KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Səxavət Məmməd : Qarabağdakı partlamağa hazır bomba: Vəziyyət getdikcə daha da gərginləşir

Səxavət Məmməd : Qarabağdakı partlamağa hazır bomba: Vəziyyət getdikcə daha da gərginləşir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
315 0

Azərbaycanda 7-dən 77-yə qədər kimi dindirsən, deyəcək ki, Rusiya Ermənistanın yanındadır.

44 günlük müharibədən sonra da erməni cəmiyyəti Rusiyanı lənətləyir. Ermənilər Azərbaycan xalqından fərqli olaraq: “Rusiya Azərbaycanın yanındadır”, – demirlər. Onlar Azərbaycana baxmış xeyli dərəcədə siyasiləşmiş toplum olduqları üçün reallıqları anlayırlar.

Ermənilər hətta keçirdikləri son aksiyalarda “rus, türk, azəri, ermənilərin düşməni” şüarını səsləndirməyə başlayıblar. Bizim toplum nədənsə bu şüarın oğurluq hissəsi üstündə baş sındırdı. Ermənilərin bu cür şüar səsləndirmələri mənim üçün üzücü oldu. Çünki dünyada bir tək onlar bizi öz adımızla çağırıb türk deyirdilər, indi onlar da “azəri” deməyə başladılar.

Rusiya kimin yanındadır?

Rusiya bu münaqişənin əsasını qoyanda da, torpaqların işğal edilməsində ermənilərə yardım edəndə də, 30 ilə yaxın müddətdə münaqişəni idarə edəndə də Ermənistanın, ermənilərin yanında olmayıb. Rusiya kimi ölkələr, ümumiyyətlə, imperialist dövlətlər heç vaxt heç kimin yanında olmur. Onlar yalnız maraqlarının arxasınca gedirlər. Yəni Qarabağ məsələsində ermənilərin yanındaymış kimi davranıb, Azərbaycanla Ermənistan arasında sərhəd toqquşması olanda da Azərbaycanın yanındaymış kimi görünür. Rusiya üçün nə Azərbaycan maraqlıdır, nə də Ermənistan. Olmasaq, ruslar üçün daha gözəl olardı.

Şuşa-Xankəndi yolunda aksiya artıq bir həftədən çoxdur davam edir. Aksiyalar başlamazdan öncə Azərbaycan məmurlarının qarşısına çıxan sülhməramlıların komandanı Volkov bir həftədən çoxdur onu çağıranların qarşısına çıxmır. Bunun tək cavabı var: Birincidə Moskva istəyirdi, ikincidə isə istəmir. Nə Azərbaycan geri addımı atır, nə də Rusiya. Volkov, bütün hərbçilər kimi, əmrsiz addım ata bilməz. Bunu birdəfəlik anlamaq lazımdır. Hazırda proses böhran həddindədir. Tərəflərdən hansısa biri ya geri addım atmalıdır, ya da şərtlər müzakirə olunub ortaq məxrəcə gəlinməlidir. Prosesin aylarla sürməsi inandırıcı deyil.

Qarabağdakı böhran Ermənistan üçün sərfəlidir. Ermənistan Azərbaycanı ittiham edir, dünyaya car çəkir. İnformasiya müharibəsini hər keçən gün daha da artırır. Burada diqqətə alınacaq başqa bir şey də var. Azərbaycan məmurları, deputatları, səfirləri, xüsusilə “Twitter”də ingilis dilində nələrsə yazırlar. Sözdə və üzdə dünyaya səs salırmışıq kimi görünür. Beynəlxalq dildə yazmaq mesajın beynəlxalq aləmə çatması anlamı vermir. Dünən ərinməyib deputatların, XİN mətbuat xidmətinin və bir neçə səfirin yazdıqlarını bəyənənlərin kimliyinə baxdım. Toplamda 10 əcnəbi o tvitləri bəyənməyib. Türkiyəliləri çıxsaq, bu rəqəm 3 ya edər, ya etməz. Rəylərdə isə yalnız və yalnız xarici kimi erməniləri görə bilərik. Ermənilərə gəldikdə isə onlar çox öndədirlər. Nəinki sosial şəbəkədə lazımı aktivlikləri var, xarici mediaya çıxışları da çox rahatdır. Azərbaycanın Fransadakı yeni səfiri “Le Monde” qəzetinə etiraz paylaşımı edir, bəyənənlər 3-5 türkiyəli, yerdə qalanları hansısa rayonun bələdiyyəsi, Fatmanisə, Gülçöhrə, İsfəndiyar. Kimi aldadırıq?

Azərbaycanın hazırda geri addım atmaq kimi bir şansı yoxdur. Bu nəinki qarşısında dayananın işinə yarayar, heç cəmiyyət tərəfindən də birmənalı qarşılanmaz. Belə vəziyyətdə geri addım atmamaqla yanaşı, səhv etmək də olmaz. Çünki bölgədə vəziyyət göründüyündən daha qəlizdir. Maraqlı gücləri saymağa gərək yoxdur. Ancaq onların maraqlarına toxunmaqda fayda var. Rusiya Zəngəzur dəhlizini istəyir, İranın isə bu məsələdə mövqeyi konkretdir – İstəmir! Həmin Rusiya elə həmin İrandan PUA və raketlər alıb Ukrayna müharibəsini davam etdirir. Belə dar gündə və hər yerdən əli üzülmüş Rusiyanın yardım aldığı İranla Zəngəzur dəhlizi üzərindən açıq mübarizəyə girişəcəyi inandırıcı deyil. Ən azı bunu zamana buraxacaq. Azərbaycanın isə zamanı yoxdur. Çünki müharibədən sonra gördük ki, vaxtın uzanması Ermənistana sərf edib.

Azərbaycan üçün hazırda ən optimal variant aksiyanı davam etdirmək kii görünür. Başqa ehtimal qalmayıb. Hərbi əməliyyatı mümkün hesab etmirəm. Əldə etdiyim məlumata görə, mümkün əməliyyat ehtimalı və hərəkətlilik başlayan kimi əsgərin qarşısına dinc əhalini çıxardacaqlar.

Diplomatik yolla da proses nizamlanana oxşamır. Çünki bölgədə marağı olan ölkələrin hər biri Rusiya kimi öz maraqlarını təmin etməyə çalışırlar.

Hesab edirəm ki, Qarabağ ətrafında baş verən proseslərdə gərginlik artan xətt üzrə inkişaf edəcək.

Səxavət Məmməd

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir