KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ramiya Memmedova: Rusiya hələ də SSRİ-nin dağılmasını həzm edə bilmir

Ramiya Memmedova: Rusiya hələ də SSRİ-nin dağılmasını həzm edə bilmir

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
343 0

Sovet İttifaqı dağıldıqdan sonra Rusiya böyük güc itirdi, üstəgəl, dünya birqütblü nizama keçdi. Sovet dönəmində isə ikiqütblü bir nizam vardı. Bu qütblərdən biri də Sovet İttifaqıydı. SSRİ-nin dağılması ilə ABŞ dünyanın yeganə hegemon gücünə çevrildi. Amma proseslər çoxqütblü nizamı ön plana çıxardı, bu da Amerikanı qıcıqlandırmağa başladı. Rusiyanın həmin qütblərdən biri olması Amerikanın marağında deyil. Qərbdə Rusiyanı böyük güc kimi qəbul etməsələr də, o, heç də kiçik dövlət deyil. Təbii ki, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın durumu yaxşı deyildi, gücünü böyük ölçüdə itirmişdi. Amma Putinin hakimiyyətə gəlməsindən sonra vəziyyət tədricən dəyişməyə başladı – Rusiya yenidən dünyaya meydan oxuya biləcək gücə çatdı. Bu gün isə Rusiya istədiyini edir. Bunu Gürcüstan və Ukraynada da gördük.
Putinin beynində keçmiş rus imperiyasını bərpa etmək ideyası var. Putinin atdığı addımlar da bunu göstərir. Təbii ki, hansısa bir ölkənin digər bir dövlətin ərazilərini işğal etməsi doğru deyil, bu, beynəlxalq hüquqa zidd olan məsələdir. Amma bu gün iki slavyan xalqının – Rusiya və Ukraynanın bir-birini qırması Qərbin marağındadır. Rusiyanın Ukraynada olan marağının isə həm də tarixi və milli kökləri var. Məlumdur ki, ilk rus dövləti Kiyevdə yaranıb. Buna görə də, Rusiya Ukraynanı rus dövləti kimi görür. Rusiya heç vaxt Ukraynanı özündən ayrı görə bilmir. Rusiyanın Ukrayna ilə savaşmaq istəmədiyini desəm, bəlkə də yanılmaram. Amma Ukraynanın Rusiyadan uzaqlaşaraq Qərb və ya NATO-ya yaxınlaşması Rusiyanı qıcıqlandırdı. NATO və ABŞ hərbçilərinin Ukraynaya gəlməsi isə bu qıcığı qəzəbə çevirdi.
Rusiya heç vaxt NATO-nun öz sərhədləri yaxınlığında yerləşməsini istəməyib. Rusiyaya görə, Ukraynanı itirmək ona böyük problemlər yarada bilər. Bunun qarşısını da bu kimi addımlarla almağa çalışır. Rusiya nə yolla olur-olsun Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcək. Hətta bunun üçün Ukraynanın hamısını da işğal edə bilər. Putin açıq şəkildə bildirdi ki, bu böhranın başa çatması üçün Ukrayna NATO-dan imtina etməlidir. Ukraynanın mövcud hakimiyyəti isə ABŞ və NATO-ya yaxınlaşmaq strategiyasını həyata keçirir. Ukrayna hakimiyyətinin Amerika ilə yaxınlığı Rusiyanın nöqteyi-nəzərindən qəbuledilməzdir.
Ukrayna hökumətinin Rusiya ilə qarşıdurmada Amerika və ya Qərbə güvənməsi yanlış idi. Yaxın tarixdə baş verənlər də göstərir ki, Amerika həmişə ona inananları yarı yolda qoyub. Elə bunu Ukraynanın timsalında da gördük – onu nə NATO-ya qəbul etdilər, nə də Rusiyanın hücumlarına qarşı qorudular. Bundan sonra kömək etmək niyyətində də deyil. Düzdür, silah-sursat verirlər, amma ondan o tərəfə keçmirlər. Zelenskinin özü də ona dəstək verməyən Qərb dövlətlərini tənqid etdi. Bu isə o deməkdir ki, Ukrayna onun ərazilərinə müdaxilə edən Rusiyanın qarşısında tək qalıb. İndi Ukrayna ya sona qədər Rusiyaya müqavimət göstərməlidir, ya da onun şərtlərini qəbul etməlidir.
Təbii ki, Rusiyaya qarşı tədbirlər görüləcək və artıq görülür. Sanksiyaların tətbiqinə başlanılıb. Amma Rusiyanı bu sanksiyalarla dayandırmaq mümkün olmayacaq. Rusiya belə sanksiyalara öyrəşib, illərdir ona qarşı məhdudiyyətlər tətbiq olunur. Rusiya öz xalqının rifahını geosiyasi maraqlarına və ya hədəflərinə qurban verməyə hazır bir dövlətdir. Yəni Rusiya elə bir dövlətdir ki, acqarnına da döyüşə bilər. Putinin özü də bunu dəfələrlə deyib. Buna görə də, sanksiyaların təsiredici cəza tədbiri olacağını düşünmürəm.
Rusiya aqressiv və eyni zamanda işğalçı dövlət olub. Rusiyanın başında duranların hamısının həmişə belə bir strategiyası olub. Buna görə dünyada da aqressiv və işğalçı dövlət kimi qəbul edilir. Çünki Rusiya öz təsir dairəsində olduğu dövlətləri heç vaxt özündən uzağa buraxmaq istəməyib və buraxmır. Bu baxımdan, əsasən də keçmiş sovet ölkələri Rusiyanın hədəfində olan dövlətlərdir. Həmin ölkələrə də müxtəlif yollarla təsir göstərməyə çalışır. Birinə rus dili ilə, birinə orada yaşayan etnik ruslarla, birinə hərbi yolla, digərlərinə başqa variantlarla təsir etməyə cəhd göstərir. Rusiya öz hərbi gücündən istifadə edərək bu ölkələri qorxu altında saxlamağa çalışır. Bunu da “Rusiya sərhədlərinin təhlükəsizliyi” adıyla edir.
Rusiyanın indiki aqressivliyinə gəldikdə, bunun ABŞ və ya Qərbdən Ukraynaya verilən yalan vədlərlə bağlı olduğunu düşünürəm. Qərb Ukraynanı bu yalançı vədlərlə qızışdırıb Rusiya ilə təkbətək qoydu. Bu kimi vədlər isə Rusiyanı qəzəbləndirdi. Nəticədə həm qondarma respublikaları tanıdı, həm də digər ərazilərinə müdaxilə etdi. İndi Qərb Ukraynanı Rusiyanın əlindən almağa cəhd göstərirmi? Göstərmir. Heç bir dövlət Ukraynaya yaxın gəlmir. Bayden və digər Qərb liderlərinin boş vədləri durumu bu yerə gətirib çıxardı. Zənnimcə, Ukraynanın başında duranlar da təcrübəsiz davrandılar, real vəziyyəti dəyərləndirə bilmədilər
Krım ilhaq olunub, Donbasdakı separatçı respublikaları isə Rusiya tərəfindən tanındı. Üstəgəl, həmin bölgələrdə yaşayanlar Rusiya vətəndaşlığını qəbul ediblər. Putinin də istədiyi budur ki, həmin ərazilər “rus torpaqları” kimi qəbul olunsun. Rusiya atdığı son addımlarla da NATO ilə özü arasında “bufer zona” yaratdı. Yəni NATO-Rusiya, ABŞ-Rusiya mübarizəsində qurban gedən Ukrayna oldu. Rusiyanın Ukraynadakı işğalçı addımlarında əsas hədəf də “bufer zona” yaratmaqdır. Bunu da ona görə edir ki, nə NATO Ukraynaya, nə də Ukrayna NATO-ya daxil ola bilsin.
Bu məqamda NATO-dan uzaq durmaq Ukrayna üçün sərfəli olmalıdır. Gördüyünüz kimi, Ukrayna yeni işğal faktı qarşısında qalıb, amma heç kim silah alıb onunla birlikdə Rusiyaya qarşı döyüşmür. Belə bir şey Üçüncü Dünya Müharibəsinə səbəb olardı. Rusiyanın nöqteyi-nəzərindən Ukrayna Krımdan sonra Donetsk və Luqanskın da üstündən xətt çəkməlidir. Çünki Kreml həmin əraziləri artıq Ukrayna torpaqları kimi qəbul etmir. Bu durumun dəyişib-dəyişməyəcəyini isə zaman göstərəcək.
Bu dönəmdə Türkiyə qarşısına qoyduğu məqsədlərə çata bilsə, bu prosesdən qazanclı çıxa bilər. Təbii ki, Ərdoğan da bunu hesablamamış deyil.
Türkiyənin Ukrayna və Rusiya ilə yaxın münasibətləri var. Rusiya və Ukrayna Türkiyənin idxalında böyük yer tutur. Təkcə Türkiyənin hər il Ukraynadan aldığı buğdanın həcmi 7 milyon tondur. Yəni gərginlik böyüsə, bu istiqamətlərdə Türkiyə problemlərlə üzləşə bilər. Bu, qiymətlərə də təsirsiz ötüşməyəcək. Eyni zamanda, Türkiyə neft-qaza olan tələbatının böyük hissəsini Rusiyanın hesabına ödəyir. Bundan başqa, Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir. Yəni iqtisadi baxımdan bu iki ölkə ilə münasibətlərin qorunması Ankara üçün önəmlidir. Hər nə qədər Qərb və ya ABŞ Türkiyənin müttəfiqi olsa da, Vaşinqtonun Ankaraya sanksiya tətbiq etdiyini unutmayaq. Üstəgəl, hər an yeni sanksiyalar ola bilər. Türkiyə ABŞ-ın “F-35” və “F-16” proseslərində hansı addımı atdığını yadından çıxarmayıb. Bu kimi addımlar da Türkiyə-Rusiya yaxınlaşmasını Ankara üçün zərurətə çevirir.
Rusiya və Ukrayna bölgə dövlətidir, Türkiyənin yerləşdiyi bölgənin ölkələridir. Türkiyə istəməz ki, həmin regionda sabitlik pozulsun, savaş olsun. Çünki bundan o da zərər görə bilər. Buna görə də, tərəflər arasında ortaq dil tapmağa çalışır. İndi Ankara Zelenski və Putin arasında barışıq olmasa da, ən azı prosesi başqa bir mərhələyə keçirməyə çalışır. Qarabağda olduğu kimi, Türkiyə gec-tez bunu orada da edə biləcək. Hazırkı situasiyada Ərdoğan Zelenski və Putini bir araya gətirə biləcək yeganə dünya lideri kimi görünür. Eyni zamanda, hər iki dövlətin Türkiyəyə olan sayğısı da bu işi bir qədər də irəli apara bilər. Məncə, bu prosesdə açar rolunu Türkiyə oynayacaq.
Əslində Zelenski Türkiyə vasitəsilə Putinlə bir araya gəlib, eyni masa arxasında əyləşə bilər. Bunun da tərəflər arasında barışıq mühiti formalaşdıra biləcəyinə inanıram. Təbii ki, Rusiyanın son addımlarından sonra bunun çətin olacağını düşünürəm, amma heç nə mümkünsüz deyil. Ərdoğan kifayət qədər israrlı görünür, üstəgəl, Kreml Putinin Türkiyə səfərinin təxirə salınmadığını açıqladı. Zelenski də Ərdoğanın vasitəçiliyində istəkli görünür. Təsadüfi deyil ki, Rusiyanın müdaxiləsindən sonra Zelenskinin axtardığı ilk lider elə Ərdoğanın özü oldu.
Ramiya Memmedova Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir