KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Saatlar Ankaraya qurulur – İrəvan çıxılmazda

Saatlar Ankaraya qurulur – İrəvan çıxılmazda

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
293 0

“Türk axını” kəməri Türkiyə və Rusiyanı bir-birinə bir az da bağladı; Ankara-Moskva əməkdaşlığı Bakı-Moskva əlaqələrini də stimullaşdırır; İstanbul görüşündən verilən mühüm siqnallar; erməni mediası: “Putin və Ərdoğanın gündəmində erməni məsələsi də var…”
Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildə Türkiyəyə ilk səfəri başa çatdı. Səfərin gündəliyində əsas yeri Rusiya qazını Ukraynadan yan ötməklə Avropaya çatdıracaq “Türk axını”nın açılışı olsa da, gözlənildiyi kimi, iki lider regional təhlükəsizliklə bağlı bir sıra aktual mövzuları da diqqət mərkəzində saxladı. Fikir ayrılıqları olan mövzular üzrə təmas nöqtələrinin axtarışını davam etdirdilər.

Qeyd edək ki, Putinin təzə ildə ilk rəsmi səfərini Türkiyəyə eləməsi (Suriyadan gəlsə belə) istər Rusiyanın, istərsə də qardaş ölkənin dost-rəqiblərinə özünəməxsus mesajdır. Bu, həmçinin o anlama gəlir ki, Moskva bu il də Ankara ilə strateji əlaqələri davam etdirəcək və gücləndirəcək. “Türk axını”nın işə salınması bu mənada 2020-ci ilin ilk müjdəsi oldu.

Maraqlıdır ki, bugünlərdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan mətbuatına açıqlamasında ölkəsinin TANAP-a (Azərbaycan qazını Avropaya nəql edəcək kəmərin Türkiyədən keçən seqmenti) qoşula biləcəyini söyləmişdi. Ondan öncə isə Azərbaycan prezidenti İlham Əliyev KİV-ə verdiyi müsahibədə Azərbaycan və Rusiyanın qaz bazarında bir-birinə rəqib olmadığını, Cənub Qaz Dəhlizinin “Türk axını”na və ya əksinə, maneə yaratmadığını bildirmişdi.

*****

“Türk axını”nın işə düşməsi ilə sözsüz ki, iki supergüc – Türkiyə və Rusiya bir-birinə bir az da bağlanmış oldu. Nəzərə alsaq ki, iqtisadi bağlar həm də siyasi bağların güclənməsinə gətirir, o zaman Ankara və Moskvanın digər sahələrdə, o cümlədən konfliktli məsələlərdə ortaq mövqelər axtarıb tapmaq üçün daha əlverişli zəminin yaranacağını söyləmək olar. Söhbət təkcə Yaxın Şərqdəki (Suriya, Liviya) problemlərin yoluna qoyulması yolunda birgə əməkdaşlıqdan getmir. Bunlar öz yerində. Söhbət həm də Azərbaycanın və Ermənistanın yerləşdiyi Güney Qafqaz regionundan, burada öz həllini gözləyən problemlərdən gedir.

Buna da şübhə yox ki, Türkiyə-Rusiya ilişkilərinin dərinləşməsi sövq-təbii Azərbaycan-Rusiya əlaqələrinin dərinləşməsinə də stimul, töhfə verir. Hətta Bakı-Ankara-Moskva geosiyasi “oxu”nun (yaxud “uçbucağı”nın) yaranmasını yaxınlaşdırır. Ermənistan haqda, onun Rusiya ilə münasibətləri haqda isə bunu söyləmək mümkün deyil. Bu da məntiqlidir.

Gerçək belədir ki, artıq adiləşən Ərdoğan-Putin görüşləri, o sırada Türkiyə-Rusiya, bu fonda isə Rusiya-Azərbaycan əlaqələrinin ildən-ilə dərinləşməsi ən çox forpost ölkəni narahat edir. Putinin budəfəki Türkiyə səfəri də istisna olmadı. Erməni mediasında bu mövzuda gedən şərh və təhlillərdən belə qənaət hasil olur. Əsas narahatlıq da işğalçı ölkənin Qarabağ məsələsində nə vaxtsa Bakı-Moskva-Ankara “üçlüyü”nün həlledici söz sahibi ola biləcəyindən yanadır.

“Ərdoğan və Putin mühüm qərarlar ərəfəsindədir. Moskva və Ankara böyük qaçılmazlıq rejimindədir ki, bu da heç şübhəsiz, erməni məsələsindən yan keçməyəcək. İrəvan buna hazır olmalıdır”. “Yeni Müsavat” xəbər verir ki, bu fikri 1in.am saytında erməni siyasi icmalçı Aram Amatuni yazıb.

*****

İşğalçı ölkəni təlaşlandıran məsələlərdən biri də ondan ötrü “nəfəslik” rolu oynayan İran və onun ətrafında yaranmış vəziyyətlə bağlıdır. Bir sıra əcnəbi analitiklər də hesab edilər ki, bu təlaş əsaslıdır.

“ABŞ ilə İran arasında gərginlik hərbi eskalasiya həddinə gəlib çıxsa, bu, Cənubi Qafqaz, ələlxüsus da Ermənistan üçün çox böyük fəsadlara yol açacaq”. Bunu Ermənistan mətbuatına açıqlamasında Rusiyanın Xarici və Müdafiə Şurası qeyri-hökumət təşkilatının sədri Fyodor Lukyanov deyib (Axar.az).

Onun sözlərinə görə, İranla ABŞ arasındakı müharibədən Bakı da əziyyət çəkə bilər, ona görə ki, söhbət qaynar nöqtələrdən qaçmaq istəyən minlərlə qaçqından gedir. Amma bu, İrəvanın başına gələ biləcəklərin yanında heç nədir: “Regiondakı hərbi eskalasiya ən əvvəl Ermənistanı cənginə alacaq. Çünki İrəvanla az sayda iqtisadi əlaqələri olan ölkələrdən ən başlıcası İrandır. Tehran Ermənistanın dünyaya çıxışı üçün iki dəhlizdən biridir”.

Rusiyalı təhlilçi vurğulayir ki, Ermənistanda iqtisadiyyatın iflası Qarabağda partlayış effekti verə bilər, nədən ki, hazırda bu konflikt “barıt cəlləyi”nə bənzəyir – bircə qığılcım kifayət edər. “Hadisələrin bu tip cərəyan etməsi isə Ermənistan üçün gözlənilməz nəticələrlə sonuclana bilər”, – deyə Lukyanov əlavə edib.

*****

Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağ münaqişəsi üzündən onsuz da böhranlı durumdadır. Konflikt aradan qalxmayınca aydındır ki, işğalçı ölkənin blokadası da aradan qalxmayacaq və böyük iqtisadi layihələrdən o, kənarda saxlanmaqda davam edəcək. Bu gün hətta Moskva öz saatını Ankaraya qurmaq zorundadırsa, nəticəni ən birinci təcavüzkar qonşumuz çıxarmalıdır…

“Yeni Müsavat”ın analitik xidməti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir