KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Rusların yeni Qafqaz ekspedisiyası: Qarabağ üçün hansı plan hazırlanır?

Rusların yeni Qafqaz ekspedisiyası: Qarabağ üçün hansı plan hazırlanır?

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
277 0

Amerikanın Paşinyan Ermənistanı ilə Rusiyanı cənubdan mühasirəyə almaq gedişindən sonra rusların Qafqaz ekspedisiyası yenidən başladı. Və Moskva bölgədə dayaq olaraq söykənə biləcəyi sütunun Bakı olduğunu açıq şəkildə dilə gətirdi. İndiki situasiyada bölgədəki siyasi tarazlıq Azərbaycanın xeyrinə görünür, hər halda tarix boyu Ermənistanı “qucağında daşıyan” Rusiyanı bu vəziyyətdə yaxalamaq ələ düşməz fürsətdir. Bakı rahatlıqla şərtlərini Moskvanın önünə sürə bilər…

Azərbaycan Prezidentinin Soçi səfəri və rusiyalı həmkarı ilə keçirilən görüş, xüsusilə bağlı qapılar arxasında aparılan müzakirələr, bölgədə dəyişən şərtlər, Bakının yaranmış fürsəti qazanca çevirmək gedişləri, ruslarınsa yeni şərtlərdə daha az itki ilə çıxmaq planları proseslərə işıq tutur.

Soçi görüşünə iki kontekstdən baxmaq olar: Moskvanın iki istəyi; Bakının şərtləri;
MOSKVANIN BİRİNCİ İSTƏYİ: Rusiya prezidenti Vladimir Putinin iyunun 14-də futbol üzrə dünya çempionatının Moskvada keçirilən açılış mərasimində iştirak edən Prezident İlham Əliyevə “qarşıda sizinlə ətraflı müzakirələrimiz olacaq” deyərək, Soçi görüşünə işarə etməsi həmin mərasimdə iştirak edən Paşinyana incə mesaj olmaqla yanaşı, Bakı və Moskva arasında diplomatik kanallar üzərindən müzakirələrin aparıldığını da göstərirdi. Rusların nə istədiyini anlamaq üçün Moskvadakı mərasimdən 8 gün öncə – iyunun 6-da keçirilən MDB dövlətlərinin müdafiə nazirlərinin iclasına və Rusiya müdafiə naziri Sergey Şoyqunun MDB ölkələrinə Suriyanın birgə bərpa edilməsi təklifinə baxmaq lazımdır.

“Suriyada dinc həyatının qaydaya salınmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Ərazinin minalardan təmizləməsi, təhlükəsiz zonalarda nəzarət üçün birgə patrul xidməti, humanitar yardımın göstərilməsi, infrastrukturun bərpası və sair. Sizin dəstəyinizə bel bağlayırıq. Bu, beynəlxalq terrorizmlə mübarizədə və ümumi təhlükəsizliyin təminatında bizim birliyimizi nümayiş etdirərdi”, – Moskva Şoyqunun dili ilə MDB ölkələrinə təklif irəli sürür.

Rusiya MDB ölkələrindən ordu istəmir, sadəcə olaraq, humanitar yardımda birlikdə hərəkət etməyi təklif edir və beləliklə, Suriya cəbhəsində öz çevrəsini daha sıx tutmağı düşünür. Bu cəbhədə Azərbaycanı da yanında görmək Moskva üçün həm gücünü artırmaq, həm də Cənubi Qafqazda dəyişən regional tarazlığı öz xeyrinə dəyişdirmək olardı. Və böyük ehtimalla Soçi görüşündə Putin İlham Əliyevdən bunu istəyib.

Azərbaycan rəhbərliyi dünya güclərinin toqquşduğu Suriya cəbhəsinə daxil olmağın gələcək üçün yaxşı heç nə vəd etmədiyini anlayır. Lakin siyasi şərtlər imkan verirsə, prosesdən qazanclı çıxmaq perspektivi də gözardı edilməməlidir.

Və güman ki, bu məsələdə Bakı və Ankaranın birgə STRATEJİ PLANI dövriyyəyə girib:

– Türkiyə Suriyada Əsəd rejimini qəbul etmir, lakin Rusiya və İranla eyni cəbhədən çıxış etməsi onun daim Əsəd paradoksu ilə qarşılaşmasına səbəb olur. Hərçənd, Əsədi qəbul etmək lap əvvəldən Ankaranın regional maraqlarına uyğun idi, amma bir NATO ölkəsi olaraq Türkiyənin bu məsələdə seçim şansı azdır. Bu baxımdan, Ankara Rusiya və İranla birgə hərəkət etsə də, Qərbin ümumi cizgilərini keçməməyə çalışır. Belə bir situasiyada Azərbaycanın Rusiyanın Suriyadakı “humanitar missiyası”nda yer alması Ankara üçün bəzi nüanslarda toqquşduğu, lakin toqquşmaqda maraqlı olmadığı Rusiya cəbhəsinə lazımi məqamda işə yarayacaq körpü ola bilər. Bakı və Ankaranın Soçi görüşündən öncə bu məsələdə birgə məsləhətləşmələr apardığı şübhəsizdir. Azərbaycan liderinin Soçi səfərindən öncə Türkiyə Böyük Millət Məclisinin sədri, Ərdoğan hökumətində əsas şəxslərdən olan Binəli Yıldırımın avqustun 28-də Bakı səfəri nə qədər təsadüf ola bilərdi?! Azərbaycan və Türkiyə münasibətləri hazırda elə bir səviyyədədir ki, bir çox məsələni telefon üzərindən də müzakirə edib həll etmək olar. Deməli, Yıldırımın Bakıya gəlişi daha ciddi və strateji məsələnin üzbəüz müzakirə edilməsi zərurətindən irəli gəlirdi və böyük ehtimalla Putinlə görüşdən öncə Azərbaycan və Türkiyə rəhbərliyi məsələni detallarına qədər müzakirə ediblər. Rusiyaya müsbət cavab vermək olar, təbii ki, Bakının şərtləri qəbul edilərsə…

BAKININ ŞƏRTLƏRİ: Azərbaycan Suriya cəbhəsinə yer ala bilər, bu, Bakı-Ankara cütlüyünün strateji planlarına uyğundur, lakin əvəzində nə alacaq?! Azərbaycan lideri yaranmış bu şəraiti fürsətə çevirmək və Dağlıq Qarabağ məsələsini həll etmək istəyir; Paşinyanın İrəvanda siyasi Olimpə yüksəlişindən sonra alt-üst olan Rusiya-Ermənistan münasibətləri fonunda da Moskvanın Qarabağ məsələsində Bakının mövqeyindən çıxış etməsi ehtimalı tərəzinin gözünə ağırlıq edir; bununla yanaşı, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 2016-cı ilin 20 iyununda Sankt-Peterburqda keçirilən görüşündə əldə olunmuş razılaşmaların – əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır; dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir; qaçqınların geri qayıdışı təmin olunur; ən sonda statusla bağlı referendum keçirilir; – yerinə yetirilməməsi rusların diplomatiyasının şübhə altına alınması deməkdir ki, Bakı məhz bu amilləri Moskvanın önünə sürərək, maraqlarının təmin olunması gedişləri edir;

MOSKVANIN İKİNCİ İSTƏYİ: Rusiya Azərbaycanın təkcə “humanitar missiya”da iştirakı ilə qane olmur, bu, vitrinin görünən hissəsidir, daha da irəli gedərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvü olmasını, ən azından təşkilatda müşahidəçi statusunda təmsilçiliyini istəyir. Bu, Rusiyaya uzaq perspektivdə Gürcüstan üzərindən cənub sərhədlərinə qədər gəlib çıxan, Ermənistanla prosesi daha da genişləndirməyi planlaşdıran NATO qarşısında “Putin NATO-su”nu gücləndirmək imkanı verə bilər. Yaxın perspektivdə isə bu məsələnin gündəmə gətirilməsi Ermənistanın yeni rəhbərliyi üçün mesaj rolunu oynayır. Çünki Moskva Qafqazda bir itki ilə bir qazancı istəmir, Qərb qarşısında 2:1 önə keçməyi planlaşdırır. Yəni Azərbaycanı yanında görmək istəyir, lakin buna Ermənistanın itirilməsi hesabına nail olmağı qəbul etmir. Buna görə də Azərbaycanı Ermənistanın yeni rəhbərliyinə qarşı kart olaraq irəli sürür. Rusların son 20 ildən artıq müddətdə regionda apardığı siyasətin mahiyyəti dəyişməyib, lakin artıq şərtlər əvvəlki şərtlər deyil və Ermənistanın rusların forpostu olmaqdan çıxmaq təhlükəsi yaranıb. Bu, Azərbaycanın əhəmiyyətini ikiqat artırır. Lakin Paşinyanın sentyabrın 8-də Moskvaya gedərək Putinin hüzuruna çıxması və onu əməkdaşlıqda maraqlı olduğuna inandırmaq cəhdləri rusların yaxın perspektiv planının baş tutduğu fikrini gücləndirir.

Burada Azərbaycanın itirəcəyi böyük nələrsə yoxdur. Ermənistan onsuz da əvvəldən rusların oylağı olub və bu gün bu vəziyyət dəyişməsə belə ciddi problem olmayacaq. Sadəcə olaraq, mövcud situasiya Bakıya öz şərtlərini irəli sürmək deyil, diktə etmək imkanı verir. Bakının şərtlərini rusların qəbul etdiyi ehtimalı böyükdür. Putinin sentyabrın 25-də Azərbaycan torpaqlarına səfər etməyə hazırlaşması da bu ehtimalı gücləndirir. Hər-halda Rusiya liderini Kremlin divarlarını tərk etməyinə səbəb olan amillər kiçik deyil və Putin Bakıya qədər gəlməyi planlaşdırırsa, deməli, Moskvanın bizdən istəkləri var və bu, Azərbaycan üçün şərtlərini qəbul etdirmək imkanı yaradır.

Hərçənd, burada Moskvanın yeni planının təhlükəli tərəfləri də diqqətdən yayınmır.

Rusların yeni ekspedisiyası: Moskva Azərbaycanın KTMT-da hər-hansı formada təmsilçiliyinə nail olmaqla Dağlıq Qarabağ münaqişəsini təşkilatın daxili məsələsinə çevirməyi planlaşdırır; Bu, ruslara həm Paşinyan hakimiyyətini cilovlamağa (Paşinyan Putinə boyun əyir, amma ruslar bunun manevr olduğunu anlayırlar), həm də Qərbin (ABŞ) münaqişə üzərindən regiona açılmaq gedişlərinin qarşısını almağa imkan yarada bilər;

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovun bir neçə gün öncə “Minsk qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz. Münaqişəni yalnız Azərbaycan, Rusiya və Ermənistan liderləri həll edə bilər” açıqlaması da bu planın ictimai rəyə ötürülməsinin başlanğıcı hesab oluna bilər.

Bu açıqlama Rusiyanın Qarabağı daxili məsələyə çevirmək və Minsk qrupunu sıradan çıxarmaq planının mövcudluğuna şübhə yeri qoymur. Hərçənd, mövcud şərtlərdə Bakı-Moskva xəttində baş verənlər nə qədər ürəkaçan olsa da, bunun Azərbaycan üçün tamamilə müsbət perspektiv vəd etdiyini düşünmək də çətindir.

a) Azərbaycan KTMT-də təmsil olunarsa, bu təşkilat daxilindəki Qazaxıstan, Belarus kimi müttəfiqlərinin dəstəyi ilə həll planını özü yaza və Ermənistanın imzalamasına nail ola bilər.

b) KTMT-də əsas söz sahibi Rusiyadır və bu münaqişənin uzun illər ərzində Moskvanın əlində rıçaq olması rusların problemin tam şəkildə bizim maraqlarımıza uyğun həllinə imkan verəcəyi şübhəli görünür. Və o da şübhəsizdir ki, Rusiya Qarabağa sülhməramlı adı altında KTMT qüvvələrini yerləşdirmək niyyəti güdür.

Bu, yaxşı və o qədər də yaxşı olmayan ssenarilər Rusiyanın yeni Qafqaz ekspedisiyasına ehtiyatla yanaşmağı vadar edir.
Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir