Ermənistan hökuməti 2025-ci ilə xarici siyasət sahəsində strateji xarakterli qərarların qəbulu ilə başladı. Yeni ilin ilk ayında, cəmi bir həftə ərzində, Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsi hökumət tərəfindən təsdiqlənərək parlamentə göndərildi və ABŞ-la strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. Bu addımlar baş nazir Nikol Paşinyanın öz ölkəsini Rusiyanın təsir sferasından uzaqlaşdıraraq dünyaya açmağa, Qərb dövlətləri və institutları ilə yaxınlaşmağa və inteqrasiyaya yönəlmiş vizyonunun praktik məzmun kəsb etməyə başladığını göstərir. Paşinyan hökumətinin qərarları ümumən Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirəcək mahiyyətdə olduğundan, ikinci Qarabağ müharibəsindən sonra ambisiyaları artan Azərbaycanın prosesə baxışı çox vacibdir.
Ermənistan hökuməti yanvarın 9-da Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini bəyənərək qanunverici orqana təqdim edib. Bundan əvvəl, 2024-cü il dekabrın 10-da Mərkəzi Seçki Komissiyası Aİ üzvlüyü üçün parlament debatlarının başlanması barədə petisiyaya dəstək üçün toplanmış 50 mindən çox imzanın həqiqiliyini təsdiqləyib. Bu petisiya vətəndaş təşəbbüsü çərçivəsində hazırlanaraq MSK-ya təqdim olunmuşdu. Qanun layihəsi parlamentdə qəbul edildikdən sonra Ermənistan hökuməti avrointeqrasiyanın yol xəritəsinin hazırlanmasını Avropa Komissiyası ilə müzakirə edəcək. Üzvlük barədə milli səviyyədə yekun qərar isə referendumda xalq tərəfindən verilməlidir.
Avropa İttifaqına üzvlük normal dövrdə olduqca uzunmüddətli prosesdir və təşkilatın müxtəlif sahələrdə müəyyənləşdirdiyi çoxsaylı meyarlara (Kopenhagen kriteriyaları) tam uyğunlaşmaq tələb olunur. Lakin Ukrayna müharibəsinin qitədə yaratdığı yeni geosiyasi reallıqların diktəsi ilə Aİ postsovet məkanında fəallığını artırıb və Rusiya ilə əvvəllər müşahidə olunmamış səviyyədə sərt rəqabətə girib. Aİ bürokratiyası da buna uyğun olaraq hadisələrə reaksiyasında ənənəvi inertliyi üzərindən ataraq dinamik fəaliyyətə keçib. Ukrayna, Moldova və Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi müharibədən əvvəlki dövrdə bu qədər asan mümkün olmazdı. Hazırda Gürcüstanda yaranmış problemlər fonunda Aİ Ermənistanla əlaqələri intensivləşdirmək və dərinləşdirməyə çalışmaqla Cənubi Qafqaza olan marağını bariz ortaya qoymuş olur. Aİ-dən bildirilib ki, Ermənistanla əlaqələr heç vaxt indiki qədər yaxın olmayıb və hazırlanan qanun layihəsi bu ölkənin hökuməti ilə müzakirə ediləcək. Şübhəsiz ki, 2022-ci ilin oktyabrında Azərbaycanla sərhədə monitorinq aparmaq məqsədilə Ermənistana qısamüddətli (2 aylıq), 2023-cü ilin yanvarında isə uzunmüddətli (2 illik) mülki müşahidə missiyasının göndərilməsi haqqında Aİ-nin qərarı tərəflər arasında əlaqələrin yeni səviyyəyə qalxmasından xəbər verir. Aİ müşahidə missiyasının mandatının daha 2 il uzadılması təklif edib.
Aİ ilə təhlükəsizlik sahəsində qarşılıqlı etimada əsaslanan münasibətlər quran Ermənistan hökuməti Rusiya patronajlığındakı hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub və Paşinyan bu quruma qayıtmağın mümkün olmadığını bəyan edib. Bu isə Rusiya ilə müttəfiqliyin faktiki olaraq sona yetdiyini və bu barədə müqavilə-hüquq bazasının hazırda tamamilə formal xarakter daşıdığını bir daha göstərir. Rusiya rəsmiləri Ermənistanın Aİ üzvlüyünə start verməsini Avrasiya İqtisadi İttifaqından çıxmağın da başlanğıcı kimi qiymətləndirdilər. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Avrasiya İqtisadi İttifaqını tərk etməyin Ermənistan üçün ərzaq məhsulları və enerji qiymətlərinin artımı, ixracın 70-80% azalması riski yaratdığını deyərək, bu ölkənin Aİ-yə can atmasını Titanikə bilet almağa bənzədib. Moskvadan açıq şəkildə Ermənistanın nəzərinə çatdırırlar ki, Avropa İttifaqına üzvlük yolunda irəliləyərsə, Avrasiya İttifaqı və Rusiya ilə əməkdaşlıqdan əldə etdiyi preferensiyalardan məhrum olacaq. Eyni tezisləri Rusiya ilə əlaqəli erməni iş adamları Samvel Karapetyan və Qagik Tsarukyan da təkrarlayıblar. Riskləri Ermənistan hökuməti də etiraf edib və hazırda Avrasiya İttifaqını tərk etməyi nəzərdən keçirmədiyini bəyan edib.
Lakin, aydındır ki, bu məsələdə qərarı Ermənistan deyil, ittifaqın lider dövləti olan Rusiya verəcək. Hazırda Rusiya-Moldova münasibətlərinin vəziyyətini (siyasi səviyyədə gərginlik, Qazpromun Moldovaya nəql olunan qazı kəsməsi və s.) nəzərə almaqla, ehtimal etmək olar ki, Ermənistan Aİ-yə namizəd statusu alarsa, bu halda Avrasiya İttifaqından xaric edilmək də daxil olmaqla, Rusiyanın iqtisadi sanksiyalarına məruz qala bilər. Mal, xidmətlər, kapital və işçi qüvvəsinin sərbəst hərəkətini ehtiva edən iki iqtisadi inteqrasiya məkanında eyni anda təmsil olunmağın qeyri-mümkünlüyü barədə Rusiyanın mövqeyi doğru və haqlıdır. Bu səbəbdən Ermənistan ikisindən birini seçməlidir və əslində seçib. Sadəcə olaraq, Paşinyan hökuməti üzləşəcəyi zərər və risklərin ən az olacağı dövrdə seçimini həyata keçirmək niyyətindədir, Rusiya isə ona bu komfortu bəxş etmək istəmir.
Azərbaycanın mövqeyi
Prezident İlham Əliyev Dmitri Kiselyova verdiyi müsahibəsində Ermənistanın KTMT-dən uzaqlaşaraq Fransa ilə münasibətləri fəallaşdırmasını Azərbaycana birbaşa təhlükə kimi qiymətləndirib. Əliyev ilk dəfə olaraq Ermənistanla sülh müqaviləsinin razılaşdırılmayan 2 maddəsinin nədən ibarət olduğunu açıqlayıb. Məlum olub ki, Azərbaycan başqa ölkələrin nümayəndələrinin iki ölkə sərhədində yerləşdirilməməsi barədə müddəanın sülh müqaviləsinə daxil edilməsini istəyir. “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə sərhəddə, Ermənistan tərəfdə NATO infrastrukturu yaradılıb. Bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”, – deyə Əliyev vurğulayıb. (Digər maddə qarşılıqlı beynəlxalq iddialardan imtina etməkdir).
Göründüyü kimi, Azərbaycan tərəfi Ermənistandakı Qərb müşahidəçilərini NATO infrastrukturu hesab edir. Bunun nə qədər doğru qiymətləndirmə olduğu bir yana qalsın, ən diqqət çəkən məqam ondan ibarətdir ki, Bakı rəsmi səviyyədə ilk dəfədir, NATO-nu təhlükə saydığını bildirir. Halbuki Azərbaycanın müttəfiqi Türkiyə NATO-nun üzvüdür və bu hərbi-siyasi blokda bütün qərarlar konsensus prinsipi ilə qəbul olunur. Ankaranın veto hüququ var və onun razılığı olmadan NATO-da Azərbaycana qarşı hər hansı qərarın qəbulu ehtimalı yoxdur. Azərbaycan özü müxtəlif proqramlar çərçivəsində uzun illərdir ki, NATO ilə əməkdaşlıq edir və bu təşkilatın sülhməramlı missiyalarında iştirak edib. Nə vaxtdan və hansı səbəbdən bu ittifaqın Azərbaycan üçün təhlükəyə çevrildiyini anlamaq çətindir.
Digər tərəfdən, “sərhədlərimizdə NATO infrastrukturu istəmirik” cümləsini biz indiyədək Rusiya rəhbərliyinin, rusiyalı sözçülərin dilindən eşitmişik və eşitməyə davam edirik. Bu mantranın Azərbaycanın rəsmi ritorikasında peyda olması, ola bilər ki, Rusiya ilə müttəfiqlik əlaqələri qurulmasının nəticəsidir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 4-cü maddəsində Rusiya və Azərbaycanın aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutması; 5-ci maddəsində Qafqaz və Xəzər regionlarında qarşılıqlı fəaliyyət göstərməsi; 7-ci maddəsində isə tərəflərin iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsi barədə öhdəliklər əks olunub. Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında yanlışlıqla vurulmasından sonra Bakıda səslənən sərt bəyanatlara baxmayaraq, münasibətlərin hazırkı səviyyəsi qeyd edilən müddəalarda cızılan çərçivəyə, hələ ki, uyğun gəlir. Azərbaycan Rusiyanın diktəsi ilə hərəkət etmir, sadəcə olaraq, maraqlar üst-üstə düşür. Əliyevin rusiyalı jurnalistə söylədiyi “bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür” cümləsi bunun təsdiqidir.
Azərbaycan telekanallarına müsahibəsində isə Əliyev Ermənistanın qarşısında sülh müqaviləsindən kənar, ağır şərtlər irəli sürüb və çox sərt mövqe ortaya qoyub. O bildirib ki, Ermənistan silahlanmanı dərhal dayandırmalı, bu barədə Fransa və digər ölkələrlə imzalanmış kontraktlara xitam verməli, qəbul etdiyi silahları geri qaytarmalıdır, əks halda, Azərbaycan buna müşahidəçi kimi tamaşa etməyəcək. Əliyev əlavə edib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə olmamalıdır, bu səbəblə Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. O, Ermənistanı bölgə üçün təhdid mənbəyi olan faşist dövlət adlandıraraq deyib ki, bu faşizmi ya Ermənistan rəhbərliyi məhv etməlidir, ya da Azərbaycan məhv edəcək. Azərbaycanın Cənubi Qafqazın lideri olduğunu bəyan edən Əliyev güc tətbiq edə biləcəyinə də eyham vurub: “Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik. Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın.”
Azərbaycanın regionun lider dövləti olması hakimiyyətin rəsmi təbliğatında hər zaman əsas tezis kimi yer alıb, lakin bu dəfə məsələ təbliğatla məhdudlaşmır. Əliyev nəzərə çatdırır ki, Cənubi Qafqazda söz sahibi Azərbaycandır və istər Ermənistan, istərsə Gürcüstanda öz maraqlarına zidd saydığı məsələlərə müdaxilə edə bilər. Məsələn, o qeyd edir ki, Fransa Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməməlidir. İranın ünvanına da tənqidlərin səsləndiyi bu müsahibədən bir gün sonra Əliyev İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edərkən bildirib ki, regiondan kənar qüvvələrin regiona cəlb edilməsi qəbuledilməzdir. Regiondan kənar qüvvələr deyərkən ABŞ və Aİ ölkələrinin nəzərdə tutulduğu aydındır. Azərbaycan regional əməkdaşlıq məsələlərinin müzakirəsi və həlli məqsədilə 3+3 əməkdaşlıq formatı təşəbbüsünü irəli sürüb. Bu formata üç Cənubi Qafqaz ölkəsi və qonşu dövlətlər – Rusiya, İran və Türkiyə aiddir. Gürcüstan Rusiya ilə arasındakı problemlər səbəbi ilə, hələ ki, bu formatda iştirak etmir. Kiselyova müsahibəsində Gürcüstandakı hadisələri şərh edərkən Əliyev bunu Qafqaz uğrunda döyüş kimi qiymətləndirib: “Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq.”Əliyevin“biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun” sözləri deməyə əsas verir ki, Bakı Gürcüstan hökumətinə necəsə dəstək verir. Azərbaycan hakimiyyəti Gürcüstandakı seçki kampaniyası dövründə də Gürcü Arzusuna dəstəyini gizlətməyə ehtiyac duymamışdı.
Ermənistanın ABŞ-la imzaladığı strateji tərəfdaşlıq sənədinə Bakının necə baxdığına gəldikdə isə bunu hakimiyyətə yaxın mediadakı yazılarda aydın görmək mümkündür. Həmin yazılarda 3 başlıca tezis nəzərə çarpır. Əvvəla, bu strateji tərəfdaşlıq Ermənistanın Rusiyaya xəyanəti kimi qiymətləndirilir, həmçinin İranın maraqlarına qarşı yönəldiyi vurğulanır. Yazılarda hər iki dövlət Ermənistana qarşı tədbir görməyə çağırılır, Moskva və Tehranın bu tərəfdaşlıq sənədinə passiv reaksiyası tənqid edilir. İkincisi, Ermənistanın ABŞ-ın əlində alətə çevrildiyi və bundan zərər görəcəyi qeyd olunur. Üçüncüsü, belə bir ümid ifadə edilir ki, imzalanmış sənəd və ABŞ-Ermənistan yaxınlaşması Bayden administrasiyasının mövqeyidir və Tramp dövründə Vaşinqtonun regional siyasəti dəyişikliyə məruz qalacaq. Xarici İşlər naziri Ceyhun Bayramov da respublikaçıların qarşıdakı 4 illik hakimiyyəti dövründə ABŞ-dan fərqli yanaşma, Azərbaycanla ABŞ arasında qarşılıqlı maraqlar əsasında formalaşmış münasibət görəcəklərini inamla vurğulayıb.
Nəticə
Əliyevin açıqlamalarının xülasəsi budur ki, Azərbaycan Aİ müşahidə missiyasının Ermənistanı tərk etməsini; Qərb dövlətləri ilə Ermənistan arasında silahlanmanı əhatə edən hərbi əməkdaşlığın dayandırılmasını; Aİ-nin Sülh Fondundan Ermənistana maliyyə ayrılmasına son qoyulmasını; regiondan kənar güclərin – Aİ və ABŞ-ın Cənubi Qafqazdakı məsələlərə qarışmamasını tələb edir. Ermənistanın Rusiya liderliyindəki təhlükəsizlik strukturu və məkanından uzaqlaşaraq Fransa və Aİ ilə hərbi sahədə əməkdaşlığa başlaması birbaşa təhlükə hesab olunur. Gürcüstanda avrointeqrasiyanı təxirə salmış (faktiki, dayandırmış) hökumətlə avrointeqrasiya tərəfdarları arasındakı gərginlik Bakı tərəfindən təkcə bu ölkə ilə məhdudlaşmayan, bütün region uğrunda döyüş kimi qəbul olunur. Bu döyüşdə Azərbaycan rəhbərliyi Gürcü Arzusunun tərəfində yer alıb.
Azərbaycan Ermənistanda Rusiyanın boşluğunu Qərbin doldurmasının əleyhinədir. Gürcüstanın isə avrointeqrasiyadan imtina edərək Qərbdən uzaqlaşması – hansı ki bu, əvvəl-axır Rusiya ilə yaxınlaşma ilə nəticələnəcək – Azərbaycan tərəfindən dəstəklənir. Bakı hesab edir ki, Cənubi Qafqazdakı problemlər və regional əməkdaşlıq məsələləri yalnız 3+3 tərəfdaşlıq formatı çərçivəsində həll olunmalıdır. Aİ və ABŞ-ın geosiyasi oyunçu kimi bölgəyə müdaxiləsinə və Cənubi Qafqazı öz təsir sferasına daxil etməsinə qarşı çıxan Azərbaycan hakimiyyəti Qərb dövlətləri və institutlarını yalnız iqtisadi, ticarət, texnologiya, tranzit-logistika kimi sahələrdə tərəfdaş qismində görmək istəyir.