KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Qladio”: – NATO Türkiyəyə qarşı hansı oyunu oynayır?

“Qladio”: – NATO Türkiyəyə qarşı hansı oyunu oynayır?

Hasan Oktay Hasan Oktay - - 12 dk okuma süresi
413 0

“Qladio”: – NATO Türkiyəyə qarşı hansı oyunu oynayır?

İyunun 28-də İstanbul Atatürk hava limanında törədilən terror aktı Türkiyənin terror problemini yenidən gündəmə gətirdi. Bu terror aktının İŞİD tərəfindən törədildiyi ehtimal olunur. Lakin müəyyən iddialar diqqətin başqa istiqamətə yönəlməsinə də səbəb olur. Xüsusilə türkiyəli politoloq Ömür Çelikdönmezin “İstanbul terrorunun arxasında NATO-nun gizli qurumu olan “Qladio” dayanır” iddiası bu məsələlər fonunda diqqət çəkir.

“İstanbul terroru NATO-nun İŞİD maskası altında hücumu idi”, – deyə o vurğulayıb.

ömür

Bu iddianın fonunda Türkiyə xüsusi təyinatlı qüvvələrindən olan SAT-ın ehtiyatda olan zabiti Ergin Geldikayanın Admiral.Az-a müsahibəsində “Türkiyədə terror bəlasına son qoymaq üçün nə edilməlidir” sualın cavabında diqqət çəkir.

“Türkiyədə terror problemi yoxdur. Əslində NATO oyunları var. Bu terroru aradan qaldırmaq üçün dərhal NATO-dan çıxmalıyıq. Bütün ABŞ hərbi bazaları bağlanmalıdır”, – deyə keçmiş kəşfiyyatçı da diqqəti NATO-nun üzərində cəmlədi.

Bu iddialar NATO-Türkiyə münasibətlərini və bu ölkədə baş verən terror aktlarının arxasında dayananların kimliyi məsələsini gündəmə gətirir.

Türkiyəli politoloq Hasan Oktay Admiral.Az-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən yüzlərlə terrorun arxasında kimlərin və hansı qüvvələrin, yaxud “Qladio” təşkilatının durmasını müəyyənləşdirmək çətindir:
Yakında Rus uçağı düşürülecek
“NATO üzvlüyündə olan ölkənin açıq hədəf alınması məntiqli bir hərəkət deyil, hətta anlaşılmazdır. Türkiyə NATO üzvü olan bir ölkədir. Bəzən Qərb bloku və NATO-nun Türkiyə ilə aralarında soyuq münasibətlər yaransa da, Türkiyə bu qurumda fəaliyyətini davam etdirəcəkdir. Türkiyə BMT və NATO kimi təşkilatlara üzv olmağa üstünlük verir. Türkiyə coğrafi mövqeyinə görə NATO ölkəsi olmaqla yanaşı, başqa bir çox ittifaq və müqavilələrə də üzv olur, yaxud üzv olmaq üçün səy göstərir. “Soyuq müharibə” dövründən ən çox əziyyət çəkən ölkələrdən biri və başlıcası Türkiyə idi. Buna görə də alternativ təşkilatlar və ittifaqlarla əməkdaşlıq dövlətin marağına uyğundur”.

H.Oktay hesab edir ki, NATO-nun gizli “Qladio” təşkilatı bu terror aktının arxasında varsa, bunu dövlətin xüsusi xidmət orqanları araşdıracaq və müəyyən tədbirlər görəcəklər:

“NATO-Türkiyə münasibətlərində zaman-zaman bəzi böhran və çətinliklər olub. Lakin NATO-nun Türkiyəni hədəf alması ağlabatan deyil. 24 noyabr 2015-ci ildə rus təyyarələrinin Türkiyə hava məkanını pozması və bu təyyarənin vurulma prosesi zamanı Türkiyə NATO ölkəsi olsa da, NATO tərəfindən dəstəklənmədi. Hətta bizim qənaətimiz o idi ki, Rusiya Suriyaya havadan dəstək vermək üçün regiona gələndə, məhz NATO-nu yoxlamaq üçün tez-tez Türkiyə hava məkanına müdaxilə edirdi. NATO bu addımı görməzlikdən gələndə və Ankaranı meydanda tək buraxdıqda Türkiyə müstəqil bir dövlət kimi hərəkət edərək, Rusiyanı öz suverenliyinə hörmət etməyə məcbur etdi. Lakin bütün bunlara baxmayaraq, Türkiyənin NATO-dan çıxması gözlənilən deyil. Bunu zərurət edən vəziyyət də yoxdur. O həqiqətdir ki, NATO öz müttəfiqinin hava məkanını qorumamaqla əslində bir zəiflik etmiş oldu”.

Türkiyəli politoloq əlavə edib ki, İsrail-Rusiya-Türkiyə münasibətlərinin qaydaya düşdüyü ərəfədə terrorun törədilməsi bəzi ölkələrin bu prosesdən narahat olduğunu göstərdi:

“Lakin bu məsələdə ən az narahat olan tərəf NATO-dur. Terrorun İŞİD tərəfindən törədildiyini ilk gündəmə gətirən də biz olduq. Bu terror aktının kimlər tərəfindən təşkilatlandığı, arxada hansı qüvvələrin durduğu dövlət tərəfindən araşdırılacaq bir məqamdır. Hadisələri araşdırarkən bəzi təhlillər bəzi ölkələri işarə edir. Amma bu yalnız ehtimaldır. İsrail-Türkiyə münasibətlərinin nizama salınmasından sonra Rusiyanın da bu sıraya qoşulması bir çox gücləri qorxutmuş oldu ki, bu da terrorun baş verməsinə səbəb oldu. İŞİD-in bu addımı Türkiyənin İsrail və Rusiya ilə münasibətləri nizama salınmasına cavab kimi qiymətləndirmək olar. İsrail Suriyada İŞİD vuran ən böyük güclərdəndir. Bu nöqteyi-nəzərdən çıxış edən İŞİD Türkiyədəki adamlarını hərəkətə keçirdi”.

H.Oktay bildirib ki, bu terrorun kimlər tərəfindən törədildiyini, kimlər tərəfindən maliyyələşdirildiyi aşkara çıxacaq.

“Amma hələlik görünən odur ki, İŞİD üçtərəfli münasibətlərə daxil olan Rusiya, Türkiyə və İsrailə bu cür reaksiya göstərdi. Bu cür reaksiyaların davamlı olacağını gözləmək lazımdır”, – deyə o bildirib.

Türkiyədə yaşayan tarix elmləri doktoru,professor Xaləddin İbrahimli isə Admiral.Az-a açıqlamasında terrorun “Qladio” tərəfindən təşkil olunması iddiasına münasibət bildirərkən, bu haqda birmənalı fikir söyləməyin çətin olduğunu deyib:

“Belə məsələlərdə siyasi ekspertlər faktların, dəlillərin köməyinə deyil, məntiqin köməyinə arxalanır. Bəli, ABŞ Türkiyəni hər tərəfdən görünməyən əllərlə sıxır, onu idarə olunan hala gətirmək istəyir. Bu belədirsə, o zaman onlar təkcə ölkənin çevrəsində deyil, içində də işləyirlər. Heç kimə sirr deyil ki, NATO-nun gizli təyinatları, ictimaiyyətə açıqlanmayan strukturları var və onlar da yerləşdiyi ölkələrdə boş yerə gəzib dolaşmaqla məşğul olmurlar”.

Politoloq qeyd edib ki, ABŞ Türkiyənin Rusiya ilə işbirliyindən çox qorxur.

“İki qitə arasında quru əlaqəsi bu iki dövlət olmadan mümkün deyil. İkisi bir araya gələndə Qərbin çoxsaylı planları pozulur. Buna görə də, münasibətlərin qurulması ərəfəsində baş verən terror aktı təsadüfü sayıla bilməz. Amma o da nəzərə alınmalıdır ki, Rusiya etibarlı tərəfdaş deyil. Türkiyə üçün isə heç deyil. Bəzən burada siyasətlə məşğul olanlar Türkiyə, Rusiya, İran, Çin qütbünün yaranmasından və onun Türkiyə üçün faydalarından danışırlar. Amma unudurlar ki, belə ittifaq sadə səbəbdən mümkün deyil: adı çəkilən bu dövlətlərin hər birinin içində böyük türk toplumları yaşayır və həmin dövlətlər onların müstəqilliyindən və Türkiyənin bu prosesə ciddi təsir imkanlarının olduğundan çox narahat olurlar. Bu baxımdan, heç biri Türkiyə ilə səmimi ola bilmir”, – deyə o diqqətə çatdırıb.

X.İbrahimli vurğulayıb ki, Türkiyə ona qarşı oynanan oyunu pozmağı bacarmalıdır:

“Güclü olmalı və ağıllı siyasət yeritməlidir. Bu dövlətin bir ciddi səhvi, böyük fəlakətlərə yol aça bilər. Türkiyə Qərbə və Rusiyaya münasibətində çox həssas olmalıdır. Hər şey göründüyü kimi sadə deyil”.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə bu iddialarla razılaşmır.

O, Admiral.Az-a açıqlamasında bildirib ki, Türkiyədə dərin dövlət anlayışı var və türkiyəli siyasətçilər miflər üzərində siyasət yürüdürlər:

“Türkiyədə formalaşan “Qladio-NATO” fikirləri orda çəkilən filmlərdən qaynaqlanır və bunlar yanlış məfhumlardır. İkinci Dünya müharibəsindən sonra da Türkiyənin dirçəlməsində ABŞ, NATO, Avropa İttifaqının xüsusi rolu olub. NATO heç bir zaman terroru dəstəkləməyib. Ümumiyyətlə NATO-nun öz üzv ölkəsinə qarşı hər-hansı bir təxribat planı ola bilməz”.

F.Məmmədov vurğulayıb ki, Türkiyə-NATO-ABŞ birliyi regionun təhlükəsizliyinin qarantıdır:

“Cənubi Qafqazın, Mərkəzi Asiyanın və Ərəb ölkələrinin təhlükəsizliyi də bundan asılıdır. NATO terroru heç vaxt dəstəkləməyib və hər zaman terrorla mübarizə aparan hərbi alyansdır. Bu alyansın əsas işi üzv ölkələrinin təhlükəsizliyini təmin etməkdir. Bu gün Türkiyədəki xaosun əsas səbəbkarları Rusiya və İrandır. Bu gün regionda İŞİD var. İŞİD-in bu terrorda bu və ya digər formada iştirakı mümkündür. İŞİD-ı idarə edən çoxlu xarici xüsusi xidmət orqanları var. Birbaşa olmasa da, dolayısı ilə İŞİD-in bir hissəsi Rusiyaya, digər hissəsi İrana bağlıdır. Bu baxımdan deyə bilərik ki, terrorun əsas təşkilatçısı İŞİD-dir, lakin bu hələ tam təsdiq olunmayıb”.

F.Məmmədov bu terror hadisəsini öncədən hazırlayan, ona dəstək verən güclərin olduğunu vurğulayıb.

“Bu güclərin arxasında da xüsusi xidmət orqanları durur. Xüsusi xidmət orqanlarının dəstəkləmədiyi heç bir terror həyata keçmir. Bu gün dünyanın bəlasına çevrilən terrorun əsas mərkəzlərindən biri də Türkiyədir. Bu da onun strateji mövqeyi ilə bağlıdır. Bu gün Türkiyənin parçalanması üçün böyük güclər çoxlu pullar sərf edirlər. İnanıram ki, Türkiyə daha da güclü olub bu terrorun öhdəsindən gələ biləcək. Onu da qeyd etməliyəm ki, Türkiyənin milli təhlükəsizliyi əsasən NATO-dan asılıdır. Türkiyənin NATO-dan çıxması Türkiyənin sabahı üçün işğalçılıq təhlükəsini artırır. Bu gün Türkiyədə yerləşən NATO hərbi bazaları kəşfiyyat işlərini yerinə yetirir. NATO və ya ABŞ hərbi bazaların Türkiyədən çıxarılması qardaş ölkəni bölmək istəyən qüvvələrin marağındadır”, – deyə o vurğulayıb.

Gülnar Babazadə
https://admiral.az/s/?i=50320#

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir