EROL GÜNGÖR VE TÜRK-TATAR CEDİTÇİLERİ “İSLAMCI” MIDIR?

Ряд причин вынуждает Турцию приступить к новой антитеррористической операции на севере Сирии

Paşinyan ve sözcü’lerine!

TRUMP YÖNETİMİN YENİ AFRİKA STRATEJİSİ DEĞERLENDİRİLMESİ

Regionda yeni geosiyasi mənzərə – Türkiyə Ermənistanla sərhədləri açır?

Ermenistan, Gündem 26 Temmuz 2016
717

Regionda yeni geosiyasi mənzərə – Türkiyə Ermənistanla sərhədləri açır? –

Türkiyənin Ermənistanla sərhədləri açmaqla bağlı müzakirələrə başlamaq istədiyinə dair məlumat yayılıb. “Hürriyet” qəzetinin yazarı Fatih Çekirgenin iddiasına görə, xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya səfəri zamanı məsələ ilə bağlı Azərbaycanın mövqeyini öyrənmək istəyib.

Qeyd edək ki, 2009-cu ildə Türkiyənin Ermənistanla danışıqlara başlaması Ankara və Bakı arasında ciddi gərginliyə səbəb olmuşdu. Ciddi etirazlardan sonra, Türkiyə geri çəkildi və bu prosesin yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra baş tuta biləcəyini qeyd etdi. İndi Türkiyənin yenidən bu prosesə başlaması ilə bağlı iddialar suallar yaradır.

Milli Məclisin deputatı Fazil Mustafa Admiral.Az-a açıqlamasında bu iddianın inandırıcı olmadığını deyib. Onun fikrincə, hazırda Türkiyə hökumətinin yetərincə problemləri var:

“Belə bir vaxtda Azərbaycanla gərginliyə səbəb olacaq mövzunu gündəmə gətirməsi inandırıcı deyil. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etmək istiqamətində konkret addımlar atsaydı, Türkiyənin belə bir təşəbbüskarlığının mümkün ola biləcəyi haqda danışmaq olardı. Lakin indiki şəraitdə belə bir vəziyyət olmadığına görə, hansısa bir şəkildə Türkiyənin belə bir təşəbbüs göstərəcəyinə inanmıram. Fikrimcə, bu qəzetin mülahizələrindən başqa bir şey deyil”.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Admiral.Az-a açıqlamasında deyib ki, bu bütövlükdə kompleks məsələdir:

“Danışıqlar prosesində Sarkisyan hakimiyyəti ən azından Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasına razılıq verərsə, həm Qarabağ, həm də Ermənistana kommunikasiya xətlərinin açılmasına razılıq verilə bilər. Türkiyə də yalnız bundan sonra prosesə daxil ola və sərhədləri açmaq barədə düşünə bilər. Təbii ki, Türkiyə bu məsələdə Azərbaycanın mövqeyini mütləq öyrənməlidir. Hesab etmək olar ki, Qarabağ ətrafında aparılan danışıqlar prosesi fonunda Çavuşoğlu iyun səfərində Azərbaycanın rəhbərliyi ilə bu məsələni müzakirə edib. Bunu normal qarşılamaq lazımdır”.

N.Miri qeyd edib ki, rayonların qaytarılmasına Ermənistan razı olmayacaqsa və güzəşt etmək fikrində deyilsə, təbii ki, sərhədlərin açılmasından söhbət gedə bilməz.

“Ona görə də Türkiyə bu məsələdə əhəmiyyətli rollardan birini oynaya bilər. Çünki indiki danışıqlar prosesində Türkiyənin də təklifləri nəzərə alınacaq”, – deyə o bildirib.

Bu iddianın gündəmə gəlməsi, regionda Rusiya-Türkiyə-Azərbaycan birliyinin yaranması məsələsini ön plana çıxarır. Belə ki, Ermənistan əraziləri boşaldır, bundan sonra təmaslar qurulur və dörd ölkənin yaxınlaşması baş tutur. Bu versiyalardan biridir.

Fazil Mustafa bu versiyanı real hesab etmir.

“Çünki Ermənistan problemin həll olunması üçün heç bir addım atmayıb. Bundan sonra da belə bir məsələni reallaşdırmaq imkanı görünmür. Çüvuşoğlunun “düşmənlər azalsın” deyə bildirməsi ümumi siyasi deyimdir. Nəinki Çavuşoğlu, Türkiyənin heç bir siyasətçisi ermənilərin türklərə nifrətini azalda bilməz”, – deyə Milli Məclisi deputatı qeyd edib.

Politoloq Natiq Miri isə belə bir birliyin yaranması haqda danışmağın tez olduğunu deyib:

“Bu məsələdə irəliyə getmək hələ ki, tezdir. Çünki Ermənistanı indiki şəraitdə dost bir ölkəyə çevirmək həm Türkiyə, həm də Azərbaycan tərəfindən çox çətindir. Bu baxımdan, bu cür “dördlük”dən söhbət gedə bilməz. Ancaq regionda müxtəlif üçlük formatları var. Türkiyə-Gürcüstan-Azərbaycan, Rusiya-Azərbaycan-İran kimi birlik ehtimalları mövcuddur. Gələcəkdə bu “üçlük”ləri dördlüyə çevirmək olar. Rusiya-Türkiyə münasibətləri tənzimlənəndən sonra Rusiyanın da daxil olduğu yeni “dördlük”lər, hətta İranın da daxil olduğu “beşlik”lər yaratmaq mümkündür. Bu da regionda sülhün təminatına və iqtisadi əlaqələrin inkişafına şərait yaradacaq. Əgər Ermənistan da bu cür formatlarda və geosiyasi şəraitdə olacaqsa, bu onların inkişafı üçün müsbət nəticə verər. Təbii ki, bu da yalnız Azərbaycan ərazilərinin işğaldan azad olunmasından sonra mümkündür. Yox, yenə dirənəcəksə, o zaman təcrid vəziyyətdə qalmaqda davam edəcək. Bu da Ermənistaın yenidən çökməsinə gətirib çıxaracaq”.

Gülnar Babazadə
https://admiral.az

Yorumlar