KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Rusiyanı “zəif yeri”nə dəhşətli zərbə və onun mümkün səbəbləri

Rusiyanı “zəif yeri”nə dəhşətli zərbə və onun mümkün səbəbləri

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
430 0

Sankt- Peterburq terroru Putini “daxili problemlərə” cəlb etmək məqsədi daşıyır; Rusiya Şimali Qafqazda yeni antiterror əməliyyatlarına cəlb olunacaq; Rusiyaya qarşı terror hücumlarının bir səbəbi də gözlənilən Raqqa əməliyyatı ola bilər

Aprelin 3-də Rusiyanın Sankt – Peterburq şəhərində törədilən terror aktında ölənlərin sayı 11-ə çatıb, 45 nəfər isə yaralanıb. Artıq terroru törədən şəxsin kimliyi də elan olunub; partlayışı Rusiya vətəndaşı, 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş Akberjon Cəlilov törətdiyi ehtimal olunur.

Terrorçu barədə məlumatı Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti açıqlayıb, hazırda A. Cəlilovla bağlı məlumatlar araşdırılır. Qeyd edək ki, bu hadisə 2011-ci il Moskva və 2013-cü il Volqoqrad terrorundan sonra ən böyük terror aktı hesab olunur. Bu arada, Qazaxıstan xüsusi xidmət orqanları ötən il Rusiya FSB ilə birlikdə 3 terror aktının qarşısını aldıqlarını bəyan edib.
Terror aktından dərhal sonra təbii ki, hər kəs – ilk növbədə xüsusi xidmətlər – bu terrorun sifarişçisinin kimliyini araşdırmağa başlayır. İlkin versiyalar İŞİD üzərində dayanır. Ötən gün Rusiya mətbuatı ikinci bir terror aktının planlandığını və bunun qarşısını xüsusi xidmət orqanları tərəfindən alındığını yazıb. “Kommersant” qəzetinin xüsusi xidmət orqanlarındakı etibarlı mənbələrinə istinadən verdiyi məlumata görə, terror aktının hazırlanması barədə informasiyanı İŞİD-lə əməkdaşlıq edən və təşkilatın içinə sızmış rusiyalı agent xəbər verib.

Həmin şəxs Suriyada döyüşən İŞİD-çilərin içində olub.

Mətbuata sızdırılmış bu məlumat terrorun İŞİD tərəfindən törədilməsi ehtimalını gücləndirir. Yeri gəlmişkən, bu iddianı qüvvətləndirən daha bir məqam: İŞİD-in iki həftə əvvəl yayınladığı şəkildə Rusiya təhdid olunur, öldürmə və yandırma çağırışı yer alırdı. Daha bir maraqlı detal isə İŞİD içərisindəki çoxsaylı Rusiya agentlərinin olması ilə bağlıdır.

Qeyd edək ki, İŞİD-ın tərkibində 3 min nəfərə yaxın post-sovet ölkələrindən gəlmiş şəxslər var. Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, bunlardan 1700 nəfəri Şimali Qafqazdan, əsasən də Çeçenistandandır. Hətta Rusiyadan İŞİD-ə qatılanların sayının 3 mindən çox olması haqqında iddialar da var. Bundan başqa, hazırda Çeçenistanda və Şimali Qafqazda fəaliyyət göstərən “Qafqaz Əmirliyi” qruplaşması 2015-ci ildə İŞİD-ə biət etdiyini bəyanlayıb və bundan sonra İŞİD Şimali Qafqaz əyalətini elan edib. Yəni birbaşa İraq və Suriyadan gəlməsə belə, Rusiya ərazisində İŞİD-in silahlı terrorçuları vardır. Bu isə İŞİD tərkibində fəaliyyət göstərən Rusiya vətəndaşlarının sayının daha böyük olduğunu göstərir.

Qeyd edək ki, İŞİD-in tərkibindəki Rusiya vətəndaşları arasında Rusiya xüsusi xidmət orqanlarının da əməkdaşları vardır. Bu məlumat daha öncədən bəlli olsa da, ilk dəfə bunu Çeçenistan prezidenti Ramzan Kadırov açıqlayıb. Kadırov 2015-ci ildə Rusiya mediasına verdiyi müsahibədə İŞİD-in içərisindəki agentlərdən bilgi aldıqlarını etiraf etmişdi. Rusiya xüsusi xidmətlərinə çalışan bu agentlər Moskvaya məlumat ötürür, eləcə də Suriyada İŞİD mövqelərini bombalayan təyyarələr üçün koordinatlar verir. Kadırov deyib ki, məhz bu səbəbdən Rusiya aviasiyası Suriyadakı İŞİD mövqelərini dəqiqliklə vura bilir.

R.Kadırov etiraf edib ki, bu agentlərin bir qismi İŞİD yaranmamışdan əvvəl, Suriyada münaqişənin ilk başladığı dönəmlərdə bölgəyə gedənlər arasında olub. Hətta onların bir qisminin Suriyada “müxaliflər” adı altında NATO düşərgələrində təlim aldıqlarını iddia edib. 2013-cü ildə radikal islamçılar arasında bölünmə baş verəndə post-sovet coğrafiyasından gedənlərin böyük qismi məhz İŞİD-ə qoşulub, qruplaşmanın əsas hərbi əməliyyat qüvvələrinə Gürcüstan vətəndaşı olan etnik çeçen Tarxan Batriaşvili komandanlıq edib.

Bu məlumatları təsdiqləyən daha bir arqument isə İŞİD-in zaman-zaman öz içərisində “agent” ifşası ilə bağlı videolar yaydığı, hətta etiraf ifadələrinin yer aldığı kadrlardır. “İfşa olunan” bu agentlər hamısı amansızcasına edam olunub. Hətta agentlərdən biri azyaşlı uşaq tərəfindən edam olunmuşdu.

Qeyd edək ki, terrorun məhz bu ərəfədə baş verməsi, Rusiyada baş verən kütləvi aksiyalarla eyni dönəmə təsadüf etməsi konspiroloji fikirlərə də meydan verir. Ancaq məsələ ondadır ki, İŞİD-in məhz bu ərəfədə Rusiyanı hədəfə alması üçün ciddi səbəblər var. Yeri gəlmişkən, iki həftə əvvəl silahlılar Çeçenistanda da hərbi hissəyə hücum etmişdi. Bu hücumların hər ikisi ən sadə izahla qisas əməliyyatı ola bilər, eyni zamanda Rusiyanın diqqətini daxili təhlükəsizliyə cəlb etmək də. Məsələ ondadır ki, məhz Rusiyanın 2015-ci ilin sonlarında Suriyada aktiv hərbi əməliyyatlara başlamasından sonra İŞİD-ə ağır zərbələr vurulub, hökumət qüvvələri ölkə boyunca ciddi hərbi uğurlar qazana bilib. Son olaraq Həma ətrafında silahlıların hücumların Rusiya ordusunun dəstəyi ilə geri oturdulub və hazırda Suriya ordusu irəliləməkdə davam edir.

Ancaq Rusiyaya qarşı terror hücumlarının əsas səbəbi gözlənilən Raqqa əməliyyatı ola bilər. Məlum olduğu kimi, hazırda bir tərəfdən Suriya Demokratik Qüvvələri və onları dəstəkləyən ABŞ və rəhbərlik etdiyi hərbi koalisiya, digər tərəfdən isə Suriya ordusu və Rusiya hərbi birləşmələri Raqqa şəhərinə əməliyyata hazırlaşır. Raqqa İŞİD-in Suriyadakı paytaxtı və əsas qalasıdır. Həm Şimali Qafqazda silahlıların fəallaşması, həm də terror aktları heç şübhəsiz ki, Moskvanın diqqətini “iç məsələlərə” yönəltməyə hesablanıb. Çox güman ki, Şimali Qafqazda növbəti bir silahlı hücum genişmiqyaslı anti-terror əməliyyatlarına əsas verəcək. Bu isə istər-istəməz Suriya əməliyyatlarını kölgədə qoyacaq.

Terrora məhz bu məqsədlə Rusiya xüsusi xidmətləri tərəfindən ən azından, göz yumulması versiyası həm də ona görə şübhə doğurur ki, İŞİD-ın Rusiyanın zəif yerlərindən vura bilməsi indi onun imici üçün zərərlidir. Çünki Putinin Suriyada hərbi əməliyyatlara qatılmasının önəmli səbəblərindən biri də savaş xəttini ölkəsindən uzaqda tuta bilməsidir. Lakin son olaylar göstərir ki, Rusiyanı məhz iç təhlükəsizlik problemlərini yönəltmək istiqamətində ciddi cəhdlər var.

Kənan Rövşənoğlu, musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir