KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ruslar Suriyadan çıxırmı?

Ruslar Suriyadan çıxırmı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
275 0

Böyük müharibə başa çatmadan Kremlin Suriyanı tərk edib geri çəkilməsi real deyil

Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı növbəti dəfə xəbər yayılıb. Mətbuatın yazdığına görə, Moskva Suriya ərazisində artıq irimiqyaslı əməliyyatlara ehtiyac qalmadığı üçün aviasiya və ağır texnikanı çıxaracaq. Yalnız Hava Hücumundan Müdafiə sistemləri saxlanılacaq.

Rusiya prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentiyev isə bir neçə həftədən sonra Suriya ərazisinin tamamilə İŞİD-dən təmizlənəcəyini bildirib. O, bundan sonra kürdləri də həll prosesinə daxil etməklə danışıqlar prosesinin başlayacağını deyib. Ancaq bunun üçün hələ uzun zaman tələb olunacaq.

Ancaq məsələ ondadır ki, rusların Suriyanı tərk edəcəyi ilə bağlı ilk xəbərlər 2015-ci ilin sonunda yayılmışdı. Hansı ki, onda hələ Rusiya Suriyada hərbi əməliyyatlara yeni qoşulmuşdu. Sentyabrda əməliyyatlara qoşulan Rusiya ordusunun dekabrda qismən Suriyanı tərk edəcəyi xəbərləri yayıldı. Aydın məsələdir ki, xəbər təsdiqlənmədi, əksinə, ruslar hərbi qüvvələrin sayını daha da artırdılar.

2016-cı ildə də rusların Suriyadan çıxacağı xəbərləri yayıldı, ancaq təbii ki, təsdiqini tapmadı. Rusiya Suriyada xidmət edən hərbçilərini vaxtaşırı rotasiya qaydasında yeniləyir. Bundan başqa, TU22M modelli bombardmançılar Rusiya ərazisindən havalanaraq Suriya ərazilərini bombalayır, gəmilər isə yenə də növbəli şəkildə Şimal dənizi və Cəbəllütariq boğazı üzərindən gələrək Suriya sahillərində əməliyyat növbəsi çəkir. Yəni söhbət, sadəcə, hərbi texnika və qulluqçuların Suriyada yenilənməsindən gedir, nəinki Suriyadan çəkilməsi. Üstəlik, ötən iki ildə Rusiyanın Suriyadakı hərbi qüvvələrinin sayı artırılıb. Yeni hərbi bazalar yaradılıb, Suriyaya rus hərbi polis qüvvələri gətirilib və təmizlənmiş ərazilərdə hərbi polis xidmət etməyə başlayıb.

Qeyd edək ki, Suriyada Rusiya (SSRİ) hərbi qüvvələri 1971-ci ildə yerləşdirilib. Suriya və SSRİ arasında anlaşma əsasında Suriyanın Tartus liman şəhərində SSRİ hərbi-dəniz bazası qurulub. Hazırda bu baza Rusiyanın Aralıq dənizində və ümumiyyətlə, postsovet məkanından kənarda yeganə hərbi bazası hesab olunur.

Suriyada münaqişə başladıqdan sonra Rusiya müxtəlif formalarda bu münaqişədə iştirak etsə də, 2015-ci ilin payızından etibarən Suriyada aktiv şəkildə terrora qarşı mübarizə əməliyyatına başlayıb. Müxtəlif vaxtlarda Suriyada hətta 20 min rus hərbçisinin olduğu bildirilsə də, bu məlumatlar təkzib olunur. Rəsmi kanallar 2-5 min arasında rus hərbçisinin davamlı olaraq Suriyada xidmət etdiyini qeyd edir. Bunların içərisində hərbi-dəniz, aviasiya, raket qüvvələri və son bir ildə hərbi polis qüvvələri də olub. Bundan başqa, rusiyalı minaaxtaranlar da Suriyada xidmət etməyə başlayıb.

Rusiyanın indiki vaxtda, yəni Suriyada hələ də hərbi əməliyyatların davam etdiyi bir zamanda ordunu Suriyadan çəkməsi mümkün deyil. Çünki Rusiya münaqişənin tamamilə başa çatması, ölkənin bütün ərazilərində Dəməşqin suverenliyini bərpa etməyi hədəfləyib. Bunun üçünsə böyük müharibə başa çatmalıdır.

Hələliksə Suriyada böyük müharibə davam edir. Baxmayaraq ki. ruslar bu ilin sonuna qədər böyük müharibənin başa çatacağını bildiriblər. Ancaq hazırda Suriyanın Deyr əz-Zor və İdlib vilayətlərində döyüş əməliyyatları davam edir. Bundan başqa, ölkənin mərkəzində Hama vilayətində, eləcə də cənubda İraq, İordaniya sərhədlərində, həmçinin İsraillə sərhəddə geniş ərazilərdə müxalif silahlı qüvvələr mövcuddur. Yəni əməliyyatların yaxın zamanlarda başa çatması real deyil. Digər tərəfdən, hazırda ABŞ hərbi birləşmələri Suriyanın şimalında kürd ərazilərində fəaliyyət göstərir. ABŞ ordusu Suriya ərazilərini tərk etmədiyi müddətdə rusların geri çəkiləcəyini düşünmək sadəlövhlük olardı. Bu mənada hələlik rusların Suriyadan çıxacağı xəbərlərinə inanmaq üçün ciddi səbəblər yoxdur.

Kənan RÖVŞƏNOĞLU
http://musavat.com/author-news/ruslar-suriyadan-cixirmi_479430.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir