KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Raqqa əməliyyatı: kürdlərlə Suriya ordusu qarşı-qarşıya gəlir

Raqqa əməliyyatı: kürdlərlə Suriya ordusu qarşı-qarşıya gəlir

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
381 0

Kürd silahlıları isə “Fırat Kalkanı” əməliyyatı nəticəsində azad edilmiş ərazilərə göz dikib

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində ABŞ ordusu və Suriya Demokratik Qüvvələrinin silahlı birlikləri Raqqa əməliyyatını başladıb. Suriyanın strateji əhəmiyyətli Raqqa şəhəri Fərat çayı sahilində yerləşir, eyni zamanda mühüm əhəmiyyətli nəqliyyat qovşağı üzərindədir. 2014-cü ildən şəhər İŞİD-in nəzarətindədir və faktiki olaraq qruplaşmanın Suriyadakı “paytaxtı” hesab olunur.

Bu səbəbdən də Suriyada sıxışdırılan İŞİD-in əlindəki əsas mərkəz olan Raqqanın ələ keçirilməsi bölgədəki əsas oyunçuların marağındadır. Raqqanı şimal və şərq hissədən SDQ – kürd qüvvələri və ABŞ ordusu, cənub və qərbdən isə Suriya ordusu rusların dəstəyi ilə ələ keçirməyə çalışır. Amerikalılar kürdlərin Raqqa əməliyyatına ciddi dəstək verir, kürd qüvvələrini silahlandırıb və artıq aylardır ki, kürd qüvvələrinə hərbi təlim keçilir. Raqqanın kürdlərin əlinə keçməsi Suriyanın şimalında kürdlərin mövqelərinin möhkəmlənməsinə və əsas hərbi-siyasi gücə çevrilməsinə gətirə bilər.

Bu səbəbdən amerikalılar bütün “yatırımı” kürdlərin üzərinə qoyub, hətta Türkiyə kimi NATO müttəfiqi ilə ciddi gərginliyə səbəb olsa da, Vaşinqton PKK-nın Suriya qolu olan PYD və YPG qruplaşması ilə Raqqa əməliyyatına getdi.

Suriya hakimiyyəti isə cənubdan və qərbdən irəliləyərək Raqqanı ələ keçirməyə çalışır. Çünki Raqqanın kürdlərin və amerikalıların əlinə keçməsi Suriyada Bəşər Əsədin böyük itkisi olacaq. Hazırda hər iki qüvvə sürətlə Raqqaya doğru irəliləyir. Ötən həftə sürətlə irəliləyən SDQ və Suriya ordusu Raqqa ətrafında bir neçə yaşayış məntəqəsini azad edib. əl-Masdar saytı Suriya ordusunun 14 yaşayış məntəqəsini azad etdiyi xəbərini yayıb. Bir neçə neft bölgəsi, o cümlədən Hələb yolu da ordu qüvvələrinin nəzarəti altındadır. SDQ isə şimaldan irəliləyərək bir neçə yaşayış məntəqəsini, o cümlədən İŞİD-in təlim düşərgəsini tutub.

Ancaq gözlənildiyi kimi, Raqqa ətrafında Suriya ordusu ilə kürdlər arasında toqquşmadan qaçmaq mümkün olmayıb. Şəhər ətrafında qarşı-qarşıya gələn Suriya ordusu və kürd qüvvələri arasında baş verən qarşıdurmada kürdlərin iki avtomobili vurulub, Suriya ordusuna aid 3 avtomobil də zərər görüb. Toqquşmalar İŞİD-in əl-Əsəd gölü ətrafında 20 kəndi tərk etdikdən sonra başlayıb. Ehtimal ki, yenə də davam edəcək.

Məsələ ondadır ki. hər iki tərəf Raqqaya əhəmiyyət verir, çünki yuxarıda qeyd etdiyimiz kimi, şəhər Suriyada mühüm strateji əhəmiyyətə malikdir.

Üstəlik, hər iki qüvvə şəhərə yaxınlaşıb və onu almağa hazırlaşır. Bu səbəbdən də Raqqa uğurunda savaş eyni zamanda Suriya hökuməti və kürdlər üçün ciddi sınaq olacaq. Üstəlik, bu qüvvələrin arxasında ABŞ və Rusiyanın dayanması faktını nəzərə alsaq, prosesin içində dünyanın böyük güclərinin də olduğunu deyə bilərik.

Maraqlıdır ki, İŞİD yavaş-yavaş Raqqanı tərk etməyə hazırlaşır. Son həftələrdə bir neçə dəfə İŞİD konvoyları şəhəri tərk edərək Deyr əz-Zor şəhərinə doğru çəkilməsi müşahidə olunub. Belə görünür ki, İŞİD Raqqada iki tərəfdən, həm Suriya ordusu və ruslar, həm də SDQ və amerikalılara qarşı eyni zamanda vuruşa bilməyəcəyini anlayır. Eyni zamanda İŞİD Raqqanı tərk etməklə, Suriya ordusu və kürdləri qarşı-qarşıya qoymaq istəyir. Çünki şəhəri onsuz da saxlaya bilməyəcəyini anlayır.

Raqqanı kürdlərin ələ keçirməsi həm də Türkiyə üçün başağrısı olacaq. Çünki kürdlər bununla Suriyanın şimalında faktiki olaraq əsas gücə çevrilirlər. Ankara daha öncə uzun müddət Vaşinqtonu kürdlərlə ittifaqdan çəkindirməyə çalışsa da, Pentaqon məhz kürdləri seçdi. Burda bir məqsəd də Türkiyə hökumətinin əl-qolunun bağlanmasıdır.

Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, kürdlər Türkiyə ordusunun “Fırat Kalkanı” əməliyyatı zamanı azad edilmiş bölgələrə göz dikib. Bu günlərdə YPG komandirlərindən biri yaydığı videoda Raqqadan sonra hədəflərinin “Fırat Kalkanı” bölgəsi olduğunu deyib. Hətta bununla Türkiyə ordusuna hücum edəcəklərini bildirir. O, hazırlıqların gizli olduğunu və kürdlərin Kobani və Afrin arası bölgədən vaz keçmədiklərini qeyd edir.

Xatırladaq ki, 2016-cı ilin avqustun 24-də başlayan “Fırat Kalkanı” əməliyyatı 5 aydan bir az artıq davam etmiş və Türkiyə ordusu müttəfiq silahlılarla birlikdə 2 min kv.km ərazini azad edib. Ancaq kürdlərin ələ keçən videosu onu göstərir ki, ABŞ və kürdlər Suriyanın şimalında Hataya qədər zolağın yenidən kürdlərin nəzarətində olmasında maraqlıdır. Bu isə daha əvvəldən bəlli olan “dənizə qədər kürd koridoru” layihəsinin doğru olduğunu təsdiqləyir. ABŞ ordusu Suriyada kürd qüvvələrinin hərbi əməliyyatını dəstəkləyir. May ayında ABŞ prezidentinin imzaladığı sərəncama əsasən ABŞ ordusu kürdlərə 300 milyon dollar dəyərində döyüş silahları verəcək. Silahlar kürd qüvvələrinə göndərilməkdə davam edir.

Son olaylar göstərir ki, bir zamanlar Suriya məsələsində ABŞ və Türkiyə müttəfiq olaraq ortaq mövqedən çıxış etsələr də, indi artıq bu, mövcud deyil. Türkiyə hökuməti bir zamanlar Suriyada əsas oyunçulardan biri olsa da, indi faktiki olaraq NATO müttəfiqi ABŞ tərəfindən təcrid olunub. Türkiyənin dəstəklədiyi qüvvələrin isə demək olar ki, heç bir fəallığı yoxdur. Hətta Türkiyədə təlim keçən silahlıların bir qisminin kürdlərə qoşulması haqda bilgilər internetə sızıb.

Qeyd edək ki, Raqqa əməliyyatı öncəsi Türkiyənin israrlı tələblərindən sonra Vaşinqton kürdlərin Türkiyə sərhədindən kənarda tutulacağını, verilən silahların PKK-nın əlinə keçməyəcəyi barədə vəd verdilər. Hətta Türkiyə-Suriya sərhədlərinə kürd qüvvələri və Türkiyə ordusu arasına ABŞ əsgərlərini yerləşdirdilər. Ancaq kürdlərin “Fırat Kalkanı” bölgəsinə hücumu olacaqsa, Vaşinqtonun hansı mövqedə dayanacağı maraqlıdır.


Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir