KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. QARABAĞIN İŞĞALINA SON QOYMAĞIN YOLU…

QARABAĞIN İŞĞALINA SON QOYMAĞIN YOLU…

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
295 0

Beynəlxalq Mətbuat Mərkəzində 27 iyunda “Qarabağın işğalına son!” mövzusunda keçirilən forumda məruzəmin mətnini diqqətinizə çatdırıram:

“Son zamanlar belə fikirlər var ki, guya Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistanın yeni hakimiyyətinə təsir edə bilər. Guya bu onunla əlaqələndirilir ki, Kreml Nikol Paşinyanın xarici siyasətindən məmnun deyil. Halbuki, Paşinyan Rusiyanı qıcıqlandıra hələ heç bir addım atmayıb.

Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret 3 şərti var:

Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.

İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.

Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Azərbaycanın Kremlin şərtlərinə razılaşmaq risqlidir. Çünki Bakı Kremlin şərtlərini qəbul edərsə, bu, həm Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin sonu olacaq və Bakının Qərblə münasibətlərində suallar yaranacaq. Digər tərəfdən, əgər bəzilərinin zənn etdiyi kimi Putinin Azərbaycana simpatiyası varsa, Rusiya prezidenti Azərbaycana doğru addım atmalıdır. Bu isə müşahidə olunmur. Pozitiv siqnallar yoxdur.

Əslində Azərbaycanın Rusiyanın köməyinə ehtiyacı yoxdur. Əsas odur ki, Rusiya Azərbaycana mane olmasın. 2016-cı ilin aprel ayında Rusiya Azərbaycana mane oldu. Nəticədə Azərbaycan ordusu cəmi 4 gün müharibə apardı və torpaqların az hissəsini geri qaytardı.

Moskvada bəzi rusiyalı ekspertlər Ermənistanı tənqid edirlər. Həmin ekspertlərin Azərbaycana simpatiyaları var və tez-tez Bakıya gəlirlər. Ancaq bu o demək deyil ki, Rusiya hakimiyyəti həmin ekspertlərin fikirlərinə diqqətlə yanaşır. Məsələn, bir qrup rusiyalı ekspert yazdı ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salmışdı, sadəcə Nikol Paşinyanın hakimiyyətə qəfil gəlişi bu planları pozdu. Bu iddia doğru deyil. Serj Sərkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyirdi və niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etmədi?

Sərkisyan 5 rayonu azad etmək istəmirdi. Moskva isə Sərkisyana təzyiq etmirdi. Sadəcə, rusiyalı ekspertlər Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı, Azərbaycanda Rusiyanın müsbət imicini formalaşdırmağa çalışırlar. Ancaq bu o demək deyil ki, reallıq həmin rusiyalı ekspertlərin dediyi və yazdığı kimidir.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirir. Ancaq Paşinyan onu da deyir ki, “danışıqlarda Qarabağ təmsilçiləri də iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm”.

Rəsmi Bakı da Paşinyanın təklifinə iki səbəbdən razılaşmayacaq:

Birinci səbəb. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Əgər rəsmi Bakı Qarabağ separatçıları ilə danışıqlara başlasa, işğalda Ermənistanın rolu olmadığı görüntüsü yaranacaq.

İkinci səbəb. Münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur. Ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı, azərbaycanlı icması da iştirak etməlidir. Bu olmadan rəsmi Bakı Qarabağın erməni separatçıları ilə danışıqlar aparmayacaq.

Qarabağ məsələsində Nikol Paşinyanın Serj Sarkisyandan fərqi yoxdur. Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını sübut etməyə çalışır. Paşinyanın baş nazir seçilməsindən iki ay keçməyib, ancaq o bu müddətdə artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib.

Nikol Paşinyan İrəvana geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bundan başqa, Nikol Paşinyan Rusiyanın Cu-30 CM qırıcı təyyarəsində şəkil çəkdirib və onu sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Yəqin Paşinyan bununla demək istəyib ki, Ermənistan yaxın gələcəkdə bu təyyarələrlə təchiz olunacaq.

Azərbaycan cəmiyyətində bu suallar səsləndirilir: Azərbaycanın hərbi təyyarələrinin Qarabağın hava məkanında uçuş yapmalarının zamanı çatmayıbmı? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olması hüququnu tanıyır. Belədirsə, Azərbaycana məxsus təyyarələrin Qarabağ səmasında görünməsi normaldır.

Nikol Paşinyan Azərbaycanla sülhə hazır deyil. Halbuki, onun keçmiş lideri Levon Ter-Petrosyan vaxtilə münaqişənin həlli ilə bağlı “mərhələli həll” planına dəstək vermişdi. Maraqlıdır ki, Levon Ter-Petrosyan bu haqda hələ ki, danışmır. Ermənistanda çoxları başa düşür ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri gərgin olduğu müddətcə Ermənistan inkişaf etməyəcək və hər zaman problemləri olacaq. Ancaq bunu başa düşsələr də, açıq söyləmirlər.

Azərbaycan ordusunun Naxçıvanda ələ keçirdiyi təpə faktoru Paşinyanın əleyhinə işləyir. Bu ciddi başlanğıca səbəb ola bilər. Azərbaycan ordusu Naxçıvandakı uğurunu Dağlıq Qarabağda da təkrarlaya bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə pozisiya döyüşləridir. Bu, Azərbaycan ordusu üçün psixoloji üstünlük qazandırır.

Azərbaycan üçün geriyə yol yoxdur. 2016-cı ilin aprel döyüşləri Azərbaycan cəmiyyətinin orduya inamını artırıb. Danışıqlar nəticə verməyib və verməyəcək. Ermənistanda Azərbaycan torpaqlarının azad edilməsi zərurətini anlayan siyasətçi yoxdur. Diplomatiyanın bacarıqsız olduğu yerdə ordu ilk plana çıxır. İndiki vəziyyətdə ordu diplomatiyanı üstələməyə başlayıb. Azərbaycanın əsgər və zabitləri döyüşə atılmaq üçün fürsət gözləyirlər. Bu təbiidir. Ermənistanda 25 ildə yetişən yeni nəsil isə Qarabağ uğrunda ölüm-dirim savaşına hazır deyil. İşğalçını sülh masasına otuzdurmayana qədər təmas xəttində problemlərini artırmaq lazımdır.

Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Bakıda 26- iyunda keçirilən hərbi paradın əhəmiyyətinə də toxunmaq istərdim.

Birincisi, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. Əgər 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah vər hərbi texnika ilə təhciz olunmuşdusa son illərdə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu özünü həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycan torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi;

İlham Əliyevin hərbi paradda çıxışı zamanı belə bir fikir işlətdi: “Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bu nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq düşündü ki, məsələni öz xeyrinə həll etdi. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı – Ermənistana təzyiq artdı. Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günə qədər Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb.

Beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymur, mexanizmlərini işə salmır.

İyunun 21-də BMT-nin baş katibi Antonio Quterriş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçirdilər. Onlara “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələri niyə yerinə yetirilmir” sualı verildi. BMT baş katibi cavabda ümumi sözlər dedi.

Sergey Lavrov isə suala cavabda dedi ki, bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni sözlərindən belə çıxırdı ki, guya BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Halbuki, qətnamələrdə konkret yazılıb ki, “işğal altındakı rayonlar azad olunmalıdır”.

Bu cavabdan sonra Azərbaycanın BMT qətnamələrinə istinad etməsi çətindir. Çünki qətnamələri qəbul edən təşkilat və Təhlükəsizlik Şurasının daimi üzvləri 4 qətnamənin yerinə yetirilməsi və işğal altındakı torpaqların boşaldılması üçün heç nə etmirlər. Bu Ermənistanın maraqlarına cavab verir. Ermənistanda heç zaman BMT qətnamələrindən danışmırlar.

Azərbaycanda mütləq əksəriyyət əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganı alternativi ordunun əməliyyyatları ilə bağlıdır.

Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu özünün 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçik miqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır.

Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda istiqamətində həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Hazırda erməni eskeprtlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər. Bu çempionatdan sonra dərhal olmasa da, istənilən digər vaxt baş verə bilər. Bu qərar bizdən asılıdır”.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir