KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Rüfət Muradlı: Pezeşkiyanın qələbəsi; Suallar və cavablar

Rüfət Muradlı: Pezeşkiyanın qələbəsi; Suallar və cavablar

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
44 0

Məsud Pezeşkiyan İranın 9-ci prezidenti oldu. Bu, Xamneyiden sonra ikinci türk prezident sayılır ( Əgər Xamneyi də türk hesab edilirsə təbii). Etnik Azərbaycan türkü və bu gün ev dustaqlığına məhkum edilmiş Mirhüseyn Musəvi isə 80-ci illərin sonlarında ölkənin sonuncu baş naziri olmuşdu. Bu vəzifə də konstitusiya ilə ləğv edildi. Uzun illər idi ki, ölkənin güc strukturlarına da türklərin təyinatı olmurdu. Bəs türkə qarşıunasibəti bəlli olan rejim niyə bu addımı atdı?
Milli şüarlarla ortaya çıxan namizədləri hətta parlament seçkilərinə belə buraxmayan Nigəhban Şurası ( rejimin seçkiyə və konstitusiyaya nəzarət orqanı) Pezeşkiyanın “nazı” ilə niyə oynadı ?
Yəqin ki, bu suala ilk cavab “seçkidə kütləvilik yaratmaqla rejimin legitimliyini təmin etmək” olacaq. Və gerçəkdən də bu baş tutdu. Amma varlığı ərzində azad və demokratik seçki keçirməyən İran rejimi Pezeşkiyanın seçilməsinə niyə yaşıl işıq göstərdi?
Bir neçə məqamı xüsusi qeyd etmək istəyirəm.
Seçki kampaniyası dövründə keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Məsud Pezeşkiyanın yanında olması bu məntiqi ortaya qoyur – İran rejimi çöküşdən xilas olmaq üçün dünyaya açılmaq məcburiyyətindədir və xaric siyasətdə də yumşalmağa getməyə məcburdur. Amma gerçəkdən rəsmi Tehran buna gedəcəkmi? Çağdaş siyasət tarixi şahiddir ki, İran İslam Respublikası kimi totalitar rejimlərin dünyaya açılması çöküş prosesini daha da sürətləndirir. Elə isə, rejim, niyə intihar yolu seçsin?
Varlığı boyunca öz opponentlərinin fiziki cəhətdən kütləvi məhvinə imza atan bir rejim üçün islahatlara üz tutma da inandırıcı görünmür. Nəzərə alsaq ki, Tehran 1997-ci ildə bu tendensiyanı Xatəmi ilə sınadı. Etiraf edək ki, o zamanadək mədəniyyət naziri olmuş Xatəminin prezidentlik dönəmində biz Azərbaycan türkləri daxil, qeyri-farsların milli mədəni hüquqlarının bərpası yolunda nisbi yumşalma hiss olundu. Lakin bu yumşalmadan nigarançılıq yaşayan rejim 2005-ci il seçkisində prezident kürsüsünə mühafizəkarlarin təmsilçisi Əhmədinejadı gətirdi. 2009-cu il prezident seçkilərində isə Mirhüseyn Musəvinin qələbəsini tanımayan rejim, etirazçı əhalini gülləyə tutmaqdan da çəkinmədi. Yəni mayası qanla, inqilabla yoğrulmuş bir siyasi sistem üçün islahat, azad seçki anlayışları bu anadək arzu edilən sayılmayıb.
Bəs dr. Məsud Pezeşkiyanın prezident olması ilə Xamenei ve bütövlükdə rejim ilk növbədə ölkə daxilində nəyi qazanmağı hədəfləyir?
Təxminlərim belədir.
Ağır sosial və iqtisadi məngənədə çabalayan, rejimin maddi və mənəvi basqılarından təngə gələn əhalinin illərdir düyünlənən nifrət hissləri ötəri də olsa yerini, ümid və güzəşt duyğularına dəyişəcək. Bu addımla rejim son onillikdə ölkəni bürüyən sosial, iqtisadi aksiyaları müəyyən müddətədək təxirə salmağı da düşünür.
Diqqət etsək, Pezeşkiyanın əzici üstünlüklə qazandığı ostanlar əsasən qeyri farsların yaşadığı bölgələrdir. Nəzərə alsaq ki, bu siyahıda son illərdə etirazların səngimədiyi Sistan və Bəlucistan ostanı da var . Milli və dini zəmində baş qaldıran etirazlar da müəyyən zaman üçün səngiyəcək. Ən azından seçicilər dəstəklədikləri namizədin bu müddət ərzində verdiyi vədlərə nə qədər sədaqətli olduğunu gözləyəcəklər.
Bəs xalq tərəfindən onu verilmiş “kart blanşlar” müqabilində Məsud Pezeşkiyan nə etməlidir və ya nə edə bilər ?
Makro istəkləri kənara qoyaraq, yalnız mikro səviyyədə atıla biləcək minimal addımlara nəzər salaq.
Əcəba, seçiləndən sonra ilk mesajında “Şərəfimə and içirəm ki, mən də sizi tənha qoymayacam!” deyən yeni prezident, əhalinin iqtisadi-sosial durumunun dirçəldilməsi üçün əməli addımlar atacaqmı?
Cənab Pezeşkiyan heç olmasa millətlərin Əsas Qanunla (15 ,19 cu maddələr) təsbit edilmiş hüquqlarının təmin edilməsində təsirli rol oynaya biləcəkmi ?
Siyasi məhbusların azad edilməsi yönündə hər hansı addım atacaqmı və ya buna səy göstərəcəkm8?
Seçilməsində əsas pay sahibi olan Azərbaycan türklərinin illərdir əzilən iqtisadi, təhsil hüquqlarının bərpasını istəyəcəkmi?
Xüsusilə Qərbi Azərbaycan ostaninda baş qaldıran kürd separatizmi müqabilində hansı mövqeyi sərgiləyəcak?
Suallar çoxdur, lakin səbrlə, təmkinlə yeni prosesi izləməkdə fayda olacağını düşünürəm. Yetər ki, sonunda xalq növbəti dəfə aldanmasın. Ölməz Şəhriyarın ifadəsilə desək, “Qorxum budur, oyun ola,
Millət yenə qoyun ola.”
Rüfət Muradlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir