KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Ramazan işığındakı iqtisadiyyat”

“Ramazan işığındakı iqtisadiyyat”

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
336 0

***

“Orucu elə tutmalıyıq ki, Ramazan ayından sonra bizlərə yalnız aclıq və susuzluq qalmasın!”;

Məhəmməd peyğəmbər

****

Ramazan ayının mənəvi, psixoloji, tibbi tərəfləri haqqında çox danışılıb. Amma bunun iqtisadi aspektinin cəmiyyət həyatına və insanın maddi təminatına təsirləri nədənsə geniş müzakirə mövzusu deyil.

Ramazan ayında imsaqa yaxın saatları dini kitabları oxumaqla keçirdim. Həmin dini kitablarda da bu haqda ətraflı bilği əldə edə bilmədim. Amma subyektiv olaraq məhz bu ayda iqtisadiyyatda tendensiyaları müşahidə edərək müəyyən qənaətlər formaşlaşdırmağa çalışdım. Bu mövzuya girməmişdən qabaq Ramazan ayının müqəddəsliyi ilə bağlı kiçik bir müqəddiməyə ehtiyac var.

Gerçəkdən Ramazan ayı sevdiyim aylardandır. Bu ayda şeytanlar zəncirlənər. Bizləri günaha həvəsləndirmək fürsətləri onların əllərindən alınar. Demək, bu müqəddəs ay bizlərin daha az günaha batmaq kimi qəbahətlərimizi azaldan aydır.

Mənim müşahidələrimə görə, oruç tutduğumuz bu ayda həyatımız daha çox səliqə-səhmana girir və zaman dilimini daha rasional istifadə edirik. Bu ay mənə görə insanın həyatına fərqli düzən gətirən bir zaman kəsiyidir. Bu ay bizim həyatımızda daha çox nizam yaradır. Gecə ilə gündüzün ölçüsünü və görüləcək işin bəlli zaman kəsiyinə sığışdırmaq intizamını bizlərə öyrədir. Bu mənada yemək, içmək və intim münasibətlərlə bağlı zamansızlıq amilini ortadan qaldıran aydır. Zamanla tənzimlənən bu ay həm də bizlərin həyatına bir sabitlik anlayışı ilə daxil olur. Bu sabitlikdə isə bir nizam-intizam var. Bütün mənalarda Ramazan ayı bizlərə insan tələbatını bəlli zaman ölçüsündə başlayıb və tamamlamaq çərçivəsini təqdim edir. Bunu bacaranlara tarazlı insan kimi baxmaq lazımdır.

Ramazan ayı təkcə mənəvi mühitlə əhatələnən ay deyil. Həmin mənəvi mühitin yaratdığı davranış norması iqtisadiyyatlardan da təsirsiz ötüşmür. Ramazan ayı cəmiyyət həyatına, ölkələrin iqtisadiyyatına və insanın maddi yaşantılarına izsiz keçmir. İslam dünyası böyük olduğu üçün həmin inancı yaşadan insanların istehlakçı davranışı iqtisadiyyatlarda tələb-təklif rəqsinə böyük təsir göstərir. Bilirik ki, iqtisadiyyatın əsas qanunlarından biri tələb və təklif qanunudur. Bu proporsiyanın dəyişməsi qiymətə təsir edir. Bu, mühüm təsirlərdəndir.

Ramazan ayında ticarət dövriyyəsi aşağı düşür. İnanclı insanlar, xüsusilə mühafizəkar çevrələr böyük məbləğli alış-veriş işləri həyata keçirmirlər. Xüsusilə daşınmaz əmlak, avtomobil və bu kimi iri ölçülü lüks mal və xidmətlərin satın alınmasına maraq göstərmirlər. Bu isə həmin ayda daşınmaz əmlak bazarına özünün təsirini göstərir.

Dünya iqtisadiyyatında hazırkı əsas problemlərdən biri də ildən-ilə artan gəlir bərabərsizliyidir. Bu nisbəti ölçən əsas göstərici Cin indeksi hesab olunur. Hətta inkişaf etmiş ölkələrdə belə bu problem özünü açıq formada göstərir.

Məsələn, ABŞ-da zirvədəki 20 faiz insan ölkədə pulların 80 faizini qazanır. 1895-ci ildə Vilfredo Pareto tərəfindən müəyyənləşdirilmiş “Pareto Prinsipi” o vaxtdan dəfələrlə öz təsdiqini tapmışdır. Amerikanın maliyyə sahəsinin 33 faizi zirvədəki 1 faiz insan tərəfindən idarə olunur. Dünyanın 80 faizlik gəlirini cəmi 20 faiz qazanır, 20 faizlik gəlir payı isə yerdə qalan 80 faizə aiddir. Bu qeyri-mütənasib tendensiya hələ bir az da genişlənir. Demək, daha kiçik azlığın gəlir səviyyəsi artır. Böyük çoxluğun isə həmin piroqda gəlir payı azalır. Bu aspektdən yanaşanda yoxsul və zəngin insanların yaşam şərtləri daha çox maraq doğrur. Ramazan ayı insanların hansı gəlirə sahib olmasından asılı olmayaraq, sonda bir qarınlıq biofizioloji ehtiyacları ödəmək bərabərliyini yaşadan ay kimi də qiymətləndirmək olar. Demək, bu ay zənginlə yoxsulun yalnız eyni saatlarda iqtisadi nemətlərdən istifadə qapılarını üzünə açan həmrəylik ayıdır.

Ramazan ayı bəşər övladının ziyanlı vərdişlərdən uzaqlaşdıran aydır. Xüsusilə nikotin tərkibli istifadə forması olan bütün vasitələrdən istifadə edənlərin bu vərdişi məhdudlaşır. Siqaret asıllığı olanlar üçün bu ay əsl imtahan ayıdır. Spirtli içkidən uzaqlaşmaq da eyni dərəcəli sınaqla müşahidə olunur. Bu mənada Ramazan ayı ziyanlı istehlaklardan hesab olunan – spirtli içkilərin, siqaretlərin daha az satıldığı aydır. Bu isə istehlakçı zövqünə və tələb tərəzisinə mühüm təsir göstərir.

Beynəlxalq hesabatlara görə, dünyada 7,3 milyard insanın 1,5 milyardı elementar su və quru yeməklə qidalanmaq çətinliyindən əziyyət çəkir.

Ramazan ayı bir ömür boyu bu şərtlər altında yaşayan insanların əzablarını duyurmaq və “dərimizdə” hiss etdirmək fürsətini bizlərə verir. Ramazan ayının bizlərə öyrədə bildiklərindən biri də insanda istehlak mədəniyyətinin formalaşmasına göstərdiyi yardımdır. Məhz Ramazan ayı bizlərin istehlak edə bildiyimiz normanı müəyyənləşdirməyə kömək edir. Bu mənada Ramazan ayı bütün insanların eyni iqtisadi nemətlərdən istehlak fürsəti yaradan aydır.

Ramazan ayının ən yaxşı günlərindən biri də fitrə bayramı hesab olunur. Bu gün də insanın var olduğu və bütün bunlara görə ailə büdcələrindən çıxardıqları pulla bağlıdır. Bu, yoxsuqllara verilən dəstək formasıdır. Demək, Ramazan ayının daha bir üstünlüyü gəlir səviyyəsini bölüşmək və bu paylaşmaqdan zövq alındığı mədəniyyəti bizlərə mesajını verir. Bu mənada Ramazan ayı yoxsulu anlamaq və digərlərinin halını düşünmə ayıdır.

Ramazan ayında müsəlman toplumlarında toylar və bahalı ziyafətlər xeyli azalır. Lazımsız xərclər və ucuz şöhrət üçün populist xərclər də həmçinin. Belə tədbirlərin azalması xidmət tələbini xeyli aşağı salır. Qiymətlər aşağı düşür. Ailə büdcələri daha balanslı hala gəlir.

Bu ay insanların kütlələrinə yox, çəkilərinə daha önəm verdiyi aydır. İstehlak etdiyindən daha çox istehsal etmə gücünü artıran aydır. Haqqından çox, İlahi qarşısında borcunu düşünən aydır. İnsanlıq qarşısında bəşəri öhdəliklərini dərk edildiyi aydır. Məncə, belə dərkdən başlayır özünə hesabat vermə məsuliyyəti. Əməlində dürüst olanlar vicdanları qarşısında hesabatları ilə orucun mahiyyətinə nə qədər yaxın olduqlarını özləri dəqiq bilirlər. Nəfsinlə cihad təkcə maddi imtinalar və şəhvət hissindən uzaq olmaq deyil. Yaşantılarınla ictimai faydalılığı yaxın tutmağı, imtinaların dəyərini anlamaq və ədalətli davranışın vacibliyi kimi çoxsaylı ehtiyacları “dərisi” ilə dərk etməkdir. Belələri daha böyük savab qazanırlar. Əksini edənlərin savabına dair mənfi fikirlər söyləmək istəmirəm. Amma Məhəmməd peyğəmbərin belə bir fikri orucun mahiyyətini bizlərə daha dəqiq anladır: “Orucu elə tutmalıyıq ki, Ramazan ayından sonra bizlərə yalnız aclıq və susuzluq qalmasın!” Bu fikirdən də aydın görünür ki, Ramazan ayı təkcə maddi ehtiyaclardan imtina deyildir. Mənəvi gücün artması və iradənin möhkəmlənməsidir. Deməli, Ramazan həyat nemətlərindən könüllü imtina hesabına insanın iradə gücü möhkəmlənməsinə xidmət edən aydır.

Ramazanın ritualları qeyd etdiyimiz kimi iqtisadi deyil, daha çox mənəvidir. Maddi şeylərin istehlakından daha çox, mənəvi dəyərlərin ruhumuza hakim kəsilməsinə nail olmaqdır. İqtisadi, maddi yox, mənəvi sərvətlərin istehsalının vacibliyini bizlərə çatdıran aydır. Mənəvi sərvəti əldə etmək isə daxildən qidalanan əhval-ruhiyyəsiz mümkün deyildir. Bu ovqat qaramat deyil. İşıqlı düşünmə nikbinliyidir. Bu mənada Ramazan ayını yas əhval-ruhiyyəsində keçirənlərin onun mahiyyətindən nə qədər uzaq olduğunu göstərir.

Bu ay bəşər övladına cismanı varlıq olmadan ruhani mövcudatı önə çəkmək yolunu göstərir. Sanki, yeyib-içmədən və digər maddi təminatsız da insanın varolma formulası bir obraz olaraq təsəvvürümüzdə canlanır. İnsanın yalnız ruhdan ibarət olması çərçivələri bizə təsvir edilir. Ruhu necə qidalandırmaq olar? Onu yemləməyin yolu nədədir? Daha çox oxumaq və bəşəriyyətə fayda vermək gücünü birə beş artırırsan. Hər il tutduğumuz orucdan sonra Ramazan dərsləri təsəvvürlərimizdə bir az da genişlənir. Bu dəfə Ramazan ayının iqtisadi tərəflərini dərk etməyə və araşdırmağa çalışdım.
Məhəmməd Talıblı, İqtisadçı ekspert
turaninfo.org

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir