KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti

Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti

Hasan Oktay Hasan Oktay - - 25 dk okuma süresi
1181 0

Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti
faik
Bu gün dini düşüncə (din ehkamçılığı) tarixindən yanaşsaq Səfəvilər bütün şiələrin (fars, türk, ərəb fərq qoymadan) ortaq dini dövlətidirsə, Qərbin “elm tarixi” baxımından isə Səfəvilər Azərbaycan ya da İran mərkəzli çoxmillətli dövlət olmuşdur. Əslində Səfəvilərin etnik kimliyilə bağlı ortaya çıxan problemlərin kökündə də, onlara artıq “din tarixi”ndən deyil, Qərbin “elm tarixi”ndən yanaşılması meyilləri olmuşdur. Din tarixi ehkamçılığı Səfəvilərin milli-etnik fərqi qoymadan daha çox şiəlik-qızılbaşlıq həssaslığı üzərində öz əksini tapırdısa, Qərbin “elm tarixi ehkamçılığı” Səfəvilərin İranlılıq, “Persiya” ya da Turanlılıq, Azərbaycan Türk ruhunu önə çıxartdı. Məhz Qərbin “elm tarixi ehkaşmçılığı”nın Səfəvilərə münasibətdə İranlılıq, Persiya bir sözlə “İran milli dövləti” üzərində dayanması istər-istəməz müzakirələrə yol açmışdır.

Beləliklə, Qərbin “elm tarixi” ehkamçılığına əsaslı “milli tarix” anlamından yanaşıldığı zaman Səfəviləri “Azərbaycan milli dövləti” hesab edənlər onların türk mənşəli və türkdilli, Səfəviləri “İran milli dövləti” kimi müdafiə edənlər isə onun fars/kürd mənşəli və irandilli olmalarını irəli sürmüşlər. Bu günə qədər də həmin müzakirələr davam etməkdədir. Çünki “din tarixi” ehkamçılığı Səfəvilərin kimliyi, tarixi, ədəbiyyatı, fəlsəfəsini məzhəbçi yöndən mürəkkəbləşdirdiyi ya da saxtalaşdırdığı kimi, Qərbin “elm tarixi” ehkamçılığı isə bunu “milli tarix” (fransız milliyyətçiliyi, ingilis-amerikan milliyyətçiliyi) adıyla həyata keçirir.

Bu gün Səfəvilərin “milli tarix” anlamında etnik, siyasi və dini kimliyinin müəyyənləşməsində daban-dabana zidd iki baxış var: 1) Səfəvilər mənşəcə türksoyludur, Səfəvilər bir Azərbaycan Türk dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şiəliyi mahiyyətcə Türk ruhaniyyatına əsaslanmışdır; 2) Səfəvilər mənşəcə kürd-fars soyludur, Səfəvilər bir İran dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şiəliyi mahiyyətcə zərdüşti-sasani ruhaniyyatına əsaslanmışdır.

Biz, XVI əsrdə Azərbaycanda yaranmış Səfəvi­lərin “milli tarix” anlamında əsasən Azərbaycanla, Oğuz-Türkmən boylarıyla və Türk ruhaniyyatıyla bağlı olmasına inanırıq. Buna örnək kimi də ən vacib dörd amili irəli sürürük: 1) Səfəvilər dövlətinin Azərbaycan nüvəsində yaranması və ilk paytaxtın Təbriz olmasını, 2) Səfəvilər dövlətini yaradanların böyük əksəriyyətinin türksoylu tayfalardan (şamlı, ustaclı, təkəli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) ibarət olmaqla yanaşı dövlətin rəsmi dilinin Türk dili olmasını, 3) Səfəvilərin Oğuz-Türkman ulusunun Bayandurlu-Ağqoyunlu dövlətinin varisi kimi çıxış etməsini, 4) İlk dövrlərdə İslam dininə dayalı Qızılbaşlığın-şiəliyin daha çox Türk ruhaniyyatıyla bağlılığını.

Birincisi, deyə bilərik ki, Səfəvilərin yeni dövlətin əsas mərkəzi kmi Azərbaycanı seçməsi, eyni zamanda paytaxt olaraq Təbrizi müəyyən etməsi təsadüfi olmamışdır. Səfəvilərin Azərbaycana bağlılığını üç amillə izah edə bilərik: 1), Səfəvilərin əsas dini mərkəzi olan Ərədbilin ən əskilərdən Azərbaycan Türk şəhəri idi. 2) Səfəvilərin əsas hərbi dəstəkçiləri Azərbaycanın yerli ulusu olan Oğuz-Qıpçaq boyları (şamlı, ustaclı, təkləli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) idilər. 3) Səfəvilərin Azərbaycanın və digər həmhüdud məmləkətlərin sahibi olmuş Bayandurlu-Ağqoyunlu dövlətinin varislik hüququna iddia etmələri idi.

Azərbaycanın Səfəvi Türk dövləti üçün necə önəmli olması XVI əsrə aid naməlum mənbədə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, XVI əsrə aid naməlum mənbədə yazılır ki, İsmayıl Səfəvi Azərbaycan taxtına oturmamışdan öncə Gülüstan qalasını ələ keçirməkdə iddialı olan Qızılbaş əmirlərindən soruşanda ki, siz Azərbaycan səltənətini mi (max-kah), yoxsa Gülüstan qalasını mı istəyirsiniz? Qızılbaş əmirləri Şah İsmayıla cavab olaraq demişlır: “Azər­baycan səltənətini”. Bu o deməkdir ki, Şah İsmayıl Bayandurluların davamçısı hər hansı İranın, Persianın deyil, özünü məhz Türkmən dövlətlərinin, onların əsas hakimiyyət mərkəzi olan Azərbaycan səltənətinin hökmdarı kimi görürdü. Səfəvilər üçün Azərbaycan səltənətinə sahiblənmək bir tərəfdən hakimiyyət və vətən rəmzi, digər tərəfdən Türklüklə bağlı idi.

Səfəvilərin Azərbaycan taxtına iddialılığı, Azərbaycan türklərini yeni bir ideya ətrafında birləşdirmə istəyi Şah İsmayıldan öncə, özəlliklə də Bayandurlularla qohumlaşdıqdan sonra ortaya çıxmışdı. Hər halda Şah İsmayılı ata-babaları Şeyx Cüneyd, Şeyx Heydər və Şeyx Sultanəli hakimiyyətin mənəbəyi və qutlu mərkəzi olaraq məhz Azərbaycanı əsas hədəf kimi götürmüşdülər. Sadəcə, Şah İsmayıl da onların yolunun davamçısı kimi Qızılbaş Türklərini Ərzincanda başına toplayaraq ilk yürüşünü Azərbaycanın şimalına etmiş, çox keçmədən Azərbaycan birləşdirərək Təbriz mərkəzli Oğuz-Türk dövlətinin hökmdarı olmuşdur.

İkinsisi, Səfəvilərin özlərinin Türk, onları müdafiə edən tayfalarında böyük əksəriyyətinin də Oğuz-Türksoylu tayfalardan (şamlı, ustaclı, təkləli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) ibarət olmaqla yanaşı, dövlətin rəsmi dilinin Türk dili olması da heç kəsə sirr deyildir. Səfəvilərin dövründə Şah İsmaqıl Səfəvi türk dilini dövlətin rəsmi dili kimi qəbul etmiş və Türk dilini Səfəvilərin saray dili halına gətirmişdir. Özü də Türk dilində şeirlər yazmış, sarayında Türk bilginlər və şairlər ön planda olmuşlar. İlk Səfəvi hökmdarı Şah İsmayıldan tutmuş II Şah Təhmasibədək bu ənənə aşağı-yuxarı davam etmişdir.

Şah İsmayılın Azərbaycan və Türk dili sevgisi onun etnik kimliyində Oğuz-Türkmən amilinin ön planda olmasını açıq şəkildə ortaya oyur. Əlbəttə, Türk kimliyi ilə yanaşı onun əcdadlarının və öz övladlarının yunan, fars, ərəb və başqa yad uluslarla qohumluq əlaqələrinin olmasını da istisna etmir. Bütövlükdə Səfəvilərin qurucusu Şah İsmayıl və onun davamçılarının dini kimlik və siyasi kimlikdən deyil, ancaq milli düşüncədən çıxış edərkən məhz Türklüklərini, Azərbaycanlılıqlarını daim öndə tutduqlarını görürük.

Son zamanlarda Səfəvilərin İran milli dövləti deyil, Azərbaycan milli dövləti olmasını qəbul edənlərin arasında Faruk Sümer, Nəsrullah Fəlsəfi, Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli, Ramiz Mehdiyev, Dilavər Əzimli və başqları da vardır. Tanınmış Səfəvişünas alim Oqtay Əfəndiyev «Azərbaycan Səfəvilər dövləti» tarixi əsərində Səfəvilərin türksoylu olduğunu irəli sürmüşdür. Onun fikrincə, V.V.Bartold, İ.P.Petruşevski, Faruk Sümer və başqaları doğru olaraq Səfəvilərin türksoylu olduğunu yazdıqları halda Ə.Kəsrəvi, Z.V.Toqan, M.Məşkur, S.Rəhimzadə və digərləri isə Səfəviləri farslara ya da kürdlərə aid etməklə yanlış nəticə çıxarmışlar. O.Əfəndiyev yazır ki, XIV əsrin ikinci yarısında qələmə alınmış Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə, Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs-səfa” (“Saflığın safı”) adlı agioqrafik əsərdə bu təriqətin banisi Şeyx Səfiəddinin türk etnosuna mənsub olmasını ortaya qoyur. Çünki həmin mənbədə göstərilir ki, Şeyx Səfiəddin türk kəndindən olub, əqidədaşları tərəfindən “piri Türk”, yəni “Türkün piri” adlandırılmışdır.

Səfəvilərin, o cümlədən Şah İsmayılın Türk soyundan olmasını iddia edən “İran” tarixçilərindən Nəsrullah Fəlsəfi də yazır ki, Şah İsmayılın tərəfdarları əsasən türkman və tatar-qıpçaq tayfalarından olublar: “Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl Türk dilini İran saryının rəsmi dili etmişdi. Hətta o özü də yalnız Türk dilində şeirlər yazırdı. Nəticədə Türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də Türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”.

Doğrudan da, Sasanlardan sonra “İran milli və siyasi birliyi” sadəcə olaraq, bir neçə nəfər Nizamül-mülk, Firdovsi kimi farsyönlünün/iranyönlünü şüurunda yaşayırdı. Hər halda Sacilər, Səlcuqlar, Azərbaycan Atəbəyləri, Elxanilər, Cəlairlər, Baharlılar, Bayandurlular dönəmində “İran milli və siyasi birliyi” bir neçə nəfərdən başqa heç kəsi maraqlandırmamışdır. Ona görə də, özünü etnik və siyasi varislik anlamında Türkman Bayandurluların qanuni varisi hesab edən Səfəvilərin hər hansı “İran milli və siyasi birliyi”ni bərpa etmək istəyi kökündən ola bilməzdi. Bu baxımdan Səfəviləri ilk növbədə, maraqlandıran Bayandurluların varisi kimi Azərbaycann milli və siyasi birliyini bərpa etmək idi. Ancaq Azərbaycanın milli və siyasi birliyini bərpa edən Şah İsmayılın Azərbaycan şahənşahı deyil, daha çox “İran şahənşahı” adlandrılması bir qədər ziddiyyətli görünə bilər.

Bizcə, Şah İsmayıl və digər Səfəvi hökmdarları (ən azı Şah Abbasadək) “İran şahənşahı” tituluna ciddi önəm vermir, üstəlik Türk mənşələriylə fəxr edən Qızılbaşlar özlərini əsil-nəcabət və ad-sanlarına görə qeyri-türklərdən yüksəkdə tutaraq, onları tatlar ya da taciklər adlandırırdılar. Bu günün özündə də Azərbaycan türkləri arasında irandililərin tat, ya da tacik (təcik) adlandırılması yayğın olaraq qalmaqdadır. Bu anlamda Səfəvi hökmdarlarının sonralar “İran şahənşahı” adlandırılması onlara kənardan, daha çox avropalılardan verilmiş bir addır. Necə ki, avropalılar Anadolunu da Rum diyarı, Osmanlı sultanlarını da buna uyğun olaraq bir çox hallarda Rum hökmdarı kimi kimi qələmə vermişlər. Ancaq bu, Osmanlının Türk olmaması anlamına gəlmədiyi kimi, əsasən “İran şahı” adlandırılan Səfəvilərin də iranlı ya da fars olması demək deyildir.
Səfəvilərin milli kimliyinin bəlirlənməsində Bayandurlu-Ağqoyunlu münasibətləri mühüm yerə malikdir. Hər halda Səfəvilərin Oğuz-Türkmən ulusunun Bayandurlu-Ağqoyunlu dövlətinin varisi kimi çıxış etməsi təsadüfi olmamışdır. “İran” tarixçisi Nəsrullah Fəlsəfi yazır ki, ata tərəfindən özünü Peyğəmbər nəslindən hesab edən Şah İsmayıl Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi kimi özünü haqlı olaraq bu sülalənin qanuni varisi hesab etmişdir. Deməli, Şah İsmayılın taxt-tac iddiasını ortaya qoyan, ilk növbədə Bayandurlularla qohumluq əlaqəsi olmuşdur.

Qeyd edək ki, Şah İsmayılın əcdadlarından olan Şeyx Cüneyd 1456-1459-cu illərdə Diyabəkirdə Bayandurluların başçısı Həsən xanın sarayına sığınmışdır. Həsən xan da düşməni Baharlı-Qaraqoyunlu Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısını Şeyx Cüneydə ərə vermişdi. Bununla da Bayandurlularla Səfəvilər arasında qohumluq bağı yaranmış və sonralar daha da möhkəmlənmişdir. Hər iki tərəf bu qohumluq bağından maraqlı olsa da, bundan daha çox qazanan Səfəvilər olmuşdur. Belə ki, Səfəvilər hakim bir sülalə olan Bayandurlularla qohumluq əlaqəsi qurduqan sonra Səfəvilərdə dövlət yaratma hissi ön plana çıxdı.

Bu anlamda Səfəvilər və Bayandurlular arasında baş tutan qohumluq əlaqəsindən dərhal sonra birincilərin Şirvan və Dağıstan ərazilərinə yürüşləri diqqətçəkicidir. Ən maraqlısı isə odur ki, Səfəvilər Bayandurlularla qohumlaşdıqdan sonra şiəlik ya da qızılbaşlıqla tanınmağa başlamış, məhz bu adla da Şirvan və Dağıstan ərazilərinə yürüşlər etmişlər. Deməli, Bayandurlularla qohumluq hakimiyyət iddiasının yaranmasına, şiəliyə meylilik isə güclənməsinə səbəb olmuşdur. Yəni Səfəvilər üçün Bayandurlularla qohumluq və şiəlyə meylilik yeni bir dönəmin başlanmasını ortaya qoymuşdur.

Görünür, bu baxımdan tanınmış tarixçi alimimiz Oqtay Əfəndiyevin yazması ki, 15-ci əsrin ortalarına qədər sünni kimliklə tanınan Səfəvilərin şiəliyə keçməsi təsadüfi olmamışır, bu fikirlə razılşaırıq. Çünki Bayandurlularla qohumlaşan Şeyx Cüneyddən başlayaraq Səfəvilərin şiəçiliyi ön plana çıxmış, bu qohumluğu davam etdirən Şeyx Heydərin dövründə isə daha da artmışdır. Şübhəsiz, Səfəvilərin şiəçiliyinin ön plana çıxmasında isə Şərqi Anadolunun sufi-dərviş həyatı sürən Oğuz-Türkmən boyları mühüm rol oynamışdır. Hər halda, Səfəvilərin dini mərkəzi Ərdəbildə şiəçilikdən daha çox sünnilik ön planda olduğu bir zaman, Şərqi Anadoluda Oğuz boyları arasında şiə-mistik sufiliyin daha güclü olması burada əsas rol oynamışdır.

Bu anlamda hesab edə bilərik ki, Qızılbaşlığın-şiəliyin Şərqi Anadoluda və Azərbaycanda geniş yayılmasına Oğuz-Türkmən boyları əsas möhür vurmuşlar. Sadəcə, Türk ruhaniyyatına əsaslanan qızılbaşlıq Şah Abbas Səfəvilərin başına keçdikdən sonra bir qədər dəyişmişdir. Belə ki, Şah Abbasın dövründə Azərbaycan Türk ruhaniyyatı İran Fars ruhaniyyatına çevrilməyə başlamışdır. Bütün hallarda Səfəvilər dönəmində Qızılbaşlığın-şiəliyin əsas yayıcıları isə Azərbaycanın Oğuz-Türkmən tayfaları, onların din üləmaları olmuşlar.

Bizcə, Səfəvilərin milli kimliklərinin dolaşdırılmasında dini-ideoloji amillər, özəlliklə hakimiyyətdə qanuni sahib olduqlarını isbat etmək üçün köklərini Peyğəmbər nəsliylə bağlamaları mühüm rol oynamışdır. Bu anlamda Şah İsmayılın özünün və əcdadlarının İslam dinində şiə tərəfdarlığını saxlaması, hətta şiəliyi ima­milər (qızılbaşlıq) təriqəti kimi dövlət dini elan etməsi təsadüfi deyildir. O.Əfəndiyev yazır ki, şiəçilik ya da qızılbaşlıq ideyasına görə, Xəlifə Əli imamdır və kim bunu qəbul etmirsə, o kafirdir. «Məhəmməd peyğəmbər­dirsə, Əli «Allah həqiqətinin təzahürüdür» («məz­hər-i həqq»­dir). İs­ma­yıl özünün Əli və Fatimədən başlayan «mən­şə­yi» ilə fəxr edir. O, Əlidə ilahi mahiyyətin başqa şəklə düşdüyünə ina­nır. Əvvəlcə o (İsmayıl), Əli ilə bir olmuş, indi isə yenidən zühur etmişdir. Peyğəmbərin və imamın key­fiyyətləri onun sima­sında təcəssüm etmişdir».

Doğrudan da Şah İsmayılın şeirlərində dini-mistik şiəçilik ruhlu ön planda idi. Ş.İ.Xətayi yazırdı: «Mən məvali məzhəbəm, rahım Əli, Hacətim, zikrim, nəzərgahım Əli, Oldu ənqa tək Xətayi bivücud, Qafi-qüdrət, sirri Alla­hım Əli». Səfəvilərin şiəliyə bu cür münasibəti, Şah İsmayıldan başlayaraq ifrat şəkil almış və nəticədə dini məzhəbçilik zaman-zaman Səfəvilərin yalnız milli mənsubiyyətini dolaşdırmamış, Türkmən dövlətçiliyinə də mənfi təsir göstərmişdir. Özəlliklə, Şah İsmayıldan başlayan şiəçiliyin I Şah Abbasın haki­miy­yəti dövründə daha da radikallaşması bunda əsas amillər idi. Belə ki, Şah Abbas 1587-ci ildə taxta çıxdıqdan sonra Oğuz boylarının Səfəvi sarayında və ordusunda yetkilərini əlindən almış, bunun əvəzində Türk olmayanlara yeni səlahiyyətlər vermişdir. Beləliklə, bu dövlət ifrat şiələşmə nəticəsində həm də müəyyən qədər iranlılaşmağa məruz qalmışdır. Deməli, Səfəvilərin həm əsil etnik kimliyi, həm də əsil dövlət kimliyi məhz dini-ideoloji düşüncə içində başqa çalarlar almışdır. Səfəvilərin etnik və dövlət kimliyinin mürəkkəbləşməsində də əsas məsələ şiəçiliklə bağlı olmuşdur.

Ancaq indi “şiəçilik” məsələsini Azərbaycan türkləri və İran farsları öz bildikləri kimi yozurlar. Bununla da, Səfəvilərin şiəçilik ideologiyasının “türkləşməyə”, yoxsa “farslaşmağa” xidmət etməsi məsələsi gündəmə gəlmişdir. Beləliklə, Səfəvilərin etnik kimliyi ilə bağlı iki bir-birinə zidd müddəa var ki, sözün açığı bunlara aydınlıq gətirmək heç də asan görünmür. Məsələn, “İran” müəllifləri iddia edirlər ki, Şah İsmayıl fars ya da kürd olduğu halda özünü dini-ideoloji anlamda türkləşdirmiş ya da ərəbləşdirmişdir. Belələrinə görə, halbuki Şah İsmayılın nə türklüyə, nə də ərəbliyə dəxli vardır. Onlara görə, o, “İran milli dövləti”nin yaratmış fars-kürd mənşəli bir hökmdardır. Sadəcə, həmin dövrdə onların fars ya da kürd nəsilləri türkləşdikləri üçün Şah İsmayıl dövlət dilini Türk dili elan etmiş, türk dilndə şerilər yazmışdır. Yəni burada əsas məsələ İran müəlliflərinin iddiasınca, Səfəvilər dövləti qurulana qədər Səfəvilərin türkləşməsi/turanlılaşması, yaxud da bizim iddiamızca, əksinə yalnız Şah Abbasdan sonra qismən Səfəvilərin iranlılaşması baş vermişdir.

O.Əfəndiyev və bir çox tarixçilərimiz hesab edirlər ki, Səfəvilərin 1501-1587-ci illər hakimiyyəti Azərbaycan Səfəvilər dövləti, 1587-1736-cı illər isə İran Səfəvilər dövləti kimi xarakterizə olunmalıdır. Əlbəttə, biz məsələyə bu qədər radikal yanaşılmanın əleyhinəyik. Şah Abbasın Səfəvi sarayında və ordusunda hansı islahatları həyata keçirməsindən asılı olmayaraq Səfəvilər sonadək bir türkmən sülaləsi olaraq qaldılar. Sadəcə, Səfəvilərin ifrat şiəçilik hisləri Osmanlının qəzəbinə tuş gəlmişdi ki, bundan ən çox zərər görən Azərbaycan türkləri və Azərbaycan, ən çox qazanan isə İran və irandililər oldular. Hər halda, dini məzhəbçilik adı altında Osmanlı-Səfəvi müharibələrində ən çox yağmalanan Türk elləri, o cümlədən Azərbaycan oldu.

Bu anlamda Azərbaycanın güneyindən və quzeyindən olan tarixçilərmizdən bəzilər də hesab edirlər ki, Türkmən dövləti kimi yaranan Səfəvilərin radikal şiəliyə meyil göstərməsi başdan yanlış olmuşdur. Bu yanlışın nəticəsində də Osmanlı türkləri Azərbaycan türkləri üzərinə dəfələrlə yürüşlər etmiş, Osmanlı, Türküstanla yanaşı Oğuz boylarının ya da Türklərin ən böyük hakimiyyət yerlərindən biri olan Azərbaycanın zəifləməsinə səbəb olmuşlar. Yəni Azərbaycandakı Türkmən dövlətçiliyi zəifləmiş, həm öz günahları ucbatından, həm də Osmanlı sultanlarının bir çox hallarda mənasız sünni təəssübkeşliyindən doğan yürüşlərindən Səfəvi şahları da başlarını Azərbaycandan (Təbrizdən, Qəzvindən) götürüb Farsistana ya da İrana qaçmışlar. Ən əsası odur ki, Səfəvi Türkmən dövlətinin sonradan bu və ya digər dərcədə “iranlılaşma”sında Şah Abbas dönəmində paytaxtın Türk Təbriz, Türk Qəzvindən fars İsfahana köçürülməsi, eyni zamanda Qızılbaş Türkmən əmirlərinin əksəriyyətinin qətlə yetirilməsi mühüm təsir göstərmişdir. Hətta, Şah Abbasın İsfahana bəzi türkmən tayfalarını köçürməsi belə, Azərbaycanın və Azərbaycan türkmənlərinin İran, İrandililər qarşısında yenilməsini əngəlləyə bilməmişdir. Ancaq biz bütün bunlara baxmayaraq, yenə də o fikirdəyik ki, Səfəvi dövlətini “İran milli dövləti” kimi qələmə vermək yanlışdır.

Ona görə də, bizi burada daha çox maraqlandıran Azərbaycan Səfəvilər ya da Səfəvi Türkmən dövlətinin guya “İran milli dövləti”nə çevrilməsi olmamalıdır. Çünki bütövlükdə belə bir hal olmamışdır. Bizi maraqlandıran odur ki, Səfəvilərdə niyə əsasən Azərbaycan mərkəzliliyini, Türkmən əmirləri isə xeyli dərəcədə mövqelərini itirdilər. Ancaq bu məsələni də radikal şəkildə qoymaq olmaz. Çünki Səfəvilərin bütün dönəmində Azərbaycan və Türk əmirləri mühüm rol oynamaqda davam etmişlər. Sadəcə, Şah Abbasdan başlayaraq Azərbaycan mərkəzçiliyi və Türk əmirləri aparıcı mövqeylərini xeyli dərəcədə itirdilər. Bizi də maraqlandıran Səfəvilərin Azərbaycan dövlətindən guya “İran dövləti”nə çevrilməsi deyil, Azərbaycan mərkəzçiliyin və Türk əmirlərinin həm 1501-1587, həm də 1587-1736-cı illərdə Səfəvilərdə oynadıqları yer olmalıdır.
Doç.Dr. Faiq ELEKBEROV

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir