KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Şahin Caferli: ABŞ və NATO Rusiyanın tələblərini rədd etdi

Şahin Caferli: ABŞ və NATO Rusiyanın tələblərini rədd etdi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
297 0

NATO-nun şərq cinahının gücləndirilməsi, buraya əlavə qüvvələr (əsgər, hərbi aviasiya və hərbi gəmilər) göndərilməsi qərara alınıb.

Putinin şantajına boyun əyilməməsi yaxşıdır, amma Ukraynanın taleyi ilə bağlı suallar var. Rusiya ilə həmsərhəd Baltik ölkələri NATO üzvü olduğu üçün şanslıdır, Ukraynanın təhlükəsizliyinə isə hər hansı təminat yoxdur – rus ayısının ehtimal olunan yeni hücumundan o, təkbaşına müdafiə olunmalıdır. Putin ultimativ tələblər irəli sürməklə “stavkanı” o qədər yüksəltdi ki, indi heç nə əldə etmədən geri çəkilməsi mümkün görünmür, çünki bu, daxildə və xaricdə çox ağır reputasiya itkisi ilə nəticələnər. Bu məqamı ötən həftə şüurlu, ya təsadüfən Bayden də vurğuladı.

Bu krizislə bağlı şəxsən məndə komplo teorisinə oxşar belə bir fikir yaranıb ki, ABŞ və Britaniya sanki Rusiyanın Ukraynaya hərbi müdaxiləsində maraqlı görünürlər. Burada bir tərəfdən Rusiyanın Ukraynada daha böyük bataqlığa saplanması və bununla ona qarşı indiyəqədərki psevdo sanksiyalardan fərqli, həqiqi və ağır sanksiyaların tətbiqinə əsas yaranması; digər tərəfdən isə qitə Avropasının (Fransa, Almaniya) bu məsələdə anqlo-saksonlarla bərabər hərəkət etməyə vadar olunması və onların Moskva ilə strateji tərəfdaşlığının baltalanaraq son illər çat vermiş transatlantik birliyin yenidən təmin olunması məqsədi güdülə bilər. Yəni “Avropanın strateji muxariyyəti” ideyasını irəlilətmək istəyən, bu məsələdə Rusiyanı mühüm ortaq kimi görən Almaniya və Fransanı bu separatist siyasətdən uzaqlaşdırmaq cəhdi hiss olunur. Fransa prezidentliyinə namizəd Erik Zennur dünən bildirib ki, “ABŞ-ın məqsədi Avropanı Rusiyaya qarşı qoymaqdır, biz Vaşinqtonun aləti olmamalıyıq”. (Bu mövzunu sonuncu TV proqramımızda müzakirə etmişik, şərh hissəsinə əlavə edirəm, istəyən baxa bilər.)

Berlin və Paris Ukraynaya silah verməkdən imtinalarını, kimsə inanmasa da, “pasifist”, “antimilitarist” səbəblərlə əsaslandıra bilərlər, amma açıq hərbi işğala başlayan Rusiyanın yanında dura bilməyəcəklər və bu məsələdə ABŞ-la bərabər hərəkət etməyə məcbur qalacaqlar. (Yeri gəlmişkən, Türkiyə də bu halda çətin seçimlə üzləşə bilər.) Hazırda Şərqi Avropaya yeni qüvvələr göndərilməsində Fransa da iştirak edir, “pul kisəsi” Almaniya olan Avropa Birliyi isə Ukraynaya 1,2 milyard avro təxirəsalınmaz maliyyə yardımı ayırdığını bəyan edib. Putinə hörmət etməyin vacibliyindən danışan Almaniya hərbi donanmasının komandanı istefaya göndərilib.

Rusiya əgər Ukraynaya qarşı növbəti hərbi provokasiyaya əl atacaqsa, bunun forması və miqyası da önəmlidir. Bəlkə Putin heç amerikalıların və ingilislərin gözlədiyini etməyəcək və quru qüvvələrinin geniş hücumuna sanksiya verməyəcək. Bunun əvəzində Rusiya qanadlı raketlərlə Ukraynanın hərbi bazalarına, komanda məntəqələrinə, sursat anbarlarına uzaq məsafədən zərbələr endirə bilər, nəticədə hərbi potensialı xeyli zəifləmiş Ukrayna təslimçi sülh şərtlərini qəbul etməli olar. “Javelin”lərin, “Stinger”lərin, “Bayraktar”ların kömək edə bilməyəcəyi bu cür situasiyada anqlo-saksonlar nə edəcək və onların planı nədir? Bu ehtimala qarşı Ukraynanın hava-raket hücumundan müdafiəsinin təşkili çox yaxşı olardı, amma hələ ki real addımlar müşahidə olunmur, ABŞ Konqresində hazırlanmış Ukrayna üçün lend-liz yasasının bu sahəni əhatə edib-etmədiyi də aydın deyil. (Təbii ki, mediaya açıqlanmayan gizli qərarlar, hazırlıqlar ola bilər.)

Yanvarın 26-da Normandiya formatı ölkələri (Ukrayna, Rusiya, Fransa, Almaniya) liderlərinin müşavirlərinin görüşü olacaq, o görüşün nəticələri də hadisələrin bundan sonrakı inkişafı baxımından önəmlidir.

…Bayden “soyuq müharibə”də Qərbin qələbəsinə, Putin isə ölkəsinin məğlubiyyətinə şahidlik etmiş liderlərdir. SSRİ-nin çöküşü Putinin yaddaşında travmatik iz buraxıb və o, indi revanşa çalışır. Ukraynasız Rus imperiyası Bjezinski demişkən, yarımçıq, periferik imperiyadır. Bayden təcrübəsini və dövlətinin qüdrətini ortaya qoyub, bu şər imperiyasının yenidən bütövləşmiş halda dünya arenasına çıxmasına imkan verməməlidir.
Şahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir