İran ali dini lideri ölkədə ən nüfuzlu və ictimai rəyə təsir edən vəzifələrdən biri olan Tehran şəhər imam-cüməsi postuna yeni təyinat edib. Dini liderin ötən ilin son günü imzaladığı əmrə əsasən 55 yaşlı Höccətislam Məhəmməd Cavad Əli Əkbəri Tehranın 6-cı imam-cüməsi təyin olunub.
İslam Respublikasının 20 milyonluq paytaxtının imam cüməsi həm dini, həm də siyasi baxımdan ciddi post hesab olunur. Çünki hər həftə cümə namazı zamanı siyasi xütbə edir və bu zaman hökumət başçısı da daxil olmaqla, istənilən şəxsi tənqid edə bilir. Bu post bir mənada dini hakimiyyətin əsas ruporu hesab olunur.
İndi uzun illərdən sonra bu posta nisbətən gənc kadr təyin olunub. 55 ciddi yaş olsa da, Əli Əkbəri özündən əvvəlki 70-90 yaş aralıqlı qoca imamlarla müqayisədə daha gənc hesab oluna bilər.
O, bir zamanlar məktəblilərin İslam Dərnəyi adlı təşkilata rəhbərlik edib. Məktəblilərin İslami Dərnəyi təşkilatı dövlətin himayə etdiyi qurumdur, bütün ölkə boyunca fəaliyyət göstərir. Bir mənada “komsomol” təşkilatının ekvivalenti kimi də saymaq olar. Yəni buna qədər Əli Əkbəri ölkədə kifayət qədər tanınmış və müsbət imicə malik şəxslərdən biri olub. İndi isə onu daha yüksək vəzifəyə irəli çəkiblər. Və artıq Tehranın yeni imam-cüməsi ilk cümə namazında özünü göstərib. Daha əvvəl hökumət rəsmiləri ilə sadə xalq arasında mövcud olan baryeri qaldırmağı göstəriş verib, yəni bundan sonra sıravi tehranlılar və hökumət rəsmiləri eyni cərgədə dayanacaqlar. Doğrudur, Tehranın cümə namazı imamları Əli Əkbəridən savayı daha 5 nəfərdir, o cümlədən, Məhəmməd İmami Kaşani, Əhməd Xatəmi, Kazım Siddiqi kimi formal olaraq imam-cümə statusunda olan şəxslər var.
Amma məsələ ondadır ki, indi yeni imam-cüməni İranda hakimiyyət daxilində islahat hərəkətinin nümunəsi hesab edirlər. Bunun bir neçə səbəbi var.
Birincisi, son bir ildə dini-siyasi və bir sıra dövlət postlarına çoxlu sayda nisbətən gənc kadrlar təyin olunub. Və bunlar əsasən idarəçiliyə yeni nəfəs gətirirlər. İkincisi və ən əsası, İranda artıq dövlət məmurlarının yaş və pensiya qanununa dəyişiklik edilib. Bununla da necə deyərlər, gənclərin yolu açılıb.
İranda son illərə qədər olan dövlət idarəçiliyi sistemində məmurlar üçün yaş məhdudiyyəti olmayıb. Hətta uzun müddət dövlət işlərində çalışan və 30 illik stajdan sonra təqaüdə çıxan yaşlı məmurlar başqa qurumlarda vəzifəyə təyin olunur, ya da müşavirlik, məsləhət xidmətlərində yüksək postlara təyin olunur və beləliklə ölənə qədər yüksək postlarda davam ediblər. Bu isə bir tərəfdən həm ikiqat maaş, ödəmələr, həm iş potensialının aşağı düşməsi, həm də gənc kadrların yolunun bağlaması faktına görə narazılıq səbəbi idi.
Ancaq İran parlamentinin qəbul etdiyi qanuna əsasən artıq təqaüdə çıxan dövlət məmurları yenidən dövlət qurumlarında vəzifə tuta bilməyəcək. Məhz bu qanunun qəbulundan sonra mərkəzi hökumət aparatında və əyalətlərdə bir neçə min rəhbər vəzifə postu boşalıb, bura yeni, nisbətən gənc kadrlar təyin olunmağa başlayıb. Bu isə İran bürokratiyasında ciddi bri gəncləşmə ilə müşahidə olunub. Xüsusən də dini liderin ətrafında və mühafizəkar qanadda bu tendensiya daha qabarıq müşahidə olunur. Şəhər və əyalət imam-cümələri, universitetlər və digər elm-təhsil qurumlarındakı dini liderin təmsilçiləri xeyli cavanlaşıb.
Bəzi tənqidçilər bunu həm də gözlənilən dini lider dəyişikliyi üçün hazırlıq hesab edirlər. İddia olunur ki, yaşlıların yumşaq keçidlə kənarlaşdırılması və onların yerinə daha gənc və dini liderə sadiq kadrların gətirilməsi gözlənilən lider dəyişikliyi zamanı mümkün etirazların qarşısını almağa xidmət edir.
İstənilən halda İranda mühüm dövlət və siyasi postlara daha gənc və dini liderə sadiq, çalışaraq özünü göstərmək istəyən kadrların gəlməsi İslam Respublikası daxilində islahat və yenilənmə hərəkətidir. Bu həm də hakimiyyətin yaşlı və qocalardan ibarət vitrin kadrlarının dəyişməsi ilə yeni imic dəyişikliyidir. Xaricdən ciddi təzyiqlərlə üz-üzə olan İran hakimiyyəti starateqləri anlayır ki, daxildə yenilənmə olmasa hakimiyyət içəridən çürüyə bilər. Ancaq maraqlıdır ki, indi İranda yenilənmə hərəkatına 80 yaşlı, Azərbaycan kökənli dini lider rəhbərlik edir.
Kənan Rövşənoğlu
Musavat.com