadır. Bu ilin aprel ayının sonu, may ayının əvvəllərində Çinin dövlət televizyası CCTV tərəfindən Rusiyanın bölünmüş xəritəsinin yayımlanması və Rusiya ərazilərinin böyük hissəsinin Çinin nəzarətinə düşməsi əks etdirilmişdir. Əlbəttə ki, Çinin dövlət televizyası CCTV tərəfindən yayımlanmış bu xəritə heç də Rusiya-Çin əməkdaşlığına uyğun gəlmir. Eyni zamanda bu addım onu göstərir ki, hətta uzun illərdir müttəfiqlik münasibətləri qurmuş dövlətlər kimi Çin və Rusiya arasında da gərginlik mövcuddur.
Ona görə də Rusiya Türkiyə ilə münasibətləri normal saxlamaqla balans formalaşdırmağa çalışır. Məhz bu səbəbdən həm Rusiya-Ukrayna danışıqlarında da, həm regional məsələlərdə Ukrayna kimi Rusiya da Türkiyənin danışıqlar prosesinə tövhə verməsinə imkan yaratmağa çalışır.
Burada digər sual ortaya çıxır; Qərb ölkələri və Çin niyə Rusiyanın parçalanmasını istəyirlər?
Qərb ölkələri həm zəngin yeraltı və yerüstü sərvətlərinə görə, həm də Rusiya parçalanarsa Çinə qonşu bölgədə bir neçə dövlətin yaranması baş verəcək ki, bu da Çini çevrələmə siyasətinə imkan yaradacaq. Rusiyanın parçalanmasında Çinin maraqlı tərəfləri isə həm geniş Rusiya ərazilərini ələ keçirtmək, həm zəngin təbii sərvətlərindən istifadə etmək, həm də Şimal qütbünə yol açmaqdır.
Nəzərə alsaq ki, hər iki tərəfin əsas məqsədi Rusiyanı parçalamaqdır, o zaman Rusiya üçün ciddi təhdidin qarşıda olduğunu demək mümkündür.
Əlbəttə onu da qeyd etmək lazımdır ki, Rusiya və Çin bəzi regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşəkilatı Təhlükəsizlik Şurasının daimi üzvlüyündə birgə fəaliyyət göstərirlər. Onu da yaddan çıxartmaq lazım deyil ki, hazırki vəziyyətdə Rusiya dünyada ən çox nüvə başlığı olan ölkələrdəndir və zaman-zaman Kreml adminstrasiyası dövlətə qarşı təhdid yaranarsa ondan istifadəni istisna etmədiklərini bildirirlər.
Bir neçə müddət öncə Madriddə keçrilən NATO sammitində qəbul olunmuş növbəti 10 ili əhatə edən strateji sənəddə Rusiyanın ciddi təhdid kimi göstərilməsi də qarşıda bizə yeni gərgin proseslərin olacağını deməyə əsas verir.
Samir Hümbətov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir