Kadirov’an darbe girişimi yorumu

VARŞOVA 2016 NATO ZİRVESİ VE DAĞLIK KARABAĞ SORUNU

AVRUPA BİRLİĞİ İÇİN HANGİSİ DAHA TEHLİKELİ: KORONA MI RUS PROPAGANDASI MI?

90 yıl önce Bakıda Türkoloji qurultayının keçirilmesinin sirri 2

Rusların silah oyunu və arxasındakı mesajlar

Rusya 24 Eylül 2016
1.365

Ermənistan Rusiyadan aldığı silahları hərbi paradda nümayiş etdirdi. Hansı ki, 2015-ci ildə İrəvanda baş verən “elektromaydan” etirazından sonra iki ölkə arasında 200 milyon dollarlıq kredit sazişi imzalandı, bu sazişə əsasən, Rusiya Ermənistana yeni silahlar verəcəkdi. Bu gediş rusların erməniləri anti-Rusiya əhval-ruhiyyəsindən çıxarmaq istəyinə əsaslanırdı.

Ermənistan silahları paradda nümayiş etdirərək, iki mesaj verdi.

Birinci mesaj Sarkisyan hakimiyyətini Rusiyanın əmrləri ilə hərəkət etməkdə ittiham edən daxili opponentlərə idi. Sarkisyan bununla “mən Rusiyaya üz çevirsəm, belə silahlar ala bilmərik” mesajını verdi.

İkinci mesaj Azərbaycana idi. Aprel müharibəsindən sonra məğlubiyyətin xofundan çıxa bilməyən Ermənistan bununla “əzələ nümayişi” etdi. Halbuki, Azərbaycan ordusu ilə müqayisədə zəif olduqlarını özləri də anlayır.

Bu, ikinci mesaj həm də daxildə yaranmış məğlubiyyət xofunu aradan qaldırmaq və erməni ictimaiyyətində “özünəinam” yaratmaq cəhdi idi.

Ermənistanın bu cür kiçik məsələlərin və cəhdlərin arxasınca qaçdığı məlumdur. Burada diqqətçəkən məqam Rusiyanın nə istədiyidir.

İrəvan küçələrində addımlayan hərbi texnika arasında diqqətçəkən məqam “İsgəndər-M” raket kompleksi idi. Bu, “Rusiya ən güclü silahlarından olan raket-kompleksini Ermənistana verib?” sualını yaratdı.

“İsgəndər – M”: Bu raket Rusiya hərbi sənayesinin ən son yeniliklərindən sayılır. 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz.

Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İsgəndər-M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil.

Belə bir silahın Ermənistana verilməsi bölgədə güc balansının tamamilə dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi maneələrin yaranması deməkdir.

Lakin Rusiya doğrudanmı “İsgəndər-M”-i Ermənistana verər?

1. Rusiya kimi silah istehsalçısı olan ölkələr öz ordularını tam təchiz etmədən yeni silahı, xüsusilə, qlobal güclərə qarşı hazırlanmış “İsgəndər-M” kimi silahı başqa ölkəyə satmırlar. Rusiya müdafiə naziri Sergey Şoyqu “İsgəndər-M” raket-kompleksinin istifadəyə verildiyi vaxt – təxminən üç il öncə bildirdi ki, 2018-ci ilə qədər Rusiyanın bütün raket briqadaları bu texnika ilə silahlandırılacaq. Yəni Rusiyanın öz ordusu tam təchiz edilmədən bunu Ermənistana verməsi ehtimalı görünmür.

Dünya təcrübəsinə görə, hər bir ölkə yeni istehsal etdiyi silahın müəyyən müddətə satışını qanunla qadağan edir. Bu müddət adətən 5-10 il arasındadır. Misal üçün, Rusiyanın özündə 2015-ci ildə hərbi parada çıxarılan “Armata-T” tankları 2016-cı ildən ümumi silahlanmaya daxil ediləcək və bu hərbi texnikanın 2020-ci ilə qədər satışı qadağan olunub. “İsgəndər-M” raketinin satışı da hələlik nəzərdə tutulmur.

2. Rusiya Ermənistana yeni silahları 200 milyon dollar kredit sazişi çərçivəsində verib. “İsgəndər-M” raketinin qiyməti isə olduqca bahadır. Raket kompleksinin ümumi qiyməti açıqlanmasa da, təkcə bir raketin qiyməti 2 milyon dollardır. Bu, kompleksin ümumi qiymətinin olduqca baha olduğu deməkdir.

***

Ortaya çıxan faktlar paradda nümayiş olunan “İsgəndər-M”-in Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından gətirildiyini sübut edir.

Sentyabrın 21-də 102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov və Oleq Vladimiroviç tərəfindən sosial şəbəkələrdə paylaşılan fotolarda bu, öz əksini tapırdı.

Sentyabrın 22-də Arman Manukyan adlı erməni istifadəçinin paylaşdığı da buna əlavə sübut idi. Manukyan deyir ki, o, paradda Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik leytenant rütbəli şəxsin söhbətinə şahid olub. Polis və polkovnik hərbi texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışırmışlar. Yayılan məlumatlara görə, Qaltsyan Ermənistan silahlı qüvvələrinin hərbi texnika idarəsinin rəis müavinidir.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də “İsgəndər” raketlərinin Ermənistana məxsus olmadığını bildirib.

Həmçinin Karen Karapetyan adlı erməni ekspert öz müsahibəsində bu oyunun Ermənistan rəhbərliyi tərəfindən erməni xalqını anti-Rusiya fikrilərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış erməni xalqını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

Ermənistan hakimiyyəti həm daxili, həm də xarici mesaj vermək üçün yalan danışır. Bura qədər hər şey aydındır. Lakin Rusiyanın hərbi parada “İsgəndər-M” raket kompleksini gətirməsinin səbəbi nədir? Rusiya ən güclü silahlarından olan bu texnikanı İrəvan küçələrinə çıxarmaqla nə mesajı verir?

a) Bu, hər şeydən əvvəl “rədd olsun Rusiya” qışqıran erməniləri susdurmaq və Kremlin İrəvanda qurduğu hakimiyyətin dayaqlarını möhkəmləndirməkdir.

b) Aprel müharibəsi göstərdi ki, Azərbaycan ərazilərini azad etmək üçün istənilən vaxt silaha əl ata bilər. Bu isə bölgədə tarazlığın pozulması və Rusiyanın regiona dair planların alt-üst olması deməkdir. “İsgəndər-M” silahlarının İrəvan küçələrinə çıxarılması Azərbaycana “müharibəni rəfə qaldır” mesajıdır.

c) Burada rusların silah biznesindəki maraqları da ola bilər. Sirr deyil ki, Azərbaycan Rusiya istehsalı olan silahları alır. Əgər Ermənistana verilən silahlar ya pulsuz, ya da çox aşağı qiymətə olursa, Azərbaycan Rusiyadan silahı bazar qiymətinə uyğun alır. Hesab etmək olar ki, Moskva “İsgəndər-M”-i Ermənistanda nümayiş etdirməkdə məqsədi Azərbaycanın da bu silahdan sifariş verməsini, yəni Rusiyanın hərbi kompleksinin əlavə pul qazanmasını təmin etməkdir.

Rusiyanın səhvi: Azərbaycan bu ölkə ilə dost münasibətlərə üstünlük verir. Qərb Rusiyaya sanksiya tətbiq edən zaman rusların köməyinə çatan ilk ölkə Azərbaycan oldu və sanksiyalar qarşısında duruş gətirərək, bu günə çıxmalarında müəyyən rol oynadı. Ermənistana “stavka” etmək Azərbaycanın alternativ siyasətə keçməsinə səbəb ola bilər. Hansı ki, bunun özü də Rusiyanın regiondakı maraqlarına ziddir. Rusiya bu addımı ilə həm də Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı vasitəçilik missiyasını zərbə altına salır.

Bundan sonra hansı siyasətin izləniləcəyi maraqlıdır: Ermənistan üstünlük qazandığını hesab edərək, hərbi ritorikanı artıracaq (xarici işlər nazirinin müavini Savarş Koçaryanın paraddan bir gün sonra “biz müharibəyə hazırıq” açıqlaması artıq bunun başlandığını göstərir); rəsmi Bakının bu ritorika qarşısında susmayacağı dəqiqdir; bu isə bölgədə yeni müharibə riskini artıra bilər; yeni müharibə heç də Rusiyanın maraqlarına uyğun deyil.

Rusiya bu addımı ilə təhlükəli sulara ayaq basdığını anlamalıdır.

Asif Nərimanlı

Yorumlar