KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ramil RÜSTƏMOV: GÜCLÜ SİYASİ İRADƏ VƏ QƏLƏBƏYƏ APARAN YOL!

Ramil RÜSTƏMOV: GÜCLÜ SİYASİ İRADƏ VƏ QƏLƏBƏYƏ APARAN YOL!

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
523 0

44 günlük vətən müharibəsi Azərbaycanın 30 il davam edən Qarabağ müharibəsində qalib tərəfə çevrilməsini, ərazi bütövlüyünün bərpa edilməsini təsdiqlədi. Ən əsası isə, “Qarabağ Azərbaycandır!” çağırışının tam olaraq gerçəkləşdiyini tarixə şərəflə həkk etdirdi. Bu qələbəyədək beynəlxalq güclər Azərbaycana təsir göstərirdisə, diktə etməyə çalışırdısa, artıq vətən müharibəsində qazanılan qələbə Azərbaycanı regionun mühüm siyasi gücünə çevirmiş və bölgədə baş verən iqtisadi-siyasi gəlişmələrdə Azərbaycan aparıcı tərəfə çevrilmişdir. 30 il ərzində işğal etdiyi ərazilərdə özünə bunker, səngər, istehkam yaradan, yaşayış məskənlərini xarabalıqlara çevirən, meşələri qırıb faydalı qazıntı yataqlarını çapıb-talayan, torpaqları, xüsusən Şuşa şəhəri ilə Kəlbəcər və Laçın rayonlarını qaytaracağını ağlına belə gətirməyən Ermənistan höküməti İlham Əliyevin dəmir yumruğu qarşısında darmadağın edildi!
Məhz, İlham Əliyevin qələbəsi erməni xalqının sərsəm təxəyyülünün məhsulu olan və onu əsrlərdir bəlalara sürükləyən “Böyük Ermənistan” xülyasının tam iflasıdır! Eyni zamanda bu qələbə həm də böyük qlobal güc olan dünya erməniliyinin, erməni lobbisinin, erməni təbliğat maşınının darmadağın olunmasıdır! İlham Əliyevin digər ən böyük zəfəri isə düşmənin indiyədək bütün qələbələrinin zəmini olan erməni xalqının birliyi, bütövlüyü, təəssübkeşliyi dəyərlərini məhv etməsidir!
44 günlük zəfəri qazanmaq üçün ali baş Komandanımız uzun və keçməkeşli bir yol keçmişdir. Bizi qələbəyə aparan zəfərin təməli ulu öndər Heydər Əliyevin dövründən başlamış və İlham Əliyevin ilk prezidentlik dövründə isə uğurla davam etməkdədir. Bu qət etdiyimiz yola nəzər saldıqda məlum olur ki, Cənab prezidentin bizi qələbəyə aparan zəfəri təkcə döyüş meydanı ilə məhdudlaşmırdı, o beynəlxalq arenada da Azərbaycanı dünya ölkələrinin təsirlərindən məharətlə qoruyurdu. Bu haqda İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında da ətraflı qeyd etmiş, beynəlxalq arenada Azərbaycana qarşı təzyiqlərin qarşısını məharətlə, diplomatik şəkildə aldığını qeyd etmişdir. Bunun bariz nümunəsidir ki, cənab Prezidentin hakimiyyətinin ilk illərindən başlayaraq ölkəmiz həm iqtisadi cəhətdən güclənmiş, həm də getdikcə beynəlxalq aləmdə nüfuzu artmışdır. Bütün bunlar İlham Əliyevin düzgün daxili və balanslaşdırılmış xarici siyasətinin nəticəsində əldə edilmişdir.
Beynəlxalq məsələlərə gəldikdə, cənab prezidentin səyi nəticəsində köklü surətdə bölgədə vəziyyət dəyişdi. İlham Əliyevin həmin qurultaydakı çıxışından bəzi məqamlara diqqət yetirdikdə bütün bunların bariz nümunəsinin şahidi oluruq: “Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün elə bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, halbuki “Şərq tərəfdaşlığı” ölkələrindən heç bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamamışdır.
Bu dövrlər ərzində beynəlxalq təşkilatlarla da fəal işlər aparılmışdır. Çünki II Qarabağ müharibəsi üçün hüquqi baza yaradılmalı və daha da möhkəmləndirilməli idi. Prezidentin də qeyd etdiyi kimi, “2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi. Əlbəttə ki, bunlar çox önəmli qətnamələrdir, amma onlar icra edilmirdi, biz onları icra etdik. Amma 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsini həll edən qurum deyil, ancaq onun qətnaməsi hüquqi baza idi. BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar, qətnamələr qəbul etmişdir. Bunun nəticəsində ölkəmiz Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa əlavə etdirə bilmişdir. Prezident Avropa Komissiyası ilə 2004-cü ildən Qarabağ məsələsini daim müzakirə etmiş, Avropa Komissiyasının Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü dəstəklədiyi halda, bunu ikitərəfli sənədlərdə, hansısa bəyanatlarda əks etdirildiyini, Azərbaycana gəldikdə isə məsələnin sülh yolu ilə həll olunmasını sərt tənqid etmişdir”.
Əlbəttə ki, qələbəmizin əldə edilməsində müstəsna rolu olan ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi. Bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və cənab prezidentin də qeyd etdiyi kimi, “bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”. Azərbaycanın istər müharibə dövrü və istərsə də müharibədən sonrakı dövr onu göstərdi ki, prezidentimizin həyata keçirdiyi xarici siyasət kursu çox düzgün kurs idi. Məhz prezidentimizin siyasi iradə nümayiş etdirməsi nəticəsində müharibə dövründə dövlətimizə qarşı bəzi ölkələrin müəyyən iradlar irəli sürülməsinə son qoyulmuş, artıq beynəlxalq ictimaiyyət Azərbaycan reallıqlarını qəbul etməyə başlamışlar. Beynəlxalq hərbi ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparmışdır. Müharibə zaman Şuşa əməliyyatı, Cəbrayıl, Füzuli, Qubadlı əməliyyatları dünya hərb tarixinə həkk olunan əməliyyatlardan olmuş, hələ də bu əməliyyatlar təhlil edilir.
İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir. 44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah-sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub. Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır.
Bu müharibə 3 min nəfərə yaxın Azərbaycan hərbçisinin canı, qanı bahasına başa gəlmişdir. Vətən torpağı şəhidlərimizin qanı ilə yoğruldu. Şəhid olanlardan 3 nəfər polkovnik, 23 nəfər polkovnik-leytenant, 49 nəfər mayor, 54 nəfər kapitan, 103 nəfər baş leytenant, 118 nəfər leytenant, 5 nəfər kiçik leytenant, 33 nəfər baş gizir, 183 nəfər gizir, 58 nəfər kiçik gizir, 25 nəfər baş çavuş, 69 nəfər çavuş, 92 nəfər kiçik çavuş, 7 nəfər baş əsgər, 1898 nəfər isə əsgər şəhid olmuşdur.
Bu zəfər qələbəsinin tarixi əhəmiyyəti olduqca böyükdür və dövlətimizin dövlətçilik ənənəsi baxımından müstəsna rola malikdir. Belə ki, zəfər qələbəsi nəticəsində
1. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu;
2. Ermənistan Respublikası təslimçilik aktını imzaladı;
3. Ermənistan ordusu bir daha dirçəlməyəcək tərzdə məhv edildi;
4. Qarabağın heç bir fərqləndirici idarəçilik statusu olmayacaq;
5. Naxçıvan 102 illik həsrətdən sonra Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradaraq blokadadan çıxmaq fürsəti əldə etdi;
6. Azərbaycanın regionda iqtisadi və siyasi gücü artdı və diktə edən tərəfə çevirdi.
Azərbaycan xalqı qələbədə payı olan, döyüşdə iştirak edən hər bir əsgərin əziyyətini yüksək qiymətləndirir, şəhidlərimizi ehtiramla, minnətdarlıqla anır, qazandığımız qələbəyə görə bir ömür onlara borlclu olduğumuzu anlayırıq. Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncama əsasən, 33 nəfər “Zəfər” ordeninə (3 nəfər ölümündən sonra), 204 nəfər (48 nəfər ölümündən sonra) “Qarabağ” ordeninə layiq görülüb. 3 hərbçiyə “Azərbaycanın Milli Qəhrəmanı”, 83 hərbçiyə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. Dövlət başçısının dekabrın 15-də imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Silahlı Qüvvələrimizin 288 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunmuşdur. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir. 105 hərbçi 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. Onlardan 15-i ölümündən sonra bu ordenlə təltif olunmuşdur. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir. Həmçinin 3 general-leytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərlə təltif olunmuşdur. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülmüşdür. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrimizin 3601 hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Onlardan 2756-sı ölümündən sonra bu medala layiq görülüb. Bu isə o deməkdir ki, heç bir şəhidimiz diqqətdənkənar qalmamışdır. Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq…
44 günlük zəfərimizə təkan verən ən mühüm amillərdən biri Azərbaycanda iqtidar-xalq birliyinin mövcud olmasıdır. Məhz, özünün də bildirdiyi kimi, “mən hər bir azərbaycanlının prezidentiyəm” fikri prezidentimizin xalqa nə qədər yaxın olduğunun bariz nümunəsidir. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər yerindən gələn, ardı-arası kəsilməyən təşəkkür dolu məktublar yalnız səmimiyyətin etirafı deyil, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun kimi ciddi olmasından soraq verir. Həmin məktublardan bəzi sətirlər bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə inanır. Hər bir addımını, siyasətini xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırmışdır.
II Qarabağ müharibəsi ərzində dövlətimizə qarşı sərgilənmiş beynəlxalq ədalətsizlik, ikili siyasət, qeyri-humanist mövqe xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Bütün bu ədalətsizliyə cənab prezident səbrlə, təmkinlə sinə gərmiş və Azərbaycana qarşı olan bu haqsızlıqlara məharətlə ifşa etmişdir. Bu faktın parlaq nümunələrindən biri cənab Prezidentin dünyanın 27 televiziya, radio, qəzet müxbirləri və KİV nümayəndələrinin qərəzli və böhtan dolu suallarına yüksək uzaqgörənliklə və təmkinlə cavab verməsi olmuşdur. Prezident-xalq birliyi göstərdi ki, Azərbaycan respublikası heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Prezident-xalq birliyinin nəticəsi olaraq, Azərbaycanın zəfər müharibəsi xalqımızın parlaq qələbəsi ilə başa çatdı, 30 ildən artıq düşmən əsirliyində olan torpaqlarımız öz azadlığına qovuşdu. Eyni zamanda Vətən müharibəsi Cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə birlikdə, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət rəhbərliyinin siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi.
Azərbaycanın beynəlxalq aləmdə, qlobal proseslərdə zəruri dövlətə çevrilməsi məhz İlham Əliyevin nüfuzlu dövlət xadimi, qətiyyətli, xalqının mənafeyini hər şeydən uca tutan lider olması ilə şərtlənir. Əminliklə qeyd edə bilərik ki, məhz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində yaratdığı yeni tarixi reallıq Azərbaycanı yeni zəfərlərə, qüdrətli gələcəyə doğru aparır.

Ramil RÜSTƏMOV,
tarix üzrə fəlsəfə doktoru
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir