KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiya-İran münasibətləri və bunun Azərbaycana təsiri

Rusiya-İran münasibətləri və bunun Azərbaycana təsiri

Kafkassam Editör Kafkassam Editör - - 41 dk okuma süresi
281 0

Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu, hazırda da böyük və ambisiyalı iki qonşusu olan Rusiya və İran arasındakı münasibətlər bilavasitə ölkəmizin daxili və xarici siyasətinə təsir göstərir.
Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibət saxlamağa can atan dövlət olsa da bir sıra hallarda iki böyük qonşu arasındakı münasibətlər geosiyasi baxımdan onların ortasında olan Azərbaycana müəyyən şəkildə təsir edir. Odur ki, ölkəmizin təhlükəsizliyi baxımından bu iki ölkə arasındakı əlaqələri təhlil etmək vacib məsələdir.

Lakin burada regionda maraqlı olan digır böyük dövlətlər, o cümlədən ABŞ-ın və Avropa Birliyinin də roluna nəzər salmaq vacibdir. ABŞ-ın Cənubi Qafqazda Rusiyanı və İranı regiondan sıxışdırıb çıxarmaq , İrana qarşı koalisiya yaratmaq istəməsi təbiidir. Çünki bu ölkələr geosiyasi rəqiblərdir. Ermənistan rəhbərliyi də bu cür sövdələşməyə gedə bilər. Paşinyanın onu hakimiyyətə gətirən dairələrin sözündən çıxa biləcəyi inandırıcı deyil. Lakin Azərbaycanın bu koalisiyaya qoşulması da inandırıcı deyil. Əvvəla, Azərbaycan müstəqil ölkədir, onun hakimiyyətini kimsə nəyəsə məcbur edə bilməz. Digər tərəfdən Azərbaycan Ermənistanla belə bir koalisiyaya heç zaman getməz. Üstəlik də, Azərbaycan prezidenti hər zaman bəyan edib ki, ölkəmiz İrana qarşı heç bir ölkənin bizim ərazimizdən istifadə etməklə hər hansı fəaliyyətinə icazə verə bilməz. Hər zaman da Azərbaycan sözünün üstündə durub, vədinə əməl edib.

Baxmayaraq ki, İran heç də həmişə bizə qarşı layiqli şəkildə davranmayıb və son Gəncə olayları da bunu sübut etdi.
Qeyd edək ki, fransalı şərhçi Olivye Morel öz çıxışı zamanı bildirib ki, ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb İrana qarşı böyük koalisiya yaratmaq istəyir və Ermənistanın yeni baş naziri Nikol Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa hazırdır. O həmçinin bildirib ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın aparıcı vasitəçi olmasını da sıradan çıxarmaq və özünün əsas təşəbbüskar kimi çıxış etməsini təmin etmək istəyir.

Odur ki, İrana və ya Rusiyaya qarşı ABŞ hər hansı koalisiya formalaşdırsa, orada Azərbaycanın iştirakı istisna olunmalıdır. Azərbaycan heç zaman belə bir addım atmaz, indiyədək də bunu etməyib. Azərbaycan rəhbərliyi verdiyi vədə sona qədər sadiq qalmaq iradəsinə və əzminə malikdir. ABŞ belə bir koalisiyanı Ermənistanla qura bilər.

Ermənistanın Qarabağ danışıqlarını yeni formata keçirmək istəyi, növbədənkənar parlament seçkiləri keçirmək planları Rusiyanı proseslərdən uzaqlaşdırmaq istəyindən xəbər verir. Eyni zamanda, İran səfirinin Ermənistan müdafiə naziri ilə Brüssel səfəri ərəfəsində görüşü də Tehranın Ermənistanın ona qarşı xəyanətindən narahat olması deməkdir. Görünür, Ermənistan artıq bu fəaliyyətlərə başlayıb. Lakin Azərbaycan qonşu ölkələrlə dinc yanaşı yaşamaq prinsipləri əsasında öz xarici siyasətini qurub və bütün müqavilə öhdəliklərinə sadiqdir.

Rusiya-İran yaxınlaşması hələ 2000-ci ilin payızında Moskvanın islam respublikasına silah satışı və texnoloji əməkdaşlığı genişləndirmək haqda bəyanatından sonra beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etmişdi. Bu qərar İrana hərbi avadanlıq satmamaq barədə 1995-ci il Qor-Çernomırdin paktına son qoydu.

2001-ci ilin oktyabrında Moskva Tehranla ildə 300 milyon dəyərində adi silah növlərinin satışı barədə razılığa gəldilər. İraqla müharibə başa çatdıqdan sonra İranın öz silahlı qüvvələrini yenidən bərpa etmək planları onun Rusiya ilə bu sahədə yaxınlaşmasına səbəb oldu. XXI əsrin ilk onilliyində regionda nüfuz uğrunda intensivləşən beynəlxalq rəqabət bəzi fikir ayrılıqlarına baxmayaraq, ümumi geostrateji maraqlar naminə bu iki ölkəni strateji tərəfdaşa çevirdi.

Transmilli faktorların daha da intensivləşdirdiyi bu alyans daha çox siyasi və təhlükəsizlik məsələlərinə əsaslanır. ABŞ-ın Cənubi Qafqaz, Əfqanıstan və İraqa nüfuzetməsi, regionda dini ekstremizmin güclənməsi kimi təhdidlər bu iki ölkənin ümumi mövqedən çıxış etməsini labüd edir. Lakin dini ekstremizmi gücləndirən ölkələrdən biri də elə İran özüdür. Bunu Azərbaycan öz müasir tarixində dəfələrlə görüb.

Soyuq müharibədən sonrakı geosiyasi dəyişikliklər İran-Rusiya yaxınlaşması üçün daha geniş siyasi zəmin və strateji motivlər hazırladı. Kommunist blokuna qarşı yaradılmış NATO Varşava Paktından fərqli olaraq nəinki mövcudluğunu qoruyub saxlaya bildi, üstəlik öz hərbi-siyasi rolunu və üzvlərinin sayını artırdı. NATO-nun Şərqə doğru genişlənməsi onun qeyri-sabit periferik regionlarda hərbi əməliyyatlar keçirə biləcəyini göstərir.

Bəzi rus alimləri siyasətçiləri dəniz (talassokratiya) və kontinent (tellurokratiya) dövlətləri arasında geostrateji rəqabətin yeni mərhələsi kimi görürlər. Analitiklərin biri, NATO-nun Şərqə və Cənub-Şərqə doğru genişlənməsini Avrasiyanın «ürəyinə» (heartland) doğru ABŞ ekspansiyasının vasitəsi kimi dəyərləndirilir. Bənzər fikirlər Rusiyanın Dövlət Dumasında üstünlük təşkil edən və V.Putinin müstəqil xarici siyasətini dəstəkləyən parlamentin millətçi və kommunist fraksiyası – «Avrasiyaçılar» tərəfindən dəfələrlə səsləndirilmişdir. Rusiya Cənubi Qafqazdakı dövlətlərarası və etnik münaqişələri, Mərkəzi Asiyada dini ekstremizm, narkotika ticarəti və terrorizmin artmasını, öz cənub sərhədlərindəki əsas təhlükə mənbələri kimi görür. Həmin təhlükəli regionlar 2000-ci ilin oktyabr ayında Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv dövlətlər tərəfindən də Rusiyanın liderliyində birgə fəaliyyət arenası kimi dəyərləndirilmişdir. Bu barədə plan MDB Kollektiv təhlükəsizlik müqaviləsi dövlətlərinin sammitinin sonunda 2000-ci ilin oktyabrında Bişkekdə bəyan edilmişdir. Birgə mətbuat konfransında altı üzv dövlətin prezidentləri (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan) bəyan etdilər ki, onlar üç regional təhlükəsizlik sistemi çərçivəsində fəaliyyət göstərəcəklər. Bu qrup Rusiya-Belarus, Rusiya-Ermənistan və Rusiya-Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan) dövlətlərindən ibarətdir. MDB-də inteqrasiya proseslərinin təşviq olunması Rusiyanın milli təhlükəsizlik strategiyasında əsas prioritetlərindən biri kimi qeyd olunur. Bu, Rusiyanın Qafqazda və Mərkəzi Asiyada öz nüfuzunu yenidən bərpa etmək üçün fəal xarici siyasətinin motivlərini izah edir. Buna görə də Moskva hazırda İranı regional təhlükə mənbələrinə qarşı öz dəyərli müttəfiqi kimi görür. Rusiyanın hərbi doktrinası NATO-nun genilşənməsini və BMT mandatı olmadan suveren dövlətlərə mudaxiləsini (məsələn, Serbiya) beynəlxalq sabitsizliyin əsas mənbəyi hesab edir. Digər tərəfdən İranın geosiyasi strategiyasının formalaşmasında onun Mərkəzi Asiya və Əfqanıstandan tutmuş Ərəb-İsrail münaqişəsi zonasınadək regional və xarici oyunçuların nüfuz uğrunda mübarizə apardığı qeyri-sabit regionun mərkəzində yerləşməsidir. Azərbaycan və İsrail kimi Amerika ilə dost dövlətlərin Fars körfəzindəki ABŞ Hərbi Donanmasının mövcudluğu ilə çulğalaşması İranın siyasi ambisiyalarını zəiflədir. Müvafiq olaraq, müxtəlif ölkələrlə münasibətlərində və ayrı-ayrı məsələlərə yanaşmasında ideoloji, iqtisadi, strateji və millətçilik faktorlarından lazımi şəkildə istifadə olunması İranın öz xarici siyasətində praqmatik meylləri gücləndirdiyini sübut edir. iranın Rusiya ilə fundamentalist islami cərəyanlara qarşı birgə mübarizə aparması (məs. Əfqanıstandakı Taliban rejimi) müsəlman-şiə qonşusu Azərbaycanın ərazisinin 20%-ni işğal etmiş Ermənistanla sıx əməkdaşlıq əlaqələri qurması buna misal ola bilər.

Digər tərəfdən, İranın anti-İsrail mövqeyi və Yaxın Şərqdəki bəzi radikal islamçı qruplara dəstək verməsi (Həmas, Hizbullah və digər şiə qruplaşmaları) İslam respublikasının regionda ABŞ-ın getdikcə azalan nüfuzu fonunda öz liderlik ambisiyalarını legitimləşdirmək məqsədi daşıyır. İran habelə, nəhəng enerji resurslarına və onların beynəlxalq bazarlara ixracına nəzarət edən ölkələr sırasındadır. Xəzər dənizi və İran körfəzi arasındakı regiona nəzarət imkanı olan İran nəhəng güc mərkəzlərindən birinə çevrilməkdədir. Lakin onun əlverişli coğrafi mövqeyi geosiyasi maneələrin fonunda bir qədər kölgədə qalmaqdadır. Hazırda onun siyasi-iqtisadi potensialı beynəlxalq təcridə məruz qalması nəticəsində öz inkişafını lazımi şəkildə davam etdirmək imkanından məhrumdur. Rusiya ilə əmədaşlığa İran həm də ABŞ-ın təhdidlərindən qurtulabilmə kimi baxır. Moskva öz növbəsində, Vaşinqtonun İranın Orta Şərqdə sülh prosesinə mane olması və terrorizmi dəstəkləməsi, habelə ABŞ-İsrail cütlüyünün İranın kütləvi qırğın silahlarını inkişaf etdirmək barədə mülahizələrini bölüşmür.

Rusiya və İran arasındakı hazırkı əlaqələr üç qrup faktorun təsiri altında formalaşır: ümumi təhlükəsizlik, ikitərəfli biznesin təşviqi və siyasi dividentlər, potensial maraqların toqquşması. Birinci qrup faktorlar təbiətinə görə stratejidir və strateji reallıqlardakı dəyişikliklər nəticəsində dəyişikliyə məruz qalmağa meyllidir. İkinci qrup isə kooperativ əlaqələrə aiddir. Lakin üçüncü qrup faktorların Rusiya-İran əlaqələrinə xələl gətirəcəyi istisna olunmur. Hər iki ölkə Qafqaz və Mərkəzi Asiyada ABŞ və onun müttəfiqlərinin (məs., İsrail) təsirini azaltmaq üçün səylərini birləşdirmişlər.

İranın Rusiya və Ermənistanla tərəfdaşlığı Rusiya və İran tərəfindən ABŞ-ın Azərbaycan, Türkiyə, Gürcüstanla sıx əlaqələr qurması vasitəsilə regionda öz nüfuzunu artırmaq cəhdlərinə qarşı atılmış addım kimi dəyərləndirilir. Regiondakı bu güc qütbləşməsi həm də Şimal-Cənub oxunu Şərq-Qərb dəhlizinə qarşı qoymuş ixrac kəmərləri siyasətinin mühüm tərkib hissəsidir.

İran-Rusiya yaxınlaşması habelə, Rusiyada (Çeçenistan və Dağıstan daxil olmaqla) islamçı radikal cərəyanlarla qarşı iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığına şərait yaradır. İrana silah və nüvə reaktorlarının satışı Rusiya büdcəsinə milyonlarla dollar vəsaitin daxil olmasına, İranın özünə isə beynəlxalq təcrid şəraitində müasir hərbi texnologiyalar əldə etməyə imkan yaradırdı.

Bundan başqa, Rusiyanın İranla tərəfdaşlığı Moskvaya Orta Şərqdə daha böyük rol oynamaq ambisiyalarının reallaşmasına, Tehrana isə kommersiya, siyasi və mədəni əlaqələri vasitəsilə Mərkəzi Asiyada ekspansiyasını həyata keçirməyə imkan verir. İran SSRİ-nin süqutundan sonra Mərkəzi Asiya və Cənubi Qafqazda siyasi və iqtisadi dividentlər uğrunda gedən böyük oyunlara qoşulsa da, ilkin eyforiyadan sonra bu vakuumu təkbaşına doldura bilməyəcəyini anlayaraq potensial xaotik mühitdə Moskva ilə əməkdaşlığı balans kimi görür. Bu tərəfdaşlıq 1997-ci ildə Tacikistandakı beş illik vətəndaş müharibəsinin Moskvapərəst hökumətlə İranın təsirində olan islamçı Birləşmiş Tacik Müxalifəti arasında saziş bağlanılması ilə başa çatmasına səbəb oldu. Hətta, İran son zamanlar müdafiə əməkdaşlığı, İran hərbi təchizatının transferi də daxil olmaqla Tacikistanın Moskvayönümlü hakimiyyəti ilə yaxınlaşma sahəsində bəzi addımlar atmışdır. Lakin İran Azərbaycanla olduğu kimi, Rusiya ilə də Xəzərin hüquqi statusu, onun enerji ehtiyatlarının bölünməsi, ixrac boru kəmərləri məsələsində ümumi mövqeyə gələ bilmir.

Xəzərin statusu ilə bağlı hazırkı proseslər əvvəlkindən xeyli dərəcədə fərqlənir. Azərbaycanın Xəzər siyasəti, dənizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması layihələri Rusiyanın ixrac kəmərləri üzərində monopoliyasını aradan qaldıraraq, İranın alternativ marşrut kimi rolunu zəiflədə bildi. Lakin İranın beynəlxalq təcridinin güclənməsi, İran və Rusiyaya qarşı ABŞ sanksiyaları, Azərbaycanın Xəzər neft və qazını beynəlxalq transmilli şirkətlərlə bərabər istismar edərək alternativ tranzit kəmərlərlə dünya bazarına çıxarması İran və Rusiyanı güzəştə getməyə məcbur etdi. Xüsusilə İran və Türkmənistan Azərbaycanı beynəlxalq məhkəmələrlə təhdid edirdi. Halbuki Azərbaycanın mövqeyi beynəlxalq dəniz hüququna dair konvensiyalara, normativ-hüquqi bazaya tamamilə uyğundur. 1994-cü ildən sonra Azərbaycana qarşı İran və Rusiyanın təxribatlarının, təzyiqlərinin böyük əksəriyyəti Xəzərin hüquqi statusu, dənizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması məsələsində Azərbaycanın inadlı, prinsipial mövqeyi ilə bağlı olub. Lakin son dövrlərdə İran və Rusiyanın ABŞ-ın təzyiqləri ilə üzləşməsi onları Xəzər dənizi məsələsində geri çəkilməyə vadar edib. Xüsusilə İran 2018-ci ilin ilk günlərində daxili iğtişaşlarla silkələndikdən sonra Xəzər dənizi ilə bağlı xeyli güzəştlərə getməyə məcbur oldu. Bunun səbəbi o idi ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda SOCAR və BP-nin rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın ən böyük neft yataqlarının 2050-ci ilədək istismarına dair saziş imzaladı.

Mövcud “Əsrin müqaviləsi” 2024-ci ildə başa çatırdı və Britaniyanın transmilli neft şirkətinin Xəzərdə 2050-ci ilədək qalması, eləcə də Çindən Britaniyayadək uzanan, prezident İlham Əliyevin “Böyük İpək Yolunun dəmir magistrallar üzərində bərpası” adlandırdığı Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi də İranı güzəştə getməyə vadar etdi. Belə ki, ehtimallara əsasən, Mossad və Mərkəzi Kəşfiyyat İdarəsinin İrandakı iğtişaşlarda iştirakını məhz Britaniya kəşfiyyatı İrana ötürüb. İngiltərənin xarici işlər naziri Boris Consonun hadisələrdən qısa müddət əvvəl Tehrana səfər etməsinin bununla bağlı olduğu versiyası var. Belə bir şəraitdə İran İngiltərənin Xəzərdə neft maraqlarına qarşı gələ bilməzdi və güzəştə getməyə məcbur idi.

Azərbaycanın Çindən Londonadək uzanan qlobal nəqliyyat-kommunikasiya layihələrində, həm də BP ilə neft-qaz sahəsində əməkdaşlığı regionda öz maraqlarını Azərbaycan vasitəsilə uzlaşdıran İngiltərə ilə yaxın münasibətləri olan İranı da Xəzər məsələsində əvvəlki mövqeyindən geri çəkilməyə məcbur edir.

Azərbaycan Cənub Qaz Dəhlizinin dörd əsas qolundan biri olan TANAP-ın açılışını etdi və prezident İlham Əliyev Əskişəhərdəki açılışda qeyd etdi ki, layihənin sonuncu mərhələsi olan TAP üzrə işlərin 75 faizi görülüb.

Bunlar ölkəmizə qarşı İran və Rusiya tərəfindən ən müxtəlif təhdidlərlə müşahidə olunur. Üstəlik, bu iki ölkənin əbədi müttəfiqi hesab etdiyi Ermənistan ABŞ-dakı yəhudi lobbisi və onun təsirində olan Amerika Erməni Milli Assambleyasının səyləri nəticəsində çevrilişdən sonra İran və Rusiyadan üz döndərərək Qərbə doğru üz tutub. Bu, Ermənistanı sadiq müttəfiq kimi itirməkdə olan İran və Rusiyanın öz diqqətini daha çox Azərbaycana yönəltməsinə səbəb olub. Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi indiyədək hüquqi status məsələsində daha çox uzlaşıb və beynəlxalq hüquqa uyğundur. İran və Türkmənistan isə qeyri-konstruktiv mövqe tutub və onların mövqeyi Beynəlxlaq Dəniz Hüququna dair normativ-hüquqi bazaya yox, daha çox öz milli maraqlarına uyğun olub.

Lakin bundan sonra İranın əvvəlki mövqeyindən geri çəkiləcəyi inandırıcı hesab oluna bilər. Çünki ABŞ nüvə sazişindən çıxdıqdan sonra İngiltərə və Avropa Birliyi ölkələrinin yardımına möhtac qalan İran Xəzər məsələsində müqavimət göstərməklə öz regional və beynəlxalq mövqelərini gücləndirə bilməz. Üstəlik, dediyimiz kimi, Ermənistan istiqamətindən ABŞ tərəfindən sıxışdırılmaq təhlükəsi ilə üzləşən İran Xəzər qonşuları ilə münasibətləri kəskinləşdirməklə özünü təcrid edə bilər.

Yaxın Şərqdə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı tərəfindən sıxışdırılan, regional ambisiyaları üçün hərbi büdcəsinə milyardlarla dollar ayıran İran sosial problemlər zəminində başlayıb xalqların azadlıq mübarizəsinədək gedib çıxa bilən daxili iğtişaşlardan narahat olmalı, qonşularla, xüsusən Azərbaycanla münasibətlərdə, o cümlədən Xəzər məsələsində güzəştli mövqe tutmalıdır.

İran və Rusiya arasında geosiyasi nüfuz sferası arasındakı böyük fərqlər potensial maraqlar münaqişəsinə təsirsiz ötüşmür. Rusiya regional məsələlərə öz transregional və qlobal nəzər nöqtəsindən baxdığı halda, İran onları öz regional maraqları baxımından nəzərdən keçirir.

Habelə, Moskva və Tehran 2001-ci ilin 11 sentyabrından sonra ABŞ-ın terrorizmə qarşı beynəlxalq koalisiya yaratmaq çağırışına müxtəlif cür reaksiya verdilər. Çeçenistanda və cənub sərhədlərlərində – Mərkəzi Asiyada Taliban rejiminin təsirində olan radikal dini ekstremist qruplar tərəfindən təhdidə məruz qalan Rusiya bir zamanlar Əfqanıstanda SSRİ-yə qarşı vuruşmuş Ben Laden və Talibana qarşı mübarizədə ABŞ-la həmrəylik nümayiş etdirdi. İran isə hansı səbəbdən olursa-olsun ABŞ-ın regiona nüfuzetməsinin əleyhinə çıxdı və Taliban rejiminə qarşı çıxsa da, lakin ABŞ-ın Əfqanıstana hərbi müldaxiləsini pislədi.

İrana qarşı beynəlxalq silah embarqosu tətbiq ediləndən sonra Rusiya bu ölkənin əsas silah əldəetmə mənbəyinə çevrilmişdir. İranın öz hərbi qüdrətini artırmaq cəhdləri həm onun təhlükəsizliyinə qarşı mövcud real təhlükələrin olmasından, həm də bu ölkənin regionda böyük dövlətə çevrilmə ambisiyalarından qaynaqlanır. İranın islam dünyasının liderinə çevrilmək ambisiyaları onu İran körfəzində hərbi donanma saxlamağa və kütləvi qırğın silahları əldə etməyə sövq edir. bu məqsədlərinə çatmaq üçün ölkəyə müasir silah və hərbi texnologiyalar idxal olunmalı, xarici silah təchizatçılarından asılılığı azaltmaq üçün yerli hərbi-sənaye kompleksi təkmilləşdirilməlidir. Moskva İrana öz silahlı qüvvələrini modernləşdərməyə, eləcə də nüvə, kimyəvi, bioloji silah proqramlarını, ballistik raket texnologiyasını inkişaf etdirməyə yardım etmişdir. Rusiya habelə İslam Respublikasına yerli silah istehsalını artırmaq üçün hərbi-sənaye kompleksi yaratmağa kömək etməkdədir. Öz potensialına güvənmə (Cahad-e-Xodkefayi) İran İslam İnqilabının əsas şüarlarından biridir. İranın müdafiə nazirliyinin əsas missiyalarından biri beynəlxalq təcridolunma şəraitində böyük dövlət statusu əldə etmək istəyən İranın xarici bazarlardan asılılığını azaldaraq daxili hərbi-sənaye kompleksini gücləndirmək idi.

Rusiya bu sahədə İrana lazımi yardım göstərsə də, bəzən müəyyən şəraitdə geri cəkilməli olmuşdur. Məsələn, MİG-29 qırıcılarının satışı Vaşinqtonun təzyiqləri nəticəsində dayandırılmışdır. Rusiya-İran sövdələşməsinin nəticəsində hansı tip silahların satış predmetinə çevrildiyi dəqi məlum olmasa da, İranın raket əleyhinə müdafiə sistemlərinə, öz hava qüvvələrinin operativ və strateji döyüş qabiliyyətini artırmağa, habelə İran körfəzində effektiv manevr etmək üçün hərbi donanmasını gücləndirməyə prioritet verdiyini qeyd etmək olar.

Ballistik raket bazaları, nüvə zavodları, kimyəvi və bioloji silah qurğuları da daxil olmaqla ABŞ və İsrail tərəfindən hərbi obyektlərinə raket hücumundan ehtiyatlanan İran hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsinə həyati əhəmiyyətli məsələ kimi baxır. Hərbi donanmanın modernləşdirilməsi də İranın prioritet verdiyi məsələlərdəndir. İran hər il Fars körfəzində 40 manevr həyata keçirir. Lakin ölkənin nizami silahlı qüvvələri sırasında hərbi donanma ən az inkişaf etmişdir. Jane İntelligence Reviewnun məlumatına görə, hərbi donanma lazımi təchizatın olmamasından çətinlik çəkir.

ABŞ-ın İrana silah satışına beynəlxalq embarqo qoymasına baxmayaraq, Rusiya Tehranı yalnız müdafiə üçün zəruri olan silah növləri ilə təmin etdiyini və bununla da beynəlxalq müqavilələri pozmadığını, lakin Nüvə silahının yayılmaması barədə beynəlxalq müqavilələrlə öz üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyini bildirmişdi. Lakin, müdafiə məqsədli silahlar asanlıqla hücum vasitəsinə çevrilə bilər. Məsələn, Moskvanın ABŞ-ın milli raketdənmüdafiə sistemi yaratmaq planlarından təşvişə düşməsinin səbəbi Amerikanın həm də bu cür sistemə malik olmasından istifadə edərək raket hücumu edə biləcəyindən ehtiyat etməsidir.

Raket əleyhinə müdafiə sisteminin yaradılması Vaşinqtonun 1972-ci il Anti-ballistik raket müqaviləsindən çıxmasından, Polşa və Çex Respublikasında İran və Şimali Koreyadan gələcək raket hücumunun qarşısını almaq üçün Yer tipli Müdafiə sisteminin yaradılmasından ibarətdir. SSRİ-nin dağılmasından sonra ABŞ 1972-ci il Müqaviləsinin yeni siyasi situasiyaya, təhdidlərə cavab vermədiyini əsas gətirərək müqaviləni denonsasiya etmək istədiyinit bəyan etdi. Lakin Rusiya bunun beynəlxalq təhlükəsizlikdəki tarazlığı pozacağından narahat olduğunu bildirərək ABŞ-ın bu planına qarşı çıxdı.

1999-cu ilin dekabrında BMT Baş Assambleyası ABŞ-ı raket əleyhinə milli müdafiə sistemi yaratmaq planından çəkinməyə çağıran qətnaməni təsdiqlədi. Albaniya, İsrail və Mikroneziya ABŞ-la həmrəylik göstərərək qətnamə layihəsinin əleyhinə səs verdilər. Qətnamənin qəbulunun lehinə səs verən Fransa və İrlandiya istisna olmaqla, digər Avropa Birliyi ölkələri bitərəf mövqe tutdular. Lakin 2001-ci ilin 15 dekabrında ABŞ Müqavilədən çıxdı. XX əsrin sonu – XXI əsrin əvvəllərində Milli raketdən müdafiə sisteminin əsas məqsədi «şər dövlətlər» tərəfindən mümkün nüvə terrorundan qorunmaqdır.
2002-ci ildə ABŞ administrasiyası Böyük Britaniya, Danimarka və Polşa ilə bu ölkələrdə öz raketdənmüdafiə sisteminin bir hissəsini yerləşdirmək barədə rəsmi danışıqlara başlamışdı.

2007-ci ilin fevralında «The Economist» jurnalı ABŞ-ın NATO-dakı səfiri Viktoria Nyulandın öz həmkarlarına yazdığı məktubu dərc etdi. Məktubda xanım səfirin onlara Avropada raketdən müdafiə imkanlarının araşdırılması tapşırığı aə ABŞ-ın Birləşmiş Krallıqla bu barədə bir müddətdən bəri danışıqlar apardığı öz əksini tapmışdı.
2007-ci ilin fevral ayında ABŞ Polşa və Çexiya ilə bu məsələ barədə rəsmi danışıqlara başladı. Mətbuatın yazdığına görə, Çex Respublikası raketləri yaxalayacaq qurğuların Polşa ərazisindəki Ustka-Viko bazasında yerləşdiriləcəyi təqdirdə raketdən müdafiə radarlarının öz ərazisində yerləşdirilməsinə razılaşacağını bildirdi.

İrana silah satışının gələcək fəallığı Rusiyanın ABŞ-ın narahatçılığına nə dərəcədə əhəmiyyət verməsindən və İranın alıcılıq qabiliyyətindən asılı olacaqdır. Çünki Vaşinqton artıq Moskvanı İranla taktiki müttəfiqliyə görə öz strateji maraqlarını qurban verməməyə çağırıb.

Görünür bütün bunları nəzərə alaraq Rusiya İrana, ona ABŞ-ın müttəfiqlərini və onun Fars körfəzindəki maraqlarını təhdid etmək imkanı verən silah növlərini satmaqdan imtina etmişdir. Rusiya-İran əməkdaşlığında digər bir mübahisəli məsələ Moskvanın Tehrana Buşəhrdə mülki nüvə elektrik stansiyası inşasına yardım etməsi idi.

İran rejiminin nüvə silahı yaratmaq amibisiyaları hələ inqilabdan əvvəl Şah rejiminin Almaniyanın köməyilə başladığı proqrama əsaslanır. Bununla belə, İranın öz nüvə proqramını həyata keçirmək üçün zəruri materal və avadanlıq əldə etmək cəhdləri beynəlxalq maneələrlə qarşılaşmış və prosesin gedişi yubanmışdır. Proqram 1995-ci ildə Rusiya ilə 800 milyon dollarlıq Buşəhrdə 1000 meqavatt reaktor tikilməsi barədə kontraktın imzalanmasından sonra canlanmışdır. Lakin ABŞ-ın təzyiqləri nəticəsində bir müddət proses yenidən təxirə düşsə də, nəhayət, 2003-cü ilin sonlarından etibarən Buşəhrdə işlər yenidən davam etdirilməyə başlamışdır.

ABŞ iddia edir ki, enerji resursları ilə zəngin olan İranın əlavə nüvə enerjisinə ehtiyacı yoxdur və reaktordan İranın nüvə silahı proqramı üçün istifadə edilə bilər. Lakin Moskva iddia edir ki, proqram dinc məqsəd daşıyır və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır. Vaşinqton İranla nüvə əməkdaşlığı edən Rusiya şirkətlərinə və ya Rusiya hökumətinə qarşı sanksiya tətbiq edə bilər. hələ 1999-cu ildə bir neçə Rusiya şirkətinə və üç nüvə tədqiqatı institutuna qarşı bu cür tədbir görülmüşdür. Bu yaxınlarda RF prezidenti V.Putin etiraf etmişdir ki, heç də Rusiyadakı bütün dövlət strukturları və intstitutları ixracat prosesinə ciddi nəzarəti saxlamaq üçün əllərindən gələni etmirlər. İran 1968-ci il Nüvə silahının yayılmaması haqda müqaviləyə tərəfdar çıxan ölkə olsa da, ABŞ, İsrail və Orta Şərqin bəzi ərəb ölkələrilə düşmənçilik münasibətlərinin olması onu nüvə silahı yaratmaqda israrlı olmağa vadar edir. Rusiya isə bu sahədə İrana nüvə materialları və texnologiyaları göndərə biləcək ən yaxın və etibarlı müttəfiqdir.

Bundan başqa, Rusiya mütəxəssisləri İrana kimyəvi və bioloji silahların hazırlanmasında da yardım etmişdir. Həmin proqram 80-ci illərin ortalarında İran-İraq müharibəsində İraqın kimyəvi silah istifadə etməsindən sonra xüsusi əhəmiyyət kəsb etməyə başladı. Eyni köməyi raket texnologiyalarının inkişafı haqqında da demək olar. İran bu sahədə həm də Şimali Koreya və Çinin də yardımlarından bəhrələnmişdir. Hazırda İran qısa və ortamənzilli raketlər istehsal etməkdədir. Tehran bu ballistik raketlərdən öz siyasi statusunu möhkəmləndirmək və təhdid vasitəsi kimi istifadə etmək niyyfətindədir.

2001-ci ilin aprelində İranın İraqdakı Bağdadyönümlü silahlı müxalifətə (Mocahedin-e-Xalq) qarşı kütləvi raket hücumuna keçməsi onun Körfəz qonşularının təəccübünə səbəb oldu. Atılan raketlərin sayı İranın İraqla müharibədə istifadə etdiyi ümumi raketlərin yarısı miqdarında idi. İran habelə ABŞ və İsrailin təşvişə düşməsinə səbəb olan «Fateh-110» yer-yer tipli və «Şahab» raketlərinin sınağını uğurla başa vurmuşdur. Bu raketlər İsrail, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı və Körfəzin kiçik ərəb dövlətlərinin sıx əhalisi olan şəhərlərini yerlə-yeksan etməyə qadirdir.

Rusiya-İran münasibətlərində mühüm yer tutan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri heç şübhəsiz Xəzərin hüquqi statusudur. Xəzər dənizində sərbəst gəmiçilik və balıqçılığı nəzərdə tutan 1921-ci il və 1940-cı il Sovet-İran müqavilələri artıq yeni reallıqlara cavab vermir. Rusiya və İrandan başqa, Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi üç müstəqil dövlətin meydana gəlməsi, dənizin dibində nəhəng enerji resurslarının kəşfi və istehsalı, habelə ətraf mühitin problemləri Xəzərin hüquqi statusu məsələsinə yeni yanaşmanı tələb edir. İstehsal olunan neft və qazın beynəlxalq bazarlara nəqli marşrutu uğrunda beynəlxalq rəqabətin kəskinləşməsi və regionda geosiyasi prioritetlərin dəyişməsi vəziyyəti daha da müərəkkəbləşdirmişdir. İran və Rusiya dənizin sahil xətlərinin 1/3-nə və dənizin karbohidogen ehtiyatlarının ən az istismar olduğu hissəsinə malikdirlər. Hazırda İran dənizin sahil xətlərinin 14%-nə, Rusiya 16%, Qazaxıstan 29%, Azərbaycan və Türkmənistan müvafiq olaraq 21% və 20% hissəsinə nəzarət edirlər. Bununla belə, İran və Rusiya enerji nəqlini birbaşa beynəlxalq bazarlara çatdırmaq imkanı olan ölkələrdir. İxrac marşrutlarının öz ərazilərindən keçməsinə çalışmaq bu ölkələrin Xəzər siyasətinin əsasını təşkil etmişdir. Moskva orta xətt prinsipinə əsasən, dənizin dibinin beş ölkə arasında bölüşdürülməsini təklif etmiş və 1998-ci ilin iyununda Qazaxıstan, 2001-ci ilin yanvarında Azərbaycanla imzalanmış sazişdə bu mövqedən çıxış etmişdir. Rusiya dəniz səthinin kandominium prinsipi əsasında bölünməsini, İran isə həm dənizin dibinin, həm də suyun səthinin beş bərabər hissəyə bölünməsini tələb edirdi. Səthin ümumi istifadəsinə qarşı çıxmasını İran Rusiyanın hərbi gəmilərinin maneəsiz şəkildə İran sahillərinə yaxınlaşa bilməsilə izah edir və dənizin demilitarizasiyasında maraqlı olduğunu bəyan edir. Lakin özü bu prinsiplərə riayət etmir. Məsələn, 2001-ci ilin iyulunda İranın hərbi gəmisi Azərbaycanın neft gəmisini mübahisəli ərazidən çıxmağa məcbur etdi.

Bununla yanaşı, İran və Rusiya Bakı-Ceyhan layihəsinə qarşı qətiyyətlə düşmənçilik mövqeyi tutmuşlar. Transxəzər kəmərinin çəkilişi həm də Türkmənistan və Qazaxıstanın enerji ehtiyatlarının bu kəmərlə dünya bazarına çıxarılmasını nəzərdə tuturdu. Bu layihə Rusiyanın ixrac kəmərləri üzərində monopoliyasının ləğv olunmasına və İranın alternativ marşrut kimi rolunu zəiflətməyə yönəlmişdir. İranın keçmiş prezidenti M.Xatəminin Rusiyaya səfəri zamanı tərəflərin dənizin hüquqi statusuna dair yekun razılığa gəlməyincə dəniz sərhədlərinin rəsmi şəkildə tanınmaması barədə birgə bəyanatına Bakı və Astananın kəskin reaksiyasının olması təbiidir, çünki bu kommunike dənizin dibinin bölüşdürülməsi barədə Rusiyanın bu ölkələrlə imzaladığı müqaviləyə ziddir.

Gördüyümüz kimi, hazırda bəzi fikir ayrılıqları nəzərə alınmasa, İran və Rusiya arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Lakin regionda və beynəlxalq sferada baş verən bir sıra proseslərin bu münasibətlərə təsirsiz ötüşəcəyini söyləmək olmaz. Bu ölkələrin daxili siyasətində baş verən bir sıra dəyişikliklər, regional geosiyasi dəyişikliklər, bu ölkələrin ABŞ-la münasibətləri, iqtisadi məsələlər buna misal ola bilər. qlobal intervensionist xarici siyasət tərəfdarları çoxqütblü dünya nizamının təşəkkülünə nail olmaq, ABŞ-ın hegemon təsirinə qarşı çıxa bilmək üçün Rusiyanın ənənəvi müttəfiqlər – İran, Hindistan və Çinlə (Hindistan istisna olmaqla digər iki ölkə ilə bəzi tarixi ziddiyyətlər – Şah dövrü İranı və Mao Tse Dun dövrünün SSRİ-Çin qarşıdurması buna misal ola bilər) daha sıx əlaqələrin qurulmasını israr edirlər. Lakin Rusiyada İranla bağlı müəyyən narahatçılıqlar da var. Məsələn, Tehranla münasibətlərin ABŞ-Rusiya münasibətlərinə xələl gətirəcəyi və Rusiyanın həyati əhəmiyyətli maraqlarına zərbə vuracağı, eləcə də İrana nəql olunan hərbi texnologiyaların gələcəkdə Rusiyanın özünə qarşı yönələ biləcəyi təşviş doğuran məsələlərdəndir.

Eyni zamanda, İranda mühafizəkarlarla islahatçılar arasındakı mübarizə xarici siyasətə müxtəlif yanaşmanı şərtləndirir. Mühafizəkarlar ABŞ-a qarşı mübarizəni İslam inqilabının əsas prinsiplərindən biri kimi görsə də, islahatçılar Qərblə yaxınlaşmanı İranın xarici siyasət imkanlarının genişlənməsi vasitəsi kimi qəbul edirlər. Tehran həm də Moskvanın keçmişdə olduğu kimi, yenə də İran «kartından» Vaşinqtondan güzəşt qoparmaq üçün istifadə edə biləcəyindən ehtiyatlanır. Regiondakı geosiyasi dəyişikliklər, xüsusilə İsrail-Fələstin münaqişəsi İran-Rusiya əməkdaşlığına gələcəkdə müəyyən təsir edə bilər. İranın ABŞ-ın dəstəklədiyi Yaxın Şərq sülh prosesinə qarşı çıxması onun ABŞ-la düşmənçilik münasibətlərinin həm səbəbi, həm də nəticəsidir. İran həm də ABŞ-ın İsraili dəstəkləməsindən və anti-İsrail əhval-ruhiyyəsindən regionda özünü İslam dünyasının lideri kimi təqdim etmək üçün istifadə etməyə çalışır. Onun bu mövqeyi həm opportunist, həm də ideoloji səbəblərdən qaynaqlanır. Sülh prosesində baş verən hər hansı mühüm dəyişiklik və ya rejimi öz mövqeyini yumşaltmağa vadar edəcək hər hansı daxili təzyiq İranın Moskva və Vaşinqtonla münasibətlərini tamamilə yeni bir istiqamətə yönəldə bilər. Habelə, Əfqanıstanda sülh və sabitliyin bərqərar olması Tehran-Moskva strateji əməkdaşlığında mühüm dəyişikliyə səbəb ola, onların bu ölkədə nüfuz savaşının latent mərhələdən açıq müstəviyə keçməsinə səbəb ola bilər. Rusiya və İranın ABŞ-la münasibətlərində baş verəcək mühüm dəyişikliklər, məsələn, ABŞ-İran yaxınlaşması İranın Rusiya ilə strateji əməkdaşlığını arxa plana keçirə bilər. Eyni fikri Moskva-Vaşinqton əməkdaşlığı haqqında da söyləmək olar. Habelə, Tehran və Moskvanın terrorizmlə mübarizə məsələsinə fərqli mövqedən yanaşması fikir ayrılığı doğuran başqa bir məsələdir.

Daxili və beynəlxalq ticarətin iki ölkə münasibətlərinə təsiri də çox mühümdür. Rusiya-İran ticarət dövriyyəsinin həcmi ildə 1 milyard dollardan azdır. Halbuki, Avropa Birliyi və Türkiyə ilə ticarətin həcmi bundan dəfələrlə artıqdır.
Bütün bu sadaladığımız amillərdən ən mühümü, fikrimizcə dünyada baş verən qloballaşma və qarşılıqlı iqtisadi asılılığın təsiri və təzyiqi altında bu ölkələrin öz iqtisadi və siyasi oriyentasiyalarını hansı istiqamətə yönəldəcəyindən həm də onların gələcək əlaqələrinin xarakteri asılı olacaqdır. Regional əməkdaşlıq geosiyasi maraqlardan daha çox, geo-iqtisadi maraqlardan asılıdır. Qloballaşmanın beynəlxalq siyasətin aparıcı tendensiyası olaraq qalmaqda davam edəcəyini nəzərə alsaq, Rusiyanın bu prosesdə üzləşdiyi problemlərin onun imperiya ambisiyalarını reallaşdırmaq üçün maneə olacağını proqnozlaşdırmaq olar. Demokratikləşmiş Rusiyanın isə bu amibisiyalar üçün istəyi, arzusu tükənmiş olacaqdır.

İqtisadi durğunluq bu gün İranın üzləşdiyi ən ciddi iqtisadi problemdir. Lakin, çox ehtimal ki, iqtisadi dəyişikliklər ölkəni təcridçilikdən yaxa qurtarmağa və xarici investisiya cəlb etmək üçün Qərbyönümlü siyasət həyata keçirməyə sövq edəcəkdir.

Nəzakət Məmmədova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir