Malcolm X ve Yaser Arafat’ın dostu Fidel Castro!

Türk Yıldızları Moskova gösterisinde yeteneklerini sergileyecek

Trump, G20’de Erdoğan ile görüşmeyi iptal mi etti’

BOZKIRIN KIYMETLİ HEDİYESİ: İPEK

REGİONAL VƏ QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİ : AZƏRBAYCANIN YERİ VƏ ROLU

Gündem 18 Mayıs 2020
218

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir . Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Hazırkı və perspektivləşən vəziyyət qlobal enerji balansında baş verən təkamüllü dəyişikliklərin nəticələrinə işartılı görüntülər gətirir. Bu təbəddülatlar müasir dünya energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu yəqinləşdirərək, onun həyatımızın sosial-iqtisadi sferasına yönələn təsir effektinin bir daha nəzərdən qaçırılmamasını labüd edir. Yeni konfiqurasiyada artım meyli təhlükəsiz texnologiyalar kontekstində nüvə enerjisinə sarı inamlı istiqamət alır. Burada stimullaşmaya tam bir əsrə yaxın dominant enerji daşıyıcıları – karbohidrogen resurslarının, xüsusən də neftin tükənmə mərhələsinə daxil olması aspekti daha çevik sürət verir. İnkişaf etmiş yüksək enerjitutumlu industrial dövlətlər dərinləşən bu balans dəyişikliklərinə müvafiq olaraq energetik siyasətlərində əsaslı korrektələr edirlər. Sırada, hətta OPEK təmsilçiləri olanlar belə, aktivlik göstərirlər.
Müasir dövrün reallıqları göstərir ki, nəinki inkişaf etməkdə olan ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə də, həyatın müxtəlif sahələrində, ekologiyada, siyasətdə, iqtisadiyyatda və digər sahələrdə enerji təminatı və onun təhkükəsizliyi xüsusi çəkiyə malikdir. Bu aspektdən Azərbaycanda da müxtəlif sahələrin enerji təminatı və ölkə səviyyəsində enerji təhlükəsizliyinin təminatı siyasətinə baxılması və araşdırılması öz aktuallığını artırır. Məlumdur ki, Azərbaycanda enerji istehsalı əksərən karbohidrogen yanacağından istifadə əsasında inkişaf edir. Belə proses, təbii ki, sonsuz ola bilməz. Dərk edilən bu aydın həqiqət hazırkı bol karbohidrogen ehtiyatlarına istinadən ölkədə Milli Neft Fondunun təsisini şərtləndirmişdir. Milli Neft Fondunun sistem səmərəliliyi alternativliklər baxımından mübahisəli olsa da, onun real nəticələri müvafiq resurslar tükənəndən sonra daha dəqiq hesabatlanacaqdır. Bir həqiqət də vardır ki, karbohidrogen resursları gələcək nəsillərin sərəncamına indiki maddi formada verilə bilməyəcəkdir. “Varislik əməliyyatı” əsasən maliyyə törədən, məşğulluğu təmin edən yeni istehsal aktivlərinin yaradılması və qismən də kapital formasında olacaqdır. Karbohidrogen resurslarının tam miqyaslı effektivliyi zəminində indi və gələcək vəziyyəti müqayisəli təhlil etdikdə belə reallıq məntiqi görünə bilər. Lakin burada olduqca mühüm olan əsas bir məqam yaddan çıxarılmamalıdır. Belə ki, sadə anlaşılan görüntü ondan ibarətdir ki, dünya iqtisadiyyatı enerji tutumludur və onun gələcəyini də bu qaynaqdan kənarda təsəvvür etmək çətindir. Fərqə varmadan, Azərbaycan iqtisadiyyatı da perspektivdə eynilə daim enerji tələbli olacaqdır (1, s. 512).
Enerji təhlükəsizliyi nəzərriyəsi və mahiyyəti
Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür. Ucuz enerji resusrlarına çıxış imkanı müasir iqtisadiyyatın əsas hissəsinə çevrilmişdir. Bununla belə dünya üzrə enerji resusrlarının qeyri bərabər paylanması müəyyən problemlərə yol açır. Bərpa olunan enerji mənbələrinin və enerji təhlükəsizliklərinin sürətli inkişafı və enerji mənblərinin tecnoloji diversifikasiyası enerji təhlükəsizliyi səhəsində əhəmiyyətli faydalar gətirməlidir.
​Müasir dünya yanacaq-enerji balansı çox geniş spektrlidir. Burada biokütlə və oduncaq, ənənəvi energetik mənbələrlə yanaşı, yeni enerji alternativləri – geotermal, günəş, külək və nüvə əsaslı kimi geniş müxtəlifliklər vardır. Nisbətlər bölgüsündə isə karbohidrogenlər hakim, nüvə enerjisi isə dinamik meyillidir. Hazırda dünyada 15500 TBts (milyard kBms) elektrik enerjisi istehsal olunur. Bu balansda karbohidrogen təyinatlı resurslar yarıdan çox paya malikdir. Bununla belə, dünya əhalisinin 1/3-nin elektrik enerjisinə çıxışı tamam yox, digər 1/3-nin isə məhduddur. Əlbəttə, məhdudiyyətlər hər il azalmağa meyillidir. Digər tərəfdən isə, tələb yüksəlişləri mövcuddur. Proqnozlara görə, 2050-ci ildə elektrik enerjisinə olan tələb 3 dəfə artacaqdır. Lakin istehlak artımı isə 2 dəfədən çox olmayacaqdır. Artım və tələb xüsusi olaraq inkişaf etməkdə olan ölkələrin payına düşəcəkdir. Təbii ki, bu artım da öz növbəsində yeni investisiyaların cəlbi ilə müşayiət olunacaqdır. 2030-cu ildə dünya energetikası 17 milyarad ABŞ dolları investisiya xərcləyəcəkdir (2, s. 509).
Enerji təhlükəsizliyinin təmin edilməsində milli enerji strategiyasının rolu
Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Bu baxımdan da, hər bir ölkə yanacaq-enerji resursları bazasının genişləndirilməsi və onlardan daha səmərəli istifadəni təmin etmək üçün milli enerji strategiyaları işləyib hazırlayırlar. Paraqrafda bol enerji resurslarına malik Azərbaycanda da belə bir strategiyanın hazırlanmasınin zəruriliyi konseptual əsaslandırılır, onun milli neft strategiyasının tərkib hissəsi kimi iqtisadi inkişafın davamlı, multiplikativ effektli irəliləyişində əhəmiyyəti, Yanacaq Enerji Kompleksinin problemlərinin həllindəki rolu dəyərləndirilir. Milli enerji strategiyasının işlənməsi taktikasında dolğun informasiya təminatlılığı, metodoloji aydın və dəqiq cəbri hesablanmış sistemin qurulması da məqalədə elmi-empirik əsaslandırılaraq mühüm şərt kimi irəli sürülür. Aparılan təhlilin nəticələri göstərir ki, milli enerji strategiyasının hazırlanması enerji resurslarından qənaətcil, ekosivil və daha səmərəliliklə istifadəyə zəmin olaraq bütövlükdə enerji sektorunda struktur və institusional yenuidənqurmanı təmin edəcək və ölkənin postneft erasına keçidi üçün zəruri potensialı formalaşdıracaqdır.​
​Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur. Genişlənən iqtisadi miqyaslar yeni enerji potensiallı əraziləri istehlak obyektinə çevirir. Təbii enerji sərvətlərinin geoloji nağdlılığı çağdaş zamanda strateji əhəmiyyətini artıraraq, əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Enerji resurslarının məhdud və ya istisna olmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də, müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasındadır. Təbii resursların
miqyaslılığı respublikanın daxili ehtiyaclarının tam XXI əsr boyunca dolğun təchizatına əsas yaradaraq davamlı iqtisadi inkişafın təmin olunmasında, ölkənin ixrac potensialının genişlənməsində əvəzsiz kapital, möhtəşəm investisiya qoyuluşları və həm də onların repatriasiyasının bazası rolunda çıxış edir. Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri, Nabukko layihəsində əsas fiqurantlarından biri kimi iştirak isə ölkənin geosiyasi gücünü artıraraq onun dünya enerji bazarının əhəmiyyətli iştirakçısına çevirir.
​Enerji strategiyasının mahiyyəti və qlobal enerji təhlükəsizliyi problemi-Enerji strategiyası milli enerji təhlükəsizliyinin əsas tərkib hissəsi olaraq əksər iqtisadi inkişaf etmiş müasir modern ölkələrdə dövlətin uzunmüddətli strateji proqramlarından biri kimi təyinat alır. Enerji strategiyası milli enerji siyasətinin konkretləşməsi, dəqiq təyinatlı fəaliyyət məqsədlərinə və hərəkətin təşkili metodlarına zəruri resurslar və mümkün potensial imkanlar müqabilində seçilmiş yolla nailolma çərçivəsində onun işçi sənədinə çevrilməsini şərtləndirir. Struktur kompozisiyada strategiya plan, idarəetmə sənədləri, qrafiklər, büdcə və digər bu kimi zəruri elementləri özündə birləşdirən modernizasiya və köklü yenidənqurmanın fəaliyyət proqramı kimi çıxış edir. Enerji strategiyasi yeni institusional yaranış deyildir. Planetin iqtisadiyyatı enerji təməlində sistemləşdiyi zamanlardan anoloji strategiyalar silsiləvi olaraq müxtəlif ölkələrdə intişar tapmış, təbəddülatlara uğrayaraq yeni keyfiyyət və məzmun almışlar.
​Nüfuzlu enerji institutlarının araşdırmalarına görə, çoxtərəfli olmasına baxmayaraq, bu ssenarinin əsas amilləri sırasında aşağıdakılar daha mühüm yer tutacaqdır:
• karbohidrogen xammalına və yanacaq-enerji resurslarına tələbin artması;
• iqtisadiyyatın bütün sektorlarında resurs və enerjiqoruyucu texnologiyalardan istifadənin miqyasının genişlənməsi;
• dünya iqtisadi və energetik konyunkturunda dəyişkənlik dinamikası;
• nüvə energetikasında ekstensivlik, enerji inteqrasiya səviyyəsi artımı;
• Avropa və Asiyada yeni regional enerji ittifaqlarının təşəkkülü;
Elmi-Texniki Tərəqqinin sürətlənməsi (5, s. 896).
Dünya yanacaq enerji balansı və karbohidrogen ehtiyatların bölgüsü, əsas pay sahibləri və Azərbaycanın bu bölgüdə payı
​İnsan cəmiyyətin inkişafı dünya təsərrüfatlarının sahələrinin və ayrı-ayrı ölkələrin təsərrüfatlarının yerləşməsi təbbi, ictimai amillərin əlaqəliliyi və uzlaşması ilə şərtləndirirlir. Ölkənin enerji ehtiyatları onun siyasi müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin və dirçəlişinin təməlini təşkil edir. Təbii ehtiyatların planetimizdə bölgüsü və yerləşməsi son dərəcə qeyri bərabərliyi ilə səciyyəvidir. Belə vəziyyət yer kürəsinsə müxtəlif iqlim, textonik proseslərlə, geoloji dözrlərdə faydalı qazıntıların yaranma şərtləri və digər amillərlə bağlıdır. Təbii resurslar faktiki olaraq əsas təməl kimi inkişafa təsir edir. Lakin nəqliyyatın və məhsuldar qüvvələrin inkişafı nəticəsində təbbi ehtiyatlar amilinin təsir dairəsi zəifləməkdir. Eyni iqtisadi məkanda təbii ehtiyatların mövcudluğu sənaye istehsalının ümumiyyətlə iqtisadiyyatın əlavə inkişafına səbəb olur. Bununla yanaşı təbii ehtiyatların bol olduğu ölkələrdə çox hallarda onlardan israfçılıqla istifadə edilir. Əks qübtdə isə elmi-texniki tərəqqinin geniş inkişafı nəticəsində resurslardan səmərəli istifadə yeni inkanları yaranmışdır. Elmi-texniki tərəqqinin inkişafı, xüsusəndə az enerjitutumlu texnologiyaların yaranması, yeni enerji, xammal növlərinin mənimsənilməsi ənənvi təbii ehtiyatlardan istifadənin xüsusi çəkisinin aşağı salır. Bu xüsusiyyət yalnız azsaylı ölkələrdə xasdır. Beynəlxalq əmək bölgüsü sistemində bir qayda olaraq inkiaf etmiş ölkələr xammal resurslarının istehlakçısı, inkişaf etməkdə olan ölkələrisə onların istehsalçısı və ixracadçısı kimi çıxış edirlər. Bu da həmin ölkələrdə iqtisadi inkişafın səviyyəsi iləşərtlidir. Misal olaraq qeyd etmək lazımdır ki, ABŞ özünə lazım olan mineral xammalın 15-20%, Qərbi Avropa ölkələri 70 %-ə qədərini, Yaponiya 90 %-dən çoxunu idxal edir.
​Dünya neft ehtiyatlarının 25,2 % Səudiyyə Ərəbistanını 110,8 % İrak, 9,4 % Birləşmiş Ərəb Əmirliklərinin, 9,ı3 % Kuveytin, 9 % İranın, 6,9 % Venesuellanın, 3,8 % Meksikanın, 2,2 % MDB ölkələrinin o sıradan 0,4 % Azərbaycanın payına düşür (6, s. 413).

2012-2018-ci illərdə Azərbaycan və SOCAR üzrə neft hasilatı, min ton
İl
Socar
Azərbaycan
2018
7542
38814
2017
7427.1
38688.9
2016
7522.4
41034.5
2015
8160.5
41586
2014
8320.4
42022.7
2013
8314.9
43483.9
2012
8289.8
43389.6
Mənbə:http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/oil-production.

2012-2018-ci illərdə Azərbaycan və SOCAR üzrə qaz hasilatı, mln m3
İl
Socar
Azərbaycan
2018
6525
30490
2017
6089
28597.9
2016
6266.7
29367.1
2015
6871.4
28977
2014
7222.8
29617
2013
7140.1
29456
2012
6924.6
26908.8
Mənbə:http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/gas-production.
XX əsrin sonlarında faydalı qazıntılarda əsas nəhəng-enerji ehtiyatlarına malik dövlətlər aşağıdakı təsnifatdadır.
Neft -Səudiyyə Ərəbistanı, Kuveyt, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Veenesuella, Rusiya, ABŞ, Meksika, Liviya, Qazaxstan, Norveç.
Təbii qaz – Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Qatar, Əlcazair, İraq, Venesuella, Kanada, Türkmənistan, İngiltərə, Hollandiya, Norveç.
Daş kömür -Çin, ABŞ, Rusiya, Avstraliya, AFR, İngiltərə, Hindistan, Polşa, Ukrayna, Kanad, Kolumbiya.
Bundan başqa mühüm şist ehtiyatları Rusiya, ABŞ, Almaniya, ÇİN, Böyük Britaniya, Kanada və Misirdə, torf ehtiyatları Rusiya, Belorus, İrlandiya, Almaniya və Polşada çəmləşmişdir.
​Resursların ölçülərivə səmərəli istifadəsi sivilizasiyanın injkişaf səviyyəsini müəyyən edən mühüm göstəricidir. İnkişaf etmiş dövlətlərdə enerji istehlakı inkişaf etməkdə olan dövlətlərə nisbətdə xeyli dərəcədə yüksəkdir. Əksər inkişaf etmiş dövlətlərdə nəhəng neft ehtiyatları yoxdur. Bu ölkələr müəyyən dərəcədə müvafiq ehtiyatların idxalı ehtiyacındadırlar. Nisbətən az inkişaf etmiş ölkələrdə isə mənzərə daha acınıcaqlıdı. Beləölkələrdə energetik ehtiyatlara ehtiyac oluncağın və digər biogütlənin (peyin, saman) yanacaq kimi istifadəsi hesabına ödənilir. Neft ehtiyatları ilə yanaşı planetimiz qaz ehtiyatları ilə də zəngindir. Dünyanın ayrı-ayrı ərazilərində qaz ehtiyatları müxtəlif miqyaslıdır. Müəyyən ərazilərdə bu ehtiyatlar tükənsə də ümumiyyətlə yer kürəsində hər il qaz hasilatının artması müşahidə olunmaqdadı. Hasilat artıqca isə bu ehtiyatların olmadığı ərazilərdə qazın nəql olunması onun istismar şəbəkəsinin daim genişləndirir. Dünya qaz ehtiyatların əksər hissəsi Asiyanın payına düşür. Regionda yerləşən Rusiya, İran, Türkmənistan, Yaxın və Orta Şərq ölkələri həhmiyyətli dərəcədə qaz ehtiyatlarına malikdirlər. Bu ölkələr yaxın və uzaq ərazilərdə qazlaşmanın və qaz sənayesinin inkişaf etməsinə yardımçı olmuşlar. Dünyanın ən böyük qaz ölkəsi Rusiya (ehtiyatlar 50,3 trilyon kubmetr) dövlətidir. Ümumdünya qaz ehtiyatlarının 1/3-dən çoxu burada çəmləşmişdir. Rusiyanın zəngin qaz yataqlarını və qaz sənayesinin mütləq əksəriyyəti nəhəng «Qazprom» şirkətinin inhisarındadı. «Qazprom» həmçinin Rusiyada digər profilli şirkətlər arasında potensialına görə də ən birincisi hesab edilir. Bu şirkətin fəaliyyəti təbii qaz üzrə bütün istehsalat siklini-kəşfiyyatdan istehlakçıya qədər əhatə edir. Hazırda Rusiyada hasil edilən 618 milyard kub metr qazın 580 milyard kub metri onun payına düşür (4, s. 497).
Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti
1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin ilk işlərindən biri vaxtilə bünövrəsini qoyduğu enerji təhlükəsizliyi sistemini düşdüyü ağır vəziyyətdən xilas etmək oldu. 1994-cü ildə Ümummilli liderin qətiyyəti, güclü daxili və xarici siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Dahi şəxsiyyət Heydər Əliyevin fitri istedadı və fenomenal siyasi bacarığı nəticəsində bağlanan “Əsrin müqaviləsi” Azərbaycanın dünyadakı nüfuzunu yüksəklərə qaldırdı. Artıq güclü dövlətlər tərəfindən dəstəklənən Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal layihələrə imza atdı. Ulu öndər Heydər Əliyevin nüfuzu sayəsində bu layihələrin bütün maliyyə, texniki, coğrafi və ekoloji problemləri həll edildi. Beləliklə, SSRİ dağılandan sonra MDB məkanında öz müstəqil neft-qaz strategiyasını həyata keçirməyə başlayan ilk ölkə Azərbaycan oldu. Strateji enerji təhlükəsizliyi sisteminin müstəqil Azərbaycan dövlətinin ilk illərində qorunub saxlanılması, genişləndirilməsi və dünya strateji enerji təhlükəsizliyi xartiyasına qoşulması qlobal əhəmiyyət daşıdığına görə Heydər Əliyev bu fürsətdən məharətlə istifadə edərək Azərbaycanı bu sahədə lider dövlətlər qrupuna daxil etdi, Cənubi Qafqazda isə birmənalı olaraq lider dövlətə çevirdi. Belə çevik və davamlı siyasət, eyni zamanda, Azərbaycanın dünyanın yeni tarixi hadisələri çərçivəsində geosiyasi vəziyyətini möhkəmləndirdi. Azərbaycana həsəd aparanların, “neft-qaz ehtiyatları çox tezliklə tükənəcək” – deyərək onun haqq işinə maneçilik törətmək istəyənlərin isə əlləri boşa çıxdı. Qeyd etmək lazımdır ki, 2005-ci ilə Azərbaycanda çıxarıla bilən qaz ehtiyatı 2,0 trln. kubmetrdən çox, neft ehtiyatı isə 7 mlrd. bareldən çox təşkil edirdi. Gələcəkdə yeni açılmış və istismara veriləcək neft-qaz yataqlarındakı karbohidrogen ehtiyatları nəzərə alınarsa, 2005-ci ilin göstəriciləri 1,5 dəfə arta bilər. Hal-hazırda Azərbaycanda neft-qaz hasilatı dinamikası onu deməyə əsas verir ki, Azərbaycan yaxın 100 ildə strateji enerji təhlükəsizliyi sistemində, ən azı Cənubi Qafqazda öz liderliyini saxlayacaq. Hazırda Azərbaycan Qərbin strateji enerji təhlükəsizliyi baxımından Cənubi Qafqazdakı əsas tərəfdaşıdır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, “Əsrin müqaviləsi”nin və digər böyük layihələrin hazırlanması və imzalanmaya verilməsi işinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin memarı olduğu layihələr üzrə neft və qaz kəmərlərinin istismara verilməsi ilə Azərbaycan xalqının bu günü, sabahı və gələcəyi üçün həndəsi silsilə ilə artacaq iqtisadi təməli qoyulur”. Heydər Əliyev dünya ölkələri sırasında özünəməxsus yer tutmağı və strateji enerji təhlükəsizliyi sistemini genişləndirməyi, Azərbaycan xalqının enerji daşıyıcılarına olan tələbatını tam ödəməyi, yeni elektrik stansiyalarının tikilməsini genişləndirməyi dövlət qarşısında duran ən mühüm məsələlər kimi dəyərləndirirdi. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə demişdir ki, Azərbaycan strateji enerji təhlükəsizliyi sistemini və xarici bazarlarda enerji daşıyıcıların satışını Azəri-Çıraq-Günəşli və gələcəkdə kəşf olunacaq digər yataqların hesabına yaxın 100 ildə də davam etdirəcəkdir və Azərbaycan enerji təhlükəsizliyi sistemini həm respublika daxili, həm də qonşu və digər dövlətlərin enerji daşıyıcıları ilə təmin olunmasında öz töhfəsini verəcəkdir. İlham Əliyev eyni zamanda öz çıxışlarında onu da bildirmişdir ki, bizim təkcə Azəri-Çıraq-Günəşli yataqlarında çıxarıla bilən neft ehtiyatı 1 mlrd. tona yaxındır. Bu neftin yalnız 630-640 mln. tonu imzalanmış müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 2025-ci ilə qədər birgə hasil ediləcək. Qalan 350 mln. tona qədər nefti və 100 mlrd. kub metrdən artıq qazı ARDNŞ özü hasil edəcək. Ölkəmizin Avropa strukturlarına fəal inteqrasiyası Azərbaycan dövlətinin inkişafı baxımından olduqca mühümdür. Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri vasitəsilə Azərbaycan öz neftini nəinki Qara və Aralıq dənizlərinə, həm də Baltik dənizi bazarına çıxara biləcək”. Dövlət başçısı İlham Əliyevin enerji təhlükəsizliyinə nail olmaq siyasəti olduqca açıq və aydındır. O, dünya siyasətində zor və güc tətbiqinin əleyhinədir: “Biz qəti şəkildə inanırıq ki, yalnız və yalnız istehlakçı və hasilatçıların ümumi maraqları fayda gətirə bilər. Bütün sadalanan faktları, real siyasi və yüksək iqtisadi göstəriciləri nəzərə alaraq əsaslı şəkildə söyləmək olar ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyi sistemində aparıcı mövqeyə malikdir və bu mövqe hələ uzun illər qorunub saxlanacaqdır”(1, s. 412).
​Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (“SD2”), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”), Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalamışdır.Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (“CQD”) yaradılması haqqında sərəncam imzalamışdır. Cənub Qaz Dəhlizi Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və ARDNŞ-nin (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılmışdır.
Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları Cənub Qaz Dəhlizi -nə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi Cənub Qaz Dəhlizi tərəfindən həyata keçirilir (Şahdəniz və SCP layihələrində 10% iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulmuşdur).
Cənub Qaz Dəhlizi -nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.
​Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ARDNŞ və beynəlxalq neft şirkətləri arasında 4 iyun 1996-cı ildə imzalanmışdır. Bugünə qədər Şahdəniz 1-ci mərhələ (“SD1”) üzrə nəzərdə tutulmuş 12 quyudan 10-u qazılmış, platforma, Səngəçal terminalı və Türkiyə ərazisinə uzanan 692 km uzunluğunda Cənub Qafqaz Boru Kəməri (“SCP”) inşa edilmişdir. Şahdəniz yatağında hasil edilən təbii qaz sualtı boru kəmərləri vasitəsilə Xəzər dənizinin sahilində və Bakı şəhərinin cənubunda 55 km məsafədə yerləşən Səngəçal terminalına çatdırılır. Daha sonra qazın bir hissəsi Səngəçal terminalından Azərbaycanın milli qazpaylayıcı şəbəkisinə qoşulan ARDNŞ-nin müvafiq boru kəmərinə ötürülür, qazın qalan hissəsi isə SCP vasitəsilə ixrac edilir. İlkin qaz satışları 2006-cı ildə başlamışdır.
Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi və ya Şahdəniz 2 (“SD2”) dünyada ən böyük və mürəkkəb qaz layihələrdən biri və Xəzər dənizində ilk sualtı infrastrukturdur. SD2 layihəsi SD1 layihəsi üzrə illik hasil edilən 10.9 milyard m3 qaz həcminə 16 milyard m3 qaz və gündəlik hasil edilən 50 min barelədək kondensata 105 min barelədək kondensat əlavə edəcəkdir. SD2 layihəsi üzrə hasil olunacaq 6 milyard m3 qaz Türkiyə və 10 milyard m3 qaz Avropa istehlakçılarına təchiz ediləcəkdir, bu da Avropa ölkələrinin və Türkiyənin davamlı enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına xidmət edəcəkdir. 9 sentyabr 2013-cü il tarixində Şahdəniz Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlər imzalanmışdır. Yekun İnvestisiya Qərarı 17 dekabr 2013-cü il tarixində verilmişdir.
​SCP 692 km uzunluq (Azərbaycan ərazisində – 443 km, Gürcüstan ərazisində – 249 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri Şahdəniz yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilmişdir. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılmışdır. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə SCP Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilmişdir. Boru kəmərinin sahibi “South Caucasus Pipeline Company Limited” şirkətidir. İllik nəql qabiliyyəti 7.41 milyard m3 təşkil edir. enişləndirmə Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düym diametrli boru kəmərinin və həmçinin Gürcüstan ərazisində 2 yeni kompressor stansiyasının inşasını əhatə edir. Yeni boru kəmərinin uzunluğu təqribən 489 km təşkil edir (Azərbaycan ərazisində – 424 km, Gürcüstan ərazisində – 63 km, TANAP arabağlantısında – 2 km). Boru kəməri 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlamışdır.
Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m3 artırılaraq ümumi 23.4 milyard m3 səviyyəsinə çatdırılacaq və beləliklə ümumi qaz nəqletmə qabiliyyəti 3 dəfə artacaqdır. SCP sisteminin illik nəql qabiliyyəti lazım olduğu təqdirdə 31 milyard m3-ə çatdırıla bilər. Təbii qazın Türkiyə vasitəsilə Avropaya çatdırılması məqsədilə, boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP sisteminə qoşulmuşdur.
​Xatırladaq ki, TANAP Türkiyə-Gürcüstan sərhədində birbaşa SCP ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-la birləşəcəkdir. TANAP-la bağlı Azərbaycan və Türkiyə respublikaları arasında Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanmışdır. TANAP layihəsi üzrə Türkiyə Respublikası və TANAP şirkəti arasında “Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Saziş” və Azərbaycan ilə Türkiyə respublikaları arasında “Hökümətlərarası Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmış və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur.
TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir. TANAP-ın təməlqoyma mərasimi 17 mart 2015-ci il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 1,804 km (və əlavə 2 ədəd 17.5 km-lik Çanaqqala Boğazından keçən sualtı kəmər) təşkil edir və 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlamışdır. İlkin nəql qabiliyyəti illik 16.2 milyard m3 olacaqdır (illik 30.7 milyard m3-ə kimi artırıla bilər).
​TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcəkdir. Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaqdır. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcəkdir və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard m3 olacaqdır (illik 20 milyard m3-ə kimi artırıla bilər) (9)​.
Qədim neft diyarı olan Azərbaycan tarix boyu dünyanın neft-qaz sənayesin əvəzsiz töhfələr bəxş etmisdir. Neftin kustar üsulla çıxarıldıgı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim nümunə olmuş, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında genis tətbiq edilmisdir. Azərbaycana dünya neft sənayesinin beşiyi desək yanılmarıq. Çünki neft ilk dəfə sənaye üsulu ilə bizim ölkədə çıxarılmış, emal olunmus, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilmişdir. Daha sonra sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına başlanılmışdır. Azərbaycan iqtisadiyyatının son illərdəki sürətli inkisafında da məhz enerji sektorunun həlledici rolu olmusdur. Hazırda Azərbaycan hökuməti ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın və ixracın şaxələndirilməsi siyasətini həyata keçirir.
Dünya bazarlarında, xüsusilə enerji bazarlarında bas verən sürətli dəyisikliklər, enerji resurslarının istehsalı və istehlakı strukturunun dəyisilməsi tendensiyaları, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki problemlər, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın artmaqda olan rolu, habelə ölkədə neft hasilatı həcmlərinin tədricən azalmaga meylli olması ölkənin yanacaq-energetika kompleksinin modernləsdirilməsinin daha səmərəli davam etdirilməsini zəruri edir. Hazırda hökumətin qarsısında duran daha bir mühüm vəzifə ölkə iqtisadiyyatının əsasını təskil edən və əsas gəlir mənbəyi sayılan neft sənayesinin davamlı inkişafının və yenilənməsinin təmin edilməsidir (2, s.509).
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Ölkə başçısı İlham Əliyevin Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirakı da əlamətdar hadisələrlə yadda qalmışdır. İsveçrənin kurort şəhərində açılmış 41-ci Dünya İqtisadi Forumunda müasir dövrün siyasi-iqtisadi problemləri, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olmuşdur. Forumda 100-dək ölkədən 2500-dən çox nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, tanınmış şirkətlərin təmsilçilərinin, iqtisadçı və ekspertlərin, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərlərinin iştirakı tədbirin böyük əhəmiyyət kəsb etdiyini təsdiqləmişdir.
Ədəbiyyat
1.Hacızadə E.M, Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı: Elm, 2003, s. 512.
2.Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, s. 509.
3.US Energy İnformation Adminstration from Oil and Gas Journal 2010-2011.
4.Colin J. Campbell. The Coming Oil Crisis.Multi-Science Publishing Co. Ltd. c. 297.
5.Экономика. (под редакцией д.э.н. Булатова А.С.), М.: Юристь, 2000, с. 896.
6.Родионов В.Г., Энергетика, проблемы настоящего и возможности будущего, М.: 2010, c. 413.
7.Максимов В., Аношин В., Чернов И. Исследования рынков основных энергоносителей. Уфа: БГУ, 2000, c. 561.
8.https://www.stat.gov.az.
9.http://www.socar.az.
10.http://www.worldoil.com.
11.http://www. energystrategy.ru .
12.www.bp.com.
13.http://www.neftegaz.ru .

Doç.Dr. Murteza HASANOĞLU

Yorumlar