KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Səfirin xəbərdarlığından sonra Türkiyədə partlayan bomba mesajı

Səfirin xəbərdarlığından sonra Türkiyədə partlayan bomba mesajı

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
347 0

ABŞ və Britaniya növbəti 11 sentyabra hazırlaşır, İŞİD-in təhdid coğrafiyasında Türkiyə də var

Bu ayın əvvəli ABŞ-ın Türkiyədəki səfiri, viza böhranından sonra Ankaradan ciddi təpkilər alan və vida ziyafətində rəsmilər tərəfindən boykot edilən Con Bassın terror açıqlaması hələ də müzakirə olunur. İki ölkə arasında əlaqələrin miqyasından danışan ABŞ səfiri bildirib ki, son 9,5 aydır Türkiyədə terrorun baş verməməsi ABŞ kəşfiyyatının xidmətidir. Sitat: “9 ay yarımdır Türkiyədə terror baş vermir. Bu, İŞİD-in terrordan əl çəkməsi ilə bağlı deyil, iki ölkə arasında əməkdaşlığın nəticəsidir”.

Ancaq səfirin bu açıqlaması birmənalı qarşılanmadı. Hətta Türkiyə mediasında səfirin Ankaranı sətiraltı terrorla təhdid etməsini iddia edənlər oldu. Əlbəttə, bu iddialar qısa müddət sonra unudula bilərdi. Ancaq oktyabrın 17-də Türkiyənin Mersin şəhərində terrorun baş verməsi Bassın sözlərini yenidən yada saldı. Yerli vaxtla saat 17.20-də Mersinin mərkəzində polislərin olduğu avtobusun partladılması nəticəsində 12 polis əməkdaşı yaralandı. Bu hadisə ABŞ səfirinin də dediyi kimi, 9 aydan çox müddətdə ilk terror hadisəsi hesab olunurdu. Bu ilin ilk günü İstanbulda “Reina” barında baş verən və kütləvi ölümlə nəticələnən terror hücumundan sonra ölkədə faktiki olaraq sabitlik olub, cənub-şərq bölgələrində terrorçulara qarşı əməliyyatlar zamanı hökumət qüvvələrinə qarşı törədilən terror hücumlarını nəzərə almasaq, ölkədə öncəki iki illə müqayisədə sabitlik olub.

Təbii ki, Mersin terrorundan sonra səfirin məlum bəyanatı yada düşdü. Çünki terror məhz səfirin bəyanatından az sonra baş verdi və Türkiyədə yenidən terror aktı ciddi şübhələrə və ittihamlara səbəb olub. Hətta jurnalistlər baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağdan səfirin açıqlamasına münasibət öyrənib. Bəkir Bozdağ deyib ki, hörmətli səfir öz məsələyə açıqlama gətirməlidir. Amerika tərəfindən açıqlama gəlməsə də, Türkiyədə bu açıqlamanın şifrələrini fərqli kontekstlərdən oxumaq cəhdləri oldu.

Əlbəttə, bu cür məsələlərdə təsadüf nadir hallarda olur. Ancaq bir fakt məlumdur ki, terrorçuların bu ərəfədə fəallaşmasının və yenidən partlayış törətməsinin bir neçə mühüm səbəbləri var. Əvvəlcə səfirin məlum açıqlamasına diqqət etmək lazımdır. Səfir açıq şəkildə bildirir ki, Türkiyədə təhlükəsizliyin təmin olunması, terrorun qarşısının alınmasında ABŞ xüsusi xidmətləri xüsusi rola malikdir.

Əslində bu, yeni məsələ olmasa da, aydındır ki, uzun illərdir Türkiyənin NATO-da müttəfiqi olan və Yaxın Şərqdə böyük kəşfiyyat-casusluq şəbəkəsinə sahib olan ABŞ fəaliyyətlərinin bir qismini Türkiyə üzərindən aparır. Yəni ABŞ agentlərinin Türkiyədə fəal olmaları və terrorun qarşısının alınmasına nail olmaları realdır. Səfirin dediyi kimi, viza böhranı iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən kəşfiyyat və antiterror sahəsində əməkdaşlığı da məhdudlaşdıra bilər. Bu, necə deyərlər, səfirin bəyanatındakı açıq mesaj idi.

Ancaq bu məsələnin bir başqa tərəfi Türkiyənin qonşuluğunda baş verən hadisələrdir. Məsələ ondadır ki, bu ayın əvvəlində Türkiyə İdlibdə hərbi əməliyyatlara başlayıb, Türkiyə silahlı qüvvələri Suriya ərazilərinə daxil olaraq bəzi əraziləri nəzarət altına alıb. Gözlənilir ki, yaxın günlərdə Türkiyə ordusu daha da irəliləsin və silahlılarla toqquşmalar qaçılmaz olsun. Bu toqquşmalar qaçılmazdır. Hətta ötən həftə Türkiyənin bir sıra iri şəhərlərində İdlibdəki silahlılara dəstək aksiyaları keçirilib. İkinci hadisə isə Kərkükdə Türkiyənin də dəstək verdiyi əməliyyatların başlamasıdır. Hər iki hadisə Suriya və İraqda vəziyyəti yenidən gərginləşdirib və buradakı terror qruplarının Türkiyəni hədəfə alması mümkündür.

Məsələ ondadır ki, bu günlərdə ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətləri terror xəbərdarlığı edib. İki gün əvvəl ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bildirib ki, İŞİD terror qruplaşması 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırır.

Nazir deyib ki, terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyatın bu barədə məlumatı var. Onun sözlərinə görə, hazırda terrorçular maliyyə axınlarını qoruyub saxlamaq üçün soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar.

Maraqlıdır ki, ABŞ milli təhlükəsizlik naziri ilə eyni vaxtda dünyanın ən güclü kəşfiyyat orqanlarından olan Britaniya daxili kəşfiyyat orqanı Mİ-5-in rəhbəri də terror təhlükəsi haqda danışıb. Mİ-5-in rəhbəri Endrü Parker deyib ki, ölkəsi bu günə qədər olmuş ən böyük terror təhlükəsi ilə üz-üzədir. Servis rəhbəri deyib ki, terror aktivliyi 34 illik karyerası boyunca gördüyü ən yüksək tempdədir. O, son 4 ildə 20 terror hücumunun qarşısını aldıqlarını deyib.

Qeyd edək ki, bir qədər əvvəl beynəlxalq terror ekspertləri İŞİD-in İraq və Suriyada məğlub olmasından sonra “əl-Qaidə” kimi gizli fəaliyyətə keçəcəyi və dünya ölkələrində terror hücumları törədəcəyi haqda fikirlər səsləndirmişdilər. Hətta Avropa Birliyinə üzv ölkələrdə Yaxın Şərqdən qaçmış yüzlərlə terrorçunun olması, İŞİD-in Avropa ölkələrində “yatmış otaqlarının” olduğu deyilirdi. Çünki bütün terror təşkilatları üçün “həyati məsələ” öz varlıqlarını göstərmək, müxtəlif ölkələrdə terror törətməklə hələ də güclü olduqları görüntüsünü yaratmaqdır. Çünki onların qazancı, öz tərəfdarlarını qoruyub saxlaması, yeni üzvlər cəlb etməsi məhz bundan asılıdır. Bu mənada son aylarda ardıcıl olaraq İraq və Suriyada torpaqları, şəhərləri itirən İŞİD-in hələ də güclü olduğu mesajını vermək, tərəfdarlarına ümid vermək üçün daha dəhşətli terror planlaması realdır.

Heç şübhəsiz ki, dünyanın hazırda diqqətinin olduğu bölgədə yerləşən və proseslərin mərkəzində dayanan Türkiyədə terror etmək cəhdləri dayanmayıb. Çünki həm Türkiyəyə, həm də Türkiyə üzərindən bir-birinə mesaj verən dövlətlər var. Bu baxımdan terror təhlükəsinin Türkiyəni hər zaman təhdid etdiyini demək olar.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir