Avropa Komissiyası Rusiyaya qarşı yayınması mümkün olmayan yeni sanksiyalar paketi hazırlayıb. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Tallindəki mətbuat konfransında deyib:
“Biz səkkiz sanksiya paketi hazırlamışıq və hər bir nümunədən onlardan yayınmaq üçün “boşluqların” necə bağlanacağını öyrənmişik. İndi biz bu yayınmaların qeyri-mümkün olması üçün tədbirləri nəzərdə tutan başqa bir paketlə çıxış edirik”.
Analitik Elçin Xalidbəyli Ursula fon der Lyayenin açıqlamasını “Sherg.az”a şərh edərkən bildirib ki, Rusiyaya qarşı buna qədər tətbiq olunan sanksiyalar hələ indi öz real təsirlərini göstərməyə başlayıb:
“İndiyə qədər Kreml əlində olan daxili resurslar hesabına beynəlxalq sanksiyalara tab gətirə bilirdi. Ancaq artıq ,o, özünün maliyyə-iqtisadi, eləcə də hərbi resurslarını ciddi şəkildə tükətməyə başlayıb. Onların əvəzinə isə yeniləri demək olar ki, gəlmir. Yəni Rusiya hazırda maliyyə-iqtisadi cəhətdən tam şəkildə sıxışdırılmış vəziyyətdədir. Bir müddətdən sonra bu ölkədə texnoloji problemlər böhranlı səviyyədə hiss ediləcək. Bütün bunlara əlavə olaraq, yayınılması mümkün olmayan yeni sanksiyaların tətbiq olunması isə Rusiyanın çökdürülməsi prosesini daha da sürətləndirə bilər.
Avropa Birliyi ölkələri də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ziyan çəkirlər. Ona görə də, onun daha da sıxışdılmasına cəhd göstərirlər. Bu yolla Kremlin nəhayət ki, geri çəkilməsinə nail ola biləcəklərinə ümid bəsləyirlər”.
Onun sözlərinə görə, Rusiyanın geri çəkiləcəyi hələlik o qədər də inandırıcı görünmür:
“Çünki rəsmi Moskva üçün demək olar ki, geri çəkilmək şansı buraxılmayıb. Əgər Kreml geri çəkilərsə, Rusiyanın ümumiyyətlə, mövcudluğu böyük təhlükə altına düşə bilər. Ona görə də, hazırda olduqca qəliz situasiya yaranıb və bu situasiya müəyyən mənada, “hərbi-siyasi labirint” təsiri bağışlayır. Çünki qarşıduran tərəflərdən heç birisi bu vəziyyətdən öz maraqlarını qorumaqla çıxmaq şansına sahib deyil”.
Günəş Mərd